İnsan hüquqlarının müdafiəsi sistemi təkmilləşdirilir

 

Azərbaycan bu məqsədlə beynəlxalq təşkilatlarla əməkdaşlır edir

 

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla daim əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində qanunvericilik sistemi təkmilləşdirilir, eyni zamanda dövlətimiz dünyada hamılıqla qəbul edilən insan hüquq və azadlıqlarına dair çağırışlara qoşulur.

 

Azərbaycanın əsas qanunu olan və 1995-ci ilin noyabrın 12-də qəbul edilən Konstitusiyada insan hüquq və azadlıqlarının həyata keçirilməsinə dair çoxlu maddələr mövcuddur. Konstitusiya sənədinin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

 

1998-ci il fevralın 22-də Azərbaycan Prezidenti tərəfindən “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanıb. Bir qədər sonra, 1998-ci ilin iyunun 18-də isə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilib.

 

Qeyd etdiyimiz kimi, Azərbaycanın hüquqi sisteminin təkmilləşdirilməsi məqsədilə vacib beynəlxalq sənədlərdə təsbit edilən beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutub.

 

Azərbaycanda Mülki, Mülki-Prosessual, Ailə, Əmək, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcra edilməsi haqqında, GömrükVergi Məcəllələri, Yığıncaq azadlığı, Kütləvi informasiya vasitələri, Qeyri-hökumət təşkilatları (ictimai birlikfondlar) və Vəkillik haqqında mühüm əhəmiyyətə malik olan qanunları qəbul edilib.

 

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ötən müddətdə işgəncələr və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün beynəlxalq təşkilatlar tərəfindən təklif edilən tövsiyələrin Azərbaycan tərəfindən yerinə yetirilməsi üçün konkret tədbirlər görülüb, yeni Cinayət Məcəlləsinə işgəncəyə görə ciddi cinayət məsuliyyəti nəzərdə tutan müvafiq maddə daxil edilib, təhqiqat, ibtidai istintaq dövründə və ya cəza çəkilərkən, habelə hərbi xidmət dövründə vəzifəli şəxslər tərəfindən vətəndaşların və ya həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin işgəncə və ləyaqəti alçaldan qeyri-insani rəftar və cəza növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllər kimi müəyyənləşdirilib.

 

Penitensiar sistemdə islahatlar sahəsində də böyük işlər görülüb. Avropa Şurası qarşısında götürülən öhdəliyə uyğun olaraq, Azərbaycan hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında bağlanılan sazişə əsasən, BQXK nümayəndələri azadlıqdan məhrumetmə yerlərinə baş çəkə bilərlər.

 

Beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq Azərbaycanda 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulub, 1998-ci ilin fevralın 10-da isə tamamilə ləğv edilib.

 

Azərbaycan Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeçiliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeçiliyinə verilib.

Qəbul edilən məhkəmə və hakimlər haqqında qanun bütün şəxslərin məhkəmə qarşısında bərabərliyi, müstəqil məhkəmələr tərəfindən ədalət mühakiməsinin ədalətlə və maneəsiz həyata keçirilməsi, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının açıq, çəkişmə qaydası əsasında həyata keçirilməsi kimi ədalət mühakiməsi prinsiplərini müəyyənləşdirib.

Xarici İşlər Nazirliyi bildirir ki, insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülən geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaradıb və hökumətin gündəliyinə yeni vəzifələr daxil edib. Bu baxımdan, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin birləşdirilməsi prosesi siyasi öhdəliklərin hüquqi qaydalara və dövlətçilik təcrübəsinə çevrilməsinə töhfə verib. Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə demokratik institutların yaradılması və möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi və təşviqi daxilixarici siyasətin əsas komponentlərinə çevrilərək cəmiyyətin şüuruna təsir göstərmiş, vətəndaşlar üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaradıb.

 

İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olub. Xarici İşlər Nazirliyidaxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanan Milli Fəaliyyət Planı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib.

 

Azərbaycan Prezidenti tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq olunub. 2011-ci il dekabrında qəbul olunan Proqramda Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumlar, Qaçqınlar üzrə Ali Komissarlıq, YUNESKO, YUNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, habelə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi nəzərdə tutulub.

 

Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulub. Əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanan və müddəti 2000-ci ilədək müəyyən edilən “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilib. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanıb. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilib. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış edib.

 

2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsi olub.

 

2012-ci ilin 18 iyun - 6 iyul tarixlərində BMT-nin İnsan Hüquqları Şurasının 20-ci sessiyası çərçivəsində Azərbaycanda təhsil hüququ, qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli institutların fəaliyyəti, məcburi köçkünlərin insan hüquqları və internetdə insan hüquqlarının müdafiəsi üzrə qətnamələrin hazırlanması prosesində iştirak edibbu sənədlərə həmmüəllif qismində qoşulub.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olmasından sonra, ölkədə insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin gücləndirilməsi və demokratikləşdirmə məsələlərinə istər hökumətin, istər vətəndaş cəmiyyətinin, istərsə də dünya ictimaiyyətinin diqqəti artıb. Bu, bir tərəfdən ölkəmizin öz iradəsi ilə Avropa Şurası qarşısında üzərinə müvafiq öhdəliklər götürməsindən irəli gəlirsə, digər tərəfdən həyatın müxtəlif sahələrinə aid daim təkmilləşən və özünü müxtəlif sənədlərdə əks etdirən Avropa standartlarına uyğunlaşma tələbi ilə bağlıdır.

 

Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verirbu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, ictimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər görüb.

İnsan hüquqları məsələlərinə Avropa İttifaqı ilə də genişlənməkdə olan əməkdaşlıq kontekstində ayrıca diqqət yetirilir. Bu baxımdan, xüsusilə 2006-cı il noyabrın 14-də qəbul olunan, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmin edilməsi və eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu Fəaliyyət Planın icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramında insan hüquqları sahəsində konkret əməkdaşlıq fəaliyyətlərinin müəyyən edilməsini nəzərdə tutmuşdu.

 

Azərbaycan dövləti normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə və standartlara uyğunluğunun təmin edilməsi istiqamətində bu gün də beynəlxalq təşkilatlarla əməkdaklıq edir.

 

Vasif CƏFƏROV

Ekspress  2017.- 8-10 iyul.- S.10.