Siyasi fəallığın yüksəldilməsi

və ya siyasi mədəniyyətin inkişaf səviyyəsi

 

 

Siyasi mədəniyyətin inkişaf səviyyəsi ictimai həyatın bütün sahələrinin demokratikləşdirilməsi dərəcəsindən ibarətdir. Bu baxımdan da siyasi mədəniyyət - siyasi bilik və siyasi təcrübənin, eyni zamanda siyasi fəaliyyətin sintezidir.

 

Politoloqların fikrincə, şəxsiyyətin siyasi mədəniyyəti bütövlüklə cəmiyyətin siyasi mədəniyyətinin səviyyəsindən, ictimai həyatın demokratikləşdirilməsindən asılıdır. Yəni, kütlələrin siyasi yaradıcılığının rolu formal və qeyri-formal ictimai-siyasi təşkilatların fəaliyyətində daha aydın şəkildə təzahür edir. Sosial və siyasi həyatın bütün sahələrində cəmiyyət üzvlərinin iştirakı cəmiyyətin siyasi mədəniyyətinin yüksəlməsi üçün zəruri şərait yaradır.

 

Politoloqlar siyasi mədəniyyətin aşağıdakı elementlərini göstərirlər:

 

- Cəmiyyətin siyasi təcrübəsi (sinif, sosial qrup, fərd)

- Şəxsiyyətin və ictimai qrupların siyasi fəaliyyətinin obrazı, üsulları

- Siyasi maraqlar, biliklər və inanclar

- Siyasi dəyərlər, normalar, adətlər, instinktlər; - Siyasi münasibətlər və siyasi hakimiyyət haqqında vətəndaşların təsəvvür səviyyəsi

- Siyasi institutlar

 

Fəlsəfə elmləri doktoru Əlikram Tağıyev qeyd edir ki, siyasi mədəniyyətin ən birinci təzahür forması hakimiyyət münasibətidir. Hakimiyyət isə ümumi mənada fəaliyyət göstərən müəyyən təsirin qabiliyyət və imkanları, adamların ifadə, avtoritet, hüquq, zor və s. vasitəsilə olan davranışdır: “Bu, hakimlik və tabeçilik münasibətlərini əks etdirir. Siyasi mədəniyyətin digər təzahür forması siyasi fəaliyyətin stilidir. Məsələn, ABŞ və Fransa siyasi həyatı daha açıqdır, orada geniş siyasi fəaliyyət göstərməyə daha çox imkanlar var. Elə ölkələr də var ki, bu ölkələrdə heç də bütün adamlara belə bir imkan verilmir. Belə cəmiyyətlər siyasi fəaliyyət üçün qapalı olub, ancaq bir qrup adamların siyasi fəaliyyətinə imkan yaradır. Bu, daha çox siyasi mədəniyyətin forma və tipləri məsələsidir. Forma məsələsi ictimai quruluşun xarakteri, tipləşmə isə konkret sosial qrupların dünyagörüşü, təhsil səviyyəsi və davranışları ilə bağlıdır”.

 

Tağıyev onu da qeyd edir ki, siyasi mədəniyyətin üçüncü təzahür forması qərarların qəbul edilməsinə vətəndaşların təsiri və onda iştirak etməsi səviyyəsidir: “Siyasi mədəniyyətin dördüncü təzahür formasını isə cəmiyyətin siyasi əhval-ruhiyyəsi adlandırmaq olar. Daha doğrusu, siyasi proseslərdə dominant rolunu kimlər oynayır: inqilabi, reformist, imperialist, millətçi və s. qüvvələr. Siyasi mədəniyyətin beşinci təzahür forması cəmiyyətdə siyasi mübadilənin nəyə əsaslandığı isə: inam, kompromis, saziş və s.-dən ibarətdir. Siyasi mədəniyyətin təhlili onun hansı səviyyələrdə mövcud olduğunu öyrənməyə imkan verir:

 

1. Şəxsiyyətin siyasi mədəniyyəti

2. İri ictimai-siyasi qrupların və hərəkatların siyasi mədəniyyəti

3. Cəmiyyətin özünün bütövlükdə siyasi mədəniyyət səviyyəsi bura daxildir” (shirvan.cls.az).

Politoloq Nurlan Qələndərov bəzi araşdırmaçıların siyasi mədəniyyəti milli mənəviyyat kimi dəyərləndirməsi fikrini irəli sürür: “Amma bu mövqe məsələyə dar çərçivədən yanaşmanın fonunda ortaya çıxıb. Məsələyə geniş rakursdan yanaşsaq, qeyd edə bilərik ki, siyasi mədəniyyət vətəndaşların hakimiyyətlə qarşılıqlı münasibətlərinə aid olan mövqe və davranışların əsasını təşkil edən dəyərlərin, eyni zamanda, siyasi sistemin iştirakçıları arasında təzahür edən fərdi mövqe və meyillərin kompleks məcmusudur.Bu baxımdan, bir ölkənin siyasi sisteminin hüquqi əsaslar və siyasi dəyərlərə söykəndiyini, başqa sözlə, həmin ölkədə demokratik prinsiplərin hökm sürdüyünü göstərən başlıca indikatorlardan biri siyasi mədəniyyətdir. Çünki siyasi mədəniyyət demokratiyanın səviyyəsini müəyyən etməyə imkan verən aşağıdakı elementlərin daşıyıcısıdır:

- Vətəndaşların siyasi hakimiyyətə münasibəti onların davranış və rəylərində öz əksini tapır. Siyasi mədəniyyət isə məhz bu cür davranış və rəylər əsasında formalaşır, inkişaf edir.

- Siyasi hakimiyyətin ölkə vətəndaşlarına münasibəti də siyasi mədəniyyətdə əksini tapır. Məsələn, hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə ya onları siyasi həyatda iştirak etməyə sövq edir, fərdlərin demokratik prinsip və normalara əsaslanan fəaliyyətinə mane olmur, ya da hər bir vasitə ilə fərdlərin siyasi iştirakçılığı və sosiallaşmasının qarşısını alır. Bu da, nəticə etibarilə, fərdlərin siyasi iştirakçılıq səviyyəsi və dolayısıyla, siyasi mədəniyyətinə təsir edir.

-  Siyasi mədəniyyətin inkişaf etməsi vətəndaşların siyasi idarəetməyə təsirini artırır. Eyni zamanda, cəmiyyətin fəal üzvləri qərar qəbulu və icrası prosesinə də təsir göstərir. Bu isə hakimiyyət-cəmiyyət münasibətlərinə birmənalı şəkildə müsbət effekt bağışlayır

- Siyasi mədəniyyət idarəetmədə iştirak edən və etməyən fərdlərin mənəvi-psixoloji yönümlərini və dəyərlərini müəyyən edir. Bu da ölkə daxilindəki siyasi davranış və mövqeləri formalaşdıran amil kimi çıxış edir. Sözügedən faktor bir ölkənin perspektiv inkişaf səviyyəsini müəyyənləşdirən kontur qismində dəyərləndirilir”.

Politoloq onu da qeyd edir ki, siyasi mədəniyyət siyasi sistemin önəmli komponentlərindən biri olmaqla ölkənin siyasi inkişafını təmin edən fundamental faktor qismində çıxış edir (strategiya.az). Onun sözlərinə görə, eləcə də yüksək siyasi mədəniyyətin formalaşması üçün cəmiyyətdə güclü siyasi liderlərin mövcudluğu zəruri amil kimi dəyərləndirilir. “Ona görə ki, önəmli idarəetmə təcrübəsi və potensialına sahib olan liderlər legitim siyasi mühit yaratmaqla siyasi mədəniyyətin yüksək səviyyəsini təmin etmiş olur, bu da siyasi dəyərlərin transformasiyasına zəmin yaradır”.

Fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov bildirir ki,  Azərbaycan əhalisinin sosial həyat tərzində baş verən dəyişikliklər əhalinin siyasi mədəniyyətinə müsbət təsirlərini göstərib: “Sosioloji sorğular göstərir ki, ölkə əhalisi siyasi sistemə münasibətdə olduqca informativ və aktivdir. Siyasi sistemin sabitliyinə və davamlığına xalqın rəyi dəyişilməzdir. Hər hansı məmurun korrupsiya fəaliyyətindən əziyyət çəkdiyini bildirən respondent hakimiyyətin bu halları yoluna qoyacağına qətiyyətlə inanır.Siyasi mədəniyyət mücərrəd bir proses kimi məkan və zamandan asılı olmayaraq formalaşmır. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyət bir tərəfdən siyasi sistemin legitimliyini və səmərəli işini təmin edirsə, digər tərəfdən o, siyasətçilərin və onların təmsil etdikləri qüvvələrin “oyun qaydaları”ndan tutmuş, geniş xalq kütlələrinin siyasi proseslərə münasibətinədək olan səviyyəni bildirir. Siyasi mədəniyyət cəmiyyətin mənəvi potensialının tərkib hissələrindən biridir. Onu ümumi mədəniyyətdən ayırmaq müəyyən mənada şərtidir, çünki mənəvi mədəniyyətin hüquqi, əxlaqi, estetik və s. sahələri bu və ya digər formada siyasi mədəniyyətə daxildir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir”.

H.İbrahimov onu da qeyd edir ki, sovet totalitarizmindən çıxmış Azərbaycan cəmiyyətində yeni siyasi mədəniyyəti formalaşmağa başladı ki, nəticədə də SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət stabil şəkil aldı: “Bu siyasi mədəniyyətin formalaşmasını şərti olaraq 3 mərhələyə bölmək olar:

- 1992-1999-cu illər

- 2000-2005-ci illər

- 2005-ci ildən başlanan mərhələ.

Əsasən Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə tez məruz qalmamaq məharəti ilə seçilməyə başladı  (anl.az).

Ekspert Elnur Hacalıyevin fikrincə, cəmiyyətin demokratik siyasi inkişafı üçün və islahatların aparılması məqsədilə optimal variant o zaman təşəkkül tapır ki, elitanın sıravi vətəndaşlar üzərində üstünlüyü mövcud dur: “Elita və kütlələrin fəallığı rəqabətinin nisbətinin digər variantları dəyişikliklərin ləngiməsinə və avtoritar rejimlərin yaranmasına gətirib çıxarır. Siyasi inkişaf üçün ən əlverişli olmayan situasiya o zaman yaranır ki, elita ilə kütlələrin siyasi iştirakçılığının mötəbərliyi eyni vaxtda minimal səviyyəyə düşür. Bu isə sosiumun və siyasi sistemin tənəzzülünə gətirib çıxarır, başqa sözlə bütövlük kəsb edən sosial sistemin parçalanmasına, pərakəndəliyinə səbəb olur. Siyasi modernləşmə nəzəriyyəsinin liberal istiqamətinin mühüm xüsusiyyəti avtoriterizmə mənfi münasibətidir. Liberal ssenariyə görə, hadisələrin belə inkişaf variantı da mümkündür:

1) cəmiyyətin demokratikləşməsi

2) elitanın rəqabətinin artması, lakin əhalinin əsas hissəsinin fəallığının aşağı olması şəraitində avtoritar rejimlərin təşəkkülü və dəyişikliklərin ləngiməsi üçün zəmin yaranır

3) siyasi iştirakçılığın elitaların yarışı üzərində üstünlüyü və dəyişikliklərin ləngiməsinə aparır

4) elita və siyasi iştirakçılıq səviyyəsinin mötəbərliyinin eyni vaxtda minimal səviyyə kəsb etməsi xaosa gətirib çıxarır, eləcə də diktatura doğura bilər. Siyasi inkişafa mühafizəkar yanaşma tərəfdarları isə (S.Hantinqton, H.Lints və b.) modernləşmənin mənbəyini əhalinin siyasi həyata cəlb olunması ilə təsisatlaşma arasında nəzərə çarpan münaqişə ilə əlaqələndirirlər.Təsisatlaşma dedikdə maraqların ümumiliyi və əlaqələndirilməsi üçün zəruri strukturların və mexanizmlərin mövcudluğunu nəzərdə tuturlar. Onlar hesab edirlər ki, cəmiyyətin modernləşməsi demokratik siyasi təsisatların səviyyəsindən daha çox, onların möhkəmliyi və mütəşəkkilliyi ilə bağlıdır. Qaydalara nəzarət edən avtoritar rejim bazara keçidi və milli birliyi təmin edə bilər”.

E.Hacalıyev onu da qeyd edir ki, demokratiyaya keçid tədricən, iqtisadi və sosial münasibətlərə aid islahatlarda uğurların əldə edilməsi gedişində həyata keçirilməlidir (strategiya.az). Yəni, siyasi elitanın başlıca vəzifəsi ondan ibarət olmalıdır ki, modernləşən cəmiyyətin müxtəlif sferalarında baş verən dəyişikliklər arasında tarazlığı təmin edə bilsin: “Modernləşməyə mühafizəkar yanaşmanın tərəfdarları demokratiyaya keçiddə demokratik dəyərləri inkar etmirlər. Onlar eləcə də siyasi modernləşməni demokratiyaya keçid kimi başa düşürlər.

Məlum olduğu kimi, S.Hantinqton demokratikləşmənin üç dalğasını fərqləndirib. Birinci dalğa XIX əsrin başlanğıcından ABŞ-da başlamış və Birinci Dünya müharibəsinin sona çatmasına qədər davam edib. İkinci dalğa İkinci Dünya müharibəsindən sonra başlayıb. Demokratikləşmənin üçüncü dalğası isə 1974-cü ildə Portuqaliyada Salazar diktaturasının devrilməsi ilə başlanır. T.Karl və F.Şmitter postsosialist ölkələrində baş verən demokratik dəyişiklikləri isə demokratikləşmənin dördüncü dalğası adlandırırlar.

 

Rəşid RƏŞAD

Ekspress  2017.- 7 iyul.- S.10.