Siyasi mədəniyyətin
inkişafında siyasi sistemin rolu
Azərbaycanda siyasi mədəniyyətin
inkiaşıfında siyasi sistemin böyük rolu var.
Ali Məhkəmənin şərhinə əsasən,
Azərbaycanın siyasi sistemi milli və tarixi şəraitin
xüsusiyyətlərini əks etdirməsi ilə səciyyələnir. Onun meydana gəlməsində
və fəaliyyətində çox müxtəlif amillər
rol oynayıb və oynamaqdadır. Siyasi
sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi
mədəniyyətinin xüsusiyyətləri mühüm təsir
göstərir.
Azərbaycanın
siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni
Konstitusiyasının qəbul edilməsi ilə başa
çatdı. Konstitusiya ilə Azərbaycan
dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika
kimi müəyyənləşdirildi.
Siyasi sistemə görə Azərbaycanda dövlət
hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst
və müstəqil öz müqəddəratını həll
etmək və öz idarəetmə formasını müəyyən
etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan dövlət hakimiyyətinin həyata
keçirilməsi formasına görə prezident üsul-idarəsinə
əsaslanan respublika parametrlərinə uyğundur.
Hakimiyyətin
bölünməsi prinsipinə uyğun olaraq Azərbaycanda
müstəqil şəkildə formalaşan və fəaliyyət
göstərən üç hakimiyyət qolu qərarlaşıb:
qanunverici hakimiyyət səlahiyyətlərini həyata
keçirən Milli Məclis, icra hakimiyyətini həyata
keçirən prezident və məhkəmə hakimiyyəti.
Məhkəmə hakimiyyətini Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan
Respublikasının ümumi məhkəmələri və
digər ixtisaslaşdırılmış məhkəmələri
həyata keçirirlər.
İcraedici hakimiyyət funksiyasını prezidentin rəhbərliyi
ilə hökumət, qanunverici hakimiyyət funksiyasını
Milli Məclis həyata keçirir.
Azərbaycan Konstitusiya ilə müəyyən edilən
unitarçılığı spesifikliyə malikdir. Bu da onun tərkibində
Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti
statusuna malik olmasıdır. Konstitusiyaya
görə Naxçıvan Muxtar Respublikası Azərbaycanın
tərkibində muxtar dövlətdir. Naxçıvan
Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Konstitusiyası, qanunları, Azərbaycan
Prezidentinin fərmanları və Azərbaycan Nazirlər
Kabinetinin qərarları Naxçıvan Muxtar
Respublikasının ərazisində məcburidir.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra
hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar
Respublikasının məhkəmələri həyata
keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.
Azərbaycanın siyasi sistemində yerli
özünüidarətmə orqanları olan bələdiyyələr
də mühüm yer tutur. Bu institut yeni
yaranmasına baxmayaraq böyük perspektivə malikdir.
Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın
siyasi sisteminə də çoxpartiyalılıq, plüralizm
xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü
idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə
dövlət hakimiyyətinin həyata keçirilməsində
iştirak etmək imkanına malikdirlər. Azərbaycan
dövlətinin ali məqsədi insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsidir. Azərbaycanda
dövlət hakimiyyəti daxili məsələlərdə
yalnız hüquqla, xarici məsələlərdə isə
yalnız Azərbaycanın tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycanın qanunları ölkənin
bütün ərazisində qüvvədədir.
Azərbaycanda
ilk respublika Azərbaycan Xalq Cumhuriyyəti adı ilə 1918-ci
il mayın 28-də yaradılıb və
23 ay fəaliyyət göstərib. 1920-ci il
aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulub və
1991-ci ildə SSRİ dağılanadək davam edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetdə “Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
haqqında” Konstitusiya Aktı qəbul olunub və Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan
edilib.
Siyasi nəzəriyyədə siyasi sistem
anlayışı cəmiyyətin siyasi həyatında
iştirak edən dövlət təsisatlarını, siyasi
partiyaları və ictimai təşkilatları, kütləvi
informasiya vasitələrini əhatə edir. Geniş mənada
siyasi sistem siyasi münasibətləri, siyasi şüuru və
cəmiyyətin siyasi təşkilatlarını özündə
birləşdirir. Siyasi sistem siyasi hakimiyyətin təşkili,
cəmiyyətlə dövlət arasındakı münasibətləri
formalaşdırır və ictimai sistemin digər hissələri
ilə - sosial, iqtisadi, ideoloci, etik, hüquqi ,
mədəni sistemlərlə qarşılıqlı əlaqədədir.
Siyasi sistemi siyasi hakimiyyət, siyasi struktur və siyasi təşkilat,
siyasi hüquqi normalar, siyasi münasibətlər, siyasi
şüur formalaşdırır.
Siyasi sistemdə dövlət mərkəzi yer tutur. Bu, hər
şeydən əvvəl onunla əlaqədardır ki,
dövlət siyasi hakimiyyətin xüsusi təşkilatıdır.
Siyasi hakimiyyət insanların birgə fəaliyyətinin
təşkili və tənziminin mühüm amili, onların
qarşılıqlı münasibətlərinin qaydaya
salınmasının, cəmiyyətdə nizam-intizamın və
sabitliyin təmini vasitəsidir.
Dövlətin əlamətləri olan məcbur etmə,
zor tətbiq etmək hüququ, suverenlik, ümumilik, hüquq, əhalidən
vergi və mükəlləfiyyətlər toplamaq hüququ
var. Həmçinin, dövlətin daxili və xarici
funksiyaları mövcuddur. Dövlətin daxili funksiyasına vətəndaşların
və cəmiyyətin təhlükəsizliyi,
qanunçuluğun və hüquq qaydalarının təmin
edilməsi, fərdlərin və sosial qrupların mənafe və
tələbatlarının əlaqələndirilməsi, təbii
ehtiyatlardan səmərəli istifadə olunması və s. təmin
edilməsi daxildir. Dövlət cəmiyyətdə
birləşdirən, təşkil edən və nizama salan
başlıca qüvvədir.
Dövlətin xarici funksiyasına dövlətin beynəlxalq
arenada beynəlxalq hüquq və normalar çərçivəsində
müxtəlif dövlətlərlə, təşkilatlarla, hərəkatlarla
münasibətlərinin tənzimlənməsi və s.
daxildir.
Eyni zamanda dövlətin unitar və federativ ərazi
quruluşları, respublika və monarxiya idarə
üsulları da var.
Cəmiyyətin siyasi sistemində dövlətin
xüsusi yeri və rolunu şərtləndirən amillər
olan dövlətin bütün ölkə miqyasında tam
hakimiyyətə malik olan yeganə təşkilat olması, cəmiyyətin
inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi,
müxtəlif fərdi və kollektiv maraqlarının
uzlaşmasını təmin etməsi müəyyən edir.
Politologiya elminə görə, hər cəmiyyətin
siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi
kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini,
mövcud siyasi münasibətləri, təsisatları,
normaları və hakimiyyətin təşkili prinsiplərini
ifadə edir. Kilsələr, yaxud vətəndaş
cəmiyyətin digər ünsürləri, ictimai birliklər
kimi, bunları da siyasi sistemin bir parçasıdır.
Siyasi sistem bütövlükdə ictimai sistemin
mühüm hissələrindən, ünsürlərindən
biridir. O,
siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə
dövlət arasındakı münasibətləri ehtiva edir
və ictimai sistemin digər hissələri ilə-sosial,
iqtisadi, ideoloci, etik, hüquqi, mədəni sistemlərlə
qarşılıqlı əlaqədədir.
Konkret cəmiyyətin siyasi sistemi bir sıra amillərlə
müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin
sosial strukturunu, idarəçilik formasını, dövlətin
tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri,
dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə
siyasi-ideoloci və mədəni münasibətlərin
xarakterini, siyasi həyatın formalaşmasının tarixi və
milli ənənələrini göstərmək olar.
Müasir politologiyada və sosiologiyada cəmiyyətin
siyasi sisteminin öyrənilməsi mühüm yer tutur.
Elmi ədəbiyyatda siyasi sistemin müxtəlif, bəzən
biri digərini tamamilə istisna edən anlayışları
mövcuddur. Məsələn, Amerika politoloqu D.İston belə
hesab edir ki, siyasi sistem bir-biri ilə qarşılıqlı əlaqədə
olan subyektlərin məcmusudur ki, həmin subyektlər vasitəsilə
cəmiyyətdə dəyərlər hökmlə və
peşəkarcasına bölüşdürülür.
İ.Husa görə siyasi sistem
bütövlük təşkil edən və müəyyən
fəlsəfi, dini, idarəçilik forması məzmunu kəsb
edən ideyaların, prinsiplərin, qanunların,
doktrinaların və s. kompleksidir.
T.Madronun fikrincə, cəmiyyətin siyasi sistemi mürəkkəb
münasibətlər şəbəkəsi vasitəsilə
birləşən obyektlərin və onların əlamətlərinin
məcmusudur.
Siyasi sistem nəzəriyyələrinin əksəriyyətində
onun struktur baxımından təhlili aparıcı yer tutur.
“Siyasi sistem” anlayışı geniş və dar mənalarda
işlənir.
Geniş mənada siyasi sistem siyasi münasibətləri,
siyasi şüuru və cəmiyyətin siyasi təşkilatlarını
özündə birləşdirir. Dar mənada
siyasi sistem cəmiyyətin siyasi həyatında iştirak edən
dövlət təsisatlarını, siyasi partiyaları və
ictimai təşkilatları, kütləvi informasiya vasitələrini
əhatə edir.
Siyasi sistemin əsas ünsürlərinə aid olan
başlıca tələblər bundan ibarətdir ki, onlar
daxili nizamlılığa, mütəşəkkilliyə
malik olmalı və siyasi xarakter daşımalıdırlar. Başqa
sözlə, cəmiyyətin siyasi sisteminin ünsürü
kimi nəzərdən keçirilən hər bir qurum təşkilati
və siyasi əlamətlərə malik olmalıdır.
Cəmiyyətin siyasi sistemində dövlətlə
yanaşı digər təşkilatlar da-siyasi partiyalar və
ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və
ya başqa dərəcədə ölkənin siyasi həyatında
iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin
ünsürləri kimi çıxış edirlər.
Cəmiyyətin siyasi sisteminin bütün ünsürləri
sıx, üzvi vəhdətdə olur və bir-biri ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərirlər. Siyasi sistemin bütün ünsürləri
cəmiyyətin və dövlətin hüquqi əsasını
təşkil edən qanunlar əsasında və çərçivəsində
fəaliyyət göstərirlər.
Vasif
CƏFƏROV
Ekspress 2017.- 18 iyul.- S.10.