Demokratik toplumda ifadə
azadlığı
İfadə
azadlığı mühüm əhəmiyyət
daşıyan insan hüququ olduğu üçün
demokratiyanın bərqərar edilməsində və
bütün digər insan hüquqlarının
reallaşmasında mühüm rola malik hesab olunur.
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin (İHÜB) 19-cu maddəsi ifadə azadlığı hüququnu aşağıdakı ifadələrlə təmin edir: Hər kəs fikir və ifadə azadlığı hüququna malikdir və bu hüquqa öz rəyində qalmaq azadlığı və hər hansı maneə olmadan istənilən vasitələrlə və sərhədlərdən asılı olmayaraq məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir.
İHÜB 1948-ci ildə qəbul edildikdən sonra onun bir hissəsi, eyni zamanda 19-cu maddəsi beynəlxalq adət hüququ çərçivəsində hüquqi qüvvə əldə etmiş müddəalar kimi geniş miqyasda tanınır. 157 dövlət tərəfindən ratifikasiya olunan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) 6 iştirakçı dövlətlərin üzərinə onun müddəalarına hörmət edilməsindən ibarət formal hüquqi öhdəliklər qoyur ki, nəticədə də İHÜB-ə daxil edilən hüquqların bir çoxunu da inkişaf etdirir.
Yeri gəlmişkən, Azərbaycan MSHBP-yə 1992-ci ildə, MSHBP-nin 1 saylı Fakultativ Protokoluna isə 2001-ci ildə qoşulub. MSHBP-nin 19-cu maddəsi ifadə azadlığı hüququnu İHÜB-ün 19-cu maddəsində yer alan ifadələrə çox oxşar olan ifadələrlə təmin edir:
1) Hər kəs fikir azadlığı hüququna malikdir.
2) Hər kəs ifadə azadlığı hüququna malikdir.
İfadə azadlığı insan hüquqlarına dair bütün üç regional sənəddə - İnsan hüquqları haqqında Avropa Konvensiyasının (İHAK) 10-cu maddəsində, İnsan və kollektiv hüquqları haqqında Afrika Xartiyasının (İHAK) 9-cu maddəsində və İnsan hüquqları haqqında Amerika Konvensiyasının (İHAK) 13-cü maddəsində qorunur.
Ekspertlər qeyd edirlər ki, ifadə azadlığı bu regional müqavilələrin hər birində mühüm statusa malikdir. Bu da o deməkdir ki, ölkəmiz Avropa Şurasının üzvüdür və üzv qismində ölkədə ifadə azadlığının müdafiəsini gücləndirmək üçün müxtəlif öhdəliklər götürüb və 2002-ci ildə İHAK-ı ratifikasiya edib (osce.org).
Ekspert Vahid Ömərov qeyd edir ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qərarlaşması zamanı dövlət-cəmiyyət, dövlətdə sosial qrupların münasibətləri və dövlət-şəxsiyyət münasibətləri tənzimlənir: “Cəmiyyətin təsisatları və hüquqi dövlətin siyasi təsisatları qarşılıqlı əlaqə şəraitində formalaşır və inkişaf edir. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin qarşılıqlı münasibətlərində dialektik ziddiyyətli cəhətlər də mövcud olur. Akademik Ramiz Mehdiyev özünün “Azərbaycan: qloballaşma dövrünün tələbləri” əsərində bu ziddiyyətləri aşağıdakı kimi qruplaşdırır:
- Vətəndaş cəmiyyətinə dövlət tərəfindən təzyiq olur, nəticədə totalitar rejim yaranır.
- Dövlət vətəndaş cəmiyyətinin iradəsini yerinə yetirir, hüquq çərçivəsində hüquqi dövlət kimi fəaliyyət göstərir və bu zaman demokratik rejim əmələ gəlir.
- Vətəndaş cəmiyyəti dövlətin dəyişən tarazlığı arasında müxtəlif dərəcəli qəddarlığa malik avtoritar rejimlər əmələ gəlir”.
Qeyd edək ki, vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi. Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər.
Ekspert Gülzar İbrahimovanın fikrincə isə, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır: “Vətəndaş cəmiyyətinin inkişafı üç mərhələdən keçib. Üçüncü mərhələ indi yaşadığımız müasir dövrü əhatə edir və məhz bu mərhələdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət anlayışı ümumbəşəri dəyərə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi. Demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz” (ekspress.az).
Ekspertlərin fikrincə, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya (“Konvensiya”) Avropa Şurasına üzv dövlətlərin demokratiya, sülh və ədalət dəyərlərinə, eyni zamanda onların cəmiyyətlərində yaşayan bütün şəxslərin təməl hüquq və azadlıqlarına riayət olunmasına sadiqliklərinin ən mühüm ifadə formasıdır.
Xatırladaq ki, konvensiya 4 noyabr 1950-ci ildə Romada imzalanıb. Son 50 ildə Konvensiya müddəaları Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa İnsan Hüquqları Komissiyasının onlara verdiyi şərhlər vasitəsilə və Avropa Şurasının işi sayəsində inkişaf etdirilib.
O da qeyd olunur ki, Şura Konvensiyanın tətbiq dairəsini genişləndirən əlavə protokollar və üzv dövlətlərin davranış standartlarını müəyyən edən qətnamə və tövsiyələr qəbul edib. Bundan başqa Konvensiya müddəalarına riayət etməyən dövlətlərə sanksiyalar tətbiq edib.
Qeyd edək ki, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın iştirakçısı olan bütün dövlətlər Konvensiya müddəalarını milli qanunvericiliklərinə daxil ediblər. Məhz bu baxımdan Konvensiya onların milli hüquq sisteminin tərkib hissəsinə çevrilib və daxili məhkəmələr və bütün dövlət orqanları üçün məcburi qüvvəyə malikdir. Bütün bunlardan belə bir nəticə əldə etmək olar ki, müvafiq dövlətlərdə yaşayan bütün fərdlər Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqlara malikdirlər və milli məhkəmə proseslərində Konvensiyanın müddəalarına və presedentlərinə birbaşa istinad edə bilərlər ki, milli məhkəmələr isə öz işlərində onları tətbiq edə bilsin.
Ekspertlər onu da qeyd edirlər ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Konvensiyanın mətnini izah və şərh edir (academy-justice.gov.az). Bu baxımdan onlar məcburi hüquqi qüvvəyə malik presedentlərdir və onların statusu məcburi qüvvəyə malik hüquq normalarının statusuna bərabərdir. Konvensiya ratifikasiya olunduqda isə, bütün iştirakçı dövlətlərin, eyni zamanda mülki (kontinental) hüquq sisteminin qüvvədə olduğu dövlətlərin hakimiyyət orqanları Məhkəmənin qərarlarına məcburi qüvvəyə malik qanun kimi baxmalıdırlar.
Prezident Administrasiyasının əməkdaşı Vüqar Səlimov qeyd edib ki, ifadə azadlığı və jurnalistlərin təhlükəsiz fəaliyyəti üçün şərait olmadan demokratik cəmiyyətdən danışmaq mümkün deyil: “Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, jurnalistlərin sərbəst və azad fəaliyyət həyata keçirməsi istiqamətində fəal və ardıcıl siyasət həyata keçirilir. Bu gün iqtidaryönümlü, müxalifyönümlü və müstəqil media orqanları müxtəlif məsələlərlə bağlı sərbəst şəkildə fəaliyyət göstərir və ictim (asında iştirak edir. Hansı siyasi mövqedən çıxış etməsindən, sosial statusundan asılı olmayaraq, jurnalistlər mövqelərini ortaya qoya bilirlər. Sosial şəbəkələrdə də bunu görmək olar. Bu gün fikirlərinə, yazılarına görə dövlət orqanları tərəfindən jurnalistlərə təzyiq, təqib yoxdur. KİV vətəndaş cəmiyyəti institutlarından biridir və dövlət də KİV-in fəaliyyətini belə qiymətləndirir, cəmiyyətin inkişafına xidmət edən təşəbbüsləri daim dəstəkləyir. Söz və ifadə azadlığının, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərindən biridir”.
Ekspert Teymur Malikaslanov “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsində məqsədin Azərbaycan qanunvericiliyini Avropa Şurası standartları səviyyəsində təkmilləşdirmək olduğunu nəzərə çatdırıb: “Media azadlığının qorunması digər insan hüquqlarının qorunmasında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan da gender bərabərliyi də kişi və qadınların hüquqlarının bərabərliyini əks etdirir”.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə qeyd edir ki, hər bir vətəndaş informasiya almaq hüququna malikdir (mia.az). Onun sözlərinə görə, Azərbaycanda bu sahədə qanunvericilik təkmilləşdirilib. “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı da bu istiqamətdə təşəbbüslərdən biridir. Artıq 14-cü ildir ki, Azərbaycanda ombudsman təsisatı fəaliyyət göstərir, bu təsisat fikir və söz azadlığının təmin edilməsi sahəsində də səlahiyyətlərə malikdir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı aktiv fəaliyyət göstərir, 30 jurnalist təşkilatı söz və ifadə azadlığının təmin olunması istiqamətində ixtisaslaşıb. Azərbaycanda hər 100 nəfərdən 20-sinin kompüteri var. Genişzolaqlı internet istifadəçilərinin sayı 55 faizdir ki, bu da dünya göstəricilərindən 2 dəfə çoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdir. 9 milyon əhalisi olan Azərbaycanda 2,5 milyon insan sosial şəbəkələrdən istifadə edir”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadə “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiyasında qeyd edir ki, Azərbaycanda demokratikləşmə prosesində KİV-in aparıcı mövqedə olması ulu öndərin bu məsələyə müsbət və birmənalı münasibətinin nəticəsi idi (sciens.gov.az). Rəhimzadə bildirir ki, istər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə ulu öndər jurnalistikanın inkişafına, KİV-in maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərib, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideologiyasının, milli mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verib. “Əvvəllər yalnız senzuralı mətbuat mövcud idi. Ulu öndər hakimiyyətə qayıdışı ilə mətbuatda ilk növbədə mövcud problemlər aradan qaldırıldı, azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlərə son qoyuldu, onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi, bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı”.
Rəşid
RƏŞAD
Ekspress 2017.- 21 iyun.- S.10.