Vətəndaş cəmiyyətində vergi islahatları
“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail olunub. Azərbaycan Respublikasında çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılmış və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə uzlaşdırılıb.
Azərbaycanın vergi sistemi dünyanın qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 62 növ elektron xidmət göstərir.
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi zəruridir (“taxes.gov.az”).
Sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir.
Qeyd edək ki, Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri ümumi dövriyyədən ƏDV hesablamalı olurlar ki, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olur.
Vergilər Nazirliyinin məlumatına görə, ƏDV son istehlakçıdan alınan istehlak vergisidir və bu verginin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Bu da sahibkarın dövriyyəsinin, son nəticədə isə mənfəətinin artmasına müsbət təsir göstərəcək. Bu istiqamətdə sərəncamdan irəli gələn məsələlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin dairəsinin dəqiq müəyyənləşdirilməsini zəruri edir.
Ekspertlərin fikrincə, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb olacaq. Ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər ki, bu da öz növbəsində sağlam rəqabət mühitinə yol açacaq.
Əlavə dəyər vergisi ilə bağlı digər məqam ondan ibarətdir ki, islahatların davamı olaraq, ölkədə aparılan sosial siyasət bir sıra istehlak mallarının qiymətlərinin həmin mallara 18 faiz dərəcə ilə tətbiq edilən ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsini nəzərdə tutur. Beynəlxalq təcrübədə bir sıra mallara, o cümlədən uşaq qidalarına, məktəbli ləvazimatlarına, dərman vasitələrinə, əlillər üçün tibbi məhsullara və avadanlıqlara, kitablara və bir sıra xidmət növlərinə ƏDV-nin diffrensiallaşdırılmış dərəcəsi tətbiq edilir. Bu məqsədlə, beynəlxalq təcrübə öyrənilərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər olunacaq.
Ekspertlər qeyd edirlər ki, ƏDV-nin differensiallaşdırılması stimullaşdırıcı xarakter daşıyır. Differensial ƏDV ilə kiçik sahibkarlığın inkişafına imkan yaranır, müəssisə daha çox böyüməyə meylli olur (“1news.az”). Eyni zamanda, bu addım sahibkarlıq subyektlərinin sayının artmına gətirib çıxarır. Sahibkarlıq subyektlərinin sayı artdıqca da vergi ödəyicilərinin sayı artmış olur.
İqtisad elmləri doktoru Akif Musayev qeyd edir ki, müstəqillik illərində Azərbaycanda müasir dövrün tələblərinə cavab verən vergi sisteminin formalaşdırılması məhz ulu öndərin adı ilə bağlıdır: “Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində müasir tələblərə cavab verən vergi sisteminin yaradılması mümkün olub. Məlumdur ki, ötən əsrin 90-cı illərinin ortalarına qədər vergi xidməti köhnə inzibati idarəetməyə söykənən, yalnız vergilərin toplanması ilə məşğul olan bir qurum kimi fəaliyyət göstərirdi. Məhz dövlət nəzarətinin qaydaya salınması və bu sistemin təkmilləşdirilməsi, həmçinin sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində Heydər Əliyevin verdiyi fərman və sərəncamlar vergi xidmətinin fəaliyyətinin yenidən qurulmasını şərtləndirdi”.
Musayevin bildirdiyinə görə, bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsinə, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşmasına, çevik vergi siyasətinin aparılmasına xidmət edirdi: “2001-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan birinə çevrildi. Bir sözlə, vergi islahatlarının bütün istiqamətləri vergi münasibətlərinin tənzimlənməsinin hüquqi əsasını qoyan Vergi Məcəlləsində öz əksini tapıb. Vergi Məcəlləsinin qəbulu, yeni və vahid qanunvericilik bazasının yaradılması vergi sistemində aparılan islahatlara mühüm təkan verməklə dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını qoydu. Son 10 ildə mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən 18%-ədək azaldılmış, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilib. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə kənd təsərrüfatı istehsalçıları, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmiş, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq edilmiş, bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad olunub”.
Onu da qeyd edək ki, Vergi Məcəlləsinə son əlavə və dəyişikliklər həm mahiyyəti, həm tətbiq dairəsi, həm də təqdim olunmuş güzəştlərin həcmi və kateqoriyaları baxımından son illərin ən geniş dəyişikliklər paketidir.
İqtisad elmləri doktoru bildirir ki, vergi qanunvericiliyində edilən dəyişikliklərin konseptual əsasları bir tərəfdən yeni qlobal iqtisadi çağırışlara əsaslanır, digər tərəfdən də ölkənin ortamüddətli hədəflərə istiqamətlənmiş məqsədlərinə xidmət edir (“vergiler.az”). Bu dəyişikliklərdə, həmçinin, vergi qanunvericiliyinin beynəlxalq normalara uyğunlaşdırılması, habelə son bir neçə il ərzində qarşıya çıxan problemlərin həlli ilə bağlı məsələlər nəzərə alınıb: “Qruplaşdırsaq, dəyişikliklər vergi siyasətinin dörd istiqamətini əhatə edir: vergi ödəyicilərinin hüquqlarının müdafiəsi; vergi ödəyicilərinin mənafelərinin qorunması; vergi inzibatçılığının təkmilləşdirilməsi; vergi nəzarətinin təkmilləşdirilməsi.
Bunların sırasında Vergi Məcəlləsinə vergi orqanları ilə vergi ödəyiciləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasını təmin edən normaların daxil edilməsi xüsusi yer tutur. Bu, bizim ölkənin təcrübəsində ciddi yenilikdir. Vergi tərəfdaşlığı sazişi - vergi orqanı ilə ödəyici arasında risklərin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Bu, vergi inzibatçılığı prosesində vergi orqanları ilə ödəyici arasında münasibətlərin tamamilə yeni əsaslarda qurulması deməkdir. Dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 30%-dən 25%-ə endirilmiş, aylıq və illik gəlirlərin 14% dərəcə ilə vergiyə cəlb edilən məbləğləri, müvafiq olaraq, 2000 manatdan 2500 manata və 24000 manatdan 30000 manata qaldırılıb. Bununla yanaşı, gəlir vergisi üzrə güzəştlərin həcmi də genişləndirilmişdir. Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb”.
Ekspertlərin fikrincə, ölkə başçısının vergi xidmətlərinin sayının və keyfiyyətinin artırılmasını, sahibkar və vergi məmuru arasındakı münasibətlərin mümkün qədər elektron formatının tətbiqini, iş adamlarının tək vergilərlə bağlı deyil, başqa hesabatlarla bağlı vaxtına maksimum qənaət edilməsini nəzərdə tutan bu islahatlar, ölkədə real sektorun inkişafına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir. O da qeyd olunur ki, hökumət post-neft dövründə qeyri-neft sektorunun sürətli inkişafına maneə ola biləcək bütün məqamların aradan qaldırılması istiqamətində ciddi addımlar atır. Keçən ilin sonlarından başlayan və getdikcə dərinləşən iqtisadi islahatlar sahibkarlığın inkişafı üçün münbit bir şəraitin formalaşmasını hədəfləyib. Bu gün aparılan vergi islahatları da məhz haqqında bəhs etdiyimiz hədəflərə çatılmaq yolunda atılan addımların davamıdır.
İqtisad elmləri doktoru Fikrət Yusifovun fikrincə, bütün dünyanı bürümüş, bizim də ölkəmizdən yan keçməmiş iqtisadi və maliyyə böhranı şəraitində Vergilər Nazirliyinin büdcə gəlirləri üzrə proqnozlara artıqlamasılə əməl edə bilməsi, Nazirliyin rəhbərliyinin böyük təşkilatçılığı və onun əməkdaşlarının yüksək peşəkarlığının nəticəsində mümkün ola bildi (“musavavat.com”). Ölkə iqtisadiyyatında azalmaların baş verdiyi bir konteksdə bütün rezervləri bir araya gətirmək və büdcənin gəlir proqnozlarını artıqlamasıilə yerinə yetirmək yalnız fədakar əməyin nəticəsində mümkün ola bilərdi. Ola bilsin ki, kənardan kimlərsə bu iş asan görünsün. Ancaq peşəkar olanlar bunun nə olduğunu çox yaxşı bilirlər. Əgər ölkə iqtisadiyyatında ümumi iqtisadi azalmalar fonunda Vergilər Nazirliyi büdcə gəlirlərini tam yığa bilməsəydi, yəqin ki, onu buna görə heç kim qınamazdı. Lakin bu qurumun rəhbərliyi yaranmış çətinliklərə baxmayaraq, vəziyyəti düzgün dəyərləndirərək, bütün imkanları bir araya gətirib, bu vəzifənin öhdəsindən layiqincə gələ bildi. Bu isə o deməkdir ki, böhranlı bir duruma baxmayaraq, biz ölkə büdcəsindən əmək haqlarının, təqaüdlərin və başqa müdafiə olunan xərclərin, ordumuzun bütün ehtiyaclarının vaxtında və tam həcmdə ödənilməsini təmin edilə bildik”.
Rəşid
RƏŞAD
Ekspress.-2017.-2 mart.-S.10.