"Filmə çəkilmək üçün şərtlər çox məhduddur"
Məna
və məzmun baxımından fərqli repertuarları ilə
tamaşaçı ruhunun dərin qatlarına nüfuz edən
Azərbaycan Dövlət “Yuğ” Teatrının səhnəsi
hər zaman aktyorları ilə tamaşaçıları
arasında məlum ünsiyyətə zəmin yaradıb.
Kodlarla ötürmək istədiyi informasiyanı peşəkar
heyətin səhnə hərəkətləri ilə təqdim
edən “Yuğ”, tamaşaçıya, həm ruhi, həm də
mənəvi və psixi keyfiyyətlər aşılayır.
Bu sənət ocağı peşəkar aktyor heyətinin fəaliyyəti
ilə 28 il ərzində milli mədəniyyətimizin
inkişafına özünəməxsus töhfələr bəxş
edib. “Yuğ” ailəsinin üzvlərindən biri-
tanınmış aktrisa Yaqut Paşazadənin də o töhfələrdə
əməyi var. Hər zaman peşəkar sənət
adamlarının yaradıcılığı ilə
yaxından maraqlanan AZƏRTAC bu dəfə də ənənəsinə
sadiqdir. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin baş müəllimi,
Əməkdar Artist Yaqut Paşazadə ilə müsahibəni
təqdim edirik:
-Yaqut xanım, sizin Dövlət
“Yuğ” Teatrı ilə 25 illik yoldaşlığınız
var. Hazırda bu sənət ocağının ali dərəcəli
aktrisasısınız. Əvvəlcə sizi “Yuğ” gətirən
yollara nəzər salaq...
-Məni
“Yuğ”a gətirən yolların başlanğıcı tələbəlik
illərimə gedib çıxır. Mədəniyyət və
İncəsənət Universitetinin “Dram Teatrı və Kino
aktyoru” fakültəsində oxuduğum zaman kurs rəhbərimiz
unudulmaz sənətkarlarımız - Həsən Turabov və
Vaqif İbrahimoğlu idi. Hər iki sənət adamı ilə
sıx ünsiyyət qurmuşduq. Daha çox Vaqif müəllimlə
təmasda olurduq. O vaxt müxtəlif çətinliklərə
baxmayaraq müəllimimizin dəstəyini üzərimizdə
hiss edirdik. Üçüncü kursda oxuyanda Vaqif müəllim
tələbələrinin “Yuğ”da işləmələri məsələsini
qaldırdı. Qısa zaman kəsiyində bizim “Yuğ”
teatrı ilə ünsiyyətimiz yarandı. Getdikcə
bütün dərslərimizi Vaqif müəllimin rəhbərliyi
ilə teatrda keçməli olduq. Bundan sonra teatr bizim evimizə
çevrildi. Təbii ki, bu mühiti Vaqif İbrahimoğlu
yaratmışdı. O vaxtdan bu günədək biz “Yuğ”
yolunda addımlayırıq.
-Kifayət qədər peşəkar
sənət fəaliyyətiniz var. Hər zaman yeni
yaradıcılıq axtarışları ilə gündəmdə
qalan aktrisalardansınız. Maraqlıdır, sənət sizi
nə vaxt seçdi?
-Onu
deyim ki, bu sənətdə olmağım mənim yaşam
şərtimdir. İlk vaxtlarda insan bir az iddialı olur. Sənətdə
birinci şəxsiyyət olmaq lazımdır. Vaqif
İbrahimoğlu tələbələrinə hər zaman
tövsiyə edirdi ki, birinci şəxsiyyət olmaq
lazımdır sonra sənətkar. Belə olduqda sənət
sənətkarı rahatlıqla seçir. 21 il Vaqif müəllimlə
bir yerdə işləmişik. Şəxsiyyət ilə sənəti
vəhdət təşkil etmiş bir sənətkarı
tanıdığım üçün çox xoşbəxtəm.
Tələbələrimə də ondan öyrəndiklərimi
təlqin edirəm. Düşünürəm ki, Vaqif
İbrahimoğlunu tanıyanda artıq sənət məni
seçmişdi. Əminliklə deyə bilərəm ki, mənim
həyat yolum və sənətim bu şəxsiyyətlə
bağlıdır.
-“Yuğ” teatrında səhnəyə
qoyulan bütün tamaşaların məzmun planı ruhi
prosesdən keçir. Ruhunuz “Yuğ”un ruhu ilə
üst-üstə düşürmü?
-Sözsüz
ki, eynidir. Eyni olmasaydı mən “Yuğ”da olmazdım. Biz
hansısa əsərə müraciət edəndə onun
bazisinə varmaqla yanaşı, həm də obrazın ruhi
qatında baş verən prosesləri tamaşa vasitəsilə
çatdırmağa çalışırıq. Təqdim
etdiyimiz tamaşaların mətləbinin altında dərin məna
var. Çünki bu sənət ocağının “psixasov
poetikası” belə qurulub. Açığını deyim ki,
başqa teatrda özümü görə bilmirəm. Mənə
digər sənət ocaqlarından təkliflər gəlir.
Amma qəbul etmirəm. Ona görə yox ki, bəyənmirəm,
əsla, bu, belə deyil. Mənim üçün dərin
keyfiyyətlər daha vacibdir. Bizim tamaşa hazırlamaq
prosesimiz tamaşa oynamaq prosesindən qat-qat maraqlıdır.
Burada əsərin nəzəriyyəsindən müəllifin
psixobiaqrafiyasınadək hər şey öyrənilir. Sanki
insan kəşf edirsən, prosesdə var olursan və ən vacibi
tamaşanı oynamaqdan zövq alırsan.
-Dünyanın bir çox ölkələrində
keçirilən beynəlxalq teatr festivallarında ölkəmizi
uğurla təmsil etmisiniz.
Çıxışlarınızda sənət təəssübkeşliyini
əsas götürmüsünüz yoxsa vətəndaşlıq
təəssübkeşliyi hər şeyi üstələyib?
-Səmimi
deyim ki, ölkə daxilində özümü o qədər
də patriot adam hesab etmirəm. Ancaq Azərbaycandan kənara
çıxanda dəhşətli dərəcədə
patriot vətəndaş oluram. 2007-ci ildə Norveçdə
keçirilən beynəlxalq teatr festivalına dəvət
almışdım. Səhnədə təqdim edəcəyim
monotamaşanı ana dilimizdə səsləndirdim. Məndən
başqa festivala qatılmış 28 ölkənin təmsilçiləri
öz çıxışlarını ingilis dilində etdilər.
Onlardan fərqli olaraq çıxışım effektli
alındı və alqışlarla qarşılandı.
Çünki o çıxışımda millilik var idi. Onda
anladım ki, sənət üçün sərhəd yoxdur.
Hər zaman beynəlxalq teatr festivallarda doğma dilimizdə
ifaçılığa üstünlük verirəm.
-Teatr aktrisası kimi
tanınmağınıza baxmayaraq məhdud sayda filmlərə
də çəkilmisiniz. Hətta sonuncu dəfə 2013-cu ildə
ekranlaşıdırılan “Çaqqal nəfəsi”
serialında Fəridə obrazının ifaçısı
kimi yadda qalmısınız. Ümumiyyətlə, filmlərdə
az-az görünməyiniz nə ilə bağlıdır?
-
İndiki seriallara və filmlərə çəkilmək
üçün şərtlər çox məhduddur. Yəni
aktyorun şərtləri çox çətinliklə qəbul
edilir. Aktyora yaxşı qiymət veriləndə o
çalışır ki, daha keyfiyyətli nələrsə
ortaya qoysun. Seriyalarda çəkilmək üçün təkliflər
gələndə əvvəlcə şərtlərlə
tanış oluram. Əgər şərtlər mənim
subardinasiyam xaricindədirsə bu, tərəfimdən qəbul
olunmur. Qəbul olunmayan şərtlər müəyyən qədər
də maliyyə məsələləri ilə
bağlıdır. Bir az eqoist səslənməsin, aktyor
özünün dəyərini, qiymətini biləndə daha
qiymətli olur. Bir sözlə, bu məsələdə
statusuma, baryerimə və istəyimə uyğun olmayan şərtləri
qəbul etmirəm.
-Həyat yoldaşınız Tərlan
Rəsulov çalışdığınız Dövlət
“Yuğ” Teatrına rəhbərlik etməklə
yanaşı, həm də rejissor kimi fəaliyyət göstərir.
Onun quruluş verdiyi tamaşalarda rol almaq sizin üzərinizə
nə kimi vəzifələr qoyur?
-Onu
deyim ki, bizim üçün teatr və ev məfhumu yoxdur.
Teatr bizim iş yerimizdir işgüzar münasibətdəyik,
evdə də ailə münasibətindəyik. Ümumilikdə
“Yuğ” bizim üçün bir evdir. Bir yerdə
olmağımız ailə və iş münasibətimizdə
heç bir dəyişiklik yaratmır. Tərlan Rəsulovun
hazırladığı “Boy” tamaşasında mən də rol
almışam. Tamaşanın səhnə məşqləri
gedəndə bəlkə də orada ən qəddar, ipə-sapa
yatmayan aktrisa mən idim. Yəni ki, tələb edirdim, bu niyə
belədir və ya bu belə olmalıdır. İkimiz bir yerdə
işləyəndə bir-birimizə güzəştə
getmirik. Çünki o öz tələbkarlığında
qalır mən öz tələbkarlığımda.
-Dərs dediyiniz ailə təhsil
ocağında tələbələrin sənətə
marağı hansı səviyyədədir. Onlara necə
köməklik göstərirsiniz?
-Əminliklə
deyə bilərəm ki, hazırda çox istedadlı və
tələbkar tələbələrimiz var. Hər zaman
müəllim kimi onlara dəstək göstərməyi
özümə borc bilirəm. Biz tələbələrə
ilk növbədə teatr metodikasını öyrədirik.
Universitetdə fərqli tədris yoxdur, ümumi tədris var.
Hər kəs burada aktyor kimi böyüdülür. Sənətə
gələn insanların hamısı dahi ola bilməz. Bu sənəti
sevgi ilə qazanmaq lazımdır. Universitet tələbəyə
“nəyi necə öyrənirlər” və “necə aktyor olmaq
olar”- onu öyrədir. Sevindirici haldır ki, bu gün
teatrlarda heç bir təmənna güdmədən
çalışan tələbələrimiz var. Bu
baxımdan gələcəkdə onların sənətdə
müvəffəqiyyət qazanacağına, özlərini sənətkar
kimi təsdiq edəcəklərinə ümidlərim
böyükdür.
-Hazırda hansı işlər
üzərində çalışırsınız?
-Hesab
edirəm ki, sənət adamının hər zaman müəyyən
planları olmalıdır. Hazırda iki yeni səhnə əsəri
üzərində işləyirik. Çox güman ki,
mövsümün sonunda həmin tamaşaların
premyerasını ictimaiyyətə təqdim edəcəyik.
Bundan başqa, pedaqoji planlarımız da var. Onların da tədricən
həyata keçməsinə çalışıram.
-"Yuğ" ailəsinə
qoşulmaq istəyənlərə tövsiyəniz?
-
Düşünürəm ki, bizim ailəyə qoşulmaq istəyən
sənət adamının individual mənəvi dəyərləri
“Yuğ”un dəyərləri ilə üst-üstə
düşməlidir. Çünki “Yuğ” hamıya
açıq olduğu qədər sözügedən dəyərlərə
ciddi riayət olunan bir məkan, sənət
ocağıdır.
Tövsiyələrimiz
isə artıq ailəyə qəbul olunduqdan sonra
başlayır.
Bir
sözlə, istedadlı və ruhu sənətlə dolu olan
insan çox asanlıqla bu ailəyə qoşula bilir.
-Maraqlı
müsahibə üçün çox sağ olun.
Gülər
Ekspress.-2017.-4-6 mart.-S.13.