Hesabatlılıq, şəffaflıq

hər bir QHT-nin vacib prinsipi olmalıdır

 

Müstəqilliyini bərpa edən Azərbaycanda dinamik prosesin davamı kimi vətəndaş cəmiyyət təsisatlarının inkişafı xüsusi qeyd edilməlidir. Heç kəsə sirr deyil ki, bu gün ölkəmizdə Qeyri Hökumət Təşkilatlarının (QHT) yaranması, fəaliyyəti və inkişafı üçün hər bir şərait yaradılıb.

 

Ötən dövrdə III sektorun keçdiyi yolu şərti olaraq bir neçə mərhələyə bölmək olar. Bu bölünmə müxtəlif kateqoriyalar (qanunvericilikdə dəyişiklik, hökumətlə münasibətlər, mühüm QHT hadisələri və s.) görə aparıla bilər.

 

Azərbaycanda daxili ictimai-siyasi gərginliyin yerini milli dövlət quruculuğunun alması, ölkənin mühüm inkişaf yolu qət etməsi, öz təsirini paralel olaraq QHT sektorunda da göstərirdi. Bu dövrdə nəinki yeni-yeni QHT-lər yarandı, həm də onların müxtəlif koalisiyaları formalaşdı. Xüsusilə, Milli QHT Forumu (MQF), Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), Miqrasiya problemləri ilə məşğul ola QHT-lərin Forumu (FANGOM), Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, İnsan Alverinə Qarşı QHT Koalisiyası, “Sağlamlığa çağırış” İctimai Alyansı, Zərərin Azaldılması Koalisiyası, Mədən Sənayesində Şəffaflığın Artırılması Azərbaycan QHT Koalisiyası, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı, “Vətəndaş Cəmiyyətinə Dəstək” Koalisiyası (VCDK) və s. bu kimi milli koalisiyalar, Qafqaz Ətraf Mühit QHT-lərinin Şəbəkəsi (CENN), Qafqaz Qaçqın və Məcburi Köçkün QHT Şəbəkəsi (CRINGO), Vətəndaş Nəzarəti Şəbəkəsi (VNŞ), “Sülh və tərəqqi naminə dialoqKonsorsiumu, Korrupsiya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi və s., regional QHT birlikləri yarandı və mühüm inkişaf yolu keçdilər.

 

1997-2003-cü illərdə BMT ilə Azərbaycan hökumətinin birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi” proqramı mühüm töhfələri ilə QHT-dövlət münasibətlərinin peşəkar əsaslarda qurulmasına və qanunvericiliyin təkmilləşməsinə töhfə oldu (“lawreform.az”). Bu layihə çərçivəsində aparılan sistemli nəticəsində 2000-ci ildə QHT-lər Haqqında yeni qanun qəbul olundu, 7 regional və Bakı QHT Resurs və Təlim Mərkəzi (QRTM) yaradıldı. Yüzlərlə QHT nümayəndəsinə “QHT idarəçiliyi” mövzusunda təlimlər keçirildi və ən nəhayət, ölkənin milli QHT platforması olan Milli QHT Forumu (MQF) yaradıldı.

 

Azərbaycanda milli donor institutunun yaradılması istiqamətində hökumət, QHT və ekspertlərin səyləri artırıldı. Bu istiqamətdə xarici ölkələrin təcrübəsi öyrənildi, mümkün versiyalar hazırlandı.

 

Mübaliğəsiz demək olar ki, bu gün ölkədə peşəkar ictimai xidmətlər təklif edən yerli, regional, ümumazərbaycan və beynəlxalq QHT-lərin çoxminlik ordusu yaranıb. Hansı ki, bu ordu ölkədə dövlət və özəl sektorla münasibətdə III sektor kimi ayaqda durur. Bu dövrdə QHT-lər ölkədə həyata keçirilən mühüm layihələrə (Bakı-Tbilisi-Ceyhan boru xətti layihəsi, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramında iştiraks.) töhfələri ilə onlar cəmiyyətin vazkeçilməz mühüm ünsürü olduqlarını bir daha ortaya qoyublar.

 

27 iyul 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında QHT-lərə dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etməklə, dövlətin bu sahəyə nə qədər önəm verdiyini göstərdi. Dövlətin QHT siyasəti dövlət başçısının neft strategiyasının davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinin mühüm tərkib hissəsidir. Belə ki, hökumət geniş mənada vətəndaş cəmiyyətini inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə iqtisadi faydalılığı olmayan, sosial-mənəvi dəyəri isə ölçülə bilinməyəcək qədər əhəmiyyətli dəstək xətləri müəyyən etdi. Bunlar QHT-lərə Dövlət Dəstəyi Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Elmin İnkişafı Fondu kimi humanitar inkişaf təşəbbüsləridir.

 

Hesabatlılıq, şəffaflıq bu gün hər bir QHT-nin vacib prinsiplərindən olmalıdır. Necə ki, QHT-lərə Dövlət Dəstəyi Şurası məhz bu prinsiplə fəaliyyət göstərir.

Ötən il Şura QHT-lərin 556 layihəsinin maliyyələşdirilməsinə 5369535 manat vəsait ayırıb. Bu layihələrin icrasına 2018 nəfər işçi cəlb olunub. 45 televiziya verilişi, 29 sosial çarx, 25 film çəkilib, 23 sayt yaradılıb. Maliyyələşən layihələr üzrə ölkənin 54 şəhər və rayonlarında müxtəlif tədbirlər həyata keçirilib. QHT Şurasının sədri, deputat Azay Quliyev rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinə dair bu ilin yanvarında verdiyi hesabatda bildirib ki, Şuranın həyatındakı mühüm hadisələrdən biri kimi qurumun üzvlüyünə ixtisaslaşmış 8 QHT qrupunda keçirilən seçkilərdə iştirak edən 43 namizəddən 24-ü qalib olub.

 

Quliyev 2016-cı ildə QHT sektorunun üzləşdiyi problemlərin həlli istiqamətində Şuranın yaratdığı institusional mexanizmlərin effektiv fəaliyyət göstərdiyini deyib. Onun bildirdiyinə görə, 2015-ci ildən Şura yanında HüquqMonitorinq Komissiyası fəaliyyət göstərir. Ötən il sentyabrın 9-da Şuranın təşkilatçılığı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunduğunu xatırladan A.Quliyev bildirib ki, ilk dəfə olaraq bu Platformada hakimiyyətin hər üç qolunun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri təmsil olunur (“qht.az”). “QHT-hökumət tərəfdaşlığının inkişafı istiqamətində atılan bu mühüm addımlar nəticəsində indiyədək 9 QHT-nin bank hesablarından həbs götürülüb, 8 QHT-yə qarşı tətbiq olunmuş vergi sanksiyaları ləğv edilib, 1 QHT haqqında başlanmış cinayət işi dayandırlıb, 33 QHT-nin xarici donor hesabına maliyyələşən 32-dən çox qrant müqaviləsi qeydə alınıb, qeydiyyatı yubanan 15 QHT-nin dövlət qeydiyyatı problemi həll edilib. Bu müsbət tendensiya hazırda da davam etməkdədir”.

 

Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurundabir pəncərə” prinsipinin tətbiqi haqqında cənab prezident İlham Əliyevin 21 oktyabr 2016-cı ildə imzaladığı fərmanında bu sahə üçün mühüm əhəmiyyət kəsb edən bir sıra ciddi və əhəmiyyətli dəyişikliklər əksini tapıb. Şura sədri deyib ki, bu dəyişikliklərdə hökumət-QHT dialoqunun ən effektiv modeli olan “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın səyləri nəticəsində verilmiş təkliflərin bir çoxu nəzərə alınıb. Şura Katibliyi ilə QHT-lər arasında təmasın minimuma endirilməsi üçün təsviri və maliyyə hesabatlarının razılaşdırılmasının və qəbulunun tam şəkildə elektron qaydada aparılmasına da başlanılıb. Eyni zamanda, qrant layihələri ilə bağlı QHT-lər arasında şəbəkələşmənin və sövdələşmələrin aşkarlanması üçünciddi araşdırmalar aparılır.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2016-cı ildə QHT-lərə dövlət dəstəyinin istiqamətlərinə uyğun olaraq görülən işlər, Şuranın həyata keçirdiyi tədbir və müsabiqələr, dövlət proqramlarının icrası çərçivəsində həyata keçirilən işlər, layihələrin idarə olunması və monitorinqlərin təşkili, beynəlxalq əlaqələr, çap məhsulları, elektron resurslar, monitorinqlər zamanı aşkarlanan problemlər və onların həlli istiqamətində atılmış addımlar, layihələr üzrə ən yaxşı nümunələr və yeni hədəflər barədə geniş məruzə ilə çıxış edib. Fərasət Qurbanov Şura Katibliyinin icra olunan layihələrin 326-sını yaxşı, 80-ni əla, 75-ni kafi, 12-sini isə qeyri-kafi qiymətləndirdiyini deyib.

 

Qeyd edək ki, dövlət büdcəsindən 2017-ci ildə Şuraya ayrılan vəsait ötən ilə nisbətən 1600000 manat azalıb. Bu, Qeyri Hökumət Təşkilatlarının maliyyələşdirilməsində hansısa problemlər yarada bilərmi? Bunun qaçılmaz olduğunu deyən Şura sədri QHT-ləri daha innovativ və səmərli fəaliyyətə çağırır. Quliyev ümid edir ki, 2017-ci il qeyri-hökumət təşkilatları üçün daha rahat və rəvan keçəcək. “Ötən il hökumət tərəfindən QHT-lərin qaldırdıqları bir neçə məsələ ilə əlaqədar müsbət addımlar atıldı. Xüsusilə də xarici qrantlarla bağlı qeydiyyat proseduru sadələşdirildi, “vahid pəncərə” sistemi tətbiqi edildi.

 

Bütövlükdə xarici donorlarla bağlı hüquqi rejimin nəzərəçarpacaq dərəcədə sadələşdirilməsi onu deməyə əsas verir ki, bu il xarici donorların Azərbaycanda fəaliyyəti genişlənəcək” deyən QHT Şurasının sədri “report.aza müsahibəsində dövlətin hər zaman xarici donorların Azərbaycandakı fəalliyətinin şəffaf və hesabatlı olmasında maraqlı olduğunu vurğulayıb. Dediyinə görə, əsas tələb o olub ki, maliyyələşən layihələr, sərf edilən vəsaitlər açıq və şəffaf şəkildə həyata keçirilsin, hər hansı gizli məqsədlərə xərclənməsin, hesabatlılıq olsun, Azərbaycanın milli maraqlarını təhdid edə biləcək hərəkətlər olmasın. “Dünyada istənilən ölkə daxildəki ictimai-siyasi sabitliyi qorumaq üçün tələb olunan tədbirləri həyata keçirir. Azərbaycanın da milli təhlükəsizliyinin təminatı baxımından müəyyən addımlar atması heç kimi narahat etməməlidir”.

 

Digər tərəfdən, A.Quliyev bundan sonra xarici donorların fəaliyyətində təkrarlanmanın azalacağına və hökumətlə xarici donorlar arasında effektiv koordinasiyanın təmin olunacağına ümid edir. Onun sözlərinə görə, xarici donorlar dövlətin atdığı son müsbət addımlar əsasında ölkəmizdə fəaliyyətlərini tam şəkildə təşkil edə bilərlər. “Digər tərəfdən, Azərbaycanda donorluq fəaliyyəti ilə məşğul olmaq istəyən qurumlara bundan əlavə təklif olunub ki, əgər onlar hüquqi prosedurları keçmək istəmirlərsə, istənilən qeyri-hökumət təşkilatına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vasitəsilə də dəstək verə və onların layihəsini maliyyələşdirə bilərlər. Yəni, şura özünün bank hesabını onların istifadəsinə verir, donor təşkilat vəsaiti şuranın hesabına köçürür, sonra şura həmin vəsaiti donorun müəyyən etdiyi resipientə köçürür”.

 

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti xarici donorların şəffaf və aşkar fəaliyyətində maraqlıdır və bunun üçün bütün imkanlardan istifadə etməyə hazırdır.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-18-27 mart.-S.11.