Hacıbaba Əliyev haqqında xatirələrim

 

Tofiq Bakıxanov məşhur musiqiçidən yazdı

 

Hacıbaba haqqında danışmaq mənim üçün asandır. Birinci ona görə ki, o, bizimlə yaxın qohum idi. Onun əmisi bibimin həyat yoldaşı idi. Adı da Cəbrayıl idi.

 

Cəbrayıl Əliyev “Kasparda işlədiyi dövrdə, yəni, 1925-ci ildən 1937-ci ilədək “Kasparda polkovnik rütbəsini daşıyırdı. Ondan başqa, həm də siyasi şöbənin rəisi idi. 1937-ci ildə repressiyanın qurbanı olan Cəbrayıl Əliyev və onun rəisi H.Rəhmanov başda olmaqla “Kaspar”ın tərkibində olan işçiləri həbs edildi. Demək olar ki, əksəriyyət güllələndi. O birilər isə Sibirdə həlak oldular. Onlardan heç biri vətənə qayıtmadı. Xruşşovun hakimiyyəti dövründə Cəbrayıl Əliyev bəraət aldı...

 

Hacıbaba gənclik illərində bizim evə tez-tez gələrdi. Atam -respublikanın xalq aritsti, əməkdar incəsənət xadimi, əməkdar müəllim Əhməd xan Bakıxanov Bakı Musiqi Texnikumunda tar sinfi üzrə müəllim vəzifəsində işləyirdi. Onun üçün də yaxın qohumlar atamdan məsləhət almağa evimizə gəlirdilər. O vaxtlarda da Hacıbaba kamança aləti üzrə Musiqi Texnikumunda təhsil alırdı. Onun ilk kamança muəllimi Qılman Salahov olmuşdur (sonralar 1938-ci ildən Filarmoniyada Mahnı və Rəqs Ansamblının bədii rəhbəri idi. O, respublikanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü). Hacıbabanın atamın yanına gəlməkdə məqsədi o idi ki, az işlənən muğamları öyrənsin. O, ümumiyyətlə, çox istedadlı musiqiçi olduğu üçün 1932-ci ildə Səid Rüstəmov və böyük bəstəkar Üzeyir bəy Hacıbəyov tərəfindən ilk notlu xalq çalğı alətləri orkestrində iştirak etməyə dəvət olunmuşdu. Həmin orkestrin tərkibində tanınmış musiqiçilərdən Hacı Xanməmmədov, Ağabacı Rzayeva (sonralar respublikanın görkəmli bəstəkarları olmuşlar), tarzən Əliağa Quliyev (sonralar respublikanın xalq artisti), Ruqiyyə Məmmədbəyli, kamançaçalan Cavahir Həsənova və başqaları var idi. Üzeyir bəy şəxsən özü orkestrə başçılıq edirdi. Bundan məlumdur ki, orkestrdə iştirak edənlər gözəl, istedadlı musiqiçilər idi.

1938-ci ildə Moskvada Azərbaycan İncəsənət və Ədəbiyyat Ongünlüyü keçiriləndə həmin notlu orkestriştirak etmişdi. Orkestrin bədii rəhbəri və baş dirijoru bəstəkar Səid Rüstəmov təyin edilmişdi. Xalq Çalğı Alətləri Orkestri Bakıdan Moskvaya getmiş, Akademik OperaBalet Teatrı, Dram Teatrı, Mahnı və Rəqs Ansamblı və başqa kollektivlər, solistlər böyük uğurla çıxış edərək Azərbaycanı SSRİ-nin başqa respublikaları üçün nümunə etmişdilər. Bu uğurlarda gənc kamançaçalan Hacıbabanın da payı var idi. Sonralar Hacıbaba tanınmış musiqiçi olaraq Bakı Musiqi Texnikumunda müəllimlik etməyə dəvət olundu. Yaxşı yadımdadır. Mən 1938-ci ildə konservatoriyanın nəzdində onillik musiqi məktəbinə daxil olanda musiqi-not ədəbiyyatı çətin tapılırdı. Hacıbaba mənə köməklik edərək çətinliklə notları tapıb özü gözəl xətti ilə köçürərdi. Vaxt elə gətirdi ki, Hacıbaba Mədəniyyət Nazirliyinin özfəaliyyət dərnəklərinə başçılıq edən Ağasəlim Manaflı ilə birgə Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” və “Məşədi İbadoperettamusiqili komediyasını tamaşa üçün hazırlamağa başladı. Yadımda qalan budur ki, özfəaliyyətdən müğənni Gülağa Məmmədov və başqalarını tamaşada iştirak etməyə cəlb edirdilər. Tamaşanı müşayiət edən musiqiçilər arasında, özü yaxşı pianoda ifa etdiyi üçün iştirak edirdi, ansamblın tərkibində bu sətirlərin müəllifi, qardaşım Məmmədrza, Akif Bakıxanov, Azər Əliyev, Mayis Əliyev və başqaları var idi. Tamaşalar böyük uğurlar qazanaraq rəğbətlə qarşılanırdı. Dənizçilərin Mədəniyyət Evində, 26 Bakı Komissarları Sarayında, Əbilov Klubunda və Bakının müxtəlif məktəblərində nümayiş olunurdu. Tamaşadan sonra musiqiçilərə qonorar da verilirdi. Bunlara Hacıbaba başçılıq edirdi. Hacıbaba tək musiqiçi deyil, həm də ictimai xadim kimi işlərlə də məşğul olurdu. Respublikada xor dərnəklərinin açılması, məktəblərdə xor dərnəklərinin yaradılması onun təşəbbüsü idi. İş belə gətirdi ki, biz konservatoriyada təhsil aldığımız dövrdə Hacıbaba Əliyev və onun yaxın dostu Rəşid Əfəndiyev xor dirijorluğu fakültəsində təhsil alırdılar. Onların bəxtindən konservatoriyanın rektoru Qara Qarayev RusiyadanPribaltika respublikalarından görkəmli professorları dərs deməyə dəvət etmişdi.

Rəhmətlik Hacıbaba danışırdı ki, 4-cü kursda fortepianodan imtahan günü proqramı hazır olmadığına görə fakültənin dekanı, professor Q.Şaroyevlə görüşüb, nə isə demək istəyir. Professor ondan hansı əsəri ifa edəcəyini soruşanda, Hacıbaba özünü itirirlapdan deyir ki, Üzeyir bəy Hacıbəyovun “Koroğlu” operasından üvertüranı. Professor deyir ki, “bu əsəri fortepianoda çalmaq çox çətindir. Çal görək”. Doğrudan da, Hacıbaba üvertüranı yaxşı çalırdı. Əsəri çalıb qurtaran kimi professor ona əla qiymət yazır və deyir ki, daha başqa əsər çalmağa ehtiyac yoxdur...

Konservatoriyanı müvəffəqiyyətlə bitirən Hacıbaba Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının xor bölməsinə rəhbərlik etmək üçün təyinat alır. Hacıbaba uzun illər Cahangir Cahangirovun və rəqs quruluşçusu Əlibaba Abdullayevin rəhbərlik etdiyi mahnı və rəqs ansamblında ömrünün axırına qədər işlədi. O, ansamblın müşayiətilə onlarla Azərbaycan xalq mahnılarını işləmişdi. İfa olunan mahnılar da tamaşçılar tərəfindən rəğbətlə qarşılanırdı.

Hacıbaba müəllimin başçılıq etdiyi xorda vaxtilə SSRİ xalq artisti Zeynəb Xanlarova, İslam Rzayev, Lütfiyar İmanov, Firəngiz Əhmədova və s. tanınmış müğənnilər çıxmışdır. Hacıbaba kimi musiqiçini heç vaxt unutmaq olmaz. O, hər zaman qəlbimizdə yaşayır, yaşayacaq.

Bundan başqa, onun davamçılarından mərhum qardaşı Ağasi Əliyev 30 ilə yaxın Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında orkestrdə viola aləti üzrə konsertmeyster olub, qardaşı oğlu, istedadlı bəstəkar Samir Əliyev hal-hazırda Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Hacıbabanın əmisi oğlu Azər Əliyev də professional zərb alətləri mütəxəssisi olmuşdur. Hətta 1951-ci ildə Berlində keçirilən beynəlxalq festivalda böyük uğurla çıxış etdiyinə görə Beynəlxalq Müsabiqə Laureatı adına layiq görülmüşduür. O, Bakıda pionerlər evində zərb alətləri üzrə ansambl, orkestr yaradılmasının banisi olmuşdur. Hal-hazırda dünya şöhrəti qazanmış nağara kollektivi Azərbaycanı təmsil edən kollektivlərdən biridir. O, kollektivin rəhbəri də Azər Əliyevin yetirməsidir.

Mərhum Azər Əliyev Azərbaycanda ilkNağara məktəbi” dərsliyinin müəllifi olmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dərsliyi nəşr olunmuşdur.

Mənə elə gəlir ki, Hacıbaba Əliyevin gördüyü işlər onun yetirmələri tərəfindən davam etdirilirdavam edəcəkdir. Allah onun ruhunu şad etsin və qəni-qəni rəhmət eləsin.

 

Tofiq BAKIXANOV

 

Respublikanın xalq artisti, əməkdar incəsənət xadimi,

Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, professor, bəstəkar

 

Ekspress.-2017.-18-27 mart.-S.13.