Ailənin cəmiyyətdə
oynadığı rol
Vətəndaş
cəmiyyətində insanlar müxtəlif sosial qruplar yaratmaq
imkanına sahib olur. İnsanların təsis etdiyi sosial
qruplardan ən önəmlisi ailədir.
Ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biri sayılır. Ailə yaxın qohumların birlikdə yaşadıqları sosial qrupdur. Lakin buna adi qrup kimi baxmaq da doğru deyil. O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir. Bu baxımdan da ailə cəmiyyətin mühüm təsisatlarından biri sayılır. Ailə hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır.
Nikah isə ailənin hüquqi əsasıdır. Nikah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir.
Ailənin cəmiyyətdə oynadığı mühüm rollardan biri onun şəxsiyyətin, xüsusilə də uşaqların şəxsiyyətinin formalaşması ilə bağlıdır. Şəxsiyyət amili vətəndaş cəmiyyətində diqqət yetirilən əsas amillərdəndir. O cəmiyyət kamil vətəndaş cəmiyyəti sayılır ki, orada azad şəxsiyyət yetişir və inkişaf edir.
Təcrübə göstərir ki, şəxsiyyətin formalaşmasında ailə münasibətləri, onu əhatə edən insanların ona qayğısı müsbət rol oynayır. Şəxsiyyətin inkişafına, xüsusilə kiçik və məktəb yaşlı uşaqlara ailə mühiti güclü təsir göstərir. Ailə onların maraq və tələbatlarının həyata keçməsi üçün əlverişli şərait yaradır. Şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin də əsası ailədə qoyulur.
Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin rəyinə əsasən, gənc nəslin tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoci kollektiv, ən vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə sıx bağlıdır. Bu mənada ailə cəmiyyətin insani dəyərlərin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən əsas elementidir. Ölkənin inkişafı haqqında fikir söyləmək üçün cəmiyyətdə ailənin vəziyyətinə və dövlətin ailəyə münasibətinə nəzər salmaq lazımdır. Ailənin əmin-amanlığı ölkənin tərəqqi və inkişaf meyarıdır.
Mərkəz hesab edir ki, gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə inkişaf edir: “İctimaiyyət özü bir ailədir, yəni ailənin böyüdülmüş formasıdır. Deməli, ailəsini sevənlər cəmiyyətini də, vətənini də, xalqını da sevir. Ailəni də məktəb kimi qəbul etmək vacibdir, çünki burada uşaqlar ailə və cəmiyyət qarşısındakı vəzifələrini öyrənirlər. Bir çox ailələrdə uşaqları ilə məktəb proqramının bütün fənləri üzrə məşğul olmaq iqtidarında ola bilən yaxın qohumlar var. Ata və ananın öz uşaqlarının müəllimləri olması təbii haldır. Ailə təhsili valideynlərlə uşaqlar arasındakı əlaqəni möhkəmlədir, get-gedə sayı artan boşanma hallarının qarşısını alır”.
Mərkəzin rəyinə görə, ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıca-mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünütəsdiqin vacib amilidir. Hər adamın öz həyat məkanı vardır - bu, digər insanlarla qohum, dost, qonşularla olan münasibətlərdir. Onlardan ən yaxınları ilə münasibət artıq bu müstəvidə formalaşır. Ev və ailə insanların yaşadıqları yerlərdir, yalnız burada onlar özünü yaxşı hiss edir. Ailə şübhəsiz müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyətli artmaqda olan ümumbəşəri dəyər mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır.
Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur. İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi, şəxsiyyətin formalaşması ailədə reallaşır. Ailənin özünəməxsus funksiyaları vardır. Ailənin funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Bu baxımdan ailənin reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici və s. funksiyalari mövcuddur. Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. Çünki ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin müxtəlif tələbatı ilə yanaşı cəmiyyətin bir sıra mühümtələbatını əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. Ailənin funksiyaları məhz buradan irəli gəlir və ictimai-tarixi xarakter daşıyır. Ailənin reproduktiv funksiyası onun həyatının mühüm bir sahəsini uşaqların dünyaya gəlməsini, onların sayını əhatə edir. Uşaqların dünyaya gəlməsi, onların sayı ilk baxışda sadə görünsə də, əslində bunlar ailənin həyat tərzinin, onun formalaşdırdığı cəmiyyətin ümumi vəziyyətinin mühüm göstəricisidir. Ailənin digər funksiyası iqtisadi funksiyadır. Ailə ayrılıqda ev təsərrüfatını formalaşdırır. Bu funksiya ailənin mövcud olması üçün maddi şəraitin təmin edilməsi, ailə üzvlərinin maddi və bir çox başqa tələbatlarının ödənilməsi, ev təsərrüfatı ilə məşğul olmaq, ailə büdcəsinin qaydaya salınması, ailənin idarə olunması, ailə üzvlərinin sağlam və gümrah olmalarına qarşılıqlı köməyin göstərilməsin kimi əsas cəhətləri özündə birləşdirir. Ailənin tərbiyəvi funksiyası olduqca mühümdür. Ailədə həm yaşlılar, həm də uşaqlar tərbiyə olunurlar. Ailənin gənc nəslin tərbiyəsinə təsiri xüsusilə böyük rola malikdir. Ailə hər bir insan üçün sağlamlaşdırıcı, psixoterapevtik mühitdir. Ailənin bərpaedici funksiyası bu cəhəti nəzərə alır. Qeyd edək ki, ailənin çoxtərəfli sosial təsisat olması səbəbindən onun inkişafı cəmiyyətin inkişafına böyük töhvə verir. O, özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini təcəssüm etdirir. Ailənin funksiyalarını əsas və ikinci dərəcəlilərə bölmək olmaz, onların hamısı əsasdır, lakin ailəni digər təsisatlardan fərqləndirən funksiyaları seçmək zərurəti ailənin spesifik və qeyri-spesifik funksiyalarını ayırmağa imkan verir. Ailənin özünəməxsus funksiyaları onun mahiyyətindən irəli gəlir və onun xüsusiyyətlərini əks etdirir, qeyri-spesifik funksiyalar isə müəyyən tarixi şəraitdə ailənin onları həyata keçirməyə məcbur olduğu, yaxuduyğunlaşdığı funksiyalardır. Ailənin doğum (reproduktiv funksiya), uşaqların himayəsi, onların tərbiyəsi (sosiallaşdırma funksiyası) kimi spesifik funksiyaları cəmiyyətin bütün inkişaf mərhələrində qalır, hərçənd tarixin gedişində ailə və cəmiyyət arasındakı əlaqənin xarakteri dəyişikliklərə uğraya bilər. İnsan cəmiyyəti daim əhali artımına ehtiyac duyduğundan, uşaqların doğumu və sosiallaşdırılmasının təşkilinin sosial forması kimi ailəyə sosial tələbat həmişə var. Bu həm də elə özünəməxsus formadadır ki, buzaman həmin funksiyaların həyata keçirilməsi ailəvi həyat tərzindən asılı olmayaraq baş verir. Ailə və uşaqlara şəxsi tələbat, nikah və ailəyə dair şəxsi arzu və meyl çox mühüm şərtdir. Bu o deməkdir ki, ailə və cəmiyyətin mövcudluğu yalnız milyonlarla insanın ailəvi həyat tərzi və uşaqlara tələbatı ilə şərtlənir, həm də yalnız bu səbəbdən əhalinin artımı baş verir.
Ailənin cəmiyyətdə oynadığı mühüm rol nəzərə alınaraq Azərbaycanda da ailə institunun inkişafına böyük önəm verilir. Təsadüfi deyil ki, 2006-cı ildən ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə ilə bərabər ailə siyasətini tənzimləmək üçün qanunvericilik sistemi də inkişaf etdirilib. Komitənin məlumatına əsasən, hazırda dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur. Ölkədə Ailə Məcəlləsi, “Ailə kəndli təsərrüfatı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Uşaq hüquqları haqqında”, “Sosial müavinətlər haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” və digər Qanunları qəbul edilib. Ailə və Cinayət Məcəllələrində dəyişikliklər və əlavələr edilib. Ailə Məcəlləsində nikah yaşının qızlar üçün 18-ə qaldırılıb. Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağaməcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. Ailə institutunun möhkəmliyi, həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafına gətirib çıxarır. Bu gün Azərbaycanda 2,2 milyon ailə var. Hər il ölkədə təxminən 80 min nikah qurulur. Bir sıra dövlət proqramlarında, o cümlədən, “Regionların sosial-iqtisadi inkişafı” və “Yoxsulluğun azaldılması və davamlı inkişaf”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə” və s. proqramlarda maddi vəziyyəti aşağı olan ailələrin, xüsusilə çoxuşaqlı, aztəminatlı və Ermənisatnın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün düşən ailələrin sosial müdafiəsi sahəsində ölkəmizdə sistemli şəkildə işlər görülür. Hazırda ölkədə ünvanlı sosial yardım alan əlil ailələrin sayı 25 mindən çoxdur, aztəminatlı ailələrin sayı isə təxminən 135 mindir. Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir.
Ölkəmizdə ailə münasibətlərini
tənzimləyən əsas sənəd Ailə Məcəlləsidir.
Məcəllə ailə münasibətlərinin
yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin
prinsiplərini, ailə münasibətlərinin
iştirakçılarının hüquq
və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə
vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyat qaydalarını tənzimləyən
normaları müəyyən edir. Ailə
Məcəlləsində bildirilir ki, Azərbaycanda ailə dövlətin himayəsindədir.
Analıq, atalıq, uşaqlıq qanunla
mühafizə edilir. Ailə
qanunvericiliyi ailənin möhkəmləndirilməsi
zəruriyyətindən, ailə münasibətlərinin
qarşılıqlı məhəbbət və hörmət
hissləri əsasında qurulmasından, ailənin işinə
hər kəsin qarışmasının yolverilməzliyindən,
ailə üzvlərinin ailə qarşısında
qarşılıqlı yardım və məsuliyyətindən,
onların hüquqlarının maneəsiz həyata
keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə
müdafiəsi imkanlarından irəli gəlir.
Vasif CƏFƏROV
Ekspress.-2017.-28 mart.-S.10.