Vətəndaş cəmiyyətində
qanunların xalqın iradəsi ilə qəbul olunması
Ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi nəticəsində, ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. Hazırda Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yerə sahibdir.
1990-cı illərin əvvəllərində xalqımız milli dövlətçiliyini bərpa etsə də, bir çox mənəvi sarsıntılara məruz qalaraq, faciəli günlər yaşayıb. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz müharibə fəlakətindən xilas olub, ölkədə ictimai-siyasi sabitlik təmin edilib.
Ekspertlərin fikrincə, müstəqillikdən sonra qısa bir zaman kəsiyində vətəndaş cəmiyyəti institutları reallaşa bilməzdi. Bunun üçün məhz ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər sistemi qurulmalı, beynəlxalq təcrübə öyrənilməli və bir sıra digər vacib mərhələlər keçilməli idi. Bu da vətəndaş cəmiyyətinin birbaşa hüquqi dövlətin yaranması və inkişafı ilə bağlı olması ilə əlaqədardır.
Qeyd edək ki, 1995-ci ildə hazırlanmış ilk milli Konstitusiyamiz demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu.
O da qeyd olunur ki, vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən bir cəmiyyət olduğu üçün bu cəmiyyətin mərkəzində birbaşa vətəndaş dayanır (“sherg.az”).
Fəlsəfə üzrə elmlər doktoru Tahirə Allahyarova qeyd edir ki, hazırda Azərbaycan suveren dövlətçilik yolunun əsrə bərabər olan bir mərhələsinin yekunu və yeni inkişaf fazasının astanasındadır: “Qarşıda Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü təmin etmək, güclü dövlət quruculuğunu daha da möhkəmləndirmək kimi ümummilli layihənin yerinə yetirilməsi durur. Onun reallaşdırılması üçün xalqımız bütün zəruri resurslara malikdir. Bu resurs yalnız qət edilən mərhələnin tarixi təcrübəsi deyil, həm də bütün dünyada dövlətçiliyin siyasi-hüquqi sisteminin təkmilləşdirilməsinın zəruri şərti olan, gələcəyə hesablanmış strateji islahatlardır. Referendum Aktı məhz ölkədə həyata keçirilən islahatların ifadəsidir.
Konstitusiya dövlətlərin qanunvericilik sistemlərinin əsasıdır. Referendumlara gəldikdə isə qeyd edə bilərik ki, onların keçirilməsi dünyada demokratiya sözünün olmadığı, demək olar ki, dövlətlərin yarandığı ilk vaxtlardan tətbiq edilmişdir. Bəşəriyyətin tarixi həm də ideal dövlət idarəçiliyinin - fərdi və ümumdövlət maraqlarının ən düzgün ahəngini təmin edən inkişaf modelinin axtarışı kimi təsvir edilə bilər. Siyasi-hüquqi sistemlərin tarixdə rast gəlinən, təkamülə uğrayan, yaxud da inqilablar vasitəsilə devrilən müxtəlif formalarının bir-birini əvəzləməsi də bu prosesin tərkib hissəsi olmuşdur. Sübut etməyə ehtiyac yoxdur ki, cəmiyyətin və dövlət idarəçiliyinin təkmilləşdirilməsinin ən məqbul yolu təkamül və islahatların önəm verildiyi referendum institutunun formalaşması olmuşdur. Konstitusionalizmin və referendum institutunun fəlsəfəsi, qısa şəkildə ifadə edilsə, məhz bundan ibarətdir”.
T.Allahyarovanın dediyinə görə, birbaşa səsvermə yolu ilə qanunların qəbul edilməsi üsulu hələ Qədim Romadan başlanğıcını götürmüşdür: “Qədim Romada patrisiy və plebeylərin sinfi mübarizəsi gedişində yaranan plebisit onun ilk formalarından hesab edilir. Plebisit - latınca “plebiscitum” = plebs “sadə xalq (camaat)” + scitum keçirilmiş “ümumxalq səsverməsinin qərarı, qətnaməsi” mənasını verir. Plebisitin rəsmi keçirilmə proseduru referendumdan fərqlənmir. Bu baxımdan, məsələn, Fransada bu anlayışlar sinonim kimi istifadə edilir. Əvvəllər yalnız sadə xalq plebisitin nəticələrinə riayət etməyə məcburi idisə, sonradan vətəndaşların iradəsi hətta ən yüksək rütbəli məmurlar üçün də qanuni-məcburi olmuşdur. Qədim Romada onun keçirilmə qaydaları hələ bizim eradan əvvəl (449-cu ildə) təsdiq edilmişdir. Nisbətən müasir anlamda keçirilən referendumun vətəni İsveçrə hesab edilir. XV əsrdə İsveçrənin Bern kantonunda (1449-cu ildə adambaşına düşən verginin tətbiqi ilə bağlı) keçirilmiş referendum müasir analoji aktların sələfi sayılır. Tarixdə ölkənin Əsas Qanunun daha sürətli, hər il yenilənməsi nümunələri də mövcud olmuşdur. Belə ki, inqilabçı Fransada XVIII-XIX əsrlərdə konstitusiya üsuli-idarəsi demək olar ki, hər il dəyişmişdir”.
Yeri gəlmişkən, referendumun tarixi təkamül dinamikası onu göstərir ki, onun tətbiqi son əsrlərdə, xüsusən də Birinci Dünya müharibəsindən sonra görünməmiş səviyyədə yüksələn xətt üzrə inkişaf edir.
Allahyarovanın fikrincə, referendumların keçirilməsi dünyada konstitusiyaların yaranması və islahatlar prosesi ilə sıx əlaqəlidir. Bu proseslərin öz növbəsində üç məlum səbəbi qeyd edilir:
1) milli-azadlıq inqilabı
2) köklü sosial transformasiyalar
3) müharibə amili (qələbə, yaxud məğlubiyyət).
“Dövlətin konsitusionalizm siyasətinin klassik mahiyyət formulu da ümumən “dəyərlər-hədəflər-vasitələr-nəticə” zənciri kimi məlumdur. Azərbaycanın Əsas Qanununa tətbiq edildikdə bu formulun təzahürünün, yəni ərazi bütövlüyünün müstəqil dövlətçiliyin ən ali dəyəri, ardıcıl və qüdrətli inkişafın başlıca hədəfi, buna nail olmağın yolunun bütün sahələrdə islahatların aparılması, nəticələrin isə güclü dövlət, firavan cəmiyyət olmasını görmək olar. Hər bir ölkədə keçirilən referendum özlüyündə unikal hadisə kimi konkret dövlətin siyasəti, maraqları, çoxşaxəli daxili və xarici, siyasi və geosiyasi amilləri ilə bağlıdır. Referendum institutu onu tətbiq edən hər bir dövlətin cizgilərini daşıyır, özünəməxsus modelini yaradır. Tarixdə yalnız inkişafa deyil, iflas və tənəzzülə gətirən referendum modelləri də çoxdur. 1935-1938-ci illərdə Almaniyada bu ölkənin Millətlər Liqasından çıxması üçün keçirilən referendumlar da mövcud olmuşdur. Ən yeni nümunə kimi son illər Avropanı silkələyən referendumlar dalğasını, bir çox tədqqatçıların “referendum zəlzələsi” adlandırdığı - Ukraynanın Avropa İttifaqına üzvlüyünə “yox” deməsi ilə yadda qalan, Hollandiya və Almaniyada keçirilən, eləcə də İngiltərənin Avropa İttifaqından çıxmasını müzakirə edərək, bu məkanda ziddiyyətli proseslərə təkan verən “Brexiti” və s. misal çəkmək olar”.
Fəlsəfə doktoru bldirir ki, dünya təcrübəsində mütləq olaraq unifikasiya edilmiş milli siyasi-hüquqi sistemlərin olması absurd fikirdir. Bu da o deməkdir ki, hər bir ölkə özünəməxsus tarixi-siyasi inkişaf qanunauyğunluqlarına, strateji prioritetlərin fərqli sırasına malikdir. Buna görə referendumlarda təqlidçilik axtarılması yolverilməzdir: “Qanunverici islahatların müasirliklə səsləşən keyfiyyəti, hədəfə alınan yeni məqsədlər, həmçinin siyasi sistemin təkmilləşməsində varisliyi təmin edən ardıcıllığı əsas şərtdir. Sübut etməyə ehtiyac yoxdur ki, inkişaf gedişində radikal şəkildə dəyişən cəmiyyət və dünya, dövrün tələbləri, nəticə olaraq formalaşan yeni siyasi-hüquqi reallıq bəzi hallarda konstitusiyanın mahiyyətinə və mətninə zidd olan hüquqi kolliziyaların da ortaya çıxmasını şərtləndirir” (“stj.sam.az”).
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi: “Ona görə də demokratik hüquqi dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamız dünyada nadir qanun toplusundan biridir. Burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub. İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığı, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları lazımi şəkildə öz əksini tapıb”.
Milli Məclis sədrinin müavini Bahar Muradovanın fikrincə, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan modeli formalaşıb: “Biz bu modelin üstün cəhətlərindən istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın yollarını axtarmalıyıq.
Hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti ilə əlaqələndirilir” deyən Muradovanın bildirdiyinə görə, Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir (“anl.az”). Vitse-spiker deyir ki, müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. “Sirr deyil ki, müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi. Bütün bunlar kifayət qədər uğurlu nəticələrdir”.
Rəşid
RƏŞAD
Ekspress.-2017.-29 mart.-S.10.