Vətəndaş cəmiyyətinin
inkişafı
hüquqi dövlət quruculuğunun
əsas istiqamətidir
Vətəndaş cəmiyyətinin dəstəklənməsi, inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Cəmiyyətin əsas hədəf və vəzifələrindən biri də məhz bunu dəstəkləməkdir.
Vətəndaş cəmiyyəti dedikdə hər hansı bir cəmiyyətin formalaşmasında, fəaliyyətində vətəndaşların fəal rol oynadığı, öz imkanlarını gerçəkləşdirə bildiyi cəmiyyət başa düşülür. Belə cəmiyyətdə sərbəst, azad insanlar könüllülük əsasında yaranmış birliklər, assosiasiyalar - müxtəlif tipli ictimai təşkilatlar dövlətin birbaşa müdaxiləsi olmadan, cəmiyyətin tələblərinə, qayğılarına uyğun olaraq fəaliyyət göstərirlər.
Danılmaz faktdır ki, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz mövcudluqları ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verirlər.
Bu gün Azərbaycanda ümumilikdə 3000-dən çox QHT dövlət qeydiyyatından keçib. Qeydiyyata alınmayan, amma bununla belə III sektorda öz fəaliyyəti ilə seçilən müxtəlif sahələr üzrə ixtisaslaşmış yüzlərlə QHT də mövcuddur. Ölkədəki mövcud QHT-lərin sayını nəzərə alsaq, orta hesabla hər 3000 vətəndaşa təxminən bir QHT düşdüyünü qeyd etmək olar. Kəmiyyət prizmasından yanaşsaq, bu, Azərbaycan kimi müstəqillik yoluna təzə qədəm qoymuş ölkələr üçün heç də pis göstərici deyil.
Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üçün Azərbaycan hökumətinin atdığı addımlar göz qabağındadır. Yerli və xarici QHT-lərə qrantların ayrılması və informasiya dəstəyinin verilməsi məqsədilə Azərbaycan hökuməti 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasını təsis edib və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi Konsepsiyası təsdiq edilib. Dövlət orqanları nəzdində yaradılmış ictimai nəzarət şuralarını, QHT və hökumət təmsilçilərindən formalaşan şəbəkələri və işçi qruplarını da hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığına nümunə göstərmək olar. Digər tərəfdən, ötən müddət ərzində Milli Məclis QHT-lərin fəaliyyəti ilə bağlı bir sıra qanunlar qəbul edib. Hansı ki, bütün bu qanunlar QHT-lərin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılmasına xidmət edir, onların inkişafına təkan verir.
Qanunla QHT-lərin öz fəaliyyət istiqamətləri çərçivəsində fəaliyyətinə müstəqillik verilir. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. Qanunda qeyd olunur ki, qeyri-hökumət təşkilatının hüquqları bütün dövlət orqanları tərəfindən qorunur (“transparensy.az”). Qanunda eyni zamanda göstərilir ki, dövlət orqanları qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edə bilərlər.
Mürəkkəb daxili struktura malik olan vətəndaş cəmiyyətində dövlətə xas olan şaquli iyerarxik əlaqələrin əvəzində üfüqi əlaqələr mütləq çoxluq təşkil edir. Üfüqi əlaqələr də öz növbəsində cəmiyyətin mövcudluğunun təmininə xidmət edən münasibətlərə əsaslanır ki, bunlar da ilk olaraq, iqtisadi münasibətlərdir. Bundan başqa, sosial, mədəni, mənəvi və əlbəttə ki, ictimai-siyasi münasibətləri də qeyd etmək yerinə düşər. Bu gün ölkəmizdə qeyd edilən bütün bu münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərirlər. Bununla da vətəndaşlar bu kimi təşkilatlar yaradaraq və ya fəaliyyət göstərənlərə qoşularaq öz maraqları və azadlıqlarını təmin etməyə çalışırlar. Bu isə artıq Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdığını, onun inkişaf prosesinin getdiyinin göstəricisidir.
QHT-lər eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrinin təşkilində, siyasi debatların aparılmasında əvəzsiz rol oynayır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin “Ekspress”ə dediyinə görə, vətəndaş cəmiyyətinin funksiyalarından biri maarifləndirmə tədbirlərinin görülməsidir. QHT sədri bildirir ki, maarifləndirmə işlərinin tərkib hissəsi kimi QHT-lər müxtəlif bukletlər, bülletenlər, nəşrlər buraxırlar. Bütün bunlar QHT-lərin vətəndaş cəmiyyətinin nüvəsini təşkil etməsinin göstəricisidir.
Onun dediyinə görə, idarəetmənin bütün mərhələsində QHT-lərin məhsullarından istifadə olunur. Belə ki, siyasi partiyalar öz platformalarında, bəyanatlarında, müraciətlərində ictimai təşkilatların qaldırdığı problemləri qabardırlar. Mətbuat öz səhifələrində ictimai təşkilatların araşdırmalarına istinad edir, problemin kəskinliyini və onun aradan qaldırılma yollarını işıqlandırırlar. Dövlət qurumları öz fəaliyyətlərində çatışmazlıqları müəyyən edirlər.
“Beynəlxalq təşkilatlar isə ölkədə mövcud olan siyasi və iqtisadi proseslər barədə alternativ informasiya mənbəyinə malik olurlar. Əhali və onların ayrı-ayrı təbəqələri QHT-lərin təşkil etdikləri maarifləndirmə və təbliğat tədbirlərindən yararlanaraq öz biliklərini artırırlar”.
Göründüyü kimi, QHT-lər bir tərəfdən vətəndaş cəmiyyətinin beyin mərkəzi rolunda çıxış edir, digər tərəfdən dövlət qurumlarının qərarlarının cəmiyyətə təsirini müayinə edir.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasının məhz müstəqilliyimizin bərpasından sonra mümkün olduğunu deyib. Onun bildirdiyinə görə, müstəqilliyin ilk illərində bu sahədə mövcud olan xeyli çətinliklər və problemlər illərlə davam edib:
“Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə vətəndaş cəmiyyətinin formalaşmasında ciddi irəliləyişlər əldə olundu. Böyük dövlət adamı olan Heydər Əliyev yaxşı bilirdi ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün hüquqi-normativ bazanı formalaşdırmaq və vətəndaş cəmiyyətini inkişaf etdirmək hüquqi və demokratik dövlət quruculuğu prosesinin ayrılmaz hissəsidir və məhz bu istiqamətdə düzgün siyasət sivil dövlət qurmaq yolunda olduqca önəmlidir” deyən Orucova görə, Azərbaycan dövlət başçısının bu istiqamətdə düzgün siyasəti ölkədə vətəndaş cəmiyyəti quruculuğunu xeyli sürətləndirib, müxtəlif profilli təşkilatlar yaranmağa başlayıb, müvafiq qanunvericilik bazası yaradılıb və növbəti illərdə zənginləşib. Bütün bunlar müstəqil Azərbaycanın dövlət siyasətində vətəndaş cəmiyyətinin əhəmiyyətini və önəmini bir daha göstərir.
Hər bir sahədə olduğu kimi, III sektorda da islahatlara ehtiyac duyulduğunu deyən İ.Orucovun bildirdiyinə görə, həm beynəlxalq təcrübənin mənimsənilməsi, həm də ölkəmizin milli maraqlarının təmin edilməsi baxımından qanunvericilik yenilənir və beləliklə də ölkədəki bütün proseslərdə vətəndaş cəmiyyəti strukturlarının daha aktiv iştirakının təmin edilməsinə mühit yaradılır (“palitranews.az”). QHT rəhbəri prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafının yeni bir mərhələyə qədəm qoyduğunu vurğulayır.
“Xüsusilə qeyri-hökumət təşkilatlarının ideya və təşəbbüslərinin dəstəklənməsi istiqamətində dövlətin birbaşa dəstəyinin təmin edilməsi məqsədilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması böyük bir addım idi. Bu institutun yaradılması ölkədə vətəndaş cəmiyyətinin inkişafında dövlətin marağını bir daha ortaya qoydu. Yarandığı dövrdən başlayaraq fəaliyyətində şəffaflıq və obyektivliyi başlıca amal seçmış Dövlət Dəstəyi Şurası ölkə başçımızın inamını döğrultmaqla yeni mərhələdə QHT sektorunun cəmiyyətin bütün sahələrinə nüfuz etməsinə güclü təkan verə bildi”.
Qeyd olunan məqamlar müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf səviyyəsini bir daha xarakterizə edir. Eyni zamanda, bu, bir daha onu deməyə imkan verir ki, vətəndaş cəmiyyətinin inkişafına dəstəyin Azərbaycan modeli formalaşıb: dövlət həm donor olaraq vətəndaş cəmiyyəti subyektlərini dövlət quruculuğu prosesinə cəlb edir, həm dövlət büdcəsi hesabına cəmiyyətin inkişafına yönələn müxtəlif və çoxşaxəli layihələrini maliyyələşdirir, həm də mütəmadi olaraq hüquqi müstəvidə islahatlar həyata keçirir.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətinin çox əhəmiyyətli rol oynadığı qənaətindədir. Onun sözlərinə görə, hüquqi dövlət qanunun aliliyini, insan hüquq və azadlıqlarını, hər kəsin qanun və məhkəmələr qarşısında bərabərliyini təmin edir. “Hüquqi dövlətin effektiv fəaliyyət göstərməsi onun bərabərhüquqlu tərəfdaşının olması ilə şərtlənir. Belə tərəfdaş kimi isə vətəndaş cəmiyyəti çıxış edir”.
Vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə dövlətin daha səmərəli fəaliyyət göstərməsinə yardım göstərir, eyni zamanda dövlət maraqları ilə cəmiyyətin və vətəndaşların maraqlarını uzlaşdırır. Beləliklə, cəmiyyətin harmonik inkişafına zəmin yaradır. Vətəndaş cəmiyyəti dövlətin ictimai maraqlara xidmət etməsini təmin etməklə, demokratik idarəçilik prinsipləri, siyasi plüralizm, iqtisadi azadlıqların qorunmasının keşiyində durur. “Vətəndaş cəmiyyəti institutları cəmiyyətdəki proseslərin idarə olunması, yeni çağırışlara adekvat cavab verilməsi məsələlərində dövlətin məsuliyyətini bölüşür və cəmiyyətlə dövlətin əks-əlaqəsini təmin edir. Vətəndaş cəmiyyəti dövlətin maraqları üçün vətəndaş təşəbbüslərini səfərbər edir. Vətəndaş cəmiyyəti qanunçuluq prinsipinin dövlətin bütün fəaliyyətində hakim olması üçün çalışır, bununla bərabər, vətəndaşların da qanunlara riayət ruhunda tərbiyə olunması üçün fəaliyyət göstərir. Bu isə şübhəsiz ki, hüquqi dövlət quruculuğunun əsas prinsipidir”.
Nuriyev “Ekspress”ə deyib ki, vətəndaş cəmiyyəti institutları bütün mümkün vasitələrlə ictimiyyətlə əlaqələrini genişləndirməli, daha açıq olmalı, öz fəaliyyətində şəffaflıq prinsiplərinə son dərəcə həssaslıqla yanaşmalıdırlar. III sektor nümayəndələri özləri, missiyaları, dəyərləri, fəaliyyətləri haqqında daha çox danışmalı, müzakirələr açmalı, məlumat verməlidirlər.
Onun sözlərinə görə, kök salmış bəzi neqativ steriotiplərin dəyişilməsi üçün vətəndaş cəmiyyəti institutlarının özləri təşəbbüskar olmalı və ümumilikdə III sektorun inkişafı ilə bağlı məsuliyyətlərini dərk etməlidirlər.
Ümumiyyətlə, cəmiyyəti QHT-lərsiz təsəvvür etmək olmaz. QHT-lər bir növ dövlət üzərində arbitr rolunu oynayır, Azərbaycan hakimiyyəti də QHT-lərin cəmiyyət üçün vacibliyini nəzərə alaraq, onların inkişafı üçün hər bir şərait yaradır.
Murad MƏMMƏDLİ
Ekspress.-2017.-30 mart.-S.10.