Hüquqi dövlətin əldiyyə
siyasəti
Hüquqi dövlətin ədliyyə sahəsində siyasətinin həyata keçirilməsində və bu sahənin tənzimlənməsində mərkəzi icra hakimiyyəti orqanı kimi Ədliyyə Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Hüquq-mühafizə orqanı statusu daşıyan Ədliyyə Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq mühüm xidmətləri həyata keçirir.
Məhz bu xidmətlər sayəsində məhkəmə hakimiyyətinin qərarları kağız üzərində qalmır, qanunçuluq təmin edilir. Buna görə də Ədliyyə Nazirliyinin işinin keyfiyyəti hüquqi dövlətin, vətəndaş cəmiyyətinin bərqərar olmasında önəmli rol oynayır.
Qanunvericiliyə əsasən, Ədliyyə Nazirliyi ilk növbədə hüquq-mühafizə fəaliyyətini həyata keçirir. Nazirlik qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasının təşkili, notariat fəaliyyətinin təşkili də Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətinə aid olan işlərdəndir.
Ümumilikdə hüquqi və fiziki şəxslərin reyestri ilə bağlı bütün tədbirləri bu nazirlik həyata keçirir. O cümlədən, qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, habelə təhsil müəssisələrinin dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, habelə təhsil müəssisələrinin dövlət reyestrini aparır. Bunlardan başqa sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini, Azərbaycan əhalisinin dövlət reyestrini Ədliyyə Nazirliyi aparır.
Ədliyyə Nazirliyi məhkəmə sisteminin işləkliyini də təmin edir. Əgər nazirlik bu istiqamətdə üzərinə düşən fəaliyyəti lazımı səviyyədə icra etməsə o halda məhkəmə sisteminin işləkliyi aşağı səviyyədə olacaq. Qanunvericiliyə əsasən, nazirlik qanunvericiliyə uyğun şəkildə müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir, məhkəmə qərarlarının icrasını təmin edir.
Bundan başqa, nazirlik qanunvericiliklə müəyyən edilən hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır, hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır, məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir, hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir. İllk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini, hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir, hüquqi maarifləndirmə işini həyata keçirir.
Məhkəmə qərarları ilə azadlıqdan məhrum olunan, cinayət törətmiş şəxslərin cəzanın təşkili, onların islah edilməsi tədbirləri də Ədliyyə Nazirliyinə həvalə edilib. Qeyd edək ki, hüquqi dövlətin əsas əlamətlərindən biri burada qanunların aliliyinin təmin edilməsidir. Qanunların aliliyi iki şəkildə təmin edilir: şüurlu və məcburi. Əgər qanunları pozan, cinayət əməli törədən insanlar islah edilməsə, qanunlara əməl etmək mədəniyyətinə sahib olmasa o halda hüquqi dövlətin nüfuzu itmiş olar. Qanunu pozan insanların islah edilməsində, onların düz yola gətirilməsində penitensiar müəssisələrin fəaliyyəti böyük önəm kəsb edir. Bu cür mühüm müəssisələrin təşkil edilməsi və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi də Ədliyyə Nazirliyinə həvalə edilib.
Qeyd edilənlərlə bərabər Ədliyyə Nazirliyi Azərbaycanın beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan dövlətinin götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir.
Mühüm səlahiyyətlərə malik olan nazirlik bütün hüquqi dövlətlərdə olduğu kimi Azərbaycanda da fəaliyyət göstərir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaradılan ilk mərkəzi icra orqanlarından biri Ədliyyə Nazirliyi olub. Müstəqil Azərbaycanın Ədliyyə Nazirliyi 1918-1920-ci illərdə təsis edilən dövlət qurumunun varsidir.
Nazirliyin məlumatına əsasən, müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb.
Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilib, binalar qaydaya salınıb, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilib.
Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, ADR-in yaranmasından ilyarımın keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb.
Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 27-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib, onun yerində Xalq Ədliyyə Komissarlığı yaradılıb, komissarlığın səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.
1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilib.
1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilib, onun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilib, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunub və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.
Nazirlik bildirir ki, sovet dövründə ifrat mərkəzləşdirilmiş hakimiyyətə alüdəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranıb.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.
Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edildi. Bununla bağlı Prezident Heydər Əliyev 11 noyabr 2000-ci ildə Sərəncam imzaladı.
Yenidən müstəqilliyini bərpa edən Ədliyyə Nazirliyinin yeni əsasnaməsi isə 2006-cı ilin 18 aprelində qəbul edilib.
Vasif CƏFƏROV
Ekspress.-2017.-31 mart.-S.10.