Dövlətçiliyimizin memarı

Heydər Əliyevin dövlət quruculuğunda rolu

 

Müasir Azərbaycan dövlətinin qurulması, ölkəmizin dünya ölkələrində özünə layiq yer tutmasında ictimai-siyasi xadim Heydər Əliyevin rolu əvəzsizdir. Ulu öndərin “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” fikirləri hazırda da xalq tərəfindən xatırlanır.

 

Hər sahədə olduğu kimi milli iqtisadiyyatımızın formalaşması da Heydər Əliyevin adı ilə bağlıdır. Gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə edən ulu öndər “Bir prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir” deyirdi. Əslində bu siyasi xətt - fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan missiyanın əsas qayəsi idi.

 

Ekspertlər qeyd edirlər ki, məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verilib. Hətta bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycanın tarixində böyük dönüş yaratdı. O da qeyd olunur ki, ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olundu.

 

Yeri gəlmişkən, ölkəmizin zəngin təbii iqlim potensialından məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə geniş istifadə edilib. Məsələn, ötən əsrin 60-cı illərinədək Azərbaycan iqtisadiyyatının ənənəvi sahəsi olan kənd təsərrüfatı böhran vəziyyətində olmaqla, ölkəmiz əsas göstəricilər üzrə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Belə ki, kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağı idi, aqrar məsələlərin həllində elmi nailiyyətlərdən çox zəif istifadə edilirdi, bu sahədə demək olar ki, yüksək ixtisaslı kadrlar hazırlanmırdı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikasına çevrildi (“economy.az”).

 

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edir ki, Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox fərman və sərəncam imzalanıb, 30-a yaxın dövlət proqramı təsdiq edilib: “Azərbaycanın ozamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu”.

 

Ş.Mustafayev onu da qeyd edir ki, Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı: Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin müdrik, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya və digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdurmüasir Azərbaycanın qurucusu bu sahədə də çox mühüm işlərə imza atıb”.

 

Ümumiyyətlə, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu.

 

İqtisadiyyat nazirinin dediyi kimi, bu məqsədlə TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGEYT Proqramının həyata keçirilməsinə başlanıldı: “Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxozkolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğuuğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu” (“economy.gov.az”).

 

Onu da qeyd edək ki, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ümumiyyətlə, həyatın bütün sahələrində köklü, hüquqi islahatların aparılması və ən önəmlisi ədliyyə orqanlarının fəaliyyətinin inkişafının təmin edilməsi ulu öndərin adı ilə bağlıdır. Müasir məhkəmə və ədliyyə sisteminin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Hazırda ölkəmizin dünya ölkələrində müstəqil, hüquqidemokratik dövlət kimi tanınması, vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafıə olunması bilavasitə ulu öndərin göstərdiyi xidmətlərin nəticəsidir. Siyasi liderin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbuludur. Onun sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya yaradılması, hazırlanan Konstitusiya layihəsinin Azərbaycan xalqının müzakirəsinə verilməsi və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilərək 27 noyabr 1995-ci il tarixdən qüvvəyə minməsi müstəqil ölkəmiz üçün önəmli addımlardan biri idi. Bundan başqa, Azərbaycan Konstitusiyasında dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilib. Konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Hüquq mühafizə orqanlarının fəaliyyətini daha da yaxşılaşdırmaq, bu sahədə dövlət idarəçiliyini təkmilləşdirmək məqsədi ilə “Cinayətkarlığa qarşı mübarizə və hüquq qaydalarının daha da möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli sərəncamın imzalanması da mühüm addım hesab olunurdu. Azərbaycandakı inkişaf prosesini sürətləndirmək məqsədilə ulu öndər 21 fevral 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradılması barədə qərar qəbul edir. Bu Komissiyanın hazırladığı Avropa standartlarına uyğun Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, eləcə də “Notariat haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin seçkiləri haqqında” və digər qanunların qəbul edilməsi ilə milli qanunvericilik sistemi tamamilə dəyişdi. Bütün bunlarla yanaşı ölkəmizdə hüquqi islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarının da həyata keçirilməsinə start verildi. Üçpilləli məhkəmə sisteminin yaradılması və hakimlərin test üsulu ilə seçiminə başlanıldı ki, bu da “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və digər qanunların qəbulu baxımından böyük mühüm əhəmiyyət daşıyır.

Bütün bunlarla yanaşı, 1998-ci ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycanda ölüm cəzasının ləğv edilməsi Heydər Əliyevin humanist ideyalara sahib olduğunu bir daha sübut etdi (“ekspress.az”).

 

İqtisadçıların fikrincə, Azərbaycanda iqtisadi islahatlarinkişaf modelinin səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlardır. Bu baxımdan da bu model üzrə həyata keçirilən siyasət az bir vaxtda ölkə iqtisadiyyatında əsaslı dəyişiklikləri baş verməsinə səbəb olub. Belə ki,  inflyasiya cilovlanmış (1996-cı ildən başlayaraq 2003-cü ilə qədər Azərbaycanda inflyasiyanın səviyyəsi 2-3%-dən yuxarı qalxmamış), Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olub. Bundan başqa 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil edib. 2005-2006-cı illərdə isə real iqtisadi artım tempi 26,4 və 34,5% təşkil edib.

 

O da qeyd olunur ki, 1995-ci ildən etibarən ölkədə aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil edib. Bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Ulu öndərin sözləri ilə desək, ölkədə demək olar ki, keçid dövrü başa çatıb, müstəqil siyasiiqtisadi əsasları olan Azərbaycan Dövləti qurulub. (“azerbaijan.az”).

 

Rəşid RƏŞAD

 

Ekspress.-2017.-9-10 may.-S.10.