“Mən problemli adamam”
Kulis.az Akademik Milli Dram
Teatrının keçmiş direktoru, teatrşünas alim,
professor İsrafil İsrafilovla müsahibəni təqdim edir.
- İsrafil müəllim,
necəsiz, nə var, nə yox?
- Allah
var, şəriki yox.
- Bir ildən
artıqdır görünmürsünüz...
- Harada? Televiziyada?
- Yox, elə
tədbirlərdə, necə deyərlər, el arasında.
- Dəvət
olunduğum yerlərə, konfranslara, tamaşalara getmişəm.
Amma daha çox xarici ölkələrdə
olmuşam.
- Hansı ölkələrdə?
- Rusiyada,
Qazaxıstanda, Türkiyədə, Serbiyada və s. ölkələrdə
keçirilən konqreslərdə, konfranslarda, festivallarda
iştirak etmişəm.
- Oralardan biz necə
görünürük?
-
Çox gözəl. Ölkəmiz də, şəhərlərimiz
də, insanlarımız da çox gözəldir.
Amma...
- Amma nə?
- Bir qədər
dəyişmək lazımdır. Düşüncəmizi,
baxışlarımızı, mənəvi dəyərlərə
münasibətimizi saflaşdırmaq, vətənimizi qüdrətli
və firavan etmək üçün daha çox
çalışmaq lazımdır.
- Ötən bu bir ildə nə
edirdiniz?
-
Yaşayırdım.
- Bəs
konkret...
- İki kitab yazdım. Artıq çapdan
çıxıb. Ölkəmizdə və
xaricdə iyirmidən artıq məqalə dərc etdirdim.
Hazırda iki kitab üzərində işi
bitirmək üzrəyəm.
- Adları gizli deyil ki?
- Əlbəttə, yox. Hələlik şərti
olaraq biri “Milli klassika və rejissura”, digəri “Şekspir Azərbaycan
səhnəsində” adlanır.
-
Çox maraqlıdır.
- Mənə də
elə gəlir. “Milli klassika və rejissorluq” kitabında Mehdi
Məmmədovun “Xəyyam”, “İblis”, “Dəli
yığıncağı”, Tofiq Kazımovun “Pəri Cadu”,
“Aydın”, Cənnət Səlimovanın “Şeyx Sənan”, Azər
Paşa Nemətovun “Danabaş kəndinin məktəbi”, Vaqif
İbrahimoğlunun “Lənkəran xanının vəziri” və
digər tamaşaların nümunəsində klassik repertuar və
rejissura əməkdaşlığının müxtəlif
aspektləri nəzərdən keçiriləcək.
- Bəs Şekspirin pyeslərinin səhnəmizdəki
taleyi məsələsi necə həll ediləcək?
- Vaxtilə
rəhmətlik T.Yusifbəyli həmin mövzuda (rus dilində)
Şekspirin pyeslərinin Azərbaycan teatrındakı təcəssümlərini
əhatə edən bir kitab yazıb. Və bu
kitab ötən əsrin 60-cı illəri tarixi ilə bitir.
Halbuki sonrakı illərdə Şekspirin
neçə-neçə pyesləri səhnəmizdə
tamaşaya qoyulub və onlardan bəziləri Azərbaycan
teatrında ilk dəfə yaşam vəsiqəsi qazanıb.
- Dediyiniz
kitabda hansı tamaşalar əsasında araşdırma
işi nəzərdə tutulur?
- Əslində, həmin kitabda geniş, akademik araşdırmadan
daha çox faktoloji konstatasiyanın başlıca yer
alması nəzərdə tutulur. Amma yeri gəldikcə,
problemlərə elmi-nəzəri müstəvidə
baxılacağı da istisna deyil.
- Məsələn, hansı
tamaşalardan bəhs ediləcək?
- Məsələn,
Tofiq Kazımovun “Fırtına”, Mərahim Fərzəlibəyovun
“Maqbet”, Bəhram Osmanovun “Kral Lir”, Azər Paşa Nemətovun
“Hamlet” və “Afinalı Timon”, Vaqif
İbrahimoğlunun “Otello”, Cənnət Səlimovanın
“Romeo və Cülyetta” və s. tamaşaların səhnə
təcəssümü məsələləri əhatə
ediləcək.
- Yaxşı, başqa işlər
necədir?
-
Başqa işlər deyəndə ki, rəhmətlik Abbas
Zamanov demişkən, şikayət etməyə əsasım
yoxdur. Allaha şükür sağlamam, boz maye fəaliyyətindədir,
əlim qələm tutur, mütaliəm yerindədir. Xüsusən, son aylar çox dəyərli kitablar
oxumuşam. O qədər maraqlı və gərəkli
layihələrim var ki...
- Məsələn...
- Məsələn,
Hacı Zeynalabdin Tağıyev haqqında çoxseriyalı
filmin ssenarisini yazmaq təklifi almışam.
- Neçə seriya?
- Təxminən
110 seriya olmalıdır. Həmin dövrün
siyasi-tarixi, ictimai-mədəni həyatının zənginliyi
heyrətamizdir. Və o dövrdə
xalqımızın yetişdirdiyi siyasi, ictimai xadimlərin,
ziyalıların obrazları, fəaliyyətləri və
düşüncələri böyük miqyas tələb
edir. Həmin dövrün mürəkkəb
və keşməkeşli tarixi əsl mənada salnamədir.
- Filmin rejissoru kim
olacaq?
- Bu barədə
geniş danışmaq çox tezdir. Təkcə
onu deyə bilərəm ki, Türkiyənin məşhur
rejissorlarındandır.
- Yeri gəlmişkən,
bir ara söz gəzdi ki, siz Türkiyədə
işləməyə dəvət almısınız və
ora gedəcəksiniz.
- Hə,
təəssüf ki, belə şeylər çox zaman
jurnalistlərin gərəyi olur. Amma dediyiniz
şayiə deyil, həqiqətdir. Mən
çalışmaq üçün Türkiyədən və
Qazaxıstandan konkret təkliflər almışam.
- Deməli...
-
Müqavilə 2018-ci ildən nəzərdə tutulur, amma mən
hələ qəti sözümü deməmişəm.
- Yəni necə?
- Mən
problemli adamam. Füzulisayağı desəm, “mən
istərəm bəlanı, çün istər bəla məni.”
Mürəkkəb olanı sadələşdirmək
əvəzinə, sadəni mürəkkəbləşdirməyi
sevirəm. Məsələn, hər
hansı oyunda, şahmat olsun, yaxud nərd, bir də
görürsən, uğur vəd edən gedişi yox, məni
aşkar çətinliyə salanı edirəm.
- Axı
bu, məntiqə sığmır.
-
Əzizim, həyatda o qədər məntiqə
sığmayan məsələlər var ki... Məsələn,
Quranı oxumayıb, ondan xəbərsiz olanın Qurana and
içməyi hansı məntiqə sığır? Mənim etdiyimin məntiqə uyğun olub-olmadığına
gəlincə, bu kimin üçünsə elədir.
Amma mən hər
dəfə özümü çətinə salıb, həmin
vəziyyətdən çıxmaqdan ifadə edə bilməyəcəyim
həzz alıram.
- Mazoxizm?
- Yox. Psixoloji ekstrim.
-
İnciməyin, amma son iş yerinizdə də deyəsən, bu prinsiplə
hərəkət etdiniz.
- Müəyyən
dərəcədə. Amma orada məsələ
bir qədər başqa cür idi.
- Başqa cür? Nə
cür?
- Bu, sadə
olmayan, izah və təhlil tələb edən geniş spektrli
məsələdir.
- Müxtəsər demək olar?
- Olar. Mənim
evdə atamın, orta və ali məktəbdə
müəllimlərimin təlqin etdikləri dəyərlər
əsasında formalaşan əqidəm var. Mədəniyyət
və Turizm Nazirliyinin mənimlə bağladığı 5
illik müqavilə əsasında mənə həvalə
edilən işi ardıcıl səylə və vicdanla yerinə
yetirdim. Nə səhhətimi, nə də maddi
marağımı düşünmədim, ailəmə
ayırmalı olduğum vaxtımı da teatrın işinə
sərf etdim. Azad yaradıcılıq təşəbbüsünü
anlayış olaraq, M.Ə.Rəsulzadənin təbirincə
desək, insanlara “dadızdırdım.”
- Bəs nə oldu?
-
Müqavilədə göstərilən 5 il
müddəti bitdi.
- Vəssalam?
- Vəssalam.
- O
cür ciddiyyətlə başladığınız işi
belə asanlıqla yarıda qoydunuz?
- Məşhur
mahnıda deyildiyi kimi: “Görüşdük nə çətin,
ayrıldıq nə asan...”
- Mən
ciddi soruşuram.
- Ciddi
soruşursunuz? Ustadım Tofiq Kazımov
“Ucundadır dilimin həqiqətin böyüyü”
misrasını tez-tez bədahətən söyləyər,
sonra “rəhmətlik yaxşı deyib”, – deyərdi. Həqiqətən, rəhmətlik yaxşı
deyib. Deməli, ciddi soruşursunuz, hə?
Olsun. Obrazlı desək, bir
xəstəni sağaltmağa səy göstərirdim. Bir müddətdən sonra başa düşdüm
ki, o, xəstə olduğunu ciddi qəbul etmir və
sağalmaq istəmir, onun üçün ən münasib
olan elə xəstəhal vəziyyətdə olmasıdır.
Ən betəri isə bu idi ki, onun “valideynləri”
və “yaxınları” da bu xəstənin sağalıb
ayağa qalxmasında bir o qədər maraqlı
görünmürdülər. Mövcud vəziyyət
məndən başqa bütün tərəfləri qane
edirdi. Mənim etdiklərim
ağrılı idi. Amma kosmetologiyada
deyildiyi kimi, ağrısız gözəlliyə nail olmaq
mümkün deyil. Mənim dərmanlarım
acı, tələblərim sərt idi və günlərin
birində biz sadəcə bir-birimizdən bezdik.
- Nəticə kimin xeyrinədir?
- Burada
xeyir ifadəsi yerində deyil. Sadəcə, mən öz
ixtisasımda, tədqiqat və pedaqoji işimdə davam edirəm, xəstə də
əvvəlki halında qalıb.
- Deməli, yaşayır?
- Buna
yaşamaq deyilməz ki... Sadəcə nəfəs
alır. Amma bu uzun müddət davam etməyəcək,
ağırlaşma qaçılmazdır. Çünki primitivizmin perspektivi yoxdur. Bilmirəm, fikrimi deyə bildim?
- Mən
bilən, hə. Deməli, Piter Brukun dediyi kimi,
“cansız teatr” vəziyyəti, eləmi?
- Tamamilə
doğrudur. Şübhə edən varsa,
buyursun, identifikasiya həqiqəti üzə çıxarar.
Bugünkü Azərbaycan teatrı ötən əsrin
60-cı illərindəki teatrın estetik nüfuz və
yaradıcılıq səviyyəsindən qat-qat
aşağıdır.
- Elə isə nə etməli?
- Köhnə
rus sualı verirsiniz. İndiki vəziyyətdə iki yol var.
Ya vaxt itirmədən milli teatrın sabahı naminə ən
ciddi operativ tədbirlər həyata keçirmək, ya da
oturub can üstə olanın son nəfəsini gözləmək
lazımdır. Amma yuxarıda qeyd etdiyim kimi,
birinci yol qarşısında inzibati, psixoloji,
yaradıcılıq xassəli ciddi əngəllər
mövcuddur.
- Bəs, üçüncü yol
necə, yoxdur?
- Var. Dili
(mənim heç bacarmadığım iş) dinc qoymaq,
başını aşağı salıb, teatr sənətinin
mövcud vəziyyətinə münasibət bildirməmək,
harda qırıldı-qırıldı ovqatına əhəmiyyət
verməmək...
- Lap
Protasovsayağı alındı.
- Lev
Tolstoy öz zəmanəsində müdriklərin müdriki
olub. Onun kəlamlarından birinə görə,
ömür Allahın insana verdiyi mükafatdır və onu
Allaha layiq yaşamaq lazımdır. Bax belə.
Mənə gəlincə heç bir modifikasiya nəticəyə
təsir etməyə, entropik təzahürləri əngəlləməyə
qadir olmadığı üçün Əliağa Vahid
demişkən, “dövrümüzün həzrəti Musası” olsaydım belə,
mövcud vəziyyətdə “möcüzə icad etmək”
mümkün deyildi.
- Qəribə
işdir.
- Yox, burada
qəribə heç nə yoxdur. Kimsə kimsənin
kitabını oxumadığı, rəhmətlik Məmməd
Araz demişkən “iti bazarında atından baha” olan bizim zəmanədə
bu, adi reallıqdır.
- Bəs vicdan?
- Vicdan? Çox şairanə səslənir. Biz deyəsən, əsas mövzudan uzaq
düşdük. Demək istədiyim odur
ki, mənim əqidəmə uyğun fəaliyyət göstərmək
üçün prefentiv imkanların olmadığını
nəzərə almamışdım, əslində bunun elə
bir mənası da yox idi.
- Yəni?
- Yəni
yaranmış pat vəziyyətini nəzərə
alsaydım belə bu, nəyi dəyişəcəkdi?
- Bu fikirdən
pessimizm havası gəlir...
- Yox, mən
deməzdim. Halbuki pessimist keçmiş
optimistdir.
- Doğrudanmı heç nəyi dəyişmək
mümkün deyil?
- Bax,
sizin sualınızdan da dramatizm havası gəldi. Bunu dramatikləşdirməyin. Hər
şey yaxşıdır, hətta gözəldir. Nə
gözlənilirdisə, o da baş verdi. Tamaşalar hazırlanır, tamaşaçılar təşkil
edilir, yaradıcılıq ovqatı imitasiyası
yaradılır. Premyeralar oynanılır.
Alqışlar, gül-çiçək,
qarşılıqlı təbriklər var. Daha nə
lazımdır? Teatr yerində sayır,
yaxud irəli gedir, bunun nə əhəmiyyəti var? Əsas bu deyil.
- Bəs nədir?
-
Baxın, əsas budur ki, qurdlar tox, qoyunlar salamat olsun.
- Yəni...
- Yəni
“Bağdadda sakitlik” əsas məsələdir. Siz
Kufə camaatı barədə nə bilirsiniz?
- Demək
olar ki, heç nə.
- Oxuyun. Çox maraqlı camaatdır, xüsusən,
onların qədim tarixini oxuyun.
- Deyəsən,
siz söhbəti qəsdən başqa səmtə yönəldirsiniz.
- Sizin nə
eşitmək istədiyinizi başa düşürəm. Amma mən bir zamanlar
çalışdığım yer haqqında
danışmağı xoşlamıram. Keçmişdə
ilişib qalmaq olmaz. Bu, maraqlı deyil.
Mən bütün Azərbaycan teatrının
bugünkü vəziyyəti barədə
danışmağı daha səmərəli hesab edirəm.
Özü də qeybət şəklində yox,
problemləri aşkarlamaq və konstruktiv
çıxış yolları üzərində
düşünməyi məqbul sayıram.
- Axı,
məhz sizin çalışdığınız o dövr
maraqlıdır.
- Kimin
üçün?
- İctimaiyyət üçün, teatr sevənlər
üçün.
- Əminsiniz?
- Yüz faiz.
- Sizə inanmamağa əsasım yoxdur. Amma imkan varsa, bunu gələn dəfəyə saxlayaq. Olar?
- Olar. Amma bu şərtlə ki...
- Razıyam. Həqiqəti deyəcəyəm,
yalnız həqiqəti.
Ekspress.-2017.-25 may.-S.9.