Atam təpədən-dırnağa melodiya
ilə dolu idi...
Görkəmli bəstəkar, Xalq
Artisti Emin Sabitoğlu ilə bizi 17 illik zaman məsafəsi
ayırır. Yaşasaydı, bu il ömrünün
80-ci payızı tamam olacaqdı... Amma biz bu yubileyi qeyd edirik.
Özü aramızda olmasa da...
AZƏRTAC-ın
müxbiri Emin Sabitoğlu yaradıcılığına
üz tutub. Qızı, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetini müəllimi,
professor Ceyran Mahmudova ilə birlikdə...
- “Bir axşam
taksidən düşüb payıza...” Onun mahnılarında
payız ovqatı hiss olunur...
- Əlbəttə, payız Emin müəllimin sevdiyi fəsil idi. Payızda doğulub, payızda dünyasını dəyişib. “Gün keçdi” filmində səslənən mahnını yazanda, təbii ki, həmin mahnının bir növ onun həyat leytmotivinə çevriləcəyi özünün də ağlına gəlməzdi. Görünür, təsadüflər zərurətdən, zərurətlər təsadüfdən doğulur. Ancaq doğrudan da payız fəslinin onun yaradıcılığında özünəməxsus yeri var.
- Sizcə, bu
gün onun bəstələrinin yerini dolduran musiqilər
varmı?
- Belə
bir deyim var ki, əvəzolunmaz insan yoxdur, əvəzi olmayan
insan var. Azərbaycan bəstəkarlıq məktəbi dahi
Üzeyir Hacıbəyli ənənələrinə söykənir.
Həmin məktəbin klassik ənənələrindən
bəhrələnən böyük musiqiçilər nəsli
yetişib və musiqi xəzinəmizə qiymətli əsərlər
bəxş ediblər. Bu mənada
müqayisə aparmaq düzgün deyil, çünki çəməndə
hər çiçəyin əz ətri olduğu kimi,
onların da hər birinin öz yeri var. Bir çiçək
digərinin ətrini verə bilərmi? Kimi klassik musiqiyə,
kimi opera, kimi estrada musiqisinə
üstünlük verir. Janrlar və zövqlər
müxtəlifdir. Emin Sabitoğlu bəstəkar
kimi müxtəlif musiqi janrlarında əsərlər
yazıb və hamı da görür ki, həmin əsərlərin
ömrünü zaman müəyyən edib. İndi yeni nəsil həmin janrlara yeni şəraitə
və öz zövqünə, istedad və
bacarığına uyğun şəkildə yanaşır.
Lakin necə yanaşır, necə işləyir,
bunu əlbəttə ki, yenə də zaman göstərəcək.
Məsələn, sovet dövründə çoxlu filmlər
çəkilir və həmin filmlərə musiqilər
yazılırdı. Ona görə də həmin dövrdə
kino musiqisi yazmaq üçün bəstəkarlara daha
geniş imkanlar var idi. İndi çəkilən
filmlərin sayı əvvəlki illərlə müqayisədə
azalıb. İndi zaman da, dövr də,
musiqiyə qoyulan tələblər də dəyişib.
Ümumiyyətlə, ötən əsrin 50-ci
illərdən 80-ci illərin ortalarınadək Azərbaycan
incəsənətinin “qızıl dövrü” hesab etmək
olar. 80-ci illərin axırları 90-cı
illərin əvvəllərində xalqımızın
başına gələn hadisələr Azərbaycan incəsənətinə,
musiqisinə öz təsirini göstərdi. İndi şükürlər olsun ki, bu gün
ölkə rəhbərliyi tərəfindən incəsənətə
yüksək qiymət verilir. Bəlkə
də dünyanın heç bir ölkəsində mədəniyyət
və incəsənət xadimləri bu qədər diqqət
və qayğı ilə əhatə olunmayıblar. Ölkəmizdə incəsənət xadimlərinə
təqaüd verilir, mənzil şəraiti
yaxşılaşdırılır, festivallar keçirilir.
Ona görə də həmin böhranlı
dövrdən sonra bəstəkarlıq ənənələri
yenidən dirçəlməyə başlayıb. Yeni nəsil gənc bəstəkarlar yetişir,
onların arasında Avropa və Amerikada musiqi təhsili alanlar
var. Ümid etmək olar ki, onlar bəstəkarlıq məktəbində
davam edən varislik ənənələrini qoruyub saxlayacaq və
inkişaf etdirəcəklər. Bu gün
kinofilmdən daha çox teleseriala tələbat var. Eynən
kinoda olduğu kimi, musiqinin də bəzi janrları var ki,
onlara tələbat çoxdur. Təəssüf ki, indi
qeyri-peşəkarların sayı da artıb, təhsili
olmayan, ancaq bu sahədə “peyda olan” və özlərini bəstəkar
adlandıranlar var. Bəstəkarlıq bir-iki mahnı qurub-qoşmaqla
olan iş deyil axı? Bunlar, əlbəttə
ki, narahatlıq doğurur.
- Siz özünüz peşəkar
musiqiçi kimi Emin Sabitoğlunun Azərbaycan musiqisində
yerini necə görürsünüz?
- Emin
Sabitoğlu nə az, nə çox, 22
tammetrajlı bədii filmə musiqi yazıb. Elə il olub ki, iki filmə musiqi yazıb. Kino musiqisi sahəsində də çox səmərəli
işləyib, eyni zamanda, teatr tamaşalarına və 9
komediyaya musiqi bəstələyib. Şübhəsiz
ki, kino, musiqili komediya və mahnı janrlarında onun rolu var.
Bunlardan başqa o, musiqinin digər janrlarında da əsərlər
yazıb. Simfoniyası, iki simfonik
süitası, kantatası, romansları və digər əsərləri
var.
- Bu gün də sevilə-sevilə
dinlənilən musiqilərinin, mahnılarının yaranma
prosesi yadınıza gəlirmi?
- Təbii,
bizim bəstəkarlar evində ikiotaqlı mənzilimiz var idi.
Ailədə üçümüz də
musiqiçi idik. Anam musiqi müəllimi
işləyirdi. Lap kiçik
yaşlarımdan ən gözəl musiqiləri dinləmişəm.
Emin Sabitoğlu nadir bəstəkarlardandır
ki, onun mahnılarında melodiya ilə mətn arasında
mütləq bir harmoniya var. Atam sanki təpədən-dırnağa
melodiya ilə dolu idi. Onların eləsi
olub ki, bir yarpağın titrəyişindən, bir quşun
uçmasından, bir anın içində yaranıb. Mahnıları çox rahat bəstələyirdi.
Fikri yalnız musiqi ilə məşğul idi.
Çox vaxt yeni bəstələdiyi musiqinin
notlarını siqaret qutusunun üstünə yazıb, sonra
evdə həmin melodiyaları mahnılara, kino musiqilərinə,
operettalara çevirirdi. Mahnı tam
hazır olandan sonra evdə onu bizim üçün ifa edirdi.
Yazdığı mahnının başqa
hansısa mahnıya oxşaya biləcəyindən
narahatlıq hissi keçirirdi. Həmin illərdə
mahnı yaradıcılığı sahəsində fəaliyyət
göstərən çoxlu istedadlı bəstəkarlar
vardı. Heç kimə bənzəməmək
onun üçün prinsipial məsələ idi. Mənə elə gəlir ki, o, buna nail olub.
Emin Sabitoğlunun mahnıları digər bəstəkarların
mahnılarından öz dəstxəti, üslubu və
koloriti, ən nəhayət, ovqatı ilə fərqlənir. Həmin illərdə
fəaliyyət göstərən Tofiq Quliyev, Cahangir Cahangirov,
Səid Rüstəmovun və digər bəstəkarların
hər birinin öz manerası var idi. Heç
birinin yaradıcılığı biri-birinə bənzəmir.
Tofiq Quliyev atamla çox yaxın dost olublar. Onların
ikisi də 20 yaş fərqi ilə noyabrda doğulub və
eyni ildə vəfat ediblər. Atam evə
tez gələndə Tofiq müəllimgilə gedirdi. Saatlarla söhbət edirdilər. İkisi də mütaliəni çox sevirdi, təzə
oxuduqları kitablar haqqında müzakirələr
aparırdılar.
- Özü də qonşuluqda
yaşamışınız...
- On
altı il bəstəkarların
binasında yaşamışıq. Orda bizimlə eyni binada o
dövrün ən məşhur bəstəkarları
yaşayıblar- Arif Məlikov, Vasif Adıgözəlov, Ramiz
Mustafayev, Oqtay Zülfüqarov, Ağabacı Rzayeva,
Süleyman Ələsgərov, Tofiq Quliyev, Əşrəf
Abbasov, Xəyyam Mirzəzadə, Şəfiqə Axundova...
Onların arasında çox gözəl ab-hava, atmosfer var
idi, bir-biri ilə həm qonşu, həm ailəlikcə dost
idilər. O vaxt mən uşaq olduğuma görə çox
şeyi başa düşmürdüm. Onları
ancaq qonşu kimi tanıyırdım. Böyüyəndən
sonra onların hər birinin necə bənzərsiz istedad və
təkrarsız sənətkar olduqlarını anladım.
Arif Məlikovdan akademiyada dərs almışam,
Oqtay Zülfüqarovla ailəlikcə yaxın idik.
- Atanız kimlərlə dostluq
edirdi?
-
Atamın çevrəsi maraqlı insanlardan ibarət idi.
Yazıçı Anar, Vaqif Səmədoğlu, Araz
Dadaşzadə atamın yaxın dostları olublar. Dostluqla yanaşı, onları həm də
yaradıcılıq ünsiyyəti birləşdirirdi.
Atam Anarın “Şəhərin yay günləri”, “Adamın
adamı” pyesi əsasında səhnələşdirilən
tamaşalarına musiqi yazıb, Vaqif Səmədoğlunun
100-dən artıq şeirinə mahnı bəstələyib.
Həmçinin Vaqif müəllimin də
tamaşaları səhnəyə qoyulanda atam onlara musiqi yazıb.
Onlar ədəbiyyat adamı, atam isə
musiqiçi olduğu üçün söhbətləri
yaxşı tuturdu. Evimizdə həmişə
yeni çıxan bədii əsərlərin müzakirəsi
olurdu. Atam onlardan da başqa bir çox şairlərin -
Əhməd Cavad, Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri,
Bəxtiyar Vahabzadə və Fikrət Qocanın şeirlərinə
də mahnılar bəstələyib.
- Ən nəhayət,
atanız xatirənizdə necə qalıb?
- Mənim
tərbiyəmlə daha çox anam məşğul olub,
çünki atamın iş rejimi qeyri-sabit idi. Vaxtının çox hissəsini işinə sərf
edirdi, Bakı Musiqi Akademiyasında dərs deyirdi, studiyada səsyazmalarda
iştirak edirdi, hər gün kinostudiyalara gedirdi, bəzən
axşamlar məşqləri olurdu. Musiqili
Komediya Teatrında əsərləri qoyulurdu. Təbii ki, belə olanda təhsilimə ciddi nəzarət
edə bilmirdi, lakin sənətə gəlməyimdə həm
atamın, həm də anamın böyük rolu olub.
Musiqi duyumum olduğuna görə Bülbül adına
orta ixtisas musiqi məktəbinə qoyublar və orada təhsil
almışam. Musiqişünas olduğuma
görə təəssüflənmirəm. Nə deyim? Peşman deyiləm...
Atam xoşxasiyyət, yumşaq, eyni zamanda, bir az özünə qapalı insan idi. Ürəyindən keçənləri danışmazdı. Sənətə hədsiz dərəcədə çox bağlı idi. Hansı teatrda təzə tamaşa gedirdisə, harada təzə musiqi səslənirdisə, mütləq tamaşa etməli, qulaq asmalı idi. Təkcə musiqi deyil, mədəniyyət aləmində baş verən yeniliklərlə çox maraqlanır və onunla yaşayırdı. İncəsənət onun həyatı idi.
Atamın vəsiyyətinə əsasən onun
yaradıcılığı haqqında tədqiqat işi
yazmışam, yaxın günlərdə çapdan
çıxacaq. Bu, xatirələr kitabı deyil, atamın əsərlərini
musiqişünas nöqteyi-nəzərindən janrlar üzrə
tədqiq etmişəm...
Gülər
Ekspress 2017.- 14 noyabr.- S.13.