Böyük dirijorun yaradıcılıq gecəsi

 

Filarmoniyada Rauf Abdullayevin 80 illik yubileyi qeyd olundu

 

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış dirijor, “Şərəf” və “İstiqlal” ordenli, Xalq Artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 80 illik yubileyinə həsr edilən yaradıcılıq gecəsi keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarı yubileyibu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “İstiqlalordeni ilə təltif olunması münasibətilə təbrik edərək onun milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb.

 

Bildirilib ki, Azərbaycan musiqisinin inkişafında və dünya miqyasında tanıdılmasında böyük bəstəkarın misilsiz xidmətləri olub. Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirib, daha sonra 1960-1965-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında operasimfonik orkestr dirijorluğu fakültəsində təhsil alıb. Görkəmli dirijorun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox xarici ölkələrdə böyük uğurla çıxış edib. Rauf Abdullayevin musiqi sənəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, 1970-ci ildə Əməkdar İncəsənət Xadimi, 1982-ci ildə Xalq Artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülüb, 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf”, 2017-ci ildə “İstiqlalordeni ilə təltif edilib.

 

Respublikanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.

 

Ekspress  2017.- 22 noyabr.- S.13.