"Lutik həyat kredom idi..."
Cənnət Səlimova xalası
oğlu Lütfi Zadə haqqında: "Bizə bağlamalar
göndərirdilər ki, acından ölməyək"
Dünya şöhrətli alim
Lütfi Zadənin dəfnində yeganə qohumu kimi iştirak
edən rejissor, Xalq artisti Cənnət Səlimova dahi elm xadimi
haqqında kulis.az-a müsahibə verib.
son-xeberler.com həmin
müsahibəni təqdim edir:
- Cənnət
xanım, Lütfi Zadə ilə necə qohumsunuz?
- Bizim analarımız doğma bacıdırlar. Mən doğulanda, artıq onları Tehrana göndərmişdilər. 1933-cü ildə Bağırov belə bir göstəriş vermişdi ki, Sovet İttifaqına mənsub olmayan hər kəs 24 saat ərzində ya ölkəni tərk etməli, ya da sovet vətəndaşlığını qəbul etməlidirlər. Lütfi Zadənin atası Rəhim dayı ailəsini götürüb İrana getdi.
Cənnət Səlimova: Lütfi Zadə ilə yeganə qohumumuz odur - FOTO
- Deməli, onlar İran vətəndaşı idilər?
-Hə, Rəhim dayı Ərdəbildən idi. O, bu qərardan sonra ailəsini, o cümlədən nənəmi də götürüb Tehrana köçdü. Mən doğulanda artıq Lütfi orada idi.
- Bəs necə görüşmüsünüz? Qohumluğunuz necə davam edib?
- Deyim sizə, mənim bütün şüurlu həyatım uşaqlıqdan başlayaraq, bu günlərə qədər Rəhim dayının ailəsi ilə bağlı olub. Ona görə də Lütfinin itkis mənim üçüni bu qədər böyükdür. Onlar İrandan bizə bağlamalar göndərirdilər ki, acından ölməyək, birtəhər yaşaya bilək. Axı onda biz müharibə aparırdıq. Fotolar da göndərirdilər. Fotolar hamısı yadımdadır. Biri hələ burada olanda çəkilmişdi. Lutikin (Lütfi Zadəyə belə deyir – red.) 10 yaşı olar. Matros geyimində dayanıb, çox da sevimli görünür. Sonra biz İrandan “Kodak”la çəkilmiş balaca, dördkünc fotolar almağa başladıq. “Lutik rəfiqəsi ilə”. “Lütik avtomobilin fonunda”. O zaman insanların şəxsi fotoaparatı olmazdı. Amma Rəhim dayı yeganə oğluna fotoaparat almışdı.
Lutikin fotoqraf kimi istedadı var idi, o əla çəkirdi. Onu həm də fotoportret rəssamı kimi tanıyırdılar. Onun bir foto kolleksiyası var idi, orada Kevinskinin, Niksonun fotoportretləri var idi. Xalam bizə öz həyatından fotolar göndərirdi. Mənim üçün bu, uzaq, gözəl bir dünya idi. Bizim hərb aparan həyatımızdan, gündəmimizdən fərqlənən xoşbəxt bir dünya idi. Başqa bir xoşbəxt həyat...
Sonra bizə Lutikin şlyapada olan bir şəklini
göndərdilər. Rəhim dayı ona avtomobil
almışdı. İndi onun haqqında deyirlər ki, guya ərköyün,
istədiyini edən, təkəbbürlü adam
idi. Qətiyyən düz deyil. Bu uşağa sadəcə olaraq böyük bir
sevgi verilmişdi. Və o,
ağıllı idi, bütün bunlar onu ərköyünləşdirməmişdi.
Məndə onun şəxsi otağında
çəkdirdiyi bir foto var idi. Orada divara rusca bir söz
yazılmışdı: “Odin”. Bu nə demək
idi bilmirəm, amma o, oxumağı və düşünməyi
xoşlayırdı.
- O
fotolardan heç biri yoxdurmu sizdə?
- Yox, məndən
onu kimsə aldı. İndi tamam unutmuşam kim
olduğunu. Bir hissəsini də mən
özüm təzədən Lutfiyə və Faniçkaya
göndərdim. Düşündüm ki
onlara xoş olar.
- Faniçka Lütfi Zadənin xanımına deyirsiz?
- Aha.
Cənnət
Səlimova: Lütfi Zadə ilə yeganə qohumumuz odur - FOTO
- Cənnət
xanım, siz mənə nənənizdən
danışın. O zaman Lütfi Zadəgillə İrana gedən
nənənizdən. Odamı yəhudi idi, ya təkcə
babanız yəhudi idi?
- Babam da,
nənəm də yəhudi idilər. Onlar
Odessada doğulub yaşayıblar. Orada o
zaman yəhudilərə qarşı qətliamlar baş verir.
Nənəmin qardaşı Bakıda
yaşayırmış və bacısının ailəsini qəbul
edir. Xalam Fanya da Rəhim dayı ilə burada tanış olur. Rəhim dayı
Ərdəbildən gəlibmiş. Onlar evlənib indiki
Əlövsət Quliyev küçəsində
yaşayırlar və Lutik burada doğulur...
- Lütfi Zadənin anası, sizin xalanız Fanyanın
tam adı nə idi?
- Fenka. Amma Fanya deyirdik. Üstəlik Lütfi Zadənin
arvadının da adı Fenka idi və biz qarışdırmamaq
üçün bəzən ona Fey deyirdilər.
- Aha,
aydındır...
- Hə,
biz İrandan fotolar alırdıq.
- Lütfi Zadə ailənin tək övladı idi?
- Hə. Ona görə də Rəhim dayı ona
fotoaparat, avtomobil hədiyyə etmişdi. Lütfi
Amerikada Kolumbiya Universitetinə qəbul olundu. İşlədi. 24
yaşında ən gənc alim oldu Amerikada. Özünə müəyyən bir həyat şəraiti
qurandan sonra ata-anasını yanına çağırdı.
1949-cu ildə onlar bizə belə bir şəkil göndərirlər:
Lutik, Fey (Lütfinin arvadı), Rəhim dayı, Fanya xala və
Feyin valideynləri. Bu foto Nyu-Yorkda Budapeşt
restoranında çəkilmişdi və onların toyundan
idi. Restoranda cəmi 6 nəfərdirlər.
Belə sakit bir toy oldu, amma onlar 73 il birlikdə
sevgi içində yaşadılar.
Cənnət
Səlimova: Lütfi Zadə ilə yeganə qohumumuz odur - FOTO
- Lütfi
bəy arvadı ilə Amerikada tanış
olub?
- Yox,
onlar Tehrandan bir-birini tanıyırdılar.
- Qohum
idilər?
- Yox,
qohum deyildilər. Feyin ailəsi Rusiyadan
immiqrasiya edən yəhudilər idi. Onlar
Rusiyadan Yaponiyaya getmişdilər, deyəsən. Çünki Fey yapon heroqliflərini bilirdi. Yaponiyadan İrana gəlmişdilər. Orada da
Rəhim dayının ailəsi ilə tanış
olurlar. O zaman ailələr uşaqlarını rəqs dərnəklərinə
göndərirdilər. Lutik də Feylə birgə
rəqs dərnəyinə gedir. Oradan tanıyırlar
bir-birini...
Mən
fotolardan danışırdım axı... Sonra
onlar bizə Berklidən şəkil göndərdilər.
Bu San-Fransiskoda bir şəhərdir. Oradan məşhur Qolden Gate görünür. Sonra fotolarda kiçik bir qız şəkli peyda
oldu. Okeanın fonunda bir şəkildə
Lutikin qızı Stella görünürdü. Sonra bir oğlan şəkli. Bu
da Norman idi. Sonra belə
bir şəkil gəldi: Rəhim dayı, Fanya xala, nəvələr.
Beləcə çoxlu şəkillər
göndərməyə başladılar. Sonra
Fanya xala Bakıya gəldi - anamın, bacısının
yanına. Soruşanda Lutik necədi,
deyirdi, fəxr etmək azdır onunla. Lütfinin
ən məşhur elmi kəşfi “Qeyri-səlis
çoxluq”dur, amma buna qədər onun 5 elmi kəşfi var
idi.
Fanya xala sağ ikən bizə həmişə fotolar, məktublar
göndərirdi.
- Bəs
siz Lütfi ilə neçənci ildə canlı-canlı
görüşdünüz?
- İlk dəfə 60-cı illərdə
görüşdük. Lütfi Bakıya elmi konfransa gəlmişdi.
Onda 40 yaşı olardı. Birgə
fotolarımız var idi o görüşdən. Amma heyf ki, indi əlimdə yoxdur. Feyka da gəlmişdi onunla birgə. Bir neçə gün qaldılar. O, məndə
ilk növbədə sadəliyi ilə rəğbət
oyatdı. Bilirsiz, Siseronun belə sözü var: insanın təkəbbürü
onun əqli çatışmazlığı qədərdir.
Lutikin ağlında defisitlik yox idi, o, olduqca sadə və
ciddi adam idi. Onlar gələndə
əlbəttə pulları var idi, amma bizə dollar vermədi,
verə də bilməzdilər. Belə şey o zaman
olmazdı, onda Lütfi anamla məni mağazaya aparıb dedi
ki, biz nə istəsək özümüzə alaq. Anam da... Bilirsiniz, biz necə yaşamağa öyrəşmişdik?
Özümüzü sıxa-sıxa... Anam
utana-utana əhəmiyyətsiz bir-iki şey seçdi.
Lütfi dedi, Anya, sən lazım olan hər şeyi al. Narahat
olma. Sənə palto, şərf, çəkmə
lazımdır, Əlibəyə kostyum ayaqqabı
lazımdır, al bunların hamısını.
Bu səviyyədə
olan adamın bizim həyatımızın
reallıqlarını hiss etməsini anlaması məni təsirləndirdi.
Bizi ora qədər düşünməsi... Anlayırsız?
O zaman bizim qohumlarımız çox idi Bakıda.
Onun və mənim əmiqızım var idi. Onu ora-bura
aparırdılar...
Cənnət
Səlimova: Lütfi Zadə ilə yeganə qohumumuz odur - FOTO
-
Dayınız da var idi?
-
Dayım çoxdan vəfat etmişdi. Bu qədər
qaçaqaçın içində bizə belə vaxt
ayırması... Daha sonra biz onunla Antalyada
görüşdük. Alim Rafiq Əliyev
onun üçün elmi konfrans təşkil etmişdi.
O zaman 80-ə yaxın yaşı olardı. Onun
iştirak etdiyi elmi konfransa getmişdim. Heç
nə anlamırdım, Lütfi ekrana formullar yazırdı, gərgin
bir konfrans idi, mən də naharın
başlayacağını gözləyirdim.
Yığıncaq bitəndə Azərbaycandan olan gənc
alim, adını dəqiq xatırlaya bilmirəm, bizə
yaxınlaşıb Lütfi Zadəyə bəzi yerləri
aydın başa düşmədiyini dedi. Lütfi
rus dilində danışdıqlarını bir də ona təzədən
danışdı. Nahar vaxtını
tamamilə ona sərf etdi. Yaşlı adam
idi, istirahətə ehtiyacı vardı. Amma
tanımadığı alimə yeməkdən imtina etməklə
nəsə izah edirdi. Bu məni heyran etdi.
Sonra mən onunla San-Fransiskoda görüşdüm. Amma bu zaman o
artıq çox qoca idi. Əlindən
tutub gətirdilər, yavaş səslə
danışırdı.
Bilirsiniz, o arvadını çox sevən bir ər idi.
O,
Bakıda olanda onu tədbirlərə
daşıyırdılar. Deyirdim ki, Lutik, bir
gün də qal. Deyirdi, mən
Faniçkanı iki gündən artıq tək qoya bilmərəm.
Çox böyük sevgisi var idi. Arvadı Faniçka öləndə nekroloq
yazmışdı, onu oxuyanda anladım ki, arvadından sonra o
yaşaya bilməyəcək. Elə də
oldu. Bir il keçməmiş Lutik vəfat
etdi. Faniçka çox savadlı, bir neçə
dil bilən jurnalist idi. Lütfinin
bütün işgüzar danışıqlarını o
aparırdı. Özünü
bütünlükdə Lütfiyə həsr etmişdi.
...Onlar
çox xoşbəxt yaşadılar. Bizə
son vaxtlarda belə bir şəkil göndərmişdilər.
Şəkildə də belə düzülmüşdülər:
Rəhim dayı, Norman, Fey, Lütfi, Stella və Fanya xala. Palma ağacının altında. Böyük, xoşbəxt bir ailənin şəkli
idi bu.
Lütfi
öləndə mən böyük itki hiss elədim,
ağladım, çünki mənim üçün bu sehrli
dünya yox oldu. Fanya xala, Rəhim dayı,
Stella, Fey vəfat etdi. Bircə Norman
qaldı. O da Los-Ancelesdə qalır.
Yəni o Berklidəki həyat yox oldu. Bu məni dəhşətli boşluğa saldı.
- Burada
sizdən başqa qohumu qalıbmı?
- Yox, tək
mən qalmışam. Başqa heç kim
yoxdur. Dayımız qızı var, o
San-Fransiskoda yaşayır. Lütfi ilə
yeganə qohumumuz odur.
- Amma dəfnə
gəlməmişdi.
- Yox, gəlməmişdi.
- Lütfi
Zadənin oğlu Norman da gəlməmişdi...
- Norman
biznesmendir. Varlı bir adamdır. Anası ilə çox sıx münasibətləri
var idi. Lütfi isə məşğul adam
idi. Lütfi xəstələnəndə Norman
onu “Nörzinq haus”a qoydu. “Nörzinq haus” həkimlərin,
mütəxəssislərin iyirmi dörd saat xəstəyə
xidmət etdiyi evdir. Norman bu xidməti ona
öz evində təşkil etdi. Lütfi
tamamən qayğı ilə əhatə olunmuşdu. Bir də Norman başqa bir nəsildir, başqa
generasiyadır. Nəinki bu nəsli, bu
ölkəni də anlamaq çətindir. Onlar çox rasionaldırlar, hər hərəkəti
hesablayırlar, artıq yerə vaxt-enerji sərf etmirlər.
Norman Sanset Mortiç adlanan morqa atası ilə
vidalaşmağa gəldi. O, artıq atası ilə
orada vidalaşdı. Bura gəlib mərasimdə
iştirak etmək ona görə artıqdır. O,
düşünür ki, bu artıq bir şeydir. Deyim sizə,
bu nəsil hansısa emosional, dini təsirlərdən uzaq bir
nəsildir, Norman da
çox ayıq, rasional adamdır. O, atasına edə
bildiyi hər şeyi etdi.
- Cənnət
xanım, sizcə Lütfi Zadədə niyə belə bir arzu
oyanmışdı ki, burada dəfn olunsun?
- Vəsiyyət
edən zaman orada olmamışam. Amma
düşünürəm ki, yaxşı edib. Bəlkə o, arvadının yanında dəfn
olunmaq istərdi. Lütfinin arvadı
öləndə vəsiyyət etmişdi ki, onu kremasiya edib,
külünü okeana dağıtsınlar. Yəni, Faniçkanın qəbri yoxdur. Lütfi Zadə onun yanında dəfn olunsun. Norman da məşğul adamdır, sentimentallıqdan
emosionallıqdan məhrumdur. O bura doğmadır demək
ki. Lütfini bütün dünya qəbul edir,
amma yalnız Azərbaycanda sevirlər.
- Siz Amerikaya getdiniz, son günlərində Lütfi Zadənin
yanında oldunuz. Nəsə danışdınızmı?
- Yox. Ona danışmaq çətin idi.
Gülümsədi və nəsə dedi, amma mən anlaya bilmədim.
O, zəif danışırdı və pis eşidirdi.
- Cənnət
xanım, dəfni ilə bağlı şərhlərdə
Lütfi Zadənin dini görüşləri müzakirə
olundu. Onu dini qaydada dəfn etdilər, amma özü...
- O, Sovet
İttifaqında doğulub, rus məktəbində oxuyub,
pioner olub, Allah haqda, din haqda hansısa söhbət gedə
bilməzdi o zaman, sonra İrana gedib, orada onu yaxşı təhsil
alsın deyə, baptist məktəbinə veriblər, sərt
qaydaları olan məktəb imiş, bir tərəfdə də
İran çox qatı islam ölkəsi, Amerikaya gedir, orada
da hər hansı bütöv bir mədəniyyət yoxdur,
immiqrantlar ölkəsidir, Lütfini ölkəyə qəbul
edəndə adını və familiyasını
soruşurlar: Lütfi Ağarəhim oğlu Əliəsgərzadə...
Ona deyirlər, bizdə belə adlar qəbul
olunmur, hamısını silirik, ancaq Lütfi və Zadəni
saxlayırıq. Bax belə bir mühit.
Yəni, sizə düzünü deyim, o, elm adamı idi,
inanclı deyildi. Fanya da elə idi - Lütfinin həyat
yoldaşı. Bir dəfə, deyəsən Antalyada
olanda Lütfi mənə dedi ki, məncə hansısa ali şüur başlanğıcı var. Amma
o, nədir, necədir, bilə bilmirəm və deyəsən
heç kim də bilməyəcək. Bax, məncə,
bu, onun inancı idi. Yəni, mən belə
düşünürəm. O rasional, ayıq beyinli insan
idi, yəqin ona hansısa dini ayinlər yaxın deyildi.
- Lütfi Zadənin övladlarıyla əlaqəniz
varmı?
- Dəfn proseslərində Normanla e-maillə əlaqə saxlayırdım. Qızı Stella isə Lütfigiln sağlığında öldü. 60 yaşını keçmişdi Stella öləndə.
- Cənnət xanım, biz sizinlə Lütfi Zadənin qohumu kimi danışırıq. Bioloji bağınız vardı onunla. Bəs bioloji bağı, davamçısı olmaq məsələsi nə qədər vacib bir məqamdır? Məsələn, sizin ideoloji varisləriniz var...
- Sizə deyim ki, Lutik də mənə ideoloji olaraq daha yaxındır, nəinki bioloji. Onun nəzəriyyəsi - məsələn, mütləq şər və mütləq xeyir yoxdur, mütləq sıfır və mütləq bir yoxdur, mütləq səmimiyyət və mütləq yalan yoxdur - demokratikdir. Bu, mənə hər şeyə başqa cür baxmağa yol açır. Bu nəzəriyyə dünyanı tam görməyə imkan verir. O, mənə çox yaxındır, hətta həyat kredomdur.
- Deməli, bu nəzəriyyə rejissor kimi də sizə təsir edib?
- Çox. Mən tamaşa quranda birmənalı cavab almağa yönəltmirəm sualı.
- Lütfi sizə zəng edirdi? İşinizlə maraqlanırdı?
- Bir dəfə zəng edib soruşdu ki,
eşitdim Tehranda qastrolunuz olub. Tehran necə idi? Dedim,
Tehrandır da, olduğu kimi. Bir də ərim öləndə
zəng edib dedi ki, gəlib Amerikada bizimlə yaşaya bilərsən.
Sən orada təksən, bir kimsən qalmayıb. Soruşdum,
mən orada teatrla məşğul ola bilərəmmi? Dedi,
ingiliscən yaxşıdırsa, gəlib məşğul ola
bilərsən. Dedim, yox, mən qalıb burada - Azərbaycancanı
daha yaxşı öyrənsəm yaxşıdır. Həm
də burada aktyorlarım var. Onu heç vaxt unutmayacam. Gənc
Tamaşaçılar Teatrında artıq üzərində
işləməyə başladığım Fridrix
Dürrenmattın “Fiziklər” əsərinin
tamaşasını Lütfi Zadəyə ithaf edirəm. Burda
Özünü Nyuton, Eynşteyn və Mobius elan edən üç alim dəlixanaya
qapılır və orada kəşfləri haqda
danışırlar. Onlar öz kəşflərinin bəşəriyyətə
ziyan verəcəyindən qorxub bu addımı atıblar.
Onların kəşfləri təhlükəlidir. Bu
tamaşa elm insanının, ümumiyyətlə, hər bir
insanın bəşəriyyət qarşısındakı məsuliyyəti
haqdadır.
Ekspress 2017.- 6 oktyabr.- S. 9.