Elegiya əvəzi: Lütfi Zadənin
köksündə iki ürək döyünürdü
Dünya
şöhrətli alim Lütfi Zadə son və əbədi məkan
olaraq vətəni Azərbaycanı seçdi
O, Bakını 10 yaşında tərk etmişdi. 97 illik ömrünün 87 ilini vətəndən kənarda, 74 ilini bilavasitə Amerikada yaşadı. Lakin bu uzun ayrılıq qəlbindən vətən sevgisini çıxara bilmədi. Bəzən adama elə gəlirdi ki, şöhrəti bütün dünyaya yayılan Lütfi Zadə özünü amerikalı sayır, uşaqlıq çağlarını keçirdiyi Azərbaycan çox uzaq keçmişdə qalıb. Heç də belə deyilmiş.
O, çox danışmağı xoşlamazdı, populizmdən, ritorikadan uzaq insan idi. Çox arayıb-axtardıq: müsahibələrində Azərbaycan, Bakı haqqında yalnız bir neçə fikrə rast gələ bildik. Bəzən giley-güzar eşidirdik: Lütfi Zadə Azərbaycanı unudub, doğulduğu torpağı yaddan çıxarıb. Sən demə, yanılırmışıq.
Nəhayət, həqiqət anı yetişdi. Lütfi Zadənin ölüm xəbəri ilə yanaşı, bütöv bir xalqı riqqətə gətirən vəsiyyətini eşitdik: məni Bakıda dəfn edərsiniz. Məcazi mənada desək, böyük alimin köksündə iki ürək döyünürdü: biri elmə, digəri Azərbaycana bağlı ürək. Məcaz olsa da, indiki halda bundan uğurlu ifadə tapmaq çətindir.
Kaliforniya, 6 sentyabr, saat 7:30 (Bakı vaxtı ilə 15:30). Bu, onun ürəyinin
son dəfə vurub dayandığı vaxtdır. Cənazəni okeanın o tayından bu tayına gətirmək
uzun çəkdi. Sənədləşmə
aparmaq, xüsusi soyuducu konteyner hazırlamaq, münasib təyyarə
reysini (San-Fransiskodan Bakıya birbaşa təyyarə
uçmur) gözləmək lazım gəlirdi.
Nəhayət, bütün prosedurlar başa
çatdı.
Lütfi Zadənin nəşi sentyabrın 26-da,
ölümündən 20 gün sonra San-Fransiskodan Azərbaycana
yola salınıb və sabah Bakıya
yetişəcək. Böyük alim 87 illik
ayrılıqdan sonra Vətən torpağına qovuşacaq.
Bu dəfə həmişəlik...
AZƏRTAC hüzn və qürurun eyni nöqtədə
kəsişdiyi belə bir gündə böyük alimin
ömür yoluna bir daha nəzər salır.
Ömür
yolu: Bakı–Tehran–ABŞ–Bakı
Lütfi Zadəni cəsarətlə fenomen adlandırmaq
olar. Bəşər tarixində, xüsusən son yüz
ildə kəşf və nəzəriyyələri dünyaya
səs salan, elmdə inqilabi dəyişikliklərə imza
atan onun kimi alimlər çox deyil. Sadə və ibrətamiz
ömür yolu da az maraq doğurmur:
Bakı–Tehran–ABŞ–Bakı.
Tərcümeyi-halından
sətirlər: Lütfi Zadə (Lütfəli Rəhim
oğlu Ələsgərzadə) 1921-ci il fevralın
4-də Bakıda anadan olub. On yaşında ikən
ailəsi Bakını tərk edərək Tehrana
köçüb. Orta təhsilini
İranın paytaxtındakı Amerika kollecində
tamamladıqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi
fakültəsinə daxil olub. Böyük
alimin Amerika həyatı isə 1944-cü ildən, 23
yaşında başlanıb.
O, Tehranda
kollecdə təhsil alarkən Amerika elmi və mədəniyyəti
barədə müəyyən təsəvvürə malik
idi. Elə buna görə də dünyanın bu fövqəl
ölkəsinə, onun məşhur universitetlərində təhsil
almağa can atırdı. Bunun həm də
obyektiv səbəbləri vardı. Həmin
dövrdə İran onun elm sahəsində maraqlarını təmin
edən əlverişli yer deyildi. Odur ki,
1944-cü ildə arzularının arxasınca Amerika Birləşmiş
Ştatlarına üz tutdu.
Nəyə
görə Amerikanı seçdiyi barədə sualı
cavablandıran Lütfi Zadə deyirdi: “Mən Bakıda olanda
bu barədə heç vaxt düşünmürdüm. Bakını tərk edib İranda Amerika kollecində
təhsil alanda isə ancaq Amerikada olmaq barədə fikirləşmişəm.
Mən Amerikanı çox sevirəm. Yenə də demək istəyirəm ki, bu ölkəyə
mənə verdiyi bütün imkanlara görə minnətdaram.
Başqa heç bir ölkədə bunlara nail ola bilməzdim”.
Elmdə
inqilab: Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi
İyirminci
yüzilliyin 60-cı illərində dünya elmində yeni bir
inqilab baş verdi. 1965-ci ildə
qeyri-səlis məntiq nəzəriyyəsi meydana gəldi.
Bununla da kibernetika ilə bağlı
bütün təsəvvürlər dəyişdi. Yeni nəzəriyyə kosmik peyklərdə, Yerin və
kainatın öyrənilməsində, qeyri-müəyyən
obyektlərin araşdırılmasında mühüm rol
oynamağa başladı. O, müasir sənayenin
bütün sahələrində, intellektual robotlarda,
maşınqayırmada uğurla tətbiq edilirdi.
Dünyaya səs salan bu nəzəriyyənin müəllifi
azərbaycanlı alim Lütfi Zadə idi. Onun altı
mühüm nəzəriyyəsi hazırda elm və
istehsalatda geniş tətbiq olunur, bütün dünya
böyük iqtisadi səmərə gətirən bu nəzəriyyələrdən
bəhrələnir. Lütfi Zadə “Təəssüratlar
nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”,
“Sözlə işləyən kompüter nəzəriyyəsi”,
“Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflərin
də müəllifidir. O, alman alimi Maks Plankdan sonra dünyada
ikinci alimdir ki, sağlığında həm
özünün, həm də nəzəriyyəsinin
adını daşıyan elmi mərkəzlər
yaradılıb - Lütfi Zadə irsi və Süni
İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq
Müasir Elmlər Akademiyası. Bu dahi insan
Berkli Universitetinin ömürlük professoru seçilmiş
yeganə şəxs idi.
Alimin vəziyyətlər fəzası, dinamik sistemlərin
idarə və müşahidəolunma nəzəriyyələri
müasir idarəetmə elminin əsasını təşkil
edir. ABŞ Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu
nəzəriyyələr əsasında idarəetmə sistemlərini
tədqiq edir, layihələndirir və həyata keçirir.
Berkli Universitetində onlarla dünya şöhrətli
alim dərs deyib, öz elmi araşdırmaları və kəşfləri
ilə bəşər elmini zənginləşdirib. Professor
Lütfi Zadə 1959-cu ildən bu məşhur universitetdə
çalışmağa başlayıb. Əvvəllər
elektrik mühəndisliyi kafedrasının müdiri, daha sonra
isə kompüter mərkəzinin direktoru olub. Özünün qeyri-səlis məntiq nəzəriyyəsini
də burada işləyərkən irəli sürüb.
Uzun illər ABŞ elmi ictimaiyyəti tərəfindən
qəbul edilməyən bu nəzəriyyə 1980-ci illərdə
yapon alimlərində böyük maraq doğurub və
Yaponiyada texnika və texnologiyanın inkişafına
güclü təkan verib. Hazırda
Yaponiyanın və Amerikanın bir sıra tanınmış
şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq
nəzəriyyəsindən bəhrələnərək
böyük gəlir götürürlər. “Mitsubishi“,
“Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər
böyük şirkətlər qeyri-səlis məntiq texnologiyasından
foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi
təmizləyiciləri istehsalında, avtomobillərin,
qatarların, sənaye proseslərinin idarə olunmasında
geniş istifadə edirlər. Təsadüfi
deyil ki, Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin
sənayedə uğurla tətbiqinə görə
Yaponiyanın elm adamlarına verdiyi ən yüksək
mükafat - “Honda” mükafatı ilə təltif olunub.
Alimlərin
etirafı: Biz professor Lütfi Zadənin nəzəriyyəsindən
bəhrələnirik
Dünyanın bir çox tanınmış alimləri
Lütfi Zadənin tədqiqatlarından, xüsusən də
qeyri-səlis çoxluqlar nəzəriyyəsindən bəhrələndiklərini
etiraf edir və onun haqqında çox yüksək fikirlər
söyləyirlər.
ABŞ
professoru Ronald Yaqer: “İlk dəfə Lütfi Zadə tərəfindən
tətbiq edilmiş qeyri-səlis çoxluqlar insan kimi qərarlar
qəbul etmək qabiliyyətinə malik süni intellektli
sistemlər yaradılması üçün çox
mühüm vasitəni təmin edir. Bu, intellektdə
informasiyanın bərpası üçün çox
vacibdir. 1965-ci ildən etibarən Lütfi
Zadə çox uğurla işləyir, öz
ideyalarını inadla və məqsədyönlü şəkildə
həyata keçirirdi. Bunun nəticəsi
olaraq hazırda biz onun ideyalarının və işlərinin
bəhrələrindən faydalanırıq”.
Kanadalı
professor Burhan Türksən: “Lütfi Zadəni dünyanın
tanınmış alimləri arasında son zamanlarda elm aləminə
ən çox təsir göstərən alimlərdən biri
olaraq tanıyırıq. Elm dünyasına
müxtəlif vaxtlarda töhfələri olmuş bir çox
alim var. Lakin bunların arasında Lütfi Zadənin xüsusi
yeri var”.
Berkli
Universitetinin professoru Stüart Rassel: “O, həmişə tənqidi
tərif (kompliment) kimi qəbul edirdi. Bu, o deməkdir
ki, insanlar onun nə söyləmək istədiyini
anlayırdılar”.
Kanadalı
professor Madan Qupta: “Professor Lütfi Zadə qeyri-səlis məntiqin
atasıdır. Onun bu sahə ilə əlaqədar
ilk elmi məqaləsi 1965-ci ildə çap edilib. Mən inam və cəsarətlə deyə bilərəm
ki, o, mənim müəllimim olub”.
Bir
çox ölkələrin akademiyalarının, o cümlədən
ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət
Elmləri Akademiyasının üzvü seçilən
professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin,
qurumların və fondların mükafatlarına layiq
görülmüş, onlarla ölkənin nüfuzlu
universitetinin fəxri doktoru seçilmişdi.
Lütfi
Zadənin həyat düsturu: elm üstəgəl Vətən...
Lütfi Zadənin şəxsi keyfiyyətlərindən
danışanlar onu, ilk növbədə, dahi alim və şəxsiyyət
kimi səciyyələndirirlər. O, təbiətcə çox təmkinli,
həddən-ziyadə təvazökar və
yaxşılıq etməkdən zövq alan
səmimi insan idi.
Professor
Lütfi Zadənin rəhbəri olduğu laboratoriyanın mindən
çox əməkdaşı var. Azərbaycanda da bu sahədə
elmi-tədqiqat işləri aparan alimlər az
deyil. Müxtəlif ölkələrdən olan
elm adamları görkəmli alimin yaratdığı
laboratoriyada çalışır, elmi-tədqiqat işləri
aparırlar. Böyük alim və sadə
insan olan dünya şöhrətli azərbaycanlı alim
Lütfi Zadə ilə işləmək onun ətrafındakılar
üçün sonsuz qürur və şərəf idi.
Gördüyü işlər sayəsində Lütfi
Zadə özü ilə yanaşı, Vətəni Azərbaycanın
da adını yüksəklərə qaldırıb. Sevindirici
haldır ki, Azərbaycanda da Lütfi Zadənin elmi irsinə
müraciət edən alimlərin sayı gündən-günə
artır. Bir çox dissertasiya işləri
müdafiə edilir, monoqrafiyalar, məqalələr
yazılır, konfranslarda bu mövzuda dinlənilən məruzələr
nüfuzlu jurnallarda dərc olunur. Həm Azərbaycanda, həm
də ABŞ-da Lütfi Zadənin irsinə həsr olunmuş
silsilə beynəlxalq konfranslar keçirilir.
1998-ci ildə
Azərbaycanda Lütfi Zadə adına Beynəlxalq
Müasir Elmlər Akademiyası yaradılıb. Bu qurum
2014-cü ildən Lütfi Zadə adına
Beynəlxalq Elmlər Akademiyası adı altında fəaliyyətini
davam etdirir.
Elm
üstəgəl Vətən... Bu, Lütfi Zadənin
çox sadə, sadə olduğu qədər də
böyük məna kəsb edən həyat düsturudur.
Öz milli mənsubiyyəti ilə fəxr edən
görkəmli alim Azərbaycanın inkişafını daim
izləyir, uğurlarına qəlbən sevinirdi. Azərbaycan
Prezidentinin ölkənin xoşbəxt gələcəyinə
yönəlmiş fəaliyyətini yüksək qiymətləndirən,
ona böyük ümidlər bəsləyən Lütfi Zadə
deyirdi: “Prezident İlham Əliyev çox savadlı və
müdrik insandır. Onun qəlbi Azərbaycanın
mənafeləri ilə döyünür. Azərbaycanın
müstəqil siyasət yeritməsi məni sevindirir”.
Prezident
İlham Əliyev 2011-ci il 7 fevral tarixli Sərəncamı
ilə Lütfi Zadəni “Dostluq” ordeni ilə təltif edib. Bu orden ona elm və texnologiyaların inkişafına
verdiyi töhfələrlə mədəniyyətlərarası
dialoqun qurulmasında göstərdiyi xidmətlərinə
görə verilib. Dünya şöhrətli
alim üçrəngli bayrağımızın rəmzi olan
ordeni sinəsində fəxrlə, böyük qürur hissi
ilə gəzdirirdi. Sanki sinəsi üstündə Vətən
torpağının bir parçasını
daşıyırdı...
Görkəmli
alim uşaq yaddaşında Bakı ilə bağlı
ilişib qalmış xatirələri tez-tez dilə gətirirdi:
“Bakı bulvarını xatırlayıram. Hamı
orada gəzməyi xoşlayırdı. Mən
1965-ci ildə Bakıda olarkən adamların ciddi dəyişdiyini
gördüm. Əvvəllər xoşuma
gələn yerləri yaddaşımda bərpa edib
canlandırdım. Hətta mən Buzovna
çimərliyini də xatırlayıram. Bir sözlə, Bakı ilə əlaqədar
yaddaşımda çox yaxşı xatirələr qalıb.
Bakı ürəyimdə xüsusi yer tutur”.
O, sonuncu
dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgi və
konfransında iştirak etmək üçün gəlmişdi.
Səfər zamanı alim Prezident İlham
Əliyev tərəfindən qəbul edilmişdi. Lütfi Zadə bundan əvvəl Bakıda 1965-ci ildə
olmuşdu. Ötən 43 ildə burada
baş verən dəyişikliklər onda böyük təəssürat
yaratmışdı. Bu barədə
danışarkən deyirdi ki, Azərbaycan hər cəhətdən
irəli gedib, Bakıda böyük abadlıq və quruculuq işləri
aparılıb, elm və mədəniyyət yüksək səviyyədə
inkişaf edib. Görkəmli alim
bütün bu nailiyyətləri Prezident İlham Əliyevin
respublikada elmə və mədəniyyətə göstərdiyi
diqqət və qayğının təzahürü kimi dəyərləndirir,
dövlətimizin başçısı ilə
görüşündən hədsiz məmnun
qaldığını vurğulayırdı.
Həmin
səfərlə bağlı təəssüratlarını
bölüşən alim müsahibələrindən birində
deyirdi: “Azərbaycan mənim vətənimdir. Gözəl
ölkədir. Bakı gözəl şəhərdir.
2008-ci ilin noyabrında Azərbaycanda olmuşam.
Azərbaycan neftə görə başqa ölkələrdən
daha zəngindir. Buna görə də Azərbaycanın
vəziyyəti başqalarından daha yaxşıdır.
Mən Prezident İlham Əliyev ilə
görüşdüm və o, mənə çox
yaxşı təsir bağışladı. Belə insanların ölkəni gələcəyə
apara biləcək insanlar olduğunu düşünürəm”.
Görkəmli
alim 2016-cı ilin dekabrında Prezident İlham Əliyevə
ünvanlandığı məktubda yazırdı: “...Azərbaycan
və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir.
Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə
və ədəbiyyata dərin hörmət bəslənilən
bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən
və gördüyünüz işlərdən olduqca məmnunam.
Sizin kimi bir lideri olduğu üçün Azərbaycan
çox şanslıdır”.
Son mənzil:
Azərbaycan böyük oğluna məhəbbətlə
qucaq açır
Dünya şöhrətli azərbaycanlı alimin 90 illik yubileyi altı il əvvəl Bakıda böyük təntənə ilə qeyd olunmuşdu. Bu gün isə Lütfi Zadə aramızda yoxdur. Onun ölümü həm dünya elmi, həm də Azərbaycan üçün böyük itkidir. Bu itkinin yerini həmyerlimizin dünya elminə verdiyi misilsiz töhfələr, işıqlı xatirələr doldurur. O, doğrudan da əbədiyaşarlıq qazanıb.
Azərbaycan öz böyük və qədirbilən
oğluna böyük məhəbbətlə qucaq
açır. Lütfi Zadə Bakıda, Fəxri xiyabanda dəfn
olunacaq. O, doğrudan da xalqımızın fəxridir. Hər
bir xalq istəyər ki, onun kimi oğulları olsun. Bununla təskinlik
tapır və qürur duyuruq ki, bu böyük alim bizim həmyerlimizdir
- azərbaycanlı Lütfi Zadədir.
Ekspress 2017.- 29 sentyabr.- S.3-4.