Vətəndaş cəmiyyətində tərbiyə
İnsanın şəxsiyyətinin inkişafında, onun müasir mədəni dünyagörüşünün formalaşmasında, müəyyən baxışların yaranmasında tərbiyənin böyük rolu var. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir.
Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə də tərbiyə mühüm amillər sırasındadır. Bu mənada etika elminin qarşısında mühüm vəzifələr durur. Etik dəyərlər anlayışı birgəyaşayış prosesində meydana gələn, insanlar arasında qarşılıqlı münasibətlərin bütün tiplərinin məcmusunun nəticəsi kimi cəmiyyətdəki mənəvi davranış normalarına və mənəvi prinsiplərə əsaslanır.
Vətəndaş cəmiyyəti insanın davranışına yüksək qiymət verir. Mənəviyyat normaları vətəndaş cəmiyyətində qadağalar və davranışlar şəklində mövcud olur. Qadağalar mənfi xarakter kəsb edir və özündə bütövlükdə cəmiyyət üçün arzuolunmaz fərdi davranış normalarını əks etdirir. Əksinə, əmrlər, hökmlər müsbət xarakter daşıyır və ümumi qəbul olunmuş normalar çərçivəsində davranış tiplərini seçməkdə insana sərbəstlik verir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərova görə, hər bir əxlaq prinsipinin reallaşması üsulları və vasitələri çox müxtəlifdir və onlar cəmiyyətdə, eləcə də, konkret həyat şəraitində təşəkkül tapan əxlaqi ənənələrdən, insanın fərdi xüsusiyyətlərindən asılıdır. Əxlaqi şüurun nəzəri səviyyəsində mənalar, dəyərlər, əxlaqi ideallar və dəyər yönümləri kimi struktur elementlərini ayırırlar. Bütün onlar insanın əxlaqi şüurunu və davranışını bir-birinə bağlayan həlqələrdir. Əxlaqi şüur özündə elə bir sistemi əks etdirir ki, onun sayəsində cəmiyyət insanlar arasında qarşılıqlı münasibətlərin müəyyən qaydaları bərqərar olur. Bir sistem kimi əxlaqi şüur iki səviyyənin mövcudluğunu - ekzistensional və cəmiyyətin diktə etdiyi davranış normalarını irəli sürür. Bu iki səviyyə bir-birinin əksi olmayıb, sıx qarşılıqlı əlaqə şəraitində hərəkət edir. Belə ki, həyat prosesində insan cəmiyyətin diktə etdiyi davranış normalarının öz baza səviyyəsini yüksəltməyə cəhd edir, bununla yanaşı, onun ekzistensional şüur üçün əsas olan hisslərini təkmilləşdirir.
Estetik tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin tərkib hissələrindən biridir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.
Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər tərkib hissələri ilə sıx bağlıdır. Estetik tərbiyə əqli tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk etməyə yardım edir.
Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b. müsbət keyfiyyətlər formalaşdırır. Gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz.
Estetik tərbiyə əmək tərbiyəsi ilə də sıx bağlıdır. Əmək, yaradıcı fəaliyyət ən gözəl zövq mənbəyidir. İnsanın xoşbəxtliyi yaradıcı əməklə, əmək sevinci ilə bağlıdır.
Estetik tərbiyə fiziki tərbiyəyə, sağlamlığa müsbət təsir edir. Estetik tərbiyə nəzəri-metodoloji əsas kimi estetika elminə istinad edir. Estetika gözəllik haqqında elmdir. Gözəllik mütənasiblik, forma və məzmun vəhdəti, ahəngdarlıqdır.
Gözəlliyin başlıca mənbələrini təbiət, cəmiyyət, ədəbiyyat, incəsənət və insan gözəlliyi təşkil edir. İnsanın gözəlliyi zahiri və daxili gözəlliyin vəhdətidir.
Estetik şüur və hisslərin təsiri ilə estetik zövq formalaşır. Estetik zövq estetik ideal baxımından gözəlliyi qiymətləndirmək bacarığıdır. Estetik zövq əsasında insanda estetik mühakimə - varlığa, incəsənətə əsaslı, ümumiləşmiş ideya-emosional qiymətləndirmə bacarığı formalaşır.
Estetik tərbiyənin səmərəsi üçün bir sıra prinsipləri rəhbər tutmaq lazımdır. Həmin prinsiplərə aşağıdakılar daxildir:
Estetik tərbiyə insanın ideya-mənəvi tərbiyəsi, dünyagörüşünün formalaşması prosesi ilə sıx əlaqəli şəkildə aparılmalıdır; Estetik tərbiyədə müəyyən sistem və ardıcıllıq gözlənməlidir; Estetik tərbiyə hərtərəfli aparılmalıdır; Estetik tərbiyədə tədriciliyi gözləmək vacibdir; Estetik tərbiyədə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır; Estetik tərbiyədə məktəb, ailə, məktəbdənkənar müəssisələr, mədəniyyət ocaqları, bədii yaradıcılıq təşkilatları (rəssamlar, bəstəkarlar, yazıçılar birlikləri) bir-birilə sıx əməkdaşlıq etməli, vahid xətt üzrə əlbir işləməlidirlər.
Əqli, mənəvi və s. tərbiyə bütöv tərbiyə prosesinin tərkib hissələri sayılır. Mənəvi tərbiyə - insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir.
Siyasi tərbiyə - insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşmasıdır. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir.
Estetik tərbiyənin sisteminə ailədə və uşaq bağçasında estetik tərbiyə, məktəbdə təlim prosesində və sinifdənxaric tədbirlərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, habelə uşaq həyatının təşkilində, insan münasibətlərində estetik tərbiyə işləri daxildir.
Məktəbəqədər dövrdə estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir. Estetik tərbiyənin bünövrəsi ailədə qoyulur. Ailə gözəlliyin, uşaq zövqünün ilk məktəbi, ana laylası uşaqların ilk melodiyasıdır. Ailədəki səliqə-sahman, təmizlik, uşaq oyuncaqları, ev avadanlığı və əşyalarının gözəlliyi, valideynlərin oxuduğu mahnı və şerlər, danışdıqları nağıllar, təbiət gəzintiləri - bütün bunlar kiçik yaşlarda uşaq zövqünü formalaşdırır.
Estetik tərbiyə uşaq bağçasında daha sistemli xarakter kəsb edir. Uşaqlarla estetik məzmunlu məşğələlər - təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, gil, applikasiya, quraşdırma işləri, əmək məşğələləri aparılır, musiqili-didaktik oyunlar keçirilir, bayram və əyləncələr yüksək estetik formada təşkil edilir.
Məktəbdə estetik tərbiyə geniş məzmunda aparılır. Təlim prosesi estetik tərbiyənin çox mühüm vasitəsi olub, şagirdlərin estetik zövq və bacarıqlarının formalaşmasında böyük rol oynayır. Bu sahədə xüsusilə musiqi, təsviri incəsənət, əmək, ana dili və ədəbiyyat fənlərinin imkanları genişdir. Musiqi və nəğmə dərsləri estetik tərbiyənin qüdrətli vasitəsidir. Xüsusilə xorla oxunan mahnı zehni yorğunluğu götürür, xoş əhval aşılayır.
Təsviri incəsənət dərsləri də estetik tərbiyədə böyük əhəmiyyətə malikdir. Rəsm şagirdlərin bədii zövqünü, təxəyyülünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
Estetik tərbiyədə ana dili və ədəbiyyat dərsləri də böyük imkanlara malikdir. Bədii nümunələr (şer, hekayə və nağıllar), bədii ədəbiyyat şagirdlərdə estetik hissləri, estetik zövq və mühakiməni inkişaf etdirir.
Dərslərdə aparılan estetik tərbiyə sinifdənxaric və məktəbdənkənar işlərdə daha da dərinləşdirilir və genişləndirilir. Bu işlər şagirdlərin maraqlarının və fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək göstərir. Estetik tərbiyə üzrə sinifdənxaric işlərin məzmunu, forması müxtəlif və rəngarəngdir.
Fiziki tərbiyə insanın sağlamlığını möhkəmlədən, şəxsiyyətin fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirən təsirlər sistemidir. Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir.
Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu götürür, iş qabiliyyətini bərpa edir. Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasitəsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki tərbiyə insanı əməyə və vətən müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır.
Fiziki tərbiyə şəxsiyyətin formalaşmasında böyük rol oynadığından, gənc nəslin fiziki tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Bu məsələ mühüm dövlət, milli-mənəvi əhəmiyyət kəsb edir. Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.
Fiziki tərbiyənin həyata keçirilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə sinifdənxaric və məktəbdənkənar tədbirlər daxildir.
Ekoloji tərbiyə də ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir. Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini - təbiəti, ekoloji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır. Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır. Hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur.
Şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edən tərbiyə isə hüquq tərbiyəsidir. Hazırda hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir.
Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.
İnsanın hüquqa dair təsəvvürləri, ideya və görüşləri, hissləri, onun hüquq düşüncəsində ifadə olunur. Hüquq düşüncəsi nə qədər yüksək olarsa, insan hüquq normalarını bir o qədər şüurlu yerinə yetirər, onların pozulmasına yol verməz.
Cəmiyyətə zidd hərəkətlərin səbəbləri, ilk növbədə, insanın hüquqi şüurunun aşağı səviyyədə olması ilə, cəmiyyət və hüquq haqqında yanlış təsəvvürləri ilə, şəxsiyyətlə cəmiyyət arasında, onların tələbləri arasında pozulmuş münasibətlərlə şərtlənir. Bu hal hüquqi şüurun, bütövlükdə hüquq tərbiyəsinin vacibliyini göstərir.
Hüquq tərbiyəsi insanın hüquqi şüurunun bütün komponentlərinə təsir göstərir: hüquqa dair biliklər (idrak komponenti), hüquqa münasibət (qiymətləndirmə komponenti), insanın davranış mövqeyi (iradi komponent). Hüquqi şüurun hər üç komponenti vəhdət halında çıxış edir. Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır.
Sadaladığımız tərbiyə növlərinin hər biri hüquqi dövlət quruculuğu yolunu tutmuş müstəqil Azərbaycan Respublikasında xüsusi əhəmiyyət kəsb edir.
Murad MƏMMƏDLİ
Ekspress.-2017.-10 yanvar.-S.10.