Dövlət cəmiyyətin
siyasi sistemi kimi
Vətəndaş cəmiyyətinin
siyasi sistemində dövlət əsas yeri tutur. Əslində bunun səbəbi dövlətin
siyasi hakimiyyətin xüsusi təşkilatı olması ilə
əlaqədardır. Bu baxımdan da siyasi
hakimiyyət iqtisadi, ideoloji, təşkilati-hüquqi təsirlər
vasitəsilə sosial qrupların davranışına təsir
göstərmək qabiliyyəti kimi səciyyələnir.
Ekspertlərin fikrincə, siyasi hakimiyyət insanların
birgə fəaliyyətinin təşkili və tənziminin
mühüm amili, onların qarşılıqlı münasibətlərinin
qaydaya salınmasının, cəmiyyətdə
nizam-intizamın və sabitliyin təmini vasitəsidir. Bundan başqa
siyasi hakimiyyət onu sosial varlığın təsirli amilinə
çevirən təmərküzləşdirilmiş gücə
malikdir. Bu da o deməkdir ki, siyasi hakimiyyət mahiyyət
etibarı il onun mexanizmini təşkil edən
orqanlar və təsisatlar sistemində maddi təcəssümünü
tapır. Cəmiyyətin siyasi sistemində
dövlətlə yanaşı digər təşkilatlar da -
siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərirlər
ki, nəticədə də ölkənin siyasi həyatında
iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin
ünsürləri kimi çıxış edirlər. Hətta siyasi sistemin bütün ünsürləri
cəmiyyətin və dövlətin hüquqi əsasını
təşkil edən qanunlar əsasında fəaliyyət
göstərirlər.
Yeri gəlmişkən,
Azərbaycan Respublikasının siyasi sisteminin struktur
formalaşması əsasən 1995-ci il
noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul
edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi olaraq müəyyənləşdirilib.
Və Azərbaycan siyasi sistemində dövlət
hakimiyyətinin həyata keçirilməsi formasına görə
prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə
uyğundur. Hakimiyyətin bölünməsi prinsipinə
uyğun olaraq Azərbaycanda müstəqil şəkildə
formalaşan və fəaliyyət göstərən
üç hakimiyyət qolu qərarlaşıb: qanunvericilik, icra
və məhkəmə hakimiyyəti. Bu hakimiyyət
orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və
qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata
keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata
keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata
keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Fəlsəfə
üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir
ki, müasir siyasi sistemlər ancaq dövlət hakimiyyəti
altında olan cəmiyyətlərə xasdır: “Cəmiyyətin
siyasi sistemi altında olan müəyyən mənada müstəqilliyyə
(muxtariyyətə) malikdir. İlk baxışda
belə görünə bilər ki, onun bu müstəqilliyi
(muxtariyyəti) mütləqdir, guya onun fəaliyyəti ancaq
öz daxili məntiqindən irəli gəlir. “Politologiya” kitabında qeyd edilir ki, siyasi sistemin
müstəqilləşməsi tədricən baş verən
bir prosesdir. Bu, onun getdikcə artmaqda olan
rolunun, siyasi vasitələrlə həll olunan problemlərin
sayının çoxalması, müasir cəmiyyətlərin
(dövlətlərin) həyatını mərkəzləşdirən
və əlaqələndirən orqanizmilərin özünəməxsus
bütövlüyünün obyektiv ifadəsidir. Onun ifrat müstəqilliyi isə ictimai orqanizmin
mövcudluğu üçün təhlükəyə
çevrilə bilir. Buna görə də
cəmiyyətdə siyasi sistemin muxtariyyatı
üçün müəyyən məhdudiyyətlər fəaliyyət
göstərir”.
Ömərovun sözlərinə görə, siyasi
sistemin muxtariyyatını məhdudlaşdıran ilk vasitə
iqtisadiyyatdır. Belə ki, siyasi sistemin ayrı-ayrı təsisatları
ictimai ehtiyatları, məhsuldar qüvvələrin
imkanlarını daim nəzərə almalı olurlar: “Bu
işdə səhlənkarlıq ictimai ehtiyatların ya hədsiz
israf olunmasına, ya da təsərrüfat əlaqələrinin
pozulmasına gətirib çıxara bilir. Eyni
sözləri ictimai həyatın başqa sferaları
haqqında da desək olar. Məhz buna
görə də cəmiyyətdə iqtisadiyyat, siyasət və
mənəvi həyat vəhdətdə olur. Sadaladığımız xarici vasitələrdən
əlavə, siyasi sistem öz daxili elementləri tərəfindən
də məhdudlaşdırılır. Bunlardan
biri ayrı-ayrı siyasi təsisatların fəaliyyət
istiqamətləri, müxtəlif ictimai qrupların siyasət
sahəsindəki səyləri arasındakı ziddiyyətlərdir.
Bu baxımdan,
siyasi sistemi öz tələbat və mənafeləri ilə
fərqlənən sosial qrupların mübarizə səhnəsi
kimi nəzərdən keçirmək olar. Siyasi sistemin başlıca funksiyası cəmiyyəti
səmərəli idarə etməkdir. İdarəetmə
müvafiq dövlət orqanları tərəfindən qərarların
qəbul edilməsi və yerinə yetirilməsi prosesidir.
Qərarların məzmununa və onların
reallaşması üsullarına öz xüsusi təşkilatları
vasitəsi ilə müxtəlif sosial qruplar təsir edirlər.
İdarəetmə ilə xüsusi adamlardan ibarət
rəhbər qrup məşğul olur. Bura
siyasi partiyaların və mənafe qruplarının nümayəndələri
daxil olur. İdarəetmə ilə məşğul
olan bu qrupun əsas ictimai funksiyası hüquqi normaların,
inandırmanın və manipulyasiyanın köməyi ilə
ilə dövlətə daxil olan fərdlərin və
qrupların yanaşı mövcudluğunu təşkil və
tənzim etməkdən ibarətdir”.
Xatırladaq ki, siyasi sistemlərin klassik təsnifatı
ilk dəfə 1956-cı ildə Q.A.Almond tərəfindən
irəli sürülüb. O, siyasi sistemləri dörd əsas
kateqoriyaya bölür: ingilis-amerikan siyasi sistemləri,
kontinental Avropa siyasi sistemləri, sənaeyəqədərki
siyasi sistemlər, totalitar siyasi sistemlər. Onun
fikrincə, ilk iki tip demokratik siyasi sistemlərdir”.
Fəlsəfə
doktorunun fikrincə, bəzi müəlliflər siyasi sistemləri
onlarda mövcud olan siyasi partiyaların sayına əsasən
tiplərə ayırmağı təklif edirlər:
“Ümumiyyətlə, mövcud ədəbiyatda siyasi sistemlərin
çoxlu təsnifatına rast gəlmək olur. Politoloqlar yalnız inkişaf etməkdə olan
ölkələrdə onlarla siyasi sistemin olduğunu qeyd edirlər.
Bəzi Amerika və ingilis alimləri hətta hər
şəhərin, firmanın, həmkarlar ittifaqının,
klubun fikrincə, hazırda dünyada dövlət
quruluşuna əsaslanan yüzlərlə siyasi sistem
vardır. Bəzi politoloqlar siyasi sistemlərin tarixi təsnifatını
verməyi məqsədəuyğun hesab edir və bu zaman
dövlət quruluşuna əsaslanan cəmiyytələrldə
tarixən aşağıdakı siyasi sistemlərin
olduğunu göstərirlər: imperiya, müasir milli dövlət
və konfederasiya”.
Ümumiyyətlə,
siyasi ədəbiyyatda dövlət anlayışı ali hakimiyyət orqanlarında təmsil olunan
insanların birliyi kimi başa düşülür. Bu da o deməkdir ki, dövlət cəmiyyətdə
siyasi sistemin əsas təsisatıdır. Yəni,
dövlət cəmiyyəti idarə edir və onun siyasi və
ictimai quruluşunu təmin edir.
Qədim Yunan filosofu Demokrit hesab edirdi ki, dövlətin əsas
vəzifəsi ölkədə ədaləti təmin etməkdir. Dövlət
qorunub saxlananda hər şey tam halındadır, dövlət
dağılsa onunla birlikdə hər şey məhv olar.
Əslində dövlətin birinci
ünsürü olan ərazi dövlətin fiziki, maddi-təbii
əsasıdır, onun məkan mahiyyətidir. Dövlətin ikinci ünsürü mövcud
dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə
tabe olan əhalidir. Dövlətin
üçüncü ünsürü müəyyən ərazidə
müvafiq orqanlar tərəfindən həyata keçirilən
dövlət hakimiyyətidir. Dövlətin
formalaşması üçün dövlət hakimiyyəti
tarixi zərurətdir. Bu baxımdan da vətəndaş
cəmiyyəti 10 prinsipə bölünür ki, onlar
arasında xüsusilə diqqətdə - hüquqi, demokratik,
sosial, sivil dövlətin formalaşması hesab olunur. Vətəndaş cəmiyyətində insanlar
azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil
şəxsiyyət kimi yetişir. Vətəndaş
cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində
geniş fəaliyyət göstərir. Bu
cəmiyyətin formalaşması zamanı bütün sahələrdə
sivilizasiyalaşma baş verir. Vətəndaş
cəmiyyətinin hüdudlarına gəlincə isə, o, bir
tərəfdən mülkiyyət, plüralizm, sabitliklə,
digər tərəfdən hüquqi dövlət, demokratiya və
vətəndaşların ictimai fəallığı ilə
sıx bağlıdır.
Ekspertlərin fikrincə, demokratiyanı siyasi sistem
formalaşdırır və onun dayanıqlı olması
üçün isə vətəndaş mövqeyi, vətəndaş
cəmiyyəti, eləcə də hüquqi dövlətin
mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti
insan azadlığı və hüquqlarından xəbərsiz,
özünü ifadə etməkdən çəkinən, məqsədlərinə
çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən
vətəndaşlardan yarana bilməz.
Qeyd edək ki, cəmiyyətin siyasi sistemi bir sıra
amillərlə müəyyən olunur. Bu amillər
içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik
formasını, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə
siyasi-ideoloji və mədəni münasibətlərin
xarakterini göstərmək olar.
Müasir politologiyada və sosiologiyada cəmiyyətin
siyasi sisteminin öyrənilməsi mühüm yer tutur.
Amerika politoloqu D.İston belə hesab edir ki, siyasi sistem
bir-biri ilə qarşılıqlı əlaqədə olan
subyektlərin məcmusudur ki, həmin subyektlər vasitəsilə
cəmiyyətdə dəyərlər hökmlə və
peşəkarcasına bölüşdürülür. İ.Husa
görə siyasi sistem bütövlük təşkil edən
və müəyyən fəlsəfi, dini, idarəçilik
forması məzmunu kəsb edən ideyaların, prinsiplərin,
qanunların, doktrinaların və s. kompleksidir.
T.Madronun fikrincə, cəmiyyətin siyasi sistemi mürəkkəb
münasibətlər şəbəkəsi vasitəsilə
birləşən obyektlərin və onların əlamətlərinin
məcmusudur.
Ümumiyyətlə “siyasi sistem” anlayışı
geniş və dar mənalarda işlənir. Geniş mənada
siyasi sistem siyasi münasibətləri, siyasi şüuru və
cəmiyyətin siyasi təşkilatlarını özündə
birləşdirir. Dar mənada siyasi sistem cəmiyyətin
siyasi həyatında iştirak edən dövlət təsisatlarını,
siyasi partiyaları və ictimai təşkilatları, kütləvi
informasiya vasitələrini əhatə edir.
Siyasi elmlər
doktoru Gülzar İbrahimova qeyd edir ki, hüquqi dövlət
konsepsiyası insanın azadlığının təzahür
sferasını müəyyənləşdirməyə
yönəlib: “Dövlətin vətəndaşın
azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun
və qanunazidd kimi tanınır. Hüquqi
dövlətin yaradılmasının
formalaşdırılması insan hüquq və
azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş
qarşısında və vətəndaşın dövlət
qarşısında məsuliyyəti, qanunun nüfuzunun
yüksəldilməsi və hüquq-mühafizə
orqanlarının effektiv işi ilə əlaqələndirilir.
Vətəndaş cəmiyyəti vətəndaşları
birləşdirən ictimai şəbəkə olmaqla dövlət
vasitəsilə deyil, vətəndaşların özü və
müəssisələr tərəfindən yaradılır,
fəaliyyətdə olan qanunlar çərçivəsində
dövlətə münasibətdə muxtar xarakter
daşıyır”.
Onun
fikrincə, vətəndaş cəmiyyəti
sivilizasiyasının müasir səviyyəsində fərdlər,
qruplar və birliklər arasında dövlət vasitəsilə
şərtlənməyən, özünəməxsus,
inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni,
hüquq və siyasi münasibətlərdir: “Hüquqi
dövlətdə bazar münasibətləri və iqtisadi cəhətdən
müstəqil insan kütləsi məkanında vətəndaş
cəmiyyətinin olması mümkündür. Vətəndaş
cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada
siyasi elitanın “söz keçirməsi” cəmiyyətin
liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir
və sərbəstlik demokratiyanı yaradan şərtlərdən
biridir və demokratik şəraitdə hüquqi dövlət
daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd
bağlılığı göz önündədir”.
Rəşid
RƏŞAD
Ekspress.-2017.-14-16 yanvar.-S.11.