Bərabərlik olmadan hüquqi dövlət olmaz

 

Bərabərlik hüququ hüquqi dövlətin əsas xüsusiyyətlərindən sayılır. İnsanların bərabər hüquqlu olmasını qəbul etməyən dövlət hüquqi dövlət ola bilməz.

 

Düzdür, hüquqi dövlətdə əsas prinsip qanunların aliliyidir. Bu o deməkdir ki, dövlət qəbul etdiyi qanunların aliliyini təmin edir, onun tələblərinə özü də əməl edir. Qanunun aliliyi prinsipinə görə, hətta antidemokratik dövlətlərdə belə qanunlara əməl edilirsə bu, hüquqi dövlətin əlamətidir.

 

Amma yalnız qanunun aliliyi ilə hüquqi dövlət sistemi tam formalaşmır. Hüquqi dövlət həm də bütün təbii hüquqları tanımalı, onu rəhbər tutmalıdır. Bu baxımdan bərabərlik hüququ hüquqi dövlətin formalaşmasının başlıca şərtlərindən sayılır.

 

Bərabərlik hüququnun öncüllüyü bütün hüquqi dövlətlər tərəfindən şəksiz qəbul olunur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsində deyilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrakvicdana malikdirlər. Ona görə də bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

 

Hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən irəli gəlib. Məhz bu prinsiplərə əməl olunmaması həmişə hüquq və azadlıqların pozulması üçün səbəb olub. Bərabərliyin pozulmasının daha geniş yayılmış forması ayrı-seçkilikdir. Buna görə də ayrıseçkiliyin ləğv edilməsi hüquq bərabərliyinin tam reallaşmasının ən mühüm şərtlərindəndir.

 

Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir. Insan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində bəyan edilir: “ İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar.”

 

Bu prinsipi əsas tutan Azərbaycan dövləti Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda dövlətimiz hər cür ayrı-seçkiliyə görə məhdudlaşdırmaları qadağan edir.

 

Bərabərlik hüququ Azərbaycan Konstitusiyasının 25-ci maddəsində öz əksini tapıb. Maddədə hamının qanun və məhkəmə qarşısında bərabər olması, kişi və qadınların hüquq bərabərliyi, eləcə də bərabərlik hüququ ilə qarşılıqlı surətdə bağlı olan ayrı-seçkiliyə yol verilməməsi prinsipi əks olunub. Təklif olunan əlavələrdə bərabərlik hüququnun və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun məzmunu genişləndirilir, bu hüquqların mühüm elementləri (təminatları) Konstitusiya səviyyəsində təsbit edilir.

 

Birinci əlavədə (25-ci maddənin 4-cü hissəsi) nəzərdə tutulur ki, heç kəsə onun irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Başqa sözlə, göstərilən əsaslara görə insanlara üstünlük verilməsi, yaxud onların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

 

Nəzərə almaq lazımdır ki, dövlət qanunvericilikdə bərabərlik prinsipindən bir sıra istisnalar müəyyənləşdirə, yəni bəzi kateqoriya insanlar (məsələn, qadınlar, uşaqlar, əlillər və s.) üçün güzəştlər və ya imtiyazlar nəzərdə tuta bilər. Bu, özü-özlüyündə ayrı-seçkilik sayılmır.

 

Beləliklə, Azərbaycan da bərabərlik hüququnu tanıyır və bunula bağlı mövcud olan dəyərləri qəbul edir. 1995-ci ildə qəbul olunan Konstitusiyamızda bərabərlik hüququ ilə bağlı ayrıca maddə mövcuddur. Bərabərlik hüququ 25-ci maddədə təsbit olunur. Bu maddədə qeyd edilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

 

Göründüyü kimi, Konstitusiyada bəyan olunan bərabərlik hüququ hər kəsin hüquq və azadlıqlarının bərabərliyini ifadə edir. Bu hüquq qanunvericilikdə nəzərdə tutulan digər hüquq və azadlıqlardan ayrılıqda işləmir və hər hansı şəxsi həmin hüquq və azadlıqlarından istifadə zamanı diskriminasiyadan qoruyur.

 

Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında bərabərlik hüququ ilə bağlı izah var. İzahda qeyd edilir ki, bərabərlik hüququ tarixən feodal imtiyazlarına müqabil yaranaraq tədricən insan, cəmiyyət və dövlət arasında olan münasibətləri tənzimləyən çox vacib prinsipin əsasını qoyub. Hüquq bərabərliyi eyni zamanda konstitusionalizmin təməl prinsiplərindən və demokratiyanın ayrılmaz elementlərindən biri kimi tanınır.

Təsadüfi deyildir ki, bərabərlik hüququ buya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsi, Mülkisiyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 14-cü maddəsi və həmin Konvensiyanın 12 saylı protokolunun 1-ci maddəsinin 2-ci bəndi və s.).

Bərabərlik hüququ mahiyyətcə qanun və məhkəmə qarşısında hamının məhz hüquq və azadlıqlarının bərabərliyini ifadə etsə də, insanların mexaniki bərabərləşdirilməsini nəzərdə tutmur. Azərbaycan Konstitusiyanın 25-ci maddəsinin III hissəsinin müddəalarına görə bu hüququn pozulmasından yalnız o halda bəhs etmək mümkündür ki, hər hansı şəxsin hüquq və azadlıqlarının bərabərliyi obyektiv hüquqi meyarlar baxımından məhdudlaşdırılmış olsun.

Bəzi şərhlərdə ölkəmizdə Cinayət Məcəlləsinin 79-cu maddəsində bərabərlik hüququnun pozulduğu iddia edilir. Həmin iddialara əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilən qadınlara münasibətdə bərabərlik hüququnun pozulmasından bəhs olunur. Adıçəkilən maddədə qadınlarla kişilərin fərqləndirildiyi, qadınlara imtiyaz tanındığı bildirilir.

 

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79-cu maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, I və II qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heçqalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir.

Həmçinin nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsi qəbul edildikdən sonra qanunverici tərəfindən ona bir neçə dəfə dəyişikliklər edilib. 2007-ci ildə qəbul olunan Qanunla 79-cu maddəsində dəyişikliklər edilərək, “şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla uşağı olan qadınların” ifadəsində “məhkum edilmiş qadınlar” sözləri “məhkum edilmiş şəxslər” sözləri ilə əvəz olunub, “uşağı olan qadınlar” sözlərindən sonra isə “habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilib. Bu dəyişikliklərin nəticəsi olaraq maddənin əhatəsi cinsindən asılı olmayaraq bütün şəxslərə-həm qadınlara, həm də kişilərə aid olunubburada mümkün olan cinsi qeyri-bərabərlik aradan götürülüb.

 

Konstitusiya Məhkəməsi şərhində bildirir ki, bundan başqa, 8 yaşınadək uşaqları olan bəzi məhkum edilən şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan Cinayət Məcəlləsinin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Belə olan halda isə Konstitusiyanın 25-ci maddəsinin I, II və III hissələrinə istinadən məhkum olunan qadınların hüquqlarının pozulması barədə fikir hüquqi baxımdan əsaslı görünmür.

 

Cinayət Məcəlləsinin 79-cu maddəsi ilə bağlı şərhinə verən Konstitusiya Məhkəməsi hesab edir ki, Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə müvafiq olaraq dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

 

Bu normadan göründüyü kimi Azərbaycanda hər bir şəxsin öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna dövlət təminatı verilir. Belə hüququn və təminatın mövcudluğu ölkəmizdə insan hüquq və azadlıqlarının bəyan olunması ilə kifayətlənməməsinə və bunların həqiqətən həyata keçirilməsinin dövlət tərəfindən dəstəklənməsinə dəlalət edireyni zamanda Azərbaycanın ATƏT-in üzvü kimi həmin beynəlxalq təşkilatın Vyana Yekun Sənədinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliyin icrasına yanaşmasının göstəricisi kimi çıxış edir.

 

Qeyd edək ki, hüquq və azadlıqlarını müdafiə etmək hüququnun reallaşması üçün ölkəmizdə bir sıra qanunlar (məsələn, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, Mülki, Cinayət, Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələri və s.) qəbul edibqanunvericilik, icra hakimiyyəti, yerli özünüidarə (bələdiyyə) orqanlarından başqa həmin məsələ ilə bilavasitə məşğul olan xüsusi təsisatlar (o cümlədən, prokurorluq orqanları, məhkəmələr, Ombudsmans.) yaradılıb.

 

Konstitusiya Məhkəməsinin şərhindən aydın olur ki, Konstitusiyada təsbit edilən müddəalar sahəvi qanunlar da öz təsbitini tapıb və bütün qanunvericilik aktlarında bərabərlik prinsipi gözlənilir.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-14-16 yanvar.-S.10.