QHT sahəsində yeni dönüş - Vətəndaş
cəmiyyəti institutlarını narahat edən problemlər
həllini tapır
Azərbaycanda vətəndaş
cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının
rolu danılmazdır. Ölkə rəhbərliyi tərəfindən
Azərbaycanda III sektorun rolu həmişə dəyərləndirilib
və bu dəstək indi də davam etdirilir.
Ölkəmizdə indiyə qədər xarici donorların fəaliyyətində, ölkəyə gələn qrantların təyinatında bir pərakəndəlik müşahidə olunurdu. Son illər həyata keçirilən tədbirlər də məhz bu istiqamətdə islahatlara yönəlmişdi. Azərbaycan Respublikasının Prezidentt İlham Əliyevin bir müddət əvvəl bu sahədə imzaladığı fərmana əsasən, xarici donorların Azərbaycan QHT-lərinə qrant verməsində yeni “bir pəncərə” prinsipinin tətbiq olunması artıq ciddi effekt verməyə başlayıb. Belə ki, fərmanla 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilib. Ekspertlər “bir pəncərə” prinsipinin QHT-lərin əsas problemlərini əhəmiyyətli dərəcədə aradan qaldıracağına ümid edirlər.
Yanvarın 12-də Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edib. “Qrant haqqında” qanuna əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.
Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na edilən dəyişikliyə əsasən xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin (qərarının) qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi “bir pəncərə prinsipi” üzrə Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na uyğun həyata keçiriləcək. Həmin Qaydaya əsasən xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir.
Qrant vermək hüququnun əldə edilməsi üçün Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.
“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na görə indiyədək müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına - Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Dəyişikliyə əsasən bu müddət uzadılıb. Artıq müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 30 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Digər dəyişiklik Azərbaycanda dövlət büdcəsi hesabına verilən qrantlarla bağlıdır. İndiyə qədər dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana - Ədliyyə Nazirliyinə donor tərəfindən 3 gündən gec olmayaraq təqdim olunub. Artıq dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 gündən deyil, 7 gündən gec olmayaraq təqdim olunacaq.
Növbəti dəyişiklik qrant müqaviləsinin hansı halda xidmət müqaviləsi kimi qeydə alınmasının mümkünlyü ilə bağlıdır. Başqa sözlə, qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər. Digər dəyişikliklər qrant müqaviləsinin (qərarının) Ədliyyə Nazirliyində qeydə alınması üçün tələb edilən sənədlərin sayının azaldılması ilə bağlıdır. Bundan sonra qrant müqaviləsinin qeydə alınması üçün müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti, qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd tələb olunmayacaq. Ancaq Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsinin yoxlanılmasını araşdırmalıdır. Eyni zamanda Ədliyyə Nazirliyi artıq bildirişin verilməsi üçün Azərbaycanın rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğunu araşdırmayacaq.
Bundan sonra həm də xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin alınması tələb olunduğu halda, qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy qeydiyyat orqanına daxil olduqdan sonrakı gün başlanılacaq. İndiyə qədər təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı - Ədliyyə Nazirliyi müqavilənin (qərarın) qeydə alınmasını dayandırıb və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edib. Dəyişikliyə əsasən 5 iş günü müddəti 10 iş günü müddəti ilə əvəz edilib.
Ədliyyə Nazirliyi tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından imtina hallarının da sayı artırılıb. Başqa sözlə, xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda və ya qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə qrant müqavilələri qeydə alınmayacaq.
“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na edilən dəyişikliyə əsasən “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması” da ləğv edilib.
“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklikləri şərh edən Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyevin fikrincə, bu qərar “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda nəzərdə tutulan xüsusilə xarici donorlardan alınan qrantların qeydiyyatını xeyli dərəcədə sadələşdirəcək. Nuriyev Nazirlər Kabinetinin məlum qərarını “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli Fərmanının icrasının pozitiv nəticələri kimi qiymətləndiririr. “Çünki qərar əsaslı olaraq qrant müqavilələrinin qeydiyyatına süni manəelər və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:qrant müqavilələrinin qeydə alınması üçün təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır; bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir; qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alınır; qrant müqavilələrinin (qərarlarının) qeydiyyat üçün təqdim edilməsi və baxılması müddətləri artırılır; qrant müqaviləsinin qeydiyyatı üzrə Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan Respublikasının qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğunun yoxlanması ləğv edilir”.
Ə.Nuriyev hesab edir ki, bütün bunlar qrant müqavilələrinin qeydiyyatı sahəsində hüquqi mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Onun sözlərinə görə, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklərdə Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının bir sıra təklifləri nəzərə alınıb. Bunu eyni zamanda, hökumət-vətəndaş cəmiyyətinin səmərəli müzakirələrinin əhəmiyyətli nümunəsi kimi də qiymətləndirən
Platformanın koordinatoru bildirib ki, artıq vətəndaş cəmiyyəti institutlarını narahat edən problemlərin həlli istiqamətində ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Nuriyevin sözlərinə görə, xarici donorlar tərəfindən qrantların verilməsi ilə bağlı qaydalarda da dəyişikliklər hazırlanır: “Hesab edirik ki, “Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının icrası üzrə proseslər tam başa çatmayıb. Bundan sonra “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda da əhəmiyyətli sadələşdirmələr aparılacaq”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə görə, Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə verdiyi qərar Azərbaycanın vətəndaş cəmiyyətinə yeni nəfəs verəcək. “Müsbət haldır ki, Azərbaycanda qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülür” deyən Mirzəyev bunu QHT-lərin qaldırdıqları problemlərin həllinə dövlətin adekvat reaksiyası kimi qiymətləndirir.
Onun fikrincə, “bir pəncərə” QHT-lərin əsas problemlərini əhəmiyyətli dərəcədə aradan qaldıracaq. “QHT olsun, vətəndaş cəmiyyətinin digər institutları olsun, bu sahədə fəaliyyət göstərən hər bir kəsin işində şəffaflıq olmalıdır. Cənab Prezidentin fərmanı, o cümlədən Nazirlər Kobinetinin qəbul etdiyi son qərar mənim fikrimcə, ortada olan boşluqları aradan qaldıracaq”.
Sonda yekunlaşdıraraq demək olar ki, atılan addımlar eyni zamanda Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığın ən əhəmiyyətli təzahürünə çevrilib.
Murad
MƏMMƏDLİ
Ekspress.-2017.-17 yanvar.-S.10.