Açıq hökumətin
təşviqində medianın rolu
Məlum olduğu kimi, Açıq Hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib. Bu plandan irəli gələn vəzifələrin daha yaxşı icra edilməsi üçün QHT-media əməkdaşlığı da qaçılmazdır. Bəs bu gün Azərbaycanda Açıq Hökumətin təşviqində medianın dəstəyi nə qədərdir?
Öncə onu qeyd edək ki, Açıq Hökumət təşəbbüsünə Azərbaycan 2011-ci ildə qoşulub. Bu təşəbbüsün əsas elementlərindən biri mediadır. Belə ki, media Açıq Hökumət məsələsində görülən işlərin çatdırılmasında, təşəbbüslərin dəstəklənməsində özünəməxsus yer alır.
“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin sədri Elxan Şükürlü hesab edir ki, Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı təşəbbüslərə fəal media dəstəyinin verilməsi yolu ilə cəmiyyətin müxtəlif təbəqələrini məlumatlandırmaq olar. ılmasıdır. Rəhbərlik etdiyi qurumun məsələylə bağlı bugünlərdə dəyirmi masa keçirdiyini xatırladan Şükürlünün sözlərinə görə, tədbirin əsas məqsədi də Açıq Hökumət təşəbbüslərində KİV-in rolunu, bu məsələlərdə media-QHT əməkdaşlığının müxətlif aspektlərini müzakirəyə çıxarmaq olub. “Ümid edirəm ki, dəyirmi masada səslənən təklif və tövsiyələrdən gələcəkdə səmərəli şəkildə faydalanmaq olacaq”.
Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyevin sözlərinə görə, Açıq Hökumətin ən mühüm prinsiplərindən biri informasiya əlçatanlığının təmin edilməsidir ki, bu istiqamətdə də KİV-lərin üzərinə böyük yük düşür:
“İnformasiyanın əlçatanlığı hər bir cəmiyyətdə inkişafın zəruri elementlərindəndir. Xüsusən də vətəndaşların onları idarə edən hökumətin, dövlət orqanlarının fəaliyyəti barədə məlumatlı olması həm şəffaflığın təmin edilməsi, həm də problemlərə daha adekvat reaksiya verilməsi üçün çox vacibdir” deyən Nuriyev bu məsələlərdə KİV-in xüsusi rola malik olduğunu bildirir. Dediyinə görə, media bu məsələri aktullaşdırmaqda, təşviq etməkdə vətəndaş cəmiyyətinə böyük töhfələr verir. Eyni zamanda, KİV-in bu fəaliyyəti islahatlar üçün ictimai etimad mühitinin yaradılmasına xidmət edir.
O, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması bu sahədə KİV-in təkliflərinə və əməkdaşlığına hər zaman açıq olduğunu vurğulayıb. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planınında da informasiya açıqlığının təmin olunması ilə bağlı tədbilər nəzərdə tutulub və KİV təmsilçiləri bu məsələlərdə daha fəal olmalıdırlar.
QHT-lərə Dövlət Dəstəyi Şurasının İcraçı katibinin müavini Rauf Məcidbəyli media tərəfindən Açıq Hökumət təşəbbüsləri ilə bağlı maarifləndirmənin rolunun danılmaz olduğunu bildirib. Dediyinə görə, QHT-lər də bu məsələlərlə bağlı media ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışmaldırlar.
Ekspert Zaur İbrahimli əməkdaşımızla söhbətində bildirib ki, KİV məlumatlandırma, maarifləndirmə, nöqsanların aşakarlanması və ictimailəşdirilməsi, ictimai maraq və mənafelərin ifadə olunmasıyla Açıq Hökumət ideyasının təşviqi, vətəndaşların Açıq Hökumət islahatlarına geniş cəlb olunmasında çox əhəmiyyətli missiya yerinə yetirə bilər: “Dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması sahəsində KİV vətəndaş cəmiyyətinin dəstəyi ilə hökumət-cəmiyyət (idarəedənlər və idarə olunanlar) arasında körpü, əks-əlaqə mexanizmi rolunu oynaya bilər. Mətbuat ictimai əhəmiyyətli qərarların qəbulu, yaxşı idarəetmə, hesabatlılıq, şəffaflığın təmin edilməsi məsələləri ilə bağlı debatları, müzakirələri dəstəkləməklə, Açıq Hökumət təşəbüslərinə yol açılmasında, vətəndaş cəmiyyətinin vəkillik səylərinin uğurla nəticələnməsində aparıcı rola malikdir” deyən İbrahimlinin sözlərinə görə, islahatlar üçün zəruri etimad mühitinin formalaşdırılmasında KİV çox vacib rola malikdir. Açıq Hökumət təşəbbüsləri üçün geniş ictimai iştirakçılıq, vətəndaş iştirakçılığı zəruri şərtlərdəndir. İctimai rəy formalaşdırılmasında çox mühüm rol oynayan institut kimi KİV bu sahədə vətəndaş cəmiyyətinin əsas tərəfdaşı kimi çıxış edir.
AHT təşəbbüsləri KİV-in daha dolğun informasiya almaq, araşıdırmalar aparmaq, vətəndaş cəmiyyəti təsisatı kimi ictimai nəzarətin həyata keçirilməsində fəal rol almağında yeni imkanlar təqdim edir. AHT təşəbbüsləri söz və mətbuat azadlığının hüdudlarını genişləndirir, KİV-in ictimai qərarların qəbulu, dövlət xərcləri, vəzifəli şəxslərin fəaliyyəti və s. ilə bağlı məlumatlar əldə edilməsi, açıq debatlar və müzakirələr üçün yeni alətlər yaradılmasında yardımçı olur.
Z.İbrahimliyə görə, AHT təşəbbüsləri KİV-in jurnalistlərin ictimai əhəmiyyətli qərarların qəbulu, dövlətin fiskal siyasəti, dövlət xərcləri və s. ilə bağlı bilik və bacarıqlarına artırmağa yardım göstərir. Onun sözlərinə görə, Açıq Hökumətin təşviqi sahəsində QHT-lər KİV üçün təlim proqramları hazırlaya, jurnalistlər üçün açıq böyük massiv məlumat bazaları ilə işləmək bacarıqlarının artırılmasında yardım göstərə bilər. Bundan başqa, III sektor mətbuat üçün AHT prinsipləri və fəaliyyətləri ilə debatlar, müzakirələr, araşdırmalar üçün mövzu, ekspert və texniki dəstək təqdim edə bilər: “QHT-lər KİV, jurnalistlər üçün qanunvericiliyin izahı, aydınlaşdırılması, müxtəlif bələdçi vəsaitlərin hazırlanması ilə bağlı fəaliyyətlər həyata keçirə bilər. Jurnalist araşdırmalarının dəstəklənməsi, informasiya almaq, kənar təzyiqlərdən müdafiə də KİV-ə yardım fəaliyyətləri kimi nəzərdə tutulmalıdır”.
Ekspertin dediyinə görə, Açıq Hökumətin təşviqi sahəsində KİV-QHT əməkdaşlığı Açıq Hökumət Təşəbbüslərinə geniş ictimai dəstəyin təmin edilməsinə, ictimai vəkillik səylərinin uğurla nəticələnməsi üçün açıq müzakirə, debatların daha geniş miqyas almasına, hökumət strukturlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın artırılmasına gətirib çıxara bilər: “Bu əməkdaşlıq ictimaiyyətin, cəmiyyətin müxtəlif təbəqələrinin qərarların qəbulu prosesinə təsir imkanlarının artmasına, ictimai nəzarət mexanizmlərinin praktikada daha yaxşı tətbiqinə, söz və ifadə azadlığı, informasiya almaq hüququnun daha etibarlı müdafiəsi və reallaşdırılmasına, dövlət qurumlarının innovasiyalara təşviq edilməsinə, hökumətlə cəmiyyət arasında etimadlı münasibətlərin yaradılmasına çox böyük töhfə verərdi”.
Xatırladaq ki, 2011-ci il sentyabr ayında 69 dövlətin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, “Bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirlidiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər”.
Bəyannaməni imzalyan ölkələr 4 istiqamət üzrə öz üzərlərinə öhdəlik götürüblər: 1) hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması; 2) idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi; 3) dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi; 4) hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması.
Azərbaycan Respublikası 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Azərbaycan hökuməti Tərəfdaşlığına qoşulmaqla açıq hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, busahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib.
“2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənib. Milli Fəaliyyət Planının əsas prinsip və dəyərləri Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi ilə əlaqədar idi.
Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı 9 əsas tematik öhdəlik qrupundan, ümumilikdə, 43 əsas və köməkçi fəaliyyət növlərindən (“İnformasiya əldə edilməsinin asanlaşdırılması; “Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəmməlumat verməsi; “Normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi; “Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakınıngenişləndirilməsi; “ Elektron xidmətlərin təkmilləşdirilməsi; “Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması; “Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması; “Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənayesahələrində şəffaflığın artırılması; “Açıq hökumət təşəbbüsü üzrə maarifləndirici materialların nəşri və əhali arasında paylanması) ibarət idi.
27 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə isə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 60 tədbiri əhatə edir.
NƏRGİZ
Ekspress.-2017.-1 fevral.-S.10.