Avropa Azərbaycanlıları
Konqresi
Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında
Avropa Azərbaycanlıları Konqresinin (AAK) böyük rolu
var. AAK 2004-cü ilin aprelin 17-də Berlin şəhərində
təsis olunub.
Konqresin təsis konfransında dünyanın 28
ölkəsindən 50-dən artıq diaspor təşkilatlarından
264 nümayəndə qatılıb.
Konfransda
Rusiya, Ukrayna, Belarus, İsveç, İsveşrə, Fransa və
digər ölkələrdəki Azərbaycan icmalarının
nümayəndələri iştirak edib. Konfransda Türkiyə
Böyük Millət Məclisinin, Almaniya Bundestaqının
üzvləri, eyni zamanda Azərbaycan nümayəndə heyəti
iştirak edib. Konfransda Azərbaycan Prezidenti cənab
İlham Əliyev tədbir iştirakçılarına təbrik
məktubu oxunub. Təsis konfransında
AAK-ın Nizamnaməsi qəbul edilib və qurumun rəhbər
orqanları seçilib. Təsis konfransının
sonunda 50-dən artıq icma və birliklərin iştirakı
ilə rəsmi razılıq protokolu imzalanıb və tədbir
iştirakçıları Azərbaycan Prezidenti İlham
Əliyevə müraciəti qəbul olunub.
AAK-ın indiyədək 5 qurultayı keçirilib. İlk qurultay
2004-cü ildə, 5-ci qurultay 2017-ci ildə olub. İlk qurultayda AAK təsis edilib.
İkinci qurultay 2007-ci ilin martın 10-da Bakıda AAK II
qurultayı keçirilib. Qurultayın işində
Avropanın 30-dan çox ölkəsində fəaliyyət
göstərən 84 Azərbaycan diaspor təşkilatından
139 nümayəndə iştirak edib.
Qurultayda Azərbaycan icmalarının türk diasporu ilə
əməkdaşlıq imkanları və digər məsələlər
də diqqət mərkəzində olunub. Qurultayın Qətnaməsinə
uyğun olaraq 2007-ci ilin mayında AAK-in 2007-2009-cu illəri əhatə
edən fəaliyyət proqramı hazırlanıb və
2007-ci ilin iyulunda İcraiyyə Komitəsinin Berlində keçirilən
iclasında təsdiq edilib. Toplantıda təsis
qurultayından keçən dövr ərzində təşkilatın
fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi
dinlənilib. Tədbirdə AAK-ın Avropadakı diaspor
fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın
ideya-siyasi birliyinin daha da gücləndirilməsi, qitədəki
Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının
və başqa diaspor təşkilatlarının fəaliyyətinin
koordinasiya imkanlarının artırılması məsələləri
geniş müzakirə olunub. Bundan başqa, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda
dövlətimizin ədalətli mövqeyinin Avropanın aparıcı
ölkələrində dəstəklənməsi və bu sahədə
ciddi addımların atılması ilə bağlı da təkliflər
səsləndirilib.
AAK-ın üçüncü qurultayı 2009-cu ilin aprelində
keçirilib.
Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə
və qonaqlar iştirak edib. Toplantıda Avropadakı Azərbaycan
diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin
artırılması,icmaların fəaliyyətinin
koordinasiya edilməsi, Azərbaycan həqiqətlərinin Avropa
ictimaiyyətinə çatdırılması, soydaşlarımızın
hüquq və azadlıqlarının müdafiəsi ilə
bağlı qərarlar qəbul olunub. Qurultayda AAK-ın gənclər
qolunun gücləndirilməsi,konqresdə
təmsil olunan təşkilatların ətrafındakı gənclərin
potensialından,imkanlarından səmərəli istifadə məqsədilə
təşkilat komitəsi yaradılması təklif olunub.
AAK-ın
növbəti qurultayı 29 aprel 2012-ci il
tarixində Almaniyanın paytaxtı Berlin şəhərində
keçirilib. Qurultayda AAK üzv təşkilatların rəhbərlərinin,
Azərbaycanın dövlət və hökumət nümayəndələrinin,
millət vəkillərinin, xarici ölkə deputatlarının,
AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin,
həmçinin digər xalqların diaspor təşkilatlarının
təmsilçiləri iştirak edib.
AAK-ın 5-cu Qurultayı 2017-ci ilin fevralın 27-də Niderland
Krallığının Amsterdam keçirilib. Konqresin V Qurultayına
Avropanın 27 ölkəsindən 87 nümayəndə qatılıb.
Qurultayda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov və Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimov iştirak ediblər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Avropa Azərbaycanlıları
Konqresinin V Qurultayının iştirakçılarına
müraciətini oxuyub.
Dövlət başçısının müraciətində
bildirilir ki, müasir dövrdə qələbələr təkcə
hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə
təmin edilir.
Bu sahədə vacib resurslardan biri də xarici
ölkələrdə yaşayan həmvətənlərimiz
və onların yaratdıqları təşkilatlardır.
Bu baxımdan, Azərbaycan diasporu öz fəaliyyətini daha
da genişləndirməli, işlərin koordinasiyasını
və dost ölkələrin oxşar təşkilatları ilə
əlaqələrini gücləndirməlidir. Diaspor
nümayəndələri ölkəmizlə bağlı məlumatları,
Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri
Avropa ictimaiyyətinə daha çevik və dolğun
çatdırmalı, mədəniyyətimizin təbliği
istiqamətində yeni metod və vasitələrdən səmərəli
istifadə etməlidirlər.
Prezidentin
bəyanatında deyilir: "2004-cü ildə təsis olunan
Konqres Avropa ölkələrində məskunlaşan soydaşlarımızın
təşkilatlanması və diaspor qurumlarının fəaliyyətinin
əlaqələndirilməsi istiqamətində ardıcıl
iş aparıb, qarşıya qoyduğu vəzifələrin
yerinə yetirilməsində uğurlar qazanıb. Müstəqillik illərində Azərbaycanın Avropa
dövlətləri ilə siyasi, iqtisadi və humanitar sahələrdə
sıx əməkdaşlıq münasibətləri formalaşıb.
Ölkəmizin əlverişli coğrafi mövqeyi,
təbii ehtiyatları, xalqımızın zəngin mədəniyyəti
qitə dövlətləri ilə hərtərəfli əlaqələrin
inkişafında əhəmiyyətli yer tutur".
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov Qurultayda
çıxış edərək AAK-ın fəaliyyəti
barədə fikirlərini bildirib.
Ümummilli
lider Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin
qurulmasının, diasporun formalaşdırılmasının
dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrildiyini bildirən Prezidentin köməkçisi qeyd
edib ki, Prezident İlham Əliyev Ümummilli Liderin siyasətini
uğurla davam etdirərək diasporumuzun təşkilatlanması,
inkişafı, Azərbaycan ilə əlaqələrinin
gücləndirilməsi üçün daim yüksək diqqət
və qayğı göstərir: "Azərbaycan dövləti
xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq
olub və bundan sonra da dəstəyini əsirgəməyəcək.
Eyni zamanda, xaricdəki həmvətənlərimizin
yaşadıqları ölkələrdə cəmiyyətə
inteqrasiya etməsi, ictimai rəyə təsir imkanlarına malik
olması bizim üçün əhəmiyyətli və vacib
məsələdir".
Konqres Azərbaycanla bağlı məsələlərdə
aktiv fəaliyyət göstərir. AAK təmsilçiləri
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar
Avropa ölkələrində təşkil edilən tədbirlər
çərçivəsində Avropa Parlamentinin üzvləri
ilə görüşüblər.
İlk görüş Avropa Parlamentinin Bolqarıstandan
olan millət vəkili İlhan Kuçuklə keçirilib. O bildirib ki, Parlament üzvləri
ilə görüş böyük əhəmiyyət daşıyır
və hər bir dövlətin diaspora təşkilatları Avropa
Parlamenti ilə six əlaqədə olmalı, ölkələri
haqqında çıxarılan qərəzli, haqsız qərarlara
görə hesabat tələb etməlidirlər. İ.Kuçuk Azərbaycanın Brüseldəki səfirliyi
ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan
ilə əlaqələrin genişləndirilməsinə
çalışdığını deyib.
Növbəti görüş Avropa Parlamentinin Latviyadan
olan üzvü İveta Qriqule ilə keçirilib və hər
iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla əməkdaşlıq
imkanları müzakirə olunub.
Sonda Parlament üzvlərinə ingilis dilinə tərcümə
olunmuş "Əli və Nino"kitabı hədiyyə edilib.
AAK-ın
prezidenti və idarə heyətinin üzvləri Azərbaycan
Respublikasının Belçika Krallığı və
Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və
səlahiyyətli səfiri, Azərbaycan Respublikasının
Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri
Fuad İsqəndərovun dəvəti ilə ADR-ın 100 illiyi
münasibəti ilə əlaqədar təşkil edilən rəsmi
qəbulda istirak ediblər.
AAK Azərbaycanda baş verən proseslərə də
münasibətini bildirir. Konqres 2018-ci ilin iyulun
10-da radikal elementlərdən ibarət bir neçə qrupun Gəncə
şəhərində törətdiyi əməllə
bağlı bəyant verib. Bəyantda qeyd edilir ki, Gəncə
şəhərinin mərkəzində bir müddət əvvəl
şəhərin İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyevə qarşı sui-qəsd törədən
Yunis Səfərova dəstək məqsədilə qanunsuz aksiya
keçirərək ölkədə sabitliyi pozmaq cəhdləri
və hadisələr zamanı xidməti vəzifələrini
yerinə yetirərkən iki yüksək rütbəli zabitimizin
şəhid olmasını kəskin şəkildə qinayırıq
və baş vermiş hadisələrdən olduqca narahat oluruq:
"Hesab edirik ki, Azərbaycanda hökm sürən sabitliyi,
iqtisadi inkişafı həzm edə bilməyən düşmənlərin
göstərişi ilə ölkəmizdə törədilən
terror hadisələrinin qarşısını almaq
üçün xalqımız heç bir təxribata uymayaraq
təmkinli olmalı və dövlətimizin sabitliyi naminə
bu cür qruplara qarşı birgə mübarizə aparmalıdır.
Azərbaycan dövlətini çökdürmək
istəyən xain qüvvələr bu gun marionetka kimi istifadə
olunurlar. Onlar dövlətçiliyimizə
qarşı çıxaraq öz məqsədlərinə
çatmaq üçün sosial şəbəkələrdə
dövlət əleyhinə çağrışlar edərək
dövlət çevrilişi etməyə cəhd edir, ölkədə
ixtişaşlar törətməyə çalışırlar.
Heç təsadüfi deyil ki, bu hadisələr zamanı Avropada
məskunlaşmış radikal müxalifət də onlara dəstək
verdi. Dinc əhalini küçələrə
çixarıb ixtişaşlar törədərək qardaş
qirğınına nail olmaq isdədilər.
Bütün bunlara baxmayaraq radikal separatçıların
ümidləri boşa çıxdı.
Avropa Azərbaycanlıları Konqresi olaraq xalqımızdan
heç bir təxribata uymayaraq təmkinli olmalarını və
dövlətimizin sabitliyi naminə təxribatçılara
qarşı birgə mübarizə aparmağı xahiş edirik.
İnanırıq ki, hüquq mühafizə orqanları
tezliklə bu hadisiləri törədən, Azərbaycanda vətəndaş
qarşıdurması yaratmağa çalışan fanatik dini
təxribatçıların layiqli cəzalarını verəcək".
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunur
Vasif Cəfərov
Ekspress 2018.- 4 dekabr.- S.10.