Şimali
Amerikada diaspor işi
Şimali Amerikada mövcud olan 3 böyük ölkədən
2-də azərbaycanlıların sıx məskunlaşması
müşahidə edilir. Qeyri-rəmi məlumatlara əsasən
ABŞ-da 800 minə yaxın, Kanada da 200 minə yaxın azərbaycanlı
yaşayır.
ABŞ və Kanada da ümumilikdə 40 diaspor təşkilatı
fəaliyyət göstərir. Onlardan 26-sı
ABŞ-da, 14-ü Kanadada təsis olunub.
ABŞ-da təsis edilən diaspor təşkilatları 5
ştatda fəaliyyət göstərir. Daha çox təşkilat
Nyu-Yorkdadır. Burada 14 təşkilatın
fəaliyyət göstərdiyi bilinir. Vaşinqton
ştatında 4, Kaliforniyada 4, Texasda 1, Floridada 1 diaspor təşkilatı
var.
ABŞ-da olan diaspor təşkilatları digərlərinə
nisbətən aktiv fəaliyyətinə görə də
seçilir.
2015-ci ildən başlayaraq ABŞ-ın Florida ştatında
yaşayan həmvətənlərimizi birləşdirən diaspor
təşkilatı artıq "Florida Azərbaycan Amerika
İcması" adı ilə 2018-ci ildə qeydiyyata
alınıb. Uzun illərdir ABŞ-da yaşayan
həmyerlimiz Esmira Bayramova icmanın sədri seçilib.
Cəmiyyətin tərkibində Azərbaycan dilinin, eyni
zamanda milli və Qafqaz rəqslərinin təbliği məqsədilə
kiçik məktəb-kurslar açılıb, azərbaycanlılardan
ibarət futbol komandası yaradılıb. Təşkilatın
əsas missiyası ABŞ-Azərbaycan əlaqələrinin
daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Sentyabrda
uzun illərdir ABŞ-da yaşayan soydaşımız
Günel Musəvi Minnesota Ştatında həmvətənlərimizi
ətrafına toplayaraq "Azərbaycan Minnesota Cəmiyyəti"ni yaradıb və cəmiyyət ABŞ
qanunlarına əsasən rəsmi qeydiyyatdan keçib.
Qeyri-rəsmi məlumatlara görə, ştatda 200-ə
yaxın azərbaycanlı ailə yaşayır. Eyni zamanda,
burada azərbaycanlı tələbələr də təhsil
alır. Əsasən Novruz bayramını
birlikdə qeyd edən soydaşlarımız Amerikada adət-ənənələrimizi
yaşatmağa çalışırlar. Məqsəd
bu ölkədə doğulub böyüyən azərbaycanlılara
milli-mədəni dəyərlərlə bağlı məlumatların
verilməsidir.
"Azərbaycan
Minnesota Cəmiyyəti"nin sədri
Günel Musəvinin Diasporla İş üzrə Dövlət
Komitəsinə verdiyi məlumata görə, Minnesotada ildə
bir neçə dəfə beynəlxalq mədəniyyət
festivalı keçirilir. Bu tədbirlərdə
iştirak etmək və Azərbaycana aid güşə
yaratmaq nəzərdə tutulur. Eyni zamanda,
təşkilat müstəqillik günündə Minnesota
ştatının paytaxtı Saint Paul şəhərində
kongresin önündə Azərbaycan bayrağının
ucaldılması, Novruz şənliyinin və mətbəx dərslərinin
təşkili, Azərbaycan film gecəsinin keçirilməsi,
Azərbaycan dili dərslərinin təşkil edilməsi kimi
işlər də planlaşdırır.
Oktyabrda Amerikada fəaliyyət göstərən diaspor
rəhbərləri Diaspora İş üzrə Dövlət
Komitəsində olub. Azərbaycanda keçirilən Nəsimi Festivalı
çərçivəsində Bakıya dəvət olunan
"Bruklin-Bakı Dostluq Assosiasiyası"nın prezidenti
Marietta Rozental, "Mənim Yolum" İnkişaf Mərkəzinin
prezidenti Elina Xanukov və "AZZEM" Beynəlxalq Fondunun
prezidenti Oleq Mövsümov oktyabrın 2-də Komitədə
görüşlər keçiriblər.
Görüşdə Amerikada fəaliyyət göstərən
diaspor təşkilatlarının fəaliyyəti, təşkilatlar
arasında koordinasiyanın gücləndirilməsi ilə
bağlı fikir mübadiləsi aparılıb, qonaqlara
Dövlət Komitəsinin yenilənmiş internet sayt və
ilk dəfə yaradılan diaspor xəritəsi barədə məlumat
verilib.
Komitə
sədrinin birinci müavini Valeh Hacıyev, aparat rəhbəri
Daşqın Rəcəbli və Amerika şöbəsinin
müdir müavini Səlhət Abbasovanın iştirak etdiyi
görüşdə Azərbaycan diaspor təşkilatlarının
yaxın gələcəkdə ABŞ-da həyata keçirəcəyi
layihələr haqqında da müzakirələr aparılıb.
Bu ilin
oktyabrında Florida Ştatında fəaliyyət göstərən
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Kaliforniya ştatının Qlendeyl şəhərində
100 məhəlləni əhatə edən Merilənd
prospektinin adının dəyişdirilərək Arsax
adlandırılmasına qarşı bəyanat yayaraq məsələ
ilə bağlı etirazlarını ifadə ediblər.
Bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin
dünyaya inteqrasiyasının və ümumi
inkişafının şərtlərini müəyyənləşdirəcək
əsas faktor kimi çıxış edir. Azərbaycanın
beynəlxalq aləmdə böyük nüfuzu var, o, Cənubi
Qafqazın ən mühüm ölkəsi kimi
tanınmaqdadır.
Soydaşlarımız Azərbaycanın ayrı-ayrı
ölkələrlə, o cümlədən ABŞ-la
münasibətlərini beynəlxalq hüquq normalarına
hörmət, daxili işlərə qarışmamaq prinsipləri
üzərində qurduğunu vurğulayaraq, tərəfdaş
dövlətlərdən də bu prinsiplərə hörmətlə
yanaşılmasını tələb edir.
Bəyanat müəllifləri Merilənd prospektinin
adının dəyişdirilərək Arsax
adlandırılmasını narazılıqla
qarşılayaraq, erməni lobbisinin maraqlarını həyata
keçirməyə hazır olan Qlendeyl şəhər
şurasının mövqeyindən narahatlıqlarını
diqqətə çatdırıblar.
Ermənistanın təcavüzkar siyasətinə dair
beynəlxalq təşkilatların müxtəlif sənədlər,
qətnamələr, bəyanatlar qəbul etsə də,
dünya birliyinin işğalçı Ermənistanı cəzalandırmaq
üçün konkret addımlar atmadığını
xatırladan soydaşlarımız bildirir ki, rəsmi İrəvan
hələ də işğalçı dövlət
mövqeyindən geri çəkilmir.
Bəyanatda
qeyd edilir ki, "Biz - dünya azərbaycanlıları
bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT,
Avropa İttifaqı və Helsinki Komissiyasına müraciət
edərək, Kaliforniya ştatında çoxsaylı azərbaycanlıların
yaşadığını nəzərə alaraq, dünyada
sülhün və təhlükəsizliyin təmin
olunması üçün, ən qısa müddətdə
ciddi addımların atılacağına ümid edirik".
Oktyabrda Nyu-York ştatının Bruklin şəhərində
Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan
və Tacikistanın müstəqillik günləri birgə
qeyd olunub.
Tədbirin
keçirilməsində əsas məqsəd müstəqillik
gününü qeyd etməklə bərabər, türkdilli
və dost ölkələrin ortaq mədəni dəyərləri
haqqında Amerika ictimaiyyətini məlumatlandırmaqdır.
"Brooklyn Borough Hall"da keçirilməsi nəzərdə
tutulan tədbir rəsmi hissədən sonra, bədii proqramla
davam edəcək. Proqramda azərbaycanlı pianoçular Nərgiz
Əliyarova, Kamillə Məmmədova, eləcə də
Özbəkistan, Türkmənistan və Tacikistandan olan incəsənət
ustaları çıxış edib.
Tədbirin keçiriləcəyi məkanda azərbaycanlı
rəssamlar Könül Kəngərli, Cəmilə
Sadıqova və Miriam Hüseynovun əsərlərinin sərgisi
də təşkil olunacaq.
Bayram tədbirində Azərbaycan, türk, özbək,
türkmən və tacik mətbəxindən nümunələr
də təqdim edilib.
ABŞ-ın Nyu-York şəhərində Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycanın
Dövlət Müstəqilliyinin 27-ci ildönümü qeyd
edilib.
Azərbaycan Nyu-York Assosiasiyasının təşkialtçılığı
ilə keçirilən tədbirdə Nyu-Yorkda fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının
rəhbərləri və üzvləri iştirak edib.
Azərbaycan
Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli,
vitse-prezidenti Zəminə Mirhadıyeva, azərbaycanlı
idmançı, ABŞ çempionu Elgün Xanoğlanlı
çıxış edərək,
soydaşlarımızı təbrik ediblər. 100 il öncə qazanılmış müstəqilliyin
bərpasının 27 illik tarixindən bəhs olunub,
müasir Azərbaycanın əldə etdiyi uğurlar,
xüsusilə idman sahəsində qazandığı qələbələr
vurğulanıb.
Eyni zamanda, Azərbaycan Nyu-York Assosiasiyasının uzun
illər ərzində Azərbaycanın tanıdılması,
soydaşlarmızın birliyi, həmrəyliyi naminə
gördüyü işlərdən danışılıb.
Bu ilin noyabrında Nyu-Yorkda Amerika Azərbaycanlılarının
Koordinasiya Şurasının təsis yığıncağı
keçirilib.
Yığıncaqda Diasporla İş üzrə
Dövlət Komitəsinin nümayəndə heyəti də
iştirak edib.
Kanada da fəaliyyət
göstərən təşkilatlar aktiv iş aparır. Bu ölkədə 16 təşkilat var və onlar
ölkənin 4 vilayətində fəaliyyət göstərir.
Təşkilatlardan 10-u Ontario vilayətində, 3-ü
Britiş Kolumbiyada, 2-i Quebekdə, 1-i Alvertada fəaliyyət
göstərir. Bu təşkilatlar da son vaxtlar
aktivliklərini artırıblar.
2018-ci ilin oktyabrında Diasporla İş üzrə
Dövlət Komitəsində olan Azərbaycan-Kanada Dostluq
Assosiasiyasının rəhbəri Esmira Əsədova Komitə
rəhbərliyi ilə görüşüb.
Görüşdə Kanadadakı Azərbaycan icması,
onların problemləri, diaspor təşkilatlarının fəaliyyəti
geniş müzakirə edilib. Kanadada Azərbaycan
diasporunun fəaliyyətinin gücləndirilməsi,
soydaşlarımızın yerli cəmiyyətə
inteqrasiyası, ölkəmizin daha yaxşı
tanıdılması, Qarabağ həqiqətlərinin təbliği
ilə bağlı gələcək planlar barədə ətraflı
fikir mübadiləsi aparılıb. Dövlət
Komitəsinin sədri qarşıda duran vəzifələrin
həyata keçirilməsi ilə bağlı təşkilat
rəhbərinə öz tövsiyələrini verib.
Esmira Əsədova hələ 1990-cı illərdə
Kanadada Azərbaycan diasporunun formalaşması istiqamətində
görülən işlərdən, məhz onun təşəbbüsü
və aparıcılığı ilə həmin illərdə
Kanadanın ingilis və fransız dilli televiziyasında Azərbaycan
dilində proqramların yayımlanmasından söhbət
açıb.
Daha sonra soydaşımız Diaspor TV-yə
müsahibə verib.
Oktyabrda Kanada Azərbaycanlıları Assosiasiyası
Kaliforniya Ştatının Qlendeyl şəhərindəki
Merilend prospektinin adının dəyişdirilərək
"Arsax" adlandırılması ilə əlaqədar
beynəlxalq qurumlara Kanadada yaşayan soydaşlarımız
adından etiraz məktubu göndərib. Məktubda qeyd olunur ki, Azərbaycanın
müstəqilliyini tanıyan, ATƏT-in üzvü olaraq Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli istiqamətində səy göstərən Amerika
Birləşmiş Ştatlarında Merilən prospektinə
tanınmamış qondarma recimin adının verilməsi beynəlxalq
hüquq normalarına ziddir. Məktubda
Kanadadakı Azərbaycan icması Ermənistan və Azərbaycan
arasındakı münaqişəni nəzərə alaraq
ABŞ hökumətindən neytral mövqe nümayiş
etdirməsini tələb edir.
Noyabrda isə Kanadanın Ottava şəhərindəki
Azərbaycan icması milli mətbəximizin yerli sakinlərə
tanıdılması məqsədilə "Gutab making
Workshop" adlı tədbir keçirib. 9 Noyabr Azərbaycanın
Dövlət Bayrağı gününə həsr edilən
tədbirdə Ottava şəhərində
yaşayan azərbaycanlılar, müxtəlif xalqların təmsilçiləri
və Azərbaycanın Kanadadakı Səfirliyinin nümayəndəsi
iştirak edib.
Tədbirdə qonaqlara Azərbaycan haqqında ətraflı
məlumat verilib. Ölkəmizin tarixi, dövlətçilik
ənənələri, zəngin mədəniyyəti, mətbəxi,
təbiəti, turizm imkanları barədə
danışılıb.
Görüşdə
eyni zamanda, digər xalqların nümayəndələrini
milli mətbəximizin nümunələri ilə əyani tanış etmək məqsədilə
qutabın hazırlanması haqqında məlumat verilib, onlara
qutabın hazırlanması və bişirilməsini öyrənmək
imkanı yaradılıb.
Qonaqlar, xüsusilə yerli gənclər maraqlı
görüşün təşkilinə görə Azərbaycan
icmasının üzvlərinə təşəkkür edib
və belə tədbirlərin mütəmadi keçirilməsinin
qarşılıqlı dostluq əlaqələrinin möhkəmlənməsi
üçün vacibliyini vurğulayıblar.
Vasif CƏFƏROV
Ekspress.-2018.-7 dekabr.-S.10.