Azərbaycan diasporunun məskunlaşma coğrafiyası

Azərbaycan diasporunun dünya ölkələrində formalaşması qədim tarixə söykənir. Bu baxımdan diasporun formalaşma tarixi bir neçə mərhələyə bölünür:

- Azərbaycan diasporunun formalaşmasının ilk mərhələsi VII əsrin sonu - VIII əsrin əvvəllərinə təsadüf edir.

- Diasporumuzun inkişafında ikinci mərhələ X və XIX əsrləri əhatə edir.

- Diasporumuzun formalaşmasının sonrakı mərhələləri ölkəmizin rus, sonradan sovet imperiyası tərəfindən işğal olunması, birinci və ikinci dünya müharibələri, SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması ilə əlaqədardır.

Ekspertlər bildirirlər ki, dünya azərbaycanlılarının dövlətimizin inkişafı istiqamətində səylər göstərməsi XX əsrin ortalarında bir sıra hallarda müşahidə olunurdu. Belə ki, ölkəmizin SSRİ-nin tərkibində olması, siyasi ideologiyanın fərqliliyi dövlət-diaspor münasibətlərinin qurulmasına maneə idi. Bu baxımdan da Azərbaycan diasporunun, əsasən, Azərbaycanın müstəqilliyinin əldə olunması istiqamətində fəaliyyət göstərməsi müstəqil olmayan bir dövlətin diasporla əlaqələr qurmasını mümkünsüz edirdi. Məhz böyük siyasi xadim Heydər Əliyevin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra, ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi ki, nəticədə də diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Yeri gəlmişkən, təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir ("Trend").

Milli Məclisin deputatı Nizami Cəfərov bildirir ki, indiki anlamda dünya azərbaycanlılarının birliyi və həmrəyliyi dövlət müstəqilliyimizin bərpasından sonra rəsmi siyasət səviyyəsində dəstəklənən aşkar prosesə çevrilib: "Əslində isə, XX əsrdə qazandığımız dövlət müstəqilliyini heçə endirmiş sovet imperiyasının çöküşü ərəfəsində Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı ümummilli ağrı dünyada yaşayan soydaşlarımızı da ayıltmış və silkələmiş, suverenliyin bərpasına aparan yolda tarixi vətən ətrafında həmrəyliyi artıq dərəcədə aktuallaşdırmışdır. Erməni hücumlarının intensivləşdiyi 1989-cu ilin son günlərində xalqımızı iki yerə bölən sərhəd xəttinin hər iki tərəfdən sökülməsi cəhdi, 20 Yanvarda Bakıya əsassız silahlı müdaxilə təşkil etmiş, kütləvi qırğın törətmiş sovet rəhbərliyinin qaniçənliyinə qarşı dünyanın hər yerində soydaşlarımızın kütləvi etiraz dalğası birlik və həmrəylik zərurətinin dərk olunmasından qaynaqlanmışdı. Müşahidələr göstərir ki, dünya azərbaycanlılarının həmrəyliyinə təkan verən məhz Azərbaycan dövlətçiliyini gözləyən təhlükə oldu. Erməni qəsbkarlığına qarşı mübarizədə formalaşan həmin həmrəylik lazımi miqyas alıb tələb olunan effekti verməsə də, hər hansı milli təhlükə qarşısında birləşməyin ilk böyük təcrübəsini verdi. Etiraf etmək lazımdır ki, bu, stixiyalı, inersiyalı bir həmrəylik idi, hələ ideoloji məzmun kəsb etməmişdi. Bunun üçün böyük ideologiya və həmin məfkurə ilə silahlanmış, hamılıqla qəbul edilən siyasi rəhbərin xalqla birliyi lazım idi. Dünya siyasəti zirvəsində yetkinləşmiş və mətinləşmiş ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, milli birliyi uğrunda mübarizəyə respublikaya - Naxçıvana qayıtdığı ilk aylardan başlamışdı. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi o vaxt bu quruma rəhbərliyi öz üzərinə götürmüş ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə ədalətsiz imperiya ağalığına qarşı milli etiraz olaraq sərhədlərin kütləvi şəkildə söküldüyü dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. İlk olaraq 1991-ci ilin 31 dekabrı Naxçıvanda müxtəlif ölkələrdən, xüsusilə İrandan, Türkiyədən gəlmiş azərbaycanlıların iştirakı ilə bayram edildi".

N.Cəfərov qeyd edir ki, Naxçıvan MR Ali Məclisinin bu tarixi qərarı o vaxt Azərbaycan Respublikası Ali Soveti tərəfindən rəsmən müdafiə edilsə də, bu ulu məramlı gün yalnız həmin qərarın müəllifi olmuş ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdıb Prezident seçiləndən sonra ümumxalq bayramı kimi qeyd edilməyə başlandı: "Böyük rəhbər bununla kifayətlənməyərək, xarici ölkələrə səfərlərində azərbaycanlılarla görüşməyə xüsusi diqqət yetirir, onların nəzərinə çatdırırdı ki, formalaşmaqda olan Azərbaycan dövlətinin bütün azərbaycanlılara ehtiyacı var. Azərbaycan xalqı, əslində, ulu babalarımızın tarixən məskunlaşdıqları Qafqazdakı Şimal səddi ilə Yaxın Şərqin qapısınadək, Xəzərlə Qara dəniz arasındakı bütöv və geniş ərazidə ayrı-ayrı tayfa birliklərinin etnik vahidliyinin təsdiqi olaraq formalaşmışdır. Bu ərazidəki siyasi qurumlar da dəfələrlə vahid toplum və dövlət şəklində birləşməyin zəruriliyini gerçəkləşdirmişlər. Xalqın etnik, sosial-siyasi mütəşəkkillik səviyyəsinə tarixən təsir göstərən birinci cəhət Azərbaycan xalqının təşəkkülü prosesinin uzun sürməsi, müxtəlif dövrlərdə, mərhələlərdə Azərbaycana gələn (deməli, biri digərindən həm etnik xarakteri, həm də sosial-siyasi inkişaf səviyyəsi etibarı ilə fərqlənən) türk etnoslarından təşkil olunmasıdır. Azərbaycan xalqının milli tarixi idealı əsrlər boyu məskunlaşdığı etnik coğrafiyada özünəməxsus müstəqil dövlət qurmaqdan, dünya birliyinin bərabərhüquqlu üzvü kimi öz mədəniyyətini qoruyub inkişaf etdirməkdən ibarətdir. Artıq müstəqil Azərbaycan dövləti yaşayıb inkişaf edir, müxtəlif ölkələrdə məskunlaşmış milyonlarla azərbaycanlı Azərbaycan dövlətini öz tarixi ideallarının ifadəçisi sayır. Lakin etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin daha da yüksəlişinə, həmhüdud regionlarda azərbaycanlıların əsrlər boyu yaşadıqları ərazilər üzərində müəyyən təsirə malik olmasına həm ehtiyac, həm də böyük imkanlar var".

Ekspertlərin fikrincə, azərbaycanlıların yayılma coğrafiyasının araşdırılması və soydaşlarımızın sayının dəqiqləşdirilməsi artıq zərurətə çevrilib. XX əsrin əvvəllərinə qədər respublikadan xaricə mühacirət edən soydaşlarımızın şəxsiyyət vəsiqələrində "rus təbəəsi" yazılması onların milliyyətinin də "rus" kimi təqdim edilməsi ilə nəticələnib. Bundan başqa, o dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi tanınır və qeydə alınırdı. İran ərazisində yaşayan soydaşlarımız isə "İran təbəəsi" kimi təqdim olunurdu. Bütün bunların nəticəsidir ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilmiş və soydaşlarımız başqa xalqların diasporları içərisində assimlyasiya olunmaq təhlükəsi ilə üzləşiblər. Bütün bunlara baxmayaraq soydaşlarımız hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməyiblər.

Onu da qeyd edək ki, azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Eyni zamanda Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşıblar.

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada  yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

 

 

 

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Ekspert Əlövsət Allahverdiyevin fikrincə, Azərbaycan diasporu güclənir və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycan diasporu xarici ölkələrdə təkcə dərnəklər şəklində deyil, dövlətin xarici siyasət orqanları səviyyəsində fəaliyyət göstərməyə çalışır. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan diasporunun fəaliyyəti istədiyimiz səviyyədə olacaq. Azərbaycan diasporunun inkişafı üçün xaricdə yaşayan soydaşlarımız daha fəal olmalıdır. Hər kəs öz fəaliyyəti ilə Azərbaycan diasporunun inkişafına təkan verməlidir. Məlumdur ki, fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir. Bütün hallarda insanları bədbəxt hadisələr, qorxu hissi birləşdirir. Adi halda bu birləşmə, birgə fəaliyyət istənilən səviyyədə olmur. Arzu edərdim ki, xaricdə yaşayan soydaşlarımızın hər biri Azərbaycanımızın inkişafı üçün bir qisim hüquqlarını məhdudlaşdırsınlar. Avropanın çətin zamanlarında avropalıların belə bir devizi var idi. Deyirdilər ki, avropalılar Avropanın inkişafını istəyirsə, o zaman bir qisim hüquqlarını məhdudlaşdırmalıdır".

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasgnda fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev qeyd edir ki, Azərbaycan və türk icmaları daim bir yerdə fəaliyyət göstərir, onları eyni maraq birləşdirir (files.preslib.az). Onun sözlərinə görə, liaspor həqiqətlərimizin çatdırılmasında böyük uğurlara imza atsa da, daha effektiv iş aparmağa qadirdir. "Yerli rəsmilərlə iş aparılması, təmasların qurulmasında həmin ölkələrin vətəndaşları olan, diasporumuzun tərkibində fəaliyyət göstərən azərbaycanlılar daha effektiv və çevik ola bilər. Həmin ölkələrin vətəndaşları olduqları üçün - xüsusilə ABŞ və Avropa təcrübəsində - onların rəsmi müraciətlərinə, tələblərinə dərhal cavab verilməlidir. Bu baxımdan diasporumuz Azərbaycan həqiqətlərinin çatdırılmasında daha böyük rol oynaya bilər".

Rəşid RƏŞAD

Ekspress.-2018.-8-10 dekabr.-S.10.