Diaspor təşkilatları AXC-nin 100 illiyini necə qeyd etdi?

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdi. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoydu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladı.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam oldu. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli Sərəncam imzaladı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlər keçirildi.

Bugünədək diaspor təşkilatları Cümhuriyyətin 100 illiyi münasibətilə bir sıra tədbirlər həyata keçiriblər. Ukraynanın bütün vilayətlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) təşkilatçılığı ilə paytaxt Kiyev də daxil olmaqla Odessa, Lvov, Citomir, Dnepropetrovski, Xarkov, İvana Frankovski, Zaparoji, Çernqiov, Nikolayev, Çernovtsi, Xmelnitski və digər vilayətlərində AXC-nin 100 yubileyinə həsr olunan konsert, konfrans və yürüşlər keçirilib.

Yerli deputatların, dövlət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbirlərin bir çoxunda BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyev də iştirak edib. O, Azərbaycanın 1918-ci ilin mayın 28-də Çar Rusiyasının işğalından xilas olaraq müsəlman şərqində ilk respublika elan etdiyini, şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra bolşeviklər tərəfindən işğal olunsa da Azırbaycan öz tarixi ənənəsini qoruyb saxlaya bilib: "1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiya sayəsində inkişaf edib və bölgənin lider dövlətinə çevrilib. Ulu öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Bundan başqa, BUAK-ın Dnepropetrovski və Odessa vilayəti üzrə də geniş miqyasda tədbirlər keçirilib ("report.az") Dnepropetrovskidə Konqresin vilayət üzr sədri Nəcəf Əhmədov aparıcılığı ilə keçən tədbirə yerli deputatlar, vilayət rəsmiləri və müxtəlif millətlərin nümayəndələri qatılıblar.

R.Tağıyev BUAK adından tibbi avadanlıqdan ibarət humanitar yardım təqdim edib. BUAK-ın digər vilayətləri üzrə rəhbərləri Qurban Abbasov (Xarkov), Namiq Hacıyev (Odessa), Teymur Məmmədov (Lvov), Yunus Əliyev (Nikolayev) və digərlri, o cümlədən Citmordə BUAK ilə birgə Ukrayna-Azərbaycan Həmrəylik Konqresinin rəhbəri İlqar Məmmədov yerli deputatlar və vilayət rəsmiləri ilə birlikdə Azırbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bosniya və Herseqovinanın dövlətçiliyinin 75 illiyi ilə əlaqədar Sarayevo şəhərində "Şərq və Qərb körpüləri" mövzusunda beynəlxalq konfrans təşkil olunub. Konfrans Azərbaycanın Serbiya, Bosniya və Herseqovina, Monteneqrodakı səfirliyinin təşəbbüsü və dəstəyi, eləcə də Bosniya və Herseqovinanın elmi ictimaiyyətinin nümayəndələrini özündə birləşdirən "Krug 99" Müstəqil İntellektuallar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, xalqımızın milli azadlıq mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi çətinliklərdən, Ermənistanın işğalçılıq siyasətindən danışılıb (AZƏRTAC). Eyni zamanda, ulu öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizi təhlükələrdən xilas etməsindən, Azərbaycan dövlətinin inkişafına və möhkəmlənməsinə nail olmasından bəhs edilib. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanı bu gün Prezident İlham Əliyevin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Çıxışlarda Sarayevoda təşkil edilən bu konfransın xalqlarımız arasında dialoq və əməkdaşlığa, regionda sülh və əmin-amanlığa töhfə verməsinə xidmət etdiyi vurğulanıb.

Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş materiallar, eləcə də ölkəmizə aid nəşrlər iştirakçılara paylanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı təşkil etdiyi ən böyük tədbirlərdən biri "Cümhuriyyətin 100 illiyi" Diaspor Gənclərinin I Yay düşərgəsi olub. Avqustun 24-də Şəkidə "Cümhuriyyətin 100 illiyi" Diaspor Gənclərinin I Yay düşərgəsinin açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Gənclər Fondunun rəsmiləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələri qatılıblar. Diaspor Komitəsinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, açılış mərasimindən əvvəl düşərgə iştirakçıları ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilən Diaspor Gənclərinin I Yay düşərgəsinin mühüm əhəmiyyətə malik bir tədbir olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, düşərgənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan gəncləri Azərbaycanın milli-mədəni irsi ilə yaxından tanış etmək, ölkəmizin maraqlarının birgə müdafiəsinə nail olmaqdır.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, hər bir xalqın, millətin ən böyük sərvəti onun müstəqil dövlətinin olmasıdır. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika idi. Azərbaycan xalqı və dövləti bu cümhuriyyəti yaradanların xatirəsinə həmişə böyük hörmətlə yanaşır. "Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunur. Dövlətimizin başçısının digər Sərəncamı ilə isə 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib".

Son illər ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Elxan Usubov Azərbaycanın əldə etdiyi uğurların dünyada təbliğ edilməsində diaspor gənclərinin də üzərinə böyük vəzifənin düşdüyünü bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, Azərbaycan Prezidentinin qurum qarşısında qoyduğu əsas vəzifə ondan ibarətdir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı diqqətdən kənarda qalmasın. Komitə sədri bildirib ki, Diaspor Gənclərinin I Yay düşərgəsi əslində bu işlərin praktiki həyata keçirilməsini göstərir.

"Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, gənclər bizim gələcəyimizdir. Gənclər gələcəyimizin təminatıdır. Bu sözlər bu gün artıq reallığa çevrilir. Azərbaycanı təmsil etmək çox şərəfli bir işdir. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar artıq bizə imkan verir ki, harada yaşamağımızdan asılı olmayaraq, fərəhlə və çox böyük qürur hissi ilə deyə bilək ki, Azərbaycanın inkişafında bizim də əməyimiz var. Bu əməllər son nəticədə müstəqilliyimizi əbədi edəcək, dövlətçiliyimizi möhkəmləndirəcək. Bu gün həyata keçirilən siyasətin əsas istiqaməti Azərbaycan gənclərinin yaxşı təşkilatlanması, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasıdır", - deyə Fuad Muradov vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, hazırda bu siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətin gənclərlə bağlı siyasətində yeni mərhələnin başlandığını vurğulayan nazir qeyd edib ki, Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası şübhəsiz, gənclərin ictimai fəallığının artmasına, intellektual, fiziki və mənəvi inkişafına öz töhfəsini verəcək. Strategiyanın məqsədi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: "Bu gün həqiqətən də çox gözəl bir tədbir keçirilir. Azərbaycanın dilbər guşəsi olan Şəkidə, bu tarixi məkanda, bu gözəlliklər yurdunda belə bir tədbirin təşkil olunması, gənclərimizin Avropadan, Asiyadan, ABŞ-dan, Şərqdən gələn gənclərlə bir yerdə olması həqiqətən də təqdirəlayiqdir. Bunu ancaq alqışlamaq olar. Bu tədbirlər uğurla davam etdirilməlidir, qonaqlarımız təkcə Şəkini yox, Azərbaycanın bütün dilbər guşələrini tanımalıdırlar".

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə çıxışında gəncliyin önəminə toxunub: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclər yeniliklər etmək, inkişafa töhfə vermək qüdrətinə malikdirlər. Dövlət qurumlarının üzərinə düşən əsas vəzifə gənclər üçün bu potensialı reallaşdırmağa şərait yaratmaqdır. Bu gün Azərbaycan xalqı da, dövləti də gəncləri ilə fəxr edə bilər. Çünki gənclərimiz yüksək səviyyəli mütəxəssislər kimi iqtisadiyyatımıza töhfə verirlər, beynəlxalq idman yarışlarında üçrəngli Azərbaycan bayrağını qaldırır, himnimizi səsləndirir, ən əsası da ölkəmizin ərazi bütövlüyünün bərpası, sərhədlərimizin toxunulmazlığı və işğal altındakı torpaqlarımızın düşməndən azad olunması uğrunda yüksək fədakarlıq nümayiş etdirirlər".

AMEA Tarix İnstitutunun direktoru, akademik, deputat Yaqub Mahmudov belə bir möhtəşəm tədbiri keçirmək üçün qədim Şəki diyarını seçdikləri üçün təşkilatçılara dərin minnətdarlığımı bildirib. Akademik vurğulayıb ki, diaspor gənclərinin bir araya toplanması Dövlət Komitəsinin fəaliyyətində yeni bir mərhələnin başlandığını sübut edir.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay düşərgəsində dünyanın 37 ölkəsindən 140 gənc iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin AXC-nin 100 illiyi münasibətilə silsilə tədbirlər çərçivəsində görkəmli ictimasi-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin varisləri - gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli ötən həftə Bakıda səfərdə olublar. Səfər zamanı onlar bir sıra görüşlər keçiriblər.

Qeyd edək ki, Diaspor Komitəsinin təşkilatçılığı ilə AXC-nin 100 illik yubiley tədbirləri davam edir.

Murad MƏMMƏDLİ

Ekspress  2018.- 11 dekabr.- S.10.