Heydər Əliyevin diaspor quruculuğunda rolu

Dünya azərbaycanlılarının vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O bu müqəddəs ideyanın gerçəkləşməsi naminə, Azərbaycan dövlətçiliyi kimi müqəddəs qayə ətrafında sıx birləşməsi üçün hər şeyi etmişdi.

Ulu öndər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir" (xalqqazeti.com).

Siyasi ekspertlər bildirirlər ki, ulu öndər xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb və Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşıb. Daima diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirib. Eyni zamanda Heydər Əliyev öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə alıb. Əslində bütün bunların nəticəsidir ki, Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix də əlavə olunmuşdur: 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü (sesqazeti.az).

Ulu öndər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azəbaycan Resrublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzaladı və həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etdi. Məhz bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

Dünya azərbaycanlılarının I qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqindən: "Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi həm Azərbaycan üçün, həm də bütün dünya azərbaycanlıları üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanlılar dünyada gedən miqrasiya prosesi nəticəsində bir çox ölkələrə səpələnmişlər. Bu, təbii bir prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Çünki hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Biz indi böyük məmnuniyyətlə qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində - Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Son illər bu proses surətlə gedir. Güman edirəm ki, məhz müstəqil Azərbaycanın varlığı bu həmrəyliyin inkişafının əsasını təşkil edir. Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər, daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim bu qurultayı keçirməkdə məqsədimiz məhz bundan ibarət olmuşdur. Güman edirəm ki, qurultay nümayəndələri, dünyanın bir çox uzaq ölkələrindən Azərbaycana, doğma Vətənə gəlmiş soydaşlarımız burada, qurultay günlərində bir-biri ilə daha da sıx ünsiyyətdə olacaqlar, bir-birini anlamağa çalışacaqlar, müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formalaşmasında daha fəal iştirak edəcəklər və Azərbaycan ilə dünyada, digər ölkələrdə olan azərbaycanlıların əlaqələrini möhkəmləndirəcəklər".

Qeyd edək ki, qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi və dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz paytaxtlarına gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq oldu.

2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi. Həmin qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Eyni zamanda, imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diaspor və lobbi quruculuğu sahəsindəki fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir. Hazırda Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 300-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir. Hazırda Heydər Əliyevin siyasi kursunu onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısı "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında" 8 fevral 2006-cı il tarixli sərəncamında vurğulayıb ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi məhz ümummilli lider Heydər Əliyevdir: "Yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Ümummilli liderimizin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır" (Trend).

Fəlsəfə doktoru İsmayıl Ağayev qeyd edir ki, Azərbaycanın bir əsrdən çox çar Rusiyasının tərkibində qalması xalqımızın bütövlüyünü təsdiqləyən ideologiyanın, milli mənlik şüurunun, hətta maraqlarının formalaşmasına mənfi təsir göstərirdi (azerbaycanli.org). Onun sözlərinə görə, ötən əsrin əvvəllərində yaranmış kütləvi ideologiyalar atmosferində xalqımız türkçülük və islamçılıq arasında seçim edə bilmirdi. Hətta 1918-ci ildə müstəqilliyini elan etmiş ADR dövründə də dünya azərbaycanlılarını bir hədəf ətrafında birləşdirə biləcək, xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcək ideoloji konsepsiya işlənib hazırlanmamışdı. "Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, milli özünüdərk problemini siyasi müstəviyə qaldırmış Nəriman Nərimanov və başqaları millətimizi milli-mənəvi planda birləşdirə, milli dövlət qurmaq məqsədinə çata bilmədilər. Onlar ümumazərbaycan ideyasını aktuallaşdıraraq Şimali və ya Cənubi Azərbaycan hüdudlarını aşa bilmirdilər. Keçmiş SSRİ dönəmində isə vəziyyət daha acınacaqlı idi. Slavyan xalqları qanunpərəst, gürcülər vətənpərvər, ermənilər daha çox ruslara sadiq xalq kimi tanındığı vaxtda azərbaycanlılara qarşı ögey münasibət bəslənirdi. Amma 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlmiş Ümummilli lider Heydər Əliyev bu stereotipi təfəkkürlərdən birdəfəlik sildi. Heydər Əliyevin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi formalaşdı. Göründüyü kimi, Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu.

Hal-hazırda dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada, Hindistanda, Pakistanda və digər ölkələrdə məskunlaşıb. Məhz bu miqyasda "sosial güc"ün vahid hədəf ətrafında birləşdirilməsi və ölkənin maraqları naminə kompleks hərəkətinin təmin edilməsi üçün xalq güclü iradəyə, rasional düşüncəyə malik liderə və ideologiyaya ehtiyac duyurdu. Milləti yeni geosiyasi şəraitdə dünya millətləri liqasına və siyasət arenasına çıxara biləcək yeganə şəxsiyyət isə ulu öndər Heydər Əliyev idi. 90-cı illərin əvvəllərindən etibarən ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi SSRİ dönəmində başladığı işi davam etdirdi. Ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək məqsədində stimul rolunu oynayacaq "Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik gününün keçirilməsi haqqında" cəsarətli bir qərarı qəbul etdi".

Rəşid RƏŞAD

Ekspress  2018.- 12 dekabr.- S.10.