Azərbaycan diasporu Özbəkistanda

Azərbaycan və Özbəkistanı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Hər iki ölkə uzun illər SSRİ-nin müttəfiq respublikaları olublar. Hələ ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Hazırda 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Qeyd edək ki, hər iki ölkə arasında diplomatik əlaqələr 1995 -ci ilə təsadüf edir. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.

Əməkdaşlıq münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

- Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri

- Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanması.

- 21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfəri və səfər çərçivəsində dövlət başçılarının Forumunda çıxışı.

Ulu öndər bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Bundan başqa, 1997-ci ildə Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Daşkənddə də 19 sənəd imzalanıb. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub.

Ekspertlər bildirilər ki, Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Özbəkistan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir (wikipedia.org).

Qeyd etdiyimiz kimi, Özbəkistan və Azərbaycan arasında mədəniyyət və ticarət əlaqələrinin kökü qədim dövrlərə təsadüf edir. Özbəkistana azərbaycanlıların bir hissəsi könüllü mühacirət edib, bir qismi isə zorla köçürülüb. Xüsusən, Əmir Teymurun Azərbaycana yürüşləri nəticəsində yüzlərlə sənətkar, elm xadimi və nüfuzlu peşə sahibləri Səmərqəndə sürgün ediliblər.

Azərbaycan diasporunun Özbəkistandaa formalaşması əsasən XX əsrdə baş verib. Tədqiqatçı Yaşar Qasım Özbəkistanda konkret olaraq Azərbaycan diasporunun formalaşma prosesini aşağıdakı mərhələlərə bölür:

- 1905-1907-ci illərdə ermənilərin Azərbaycan ərazilərində həyata keçirdiyi kütləvi qırğınlar zamanı başqa ölkələrə, o cümlədən Özbəkistana miqrasiya edənlər

- Oktyabr çevrilişi, vətəndaş müharibələri və ümumən 1918-1920-ci illərdəki hadisələr nəticəsində mühacirət edənlər

- 30-40-cı illərdəki deportasiya və repressiyalar zamanı Özbəkistana məcburi sürgün edilənlər

- 1950-1960-cı illərdə aparılan quruculuq işləri ilə əlaqədar köçürülənlər

- 60-cı illərin axırı və 70-ci illərin əvvəlində başlanan sənayeləşmə ilə xarakterizə olunan yeni dövr.

- 1991-ci il Azərbaycan dövlət müstəqilliyinin əldə olunmasından sonra həmvətənlərimizin Qərb və Şərq ölkələrinə başlanan kütləvi miqrasiyası azərbaycanlıların Özbəkistana mühacirətinin sonuncu mərhələsi kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Azərbaycan diasporunun Özbəkistanda sayı təqribən 60000 nəfərə çatır. İki ölkə arasında əlaqələrin inkişafında Azərbaycanlıların Milli Mədəni Assosiasiyası xüsusi rol oynayır. Bu assosiasiya 4 noyabr 2002-ci ildə təsis edilib və 6 vilayətdə filiallarını qeydiyyatdan keçirərək geniş fəaliyyət göstərir. Hazırda Özbəkistanda bu diaspora təşkilatından başqa, bir neçə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir ki, bu təşkilatlar da müntəzəm olaraq özbək cəmiyyətinə Azərbaycan həqiqətlərinin çatdırlması istiqamətində müxtəlif layihələr həyata keçirirlər. Belə təşkilatlardan biri də Azərbaycan Milli Mədəniyyət Mərkəzidir. 1989-cu ildə Daşkəsəndə yaradılan mərkəzin əsas məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx əlaqələr yaratmaq,

Azərbaycan və Özbəkistan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirməkdir.

Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov qeyd edir ki, Azərbaycan diasporunun müasir Özbəkistandaki vəziyyəti iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır: "Təsadüfi deyil ki, Orta Asiyada ilk səfirlik Özbəkistanda ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-ci ildə açılıb. 18-19 iyun 1997-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfərini münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Səfər zamanı iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 19 sənəd imzalandı. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi baza yaratdı. Bu, diasporumuzun inkişafına böyük təkan olub. Ümummilli liderimizin yolunu Prezidentimiz İlham Əliyev xüsusi diqqətlə davam etdirir və bu ölkədə bir neçə dəfə rəsmi səfərdə olub. İki ölkə rəhbərləri arasında mədəniyyət, incəsənət, iqtisadiyyat və başqa sahələr üzrə əməkdaşlıq haqqında imzalanan müqavilələr artıq öz nəticələrini verir. Bütün bunlar Özbəkistanda yaşayan Azərbaycan diasporunun iqtisadi irəliləyişinə, sosial vəziyyətinin yaxşılaşmasına, adət-ənənələrinin qoruyub saxlanmasına geniş imkanlar yaradır. Milli Mədəniyyət Mərkəzi fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının apardıqları işğalçılıq müharibəsi haqqında əsil həqiqəti açıb göstərmək, soydaşlarımıza və Özbəkistanda yaşayan xalqlara bu hadisənin mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə və toplantılarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olunan Azərbaycana maddi və mənəvi köməklik göstərilməsi təşkil edilir. Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz birmənalı və dəyişməz qalır... Özbəkistan hesab edir ki, bu münaqişənin həllinin başlıca şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır".

M.Məmmədov onu da qeyd edir ki, Özbəkistanda yaşayan azərbaycanlı gənclər olduqca fəaldırlar, onlar respublikanın 50-dən çox ali təhsil müəssisəsində biliklərə yiyələnirlər: "Gənclərin öz dilimizə, mədəniyyətimizə, tariximəzə olan marağı sürətlə artır. Keçirilən tədbirlərin təşkilində bizə yardım edirlər. Diasporun gənc üzvləri dövlət və içtimai təşkilatlarda öz yerlərini tapırlar və ixtisasları üzrə çalışırlar. Bu isə onu göstərir ki, diasporumuzun gələcəyi etibarlı əllərdədir. Bundan başqa, Azərbaycan Milli Mədəniyyət Mərkəzində teatr, musiqi, folklor-etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər də təşkil edilir. Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak edirlər. Birgə mədəni və siyasi tədbirlər keçirilir, dəyirmi stol arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan danışılır. Belə tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ etmək məsələlərinə xüsusi diqqət yetirilir" (preslib.az).

Ekspertlər bildirirlər ki, yaşadıqları ölkələrdə Azərbaycan diasporunun fəaliyyətinin daha da güclənməsi, ölkəmizin layiqli şəkildə təmsil olunmasına öz töhfəsini verən yüzlərlə dəyərli diaspor nümayəndəmiz var. Onlar arasında Özbəkistanda Azərbaycan diasporunun fəaliyyətində mühüm rol oynayan diaspor təmsilçimiz Akif Ağatalıbovun adı xüsusilə qeyd olunur. Diaspor təmsilçimiz qeyd edir ki, Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlı Vətənimizin təmsilçisidir. Vətənimizi layiqincə təmsil etmək hər birimizin mənəvi borcudur: "Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ümummilli liderin bu sahəyə qayğısından irəli gəlir. Bu gün Prezident İlham Əliyevin diasporla bağlı verdiyi tapşırıq və tövsiyələr sayəsində bu sahə daha da canlanır, inkişaf edir. Azərbaycan diasporu ötən illər ərzində çox çətin və şərəfli bir yol keçib. Bütün çətinliklərə baxmayaraq, öz sözünü deyib, dünya ölkələrində formalaşıb və güc mərkəzi kimi özünü göstərməyə başlayıb. Qeyd edim ki, Özbəkistana mühacirət etmiş soydaşlarımız tədricən bu ölkənin ictimai-siyasi həyatına fəal qoşularaq burada Azərbaycan diasporunu formalaşdırıblar. Həmyerlilərimiz Özbəkistanın ictimai-siyasi həyatında tarixən mühüm izlər qoyublar. Soydaşlarımızın hansı ölkədə yaşamasından asılı olmayaraq, onların ürəyi daim Azərbaycanla döyünməlidir. Biz hər yerdə çalışmalıyıq ki, Azərbaycanın adı yüksəklərdə olsun. Dövlətin və xalqın maraqları əsas götürülməlidir. Bizim Dağlıq Qarabağ problemimiz var. Ona görə diaspor üzvləri çalışmalıdır ki, daha da fəal olsunlar, yaşadıqları ölkələrdə səfirliklərimizlə, dövlət strukturları, vətəndaş cəmiyyəti fəalları ilə əməkdaşlıq etsinlər".

Onu da qeyd edək ki, Akif Ağatalıbovun 2001-ci ildə Özbəkistanda yaratdığı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası (AMMA) qısa zamanda öz fəallığı ilə seçilməyə başlayıb. Belə ki, qısa müddətdə Özbəkistanın 15-ə yaxın şəhərində AMMA-nın bölmələri fəaliyyətə başlayıb (xalqqazeti.com). Otuz ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov 10 il AMMA-nın sədri olub. Assosiasiyanın xətti ilə o, istər Özbəkistanda, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib. Azərbaycanla bağlı məlumatları, Dağlıq Qarabağ həqiqətlərini Orta Asiya respublikalarına çatdırıb.

Rəşid RƏŞAD

Ekspress  2018.- 14 dekabr.- S.10.