Diaspor təşkilatları
Heydər Əliyevi ehtiramla anırlar
Bu həftə
ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötdü. Ulu öndəri təkcə
Azərbaycanda deyil, dünyanın hər yerində andılar.
Diaspor təşkilatlarının da təşkil
etdikləri anım tədbirlərində H.Əliyevin əziz
xatirəsi ehtiramla anıldı.
Heydər
Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar
Türkiyənin İzmir şəhərinin Karşıyaka
rayonundakı Ulu Öndərin adını daşıyan Parkda
təşkil olunan anım tədbirində rayonun rəhbər
şəxsləri, "STAR Refinery" zavodunun əməkdaşları,
ictimaiyyətin tanınmış nümayəndələri,
QHT və KİV təmsilçiləri iştirak ediblər. İzmirdəki Azərbaycan Mədəniyyət və
Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa və
Karşıyaka bələdiyyəsi sədrinin müavini Ali
Haydar çıxışlarında ümummilli liderin zəngin
və mənalı həyat yolundan bəhs olunub, onun
türkdilli ölkələrin və xalqların
inkişafı naminə gördüyü misilsiz işlərdən
bəhs ediblər. Qeyd edilib ki, ulu öndər
Heydər Əliyevin əziz xatirəsi Türkiyədə hər
zaman ehtiramla anılır.
Ümummilli lider Heydər Əliyevin anım günü
ilə əlaqədar Kiyevdə "Heydər Əliyev və
Azərbaycan diasporu" mövzusunda konfrans keçirilib. Diasporla
İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə keçirilən konfransda Dövlət Komitəsinin, Azərbaycanın
Ukraynadakı səfirliyinin nümayəndələri, bu ölkədə
fəaliyyət göstərən diaspor təşkilatlarının
təmsilçiləri iştirak ediblər.
Diasporla
İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri
Daşqın Rəcəbli Azərbaycanla Ukrayna arasında
iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin
möhkəm əsaslar üzərində qurulmasında
ümummilli lider Heydər Əliyevin misilsiz rolu
olduğunu vurğulayıb. Ulu öndərin
keçdiyi tarixi yoldan danışan D.Rəcəbli bildirib ki,
o dövrlər hakimiyyət uğrunda mübarizə getdiyi bir
zamanda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə
gələn Heydər Əliyev Azərbaycanı böyük bəlalardan
qurtarıb. Ömrünün son
gününə qədər dövlətçiliyin
inkişafında əməyini əsirgəməyib.
Azərbaycanda diaspor quruculuğunda Heydər Əliyevin
misilsiz xidmətlərinə toxunan D.Rəcəbli qeyd edib ki,
ulu öndər bütün xarici ölkələrə səfəri
zamanı mütləq diaspor təşkilatları ilə
görüşüb müzakirələr aparardı. Məhz onun səyləri nəticəsində
dünyada güclü Azərbaycan diasporu formalaşıb.
Diaspor rəhbərləri də ümummilli lider Heydər
Əliyevin Azərbaycan diasporunun inkişafında əvəzsiz
rolundan danışıblar.
Ümummilli lider Heydər Əliyevin vəfatının
15-ci ildönümü ilə əlaqədar Azərbaycanın
İsveçdəki səfirliyində keçirilən
anım mərasiminə İsveçin fərqli şəhərlərindən
qatılan Azərbaycan diasporunun nümayəndələri ulu
öndərin gərgin və yorulmaz fəaliyyətindən,
uzaqgörən siyasətindən danışıblar. Qeyd edilib ki,
ulu öndər Azərbaycanın ən çətin illərdə
xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək
ölkədə hökm sürən xaos və anarxiyanın
qarşısını aldı, ölkəmizi inkişaf yoluna
çıxardı. Həmçinin
ümummilli liderin Azərbaycan diasporunun formalaşmasında
böyük rolunun olduğu xüsusi qeyd edilib.Azərbaycan
Respublikasının İsveçrə
Konfederasiyasındakı səfirliyində keçirilən
anım tədbirində də Azərbaycanın
İsveçrədəki diaspor təşkilatlarının
nümayəndələri, səfirliyin əməkdaşları
və qonaqlar iştirak ediblər (AZƏRTAC). Tədbir iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin səfirliyin
binasındakı abidəsi önünə gül dəstələri
qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ölkəmizin İsveçrədəki səfiri
Xanım İbrahimova Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı əvəzsiz xidmətlərindən
danışıb. Qeyd edilib ki, məhz Heydər Əliyev
kimi müdrik siyasi xadimin səyi nəticəsində Azərbaycan
dönməz müstəqilliyə və inkişaf yoluna qədəm
qoyub. Bildirilib ki, 1990-cı illərin əvvəllərində
gənc Azərbaycan Respublikası taleyinin ən ağır
günlərini yaşayıb və belə bir çətin
durumda xalqımız müdriklik nümayiş etdirərək,
Heydər Əliyevi ölkədə ikinci dəfə hakimiyyətə
qayıtmağa dəvət edib. Ulu Öndər
Azərbaycanın daxili və xarici siyasətini nizama salmaqla, gənc
respublikanı məhv olmaqdan xilas edib.
Azərbaycan
Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində
Heydər Əliyevin vəfatının 15-ci
ildönümü ilə bağlı keçirilən
anım mərasimində Strasburqda işgüzar səfərdə
olan Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sahibə
Qafarova, Azər Kərimli, Elşad Həsənov, bu şəhərdəki
nümayəndəliyimizin əməkdaşları, burada
yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz
iştirak ediblər. Anım mərasimində
ulu öndərin keçdiyi şərəfli həyat yoluna nəzər
salınıb, onun rəhbərliyi altında əldə
olunmuş uğur və nailiyyətlər xatırlanıb.
Heydər Əliyevin ən dəyərli varisi
olan müasir Azərbaycan dövlətçiliyinin
qorunması və inkişafında Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü
siyasətdən bəhs olunub.
Diasporla
İş üzrə Dövlət Komitəsi və Azərbaycanın
Rumıniyadakı səfirliyinin təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin vəfatının
15-ci il dönümü ilə
bağlı keçirilən silsilə tədbirlər çərçivəsində
Rumıniyanın paytaxtı Buxarestdə də anım mərasimi
təşkil olunub. Diasporla İş üzrə Dövlət
Komitəsinin mətbuat xidmətindən "Ekspress"ə
verilən məlumata görə, tədbirdən əvvəl
Diasporla İş üzrə Dövlət Komitəsinin aparat
rəhbəri Daşqın Rəcəbli, səfirliyin əməkdaşları,
Rumıniya azərbaycanlıları birliyinin üzvləri
Buxarestdəki Tey parkında ümummilli liderin
büstünü ziyarət edərək önünə əklil
və gül dəstələri qoyublar.
Sonra tədbir
iştirakçıları H.Əliyevin həyat və fəaliyyətini
əks etdirən foto və kitab sərgisi ilə tanış olublar. Qonaqlara dahi
dövlət xadimi haqqında ətraflı məlumat verilib, tədbir
rəsmi hissə ilə davam edib.
Azərbaycanın
Rumıniyada fövqəladə və səlahiyyətli səfiri
Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat
və fəaliyyəti barədə məlumat verərək,
ölkəmizin yeni tarixinin bütöv bir hissəsinin
müasir Azərbaycan dövlətinin qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin
adı ilə bağlı olduğunu bildirib. Səfir
qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə
Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq
ölkəni keçmiş ittifaqın ən qabaqcıl
respublikalarından birinə çevirib. 1993-cü
ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan
Respublikasını parçalanmaqdan məhz Heydər
Əliyevin xilas etdiyi vurğulanıb. Qeyd
olunub ki, ulu öndərin müdrikliyi, siyasi və dövlətçilik
təcrübəsi, yenilməz iradəsi sayəsində
ölkəmiz fəlakətdən qurtulub.
Bildirilib ki, Azərbaycan xalqının tarixində və
taleyüklü məsələlərinin həllində
müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti
hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin
aparat rəhbəri Daşqın Rəcəbli
çıxış edərək dahi Heydər Əliyevin
dövlətçilik, azərbaycançılıq
ideologiyasından, diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən
danışıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin
yaxın dostu, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku
çıxış edərək ulu öndərlə
bağlı xatirələrini danışıb, iki ölkə
arasındakı münasibətlərin inkişafında Heydər
Əliyevin rolundan bəhs edib. E.Konstantinesku tarixi
İpək Yolunun bərpasına dair 1998-ci ildə Bakı
şəhərində keçirilən Beynəlxalq
konfransı yada salaraq xatirələrini bölüşüb
və hazırda da Ulu Öndərin strategiyasının
uğurla davam etdirildiyini bildirib. Tədbirdə
ümummilli lider Heydər Əliyevə həsr edilmiş
"Böyük ömrün anları" filmi nümayiş
olunub.
Anım mərasimində
Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan
dostluq qrupu rəhbərinin müavini Georgi-Dinu Sokotar,
Rumıniya parlamentinin digər üzvləri, Rumıniyada
akreditə olunmuş diplomatik korpusun nümayəndələri,
Buxarest Universitetinin professor-müəllim heyəti, tələbələr,
"Socar Petroleum S.A." şirkətinin əməkdaşları
da iştirak edib.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının
15-ci ildönümü ilə əlaqədar, Misirin beş milyon əhalisi olan Qalubiyyə əyalətinin
Qanatir şəhərində yerləşən Misir-Azərbaycan
Dostluq parkı ziyarət olunub. Azərbaycanın Misirdəki Səfirliyinin
əməkdaşları, "Vətənpərvər" -
Azərbaycanın Misirdəki Diaspor Təşkilatları
Birliyinin sədri, burada yaşayan, işləyən, təhsil
alan azərbaycanlılar, Qanatir şəhərinin
meri və nümayəndələri, KİV təmsilçiləri,
əvvəlcə sözügedən parkda yerləşən
mədəniyyət və təhsil ocağını ziyarət
edib, orada qurulan Azərbaycan və Heydər Əliyev
güşələri ilə tanış olublar.
Tədbir iştirakçıları ümummilli lider
Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında
ucaldılmış heykəlini ziyarət edib, abidənin
önünə əklil və gül dəstələri
düzüblər.
Tədbidə ümummilli liderin Azərbaycan tarixində əvəzsiz
rolu, məhz onun səmərəli fəaliyyəti nəticəsində
ölkəmizin qısa müddət ərzində regionun
aparıcı və ən güclü dövlətinə
çevrildiyi diqqətə çatdırılıb. Həmçinin,
iki ölkə arasında münasibətlərin yüksək
səviyyədə olduğu vurğulanaraq, əlaqələrin
daha da inkişafı üçün səylərin davam
etdirildiyi bildirilib.
Azərbaycanın
Niderlanddakı Səfirliyinin, Belçika və Niderlandda
Yaşayan Azərbaycanlıların Koordinasiya
Şurasının birgə təşkilatçılığı
ilə səfirlikdə ulu öndər Heydər Əliyevə
həsr olunmuş anım mərasimində Azərbaycanın
Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal
Mirzəyev çıxış edərək ümummilli
liderin həyat və fəaliyyəti haqqında
danışıb. C.Mirzəyev ulu öndərin
həyat və fəaliyyətinin örnək olduğunu və
Azərbaycana rəhbərlik etdiyi illərin tariximizin
qızıl dövrü kimi yaddaşlara həkk olunduğunu
deyib.
Belçika
və Niderlandda Yaşayan Azərbaycanlıların Koordinasiya
Şurasının əlaqələndiricisi Mayisə
Ağamirzəyeva Azərbaycan tarixinin 35 illik
dövrünün ulu öndər Heydər Əliyevin adı
ilə bağlı olduğunu, Azərbaycanda dövlətçilik
ənənələrinin bərqərar edilməsinin, müstəqilliyimizin
möhkəmləndirilməsinin, onun dönməz xarakter
almasının və Azərbaycanın müxtəlif sahələrdə
uğurlu inkişafının, məhz Heydər Əliyevin
yorulmaz fəaliyyəti nəticəsində mümkün
olduğunu bildirib.
Tədbirdə diaspor rəhbərləri və nümayəndələri
də çıxış edərək ulu öndər Heydər
Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Azərbaycan Respublikasının Niderland
Krallığındakı Səfirliyinin əməkdaşları
və Niderlandda yaşayan soydaşlarımız, Azərbaycan
diaspor təşkilatlarının üzvləri də anım
tədbirində iştirak ediblər.
Rusiya Federasiyasının Həştərxan vilayətində
də ümummilli lider Heydər Əliyevin anım mərasimi
keçirilib.
Həştərxan vilayətinin qubernatoru Sergey Morozov, Şəhər
administrasiyasının rəhbəri Radik Xarisov, Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin nümayəndəsi Heydər Atayev, Azərbaycan
diasporunun, eləcə də digər xalqların diaspor
nümayəndələrinin iştirak etdiyi anım mərasimi
Ümummilli lider Heydər Əliyevin abidəsi önünə
əklil və gül dəstələrinin qoyulması ilə
başlayıb. Daha sonra tədbir Heydər Əliyev adına məktəbdə davam etdirilib. Mərasim
iştirakçıları ulu öndərin məktəbdəki
büstü önünə gül dəstələri qoyaraq,
dahi şəxsiyyətin həyat və fəaliyyətinə
aid kitablardan, fotoşəkillərdən ibarət şərgi
ilə tanış olublar. Dəyirmi masada davam edən tədbirdə ümummilli
liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən
sonra, həyat və fəaliyyətini əks etdirən film
nümayiş olunub, məktəblilər Heydər Əliyevə
aid şerlər səsləndirib.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti
haqqında, Azərbaycan-Rusiya münasibətlərinə
verdiyi önəm barədə fikirlər səslənib. Ulu öndərin
Rusiyada, eləcə də Həştərxan vilayətində
azərbaycanlıların təşkilatlanması istiqamətində
əvəzsiz rolundan söhbət açılıb.
Murad
MƏMMƏDLİ
Ekspress.-2018.-15-17 dekabr.-S.10.