“Mükafatların
hamısını istəyirəm...”
Simarə
İmanova: “Sənətdə idealım Ağaxan Abdullayevdi”
Mədəniyyətimizin,
incəsənətimizin yükünü uzun illər
çiyinlərində daşıyan sənət
adamlarımızı yaşlı, orta nəsil yaxşı
tanıyır. Bu nəsillər illər boyu televiziyadan o sənətkarların
söhbətlərini dinləyib, mətbuatdan müsahibələrini
oxuyub. Amma gənc nəsil əsl səhnə
adamlarının, sənət fədailərinin ömür
yolu, iş həyatı, yaradıcılığı ilə
o qədər də tanış deyil. “Ekspress”in “Nəsildən
nəslə” rubrikası məhz bu körpünü
qurmağı, sənət adamlarımızı gənc nəslə
tanıtmağı hədəfləyir.
Rubrikamızın
bugünkü qonağı tanınmış xanəndə,
xalq artisti Simarə İmanovadır.
“Nəbadə
qız artist ola ha...”
- Simarə
xanım, bu sənətə necə gəlişinizi bilmək
maraqlı olardı...
- Uşaq
yaşlarından bu sənəti sevdim. Atam, qardaşlarım
istəmirdilər ki, mən bu sənətdə olum. İndi
valideynlər uşaqlarına şərait yaradırlar,
istedadı üzə çıxarırlar. Əvvəl
çətin idi. Heç bir valideyn nəinki istəməzdi
övladı xanəndə olsun, incəsənətdə
oxumağa belə razılıq vermirdilər. Mən də
onlardan biri idim. Amma şükürlər olsun ki, evdə anam
mənə dəstək oldu. Atamın bir ümidi vardı ki,
uşaqdır, indi oxuyar, sonra çəkindirərik, həvəsi
ölər. Amma elə olmadı. Gündən-günə
gördülər ki, mənim həvəsim lap da üstələyir.
Daha da istəyirəm ki, bu sənətin davamçısı
olum. Belə də oldu...
O vaxtlar
İmişli rayonunda muğam və ya başqa dərnəklər
təşkil olunurdu. Vahid Əliyev gözəl muğam
ifaçısıdır. Rəhmətlik Nəriman
Əliyevin tələbəsi olub. Mən onun yanına getdim,
muğam dərnəyinə yazıldım. Dörd il orda
kiçik həcmli muğamları, xalq mahnılarını
öyrəndim. Orda oxuya-oxuya rayonun bütün rəsmi tədbirlərində
iştirak edirdim. İmişliyə Əlqulular kəndindən
gəlib-getmək çox çətin idi. Yollar bərbad
gündəydi. Qışda çox çətin olurdu.
Orta məktəbi
bitirəndən sonra hazırlığa getdim. Valideynlərim
məni həkim görmək istəyirdilər. Mənsə
özümü həkim kimi görmürdüm.
Dayılarım da həkim olmağımı istəyirdilər.
Anama da həmişə deyirdilər ki, nəbadə qız
artist ola ha... O vaxt insanlarda bir psixologiya
formalaşmışdı ki, qız ancaq həkim olar. Ailədə
hamı elə bildi ki, sənədlərimi həkimliyə verəcəyəm.
Amma mən anamı çıxmaq şərti ilə
hamıdan xəbərsiz sənədlərimi aparıb Asəf
Zeynallı adına Musiqi Texnikumuna verdim. Və qəbul olundum.
Bir amalım vardı ki, muğamları daha da mükəmməl
öyrənim. Çox böyük həvəsim var idi. Amma
indiki uşaqlarda görürsən ki, əvvəlki həvəs
yoxdur...
Mənə
dedilər ki, ustad sənətkarımız Ağaxan
Abdullayevin sinfinə qəbul olunmusan. Çox sevindim ki, belə
bir ustad sənətkarın sinfində dərs alacağam,
muğam sənətinin sirlərinə yiyələnəcəyəm.
- Adı çəkilmişkən,
Ağaxan Abdullayevi necə xatırlayırsınız?
- Həmişə
mənə böyük diqqət göstərirdi. Deyirdi ki, məni
gələcəkdə bir xanəndə kimi görür. Sinfə
girəndə birinci mənim hal-əhvalımı
soruşurdu. Nə istəyirdim, öyrədirdi. Mənə
qarşı biganə deyildi. Müəlim bilir ki, hansı
uşaq doğulanda muğam ifaçısı kimi doğulub,
onun gələcəyini görür. Bilir ki, ona təkan versə,
kömək etsə, gələcəyin xanəndəsidi.
Ağaxan müəllim çox böyük sənətkar idi.
Mən onunla dövlət tədbirlərində, xarici səfərlərdə,
el şənliklərində olmuşam. O özü məni
toya aparırdı, deyirdi ki, xanəndə toyda püxtələşməlidi.
Ağaxan müəllim bizə şərait yaradırdı. O
vaxt oxumaq üçün elə də meydan yox idi. İndi
Muğam Mərkəzi açılıb. Kimin ürəyi istəyir,
gedib konsert verə bilər. Sənətkarlardan tutmuş, tələbəyə
qədər. Səhnələr boldu. Amma o vaxt bir az çətin
idi...
Bir dəfə
Ağaxan müəllim Parisdə konsertdə idi. Az.TV-də xəbər
getdi ki, Ağaxan Abdullayev Parisdə fransızlara konsert verib.
Fransızlar da onu çox gözəl qarşılayıblar.
Qayıdanda biz ona sual verdik ki, fransızlar muğamı
başa düşmürlər, bəs onu necə
qarşıladılar? Dedi ki, mən də belə təsəvvür
eləmirdim. Bizim muğamımızı çox gözəl
qarşıladılar. Dedi ki, fransızlar məndən növbəti
konsert -tələbə-müəllim konserti istəyiblər.
Tələbələrə dedi ki, “yəqin, məndən
inciməzsiniz, mən orda Simarə İmanovanın adın
verdim. Mən inanıram ki, bizim Simarə ilə Parisdə
konsertimiz çox möhtəşəm olacaq. Mənim ona
çox böyük inamım var”. Bu sözü eşidəndən
sonra tələbələr arasında rəqabət
yarandı. Gərək müəllimin tələbəyə
nə qədər inamı ola ki, onun xəbəri olmadan
adını xaricdə keçiriləcək konsertin
proqramına verə.
O vaxt əlçatmaz
idi ki, tələbə getsin xaricdə konsert versin. Belə bir
şey adamın ağlının ucundan keçməzdi. Dərs
qurtarıb, indi həm sevinirəm, həm də böyük həyəcanım
var. Elə bil göydə uçuram. Həyəcanlanıram
ki, Ağaxan müəllimlə bir səhnəni
paylaşacağam. Biz orda muğamlarla bağlı müəllim-tələbə
konsert verəcəyik...
Bizim
Parisdə o qədər gözəl müəllim-tələbə
konsertimiz oldu ki, dillə deyə bilmirəm. Biz orda “Mirzə
Hüseyn” , “Mahur-Hindi”, “Simayi-Şəms”, “Heyratı”, “Qatar”,
“Şahnaz”, “Çahargah” muğamlarını oxuduq...
Şərq
bülbülü...
- Siz çox gənc yaşlarda
böyük uğurlar qazanmıısnız. “Şərq
bülbülü” adını almısınız. Bu adı
qazanmaq üçün nələr etdiniz?
- Mən
Asəf Zeynallı adına Musiqi Texnikumunda
üçüncü kursda oxuyanda dövlətimiz tərəfidən
əməkdar artist adına layiq görüldüm. Onda 19
yaşım var idi. Özbəkstanın Səmərqənd
şəhərində keçirilən “Şərq təranələri”
festivalı vardı. Özbək xalqı
çoxdanmış, bu festivala haırlaşırmış,
amma alınmırmış. Nəhayət, bu festival 1997-ci ildə
baş tutdu. Onda da mən dövlət tərəfindən
tanınırdım. Ulu Öndərimizin də mənə
çox böyük diqqəti var idi. Onun təyyarəsi ilə,
özünün şəxsən diqqəti ilə xarici
ölkələrə gedirdim. Ulu Öndərimizdən şəxsən
elə bir diqqət görmüşəm ki... Göydə təyyarə
uça-uça onun oturub mənimlə söhbət eləməyi,
əhvalımı soruşmağı gənclərə diqqət-qayğısının
böyük nümunəsi idi. Bu gün bu sənətdə
varamsa, Ulu Öndərimizə borcluyam...
1994-cü
ildə 8 mart Qadınlar Günündə Rəşid Behbudov
adına Mahnı Teatrında “Şahnaz” muğamını
oxudum. Ulu Öndərimizə o qədər gözəl təsir
bağışlamışdı ki... Sənət adamları
ilə səhnəarxası görüşdə mən də
qıraqda durmuşdum. Mənə dedi ki, “qıraqda niyə
durmusan, gəl bura. Sən bu gün məni çox kövrəltdin.
Bu cür gözəl səsin var, nəvaxtdandı səhnələrdə
yoxsan”. Üzünü sənət adamlarına tutub dedi: “Mən
istəiyirəm ki, belə gənclərimizə həmişə
təkan verək, şərait yaradaq”. Polad
Bülbüloğlunu çağırdı. Ona dedi ki,
“iki-üç gündən sonra Tiflisə gedirəm. Simarə
qızımız mənim təyyarəmdə olsun. Bundan sonra
Prezidentin iştirak etdiyi tədbirlərdə iştirak etdim.
Heydər
Əliyevin də xəbəri var idi ki, Özbəkistanda
“Şərq təranələri” festivalı keçirilir. Mənə
dedilər ki, sən bu festivalda iştirak eləməlisən.
Elə eləməlisən ki, adımızı
batırmamalısan. İnanırıq ki, sən orda ən
yüksək ada layiq görüləcəksən. Orda da 46
ölkənin musiqiçiləri iştirak edirdi. Onların
arasında Özbəkstanın xalq artisti Munacat Yolçuyeva
da var idi. Onunla rəqib idim. Biz ora xalq artisti, tarzən Zamiq
Əliyev və kamançaçı Ədalət Vəzirovla
getmişdik. Səsvermədə bildirdilər ki,
tamaşaçılar istəyir ki, Azərbaycan daha çox səhnədə
konsert versin. İyirmi gündür, ordayıq, çətinliklər,
həyəcan... Bütün ölkələrdən 20-30 nəfər
gedib, bizdən isə 3 nəfər. Axırıncı gün
idi. Hər ölkənin təmsilçisi özünü səhnədə
beş dəqiqə göstərməliydi. Rejissor bizə
yaxınlaşdı. Dedi ki, səhnəyə neçə
stul qoymalıyıq. Dedim, üç. Rejissor güldü.
Dedi ki, “elə 3 nəfər, siz nə
danışırsınız? Ola bilməz”. Ədalət
müəllim də dedi ki, “qardaş, demirsən neçə
stul, deyirik üç stul bəsdi bizə. Qalanı
artıqdır bizim üçün. Üç stul qoy.
Üç dənə də mikrofon olacaq”. O da qayıtdı
ki, “o biri ölkələrin 20-30 ifaçısı var,
bunların qarşısında üç stul nə edəcək?”.
Şükürlər olsun ki, o üç stulun gücü
sonradan göründü. Səhəri gün bizi “Requstun”
zalına yığdılar. Zal əzəmətli, gözəl
zal idi. Festivalda iştirak edən bütün ölkələrin
bayraqları qoyuldu. Hansı ölkə qalib gəlirdisə,
bayraq qalxırdı, dalğalanırdı.
Üçüncü yerdən başladılar. Azərbaycanın
adı çıxmadı. Rahat oldum ki, ikinci yeri mənə
verərlər. İkinci yerdə də mənim adım
çıxmadı. Bu arada Özbəkstana aid şeir səsləndi.
Dedilər ki, birinci yer Özbəkstanındı. Munacat
Yolçuyevanın adı çəkildi. Bayraq qalxdı.
Munacat xanım donub qalmışdı: axı “Qran-Pri” mənimdi,
nə təhər ola bilər ki, onu cavan bir uşağa
versinlər. Siz səhv deyirsiniz. Sifətində bir hirs var idi.
Onu mükafatı almağa güclə göndərdilər.
Salonda tək qaldım. İndi bir ağlamaq tutub məni.
İlk dəfə sevincdən ağlamağı onda
gördüm. Sevincimin həddi-hüdudu yox idi. Fikirləşirdim,
Allahım, şükürlər olsun ki, mən
başıuca, üzüağ vətənimə dönəcəyəm.
Mən ən böyük mükafata, birinci yerdən də
yüksək “Qran-Priyə layiq görüldüm. Azərbaycanın
bayrağı qalxdı. Səməd Vurğunun “Azərbaycan”
şeiri oxundu.
Mükafatı
alandan sonra zalın pilləkənlərini düşürəm.
Elə bilirəm ki, düşmürəm, uçuram. Milli
geyimdə, kəlağayı başımda. Həmin rejissora
dedik ki, gördün üç stulun gücünü?
Doğrudan da, bu, Azərbaycan musiqisinin möhtəşəmliyi,
Azərbaycan muğamının gücüdü. Musiqimizin
kökü muğamdı. Bütün ölkələr də
etiraf edir ki, bizim muğamımız möhtəşəmdi.
Heç bir musiqi onun qarşısında tab gətirə bilməz.
Beləcə,
həmin mükafatı alan adam festivalın şərtlərinə
görə “Şərq bülbülü” adına layiq
görülür. O vaxt Özbəkistan televiziyası mənə
həsr olunmuş “Şərq bülbülü” verilişi
hazırladı. Özbəkstanın mərhum prezidenti
İslam Kərimov bizim Ulu Öndərə zəng vurub, təbrik
edib. Deyib ki, Azərbaycandan bir balaca qızcığaz gəldi,
bizim xalq artistimiz Munacat Yolçuyevanı geridə qoydu. Sizin
qız “Qran-Pri”-yə layiq görüldü.
Ordan gələndən
sonra “Gülüstan” sarayındakı tədbirdə Ulu
Öndər dedi ki, “mən inanırdım, sən nəinki
birinci yerə, “Qran-Pri”yə layiq görüləcəksən.
Mən səndəki istedadı görmüşdüm”. Bundan
sonra da əməkdar artist adına layiq görüldüm.
Onda 19 yaşım var idi. Bu da çox böyük səs-küyə
səbəb oldu. Mən onda kirayədə qalırdım.
Çox utancaq qız idim. Deyə bilməzdim ki, evim yoxdu.
Deyirdim hər şeyim var. Amma indiki cavanlardan soruşsan ki,
hansı problemin var, hamısını bir-bir sayarlar...
“Bu sənəti
atsam, ölərəm, ömrüm azalar”
- Bəs
indi hansı arzularla yaşayırsınız? Hansı zirvələri
fəth etmək istəyirsiniz?
- Ən
böyük arzum odur ki, xarici ölkələrdə,
böyük-böyük konsert salonlarında oxuyum.
Övladlarım
vətənə layiq insan olsunlar. Həmişə
başımı uca etsinlər. Mən də baxım, fəxr
eləyim.
Arzu
heç vaxt bitmir. Həmişə arzudan arzu doğur...
- Övladlarınız demiş, sənətinizi
davam etdirən varmı?
-
Hal-hazırda çox istəyərdim ki, övladlarımdan mənim
sənətimi davam etdirən olsun. Amma mən onlara azadlıq
verdim. Mənim sənətimi istəmərəm ki,
cılızlaşdırsınlar. Doğrudan da, görərəmsə,
övladlarımdan hansı birindəsə yüksək istedad
var, gələcəkdə öz sözünü deyə biləcək,
ona şərait yaradaram. Allah o səsi, qabiliyyəti hər kəsə
vermir. Mən də oğluma şərait yaratdım, dedim ki,
bəlkə tara gedəsən. Uşağın fikrini öyrənəndən
sonra xalq artisti Zamiq müəllim tarını da özü
almışdı. Aparıb musiqi məktəbinə də
yazdırdıq. İnanın ki, tar hələ də evdə
durur. Amma gördüm ki, o uşağın istəyi yoxdu.
Oğlumun idmandan ötrü ürəyi gedir. Mən ona
azadlıq verdim. Hazırda 11-ci sinifdə oxuyur. Qabiliyyətli
uşaqdı.
Qızım
beşinci sinifdə oxuyur. Səsi var, oxuyur. Həm də
pianoya gedir. Gələcəyi də yaşayıb görərik...
- Siz həm də İncəsənət
Universitetində dərs deyirsiniz. Tələbələrinizlə
necə işləyirsiniz?
- İncəsənət
Universitetini bitirəndən sonra burda müəllim kimi fəaliyyət
göstərirəm. Umidverici tələbələrimiz var.
İnanırıq ki, həm bizim, həm də Universitetimizin
başını uca edəcəklər. Onların içindən
muğamımızı layiqli çiyinlərində
daşıyanlar olacaq.
- Hansı kitabları oxuyursunuz?
- Ən
çox Füzuli, Nəsimi, Vahid, Seyid Əzimi oxuyuram. Biz
muğam ifaçıları ən çox qəzələ
üstünlük veririk. Əzbərləyirik ki,
baqajımızda qəzəllər daha çox olsun.
Mütaliə
eləməyi də çox sevirəm.
- Hansı musiqiləri dinləyirsiniz?
-
Muğam ifaçısıyam, amma tək muğamı dinləmirəm.
Muğamla bərabər estradaya, pop janrına, xarici musiqilərə
də qulaq asıram. Türk sənət musiqiçilərinə
qulaq asmağı sevirəm. Azərbaycanda nə qədər
korifey sənətkar var, istər dünyasını dəyişmiş,
başda mənim ustadım Ağaxan Abdullayev olmaqla, istərsə
də həyatda olan ustad sənətkarların hamısına
qulaq asıram. Efirdə beş gün populyar olan mahnılar
olur. Elə şeylərə qulaq asmıram. Onlara qulaq assam,
özümü narahat hiss edərəm.
- Sənətdə idealınız
kimdi?
- Sənətdə
idealım Ağaxan Abdullayevdi. Ağaxan Abdullayev elə bir sənətkar
idi ki, xəstə də olsa, tamaşaçı
qarşısında elə ifa edirdi ki, tamaşaçı
hiss edə bilməzdi ki, ifaçı xəstədi, ya
sağlamdı. Səhnədən qorxmurdu. Bütün korifey
sənətkarlarımıza hörmətim var. Amma,
doğrudan da, Ağaxan Abdullayev mənim idealımdı.
- Dəvət aldığınız
bütün verilişlərə gedirsiniz?
-
Hansısa bir televiziyadan dəvət edirlər, o verilişə
baxmasam da, internet vasitəsilə girib baxıram, görüm
nə verilişdi, səviyyəsi nədi? Mən gözəl
insan, gözəl sənətkar, tarzən Ramin Rzayevlə bir
yerdə işləyirəm. Ondan soruşuram ki, filan
verilişə dəvət ediblər, o veriliş nə təhər
verilişdi? Yaxşıdısa, deyir ki, bu verilişə getmək
olar. Və yaxud da deyir ki, bu veriliş sənlik deyil.
Baxıram ki, o verilişdə mən özümü görməliyəm.
Özümü orda görmürəmsə, mənim ora getməyim
lazım deyil. Bir neçə dəfə də olub,
verilişə getmişəm, görmüşəm, mənimlə
bahəm elə insanlar dəvət olunub ki, o verilişdə
çıxıb görsənməkdənsə, görsənməməyi
üstün tutmuşam. Bizdə yalan-palan çoxdu. Olmayan
şeyi elə tərifləyirlər, qalırsan belə ki,
bunun nəyini tərifləyirsiniz. Qiymətsizə
özündən artıq qiymət vermək bizi
cılızlaşdırır. Çox aparıcılar belədi.
Mən bunu görürəm, acıyıram. Hətta bu sənətdən
çıxıb getməyim də olub. Ancaq görürəm
ki, bu sənəti atsam, ölərəm, ömrüm azalar.
Elə verilişlər var ki, çox bərbad gündədi.
Onu da bizim aparıcılar həddindən artıq
şişirdirlər. Get-gedə hər şey ələnir,
göz qabağındadı. Elə musiqilər var ki, muğam
səviyyəsində deyil, onu elə edirlər ki, muğam səviyyəsinə
qaldırırlar. Bəzilərini elə təqdim edirlər
ki, elə bil, böyük ustaddı. Əslində elə
deyil. Bizdən sonra gələn nəsillər var. Bizlər
bunu belə qələmə veririksə, onda vay bizim
halımıza...
“Duzlu da
yeyirəm, yağlı da...”
- Hazırda sənətlə
bağlı hansı planlarınız var?
-
Planlarımız çoxdu. Bəzi şeylər var ki, onlar
insanın qarşısına məhdudiyyət qoyur. Mənim ən
böyük arzumdu ki, Heydər Əliyev Sarayında
böyük bir konsert verim. Niyə də olmasın axı?
Amma mənim buna maddi tərəfdən imkanım yoxdu. Bəzi
muğamlar var ki, Ramin Rzayevlə lentə almışıq:
“Mirzə-Hüseyn” dəsgahı, “Mahur-Hindi”, “Şüştər”,
“Bayatı-Şiraz”, “Çahargah”. Ritmik muğamlardan
“Osmanlı”, “Qarabağ şikəstəsi”, “Heyratı”, “Kəsmə
şikəstə”, “Simayi-Şəms”i göstərmək
olar. Çox böyük arzumdu ki, bunları kimsə mənə
kömək edə, studiyada diskə yazdıraq. Bu gün bir
xanəndə kimi mənim enerjim, səsim buna imkan verir. Sabah
yaşa dolanda bilmirəm ki, səsim, ya
sağlamlığım buna imkan verəcək, ya yox.
Amma bu
gün hələ cavanam, sağlamam. Allah hər birimizə
can sağlığı versin.
- Səsinizi necə qoruyursunuz?
- Mənim
səsimi Allah qoruyur. Qışda dondurma yemirəm, soyuq su
içmirəm. Soyuducudan soyuq meyvə yemirəm. Amma istiotlu
da, duzlu da, yağlı da yeyirəm. Təbii ki, səhnəyə
çıxanda ləpə yeyərsən, səsini tutar,
boğazını qıcıqlandırar.
- Hobbiniz nədir?
- Boş
vaxtım olanda çalışıram ki, uşaqlara daha
çox vaxt həsr eləyim. Bir də təmizlik işləri
üçün ürəyim gedir.
Elə
kitab var ki, oxuyuram, ondan nəsə öyrənim...
- Ən çox nədən əsəbiləşirsiniz?
- Bəlkə
də ilk baxışdan çox sakit adama oxşayaram. Amma
çox əsəbi insanam.
- Paxıllığınızı
çəkənlər var?
- Mənim
heç kimlə ədavətim yoxdu. İstər sənət
adamı, istər adi insan olsun. Allaha inanan adamam. Kiməsə
pislik edim, kiməsə pis iş qurum, bu mənlik deyil. Həmişə
çalışaram ki, bir insana yaxşılıq edim.
Qaldı ki paxıllığa, insan ola, o insanın
paxıllığını çəkən olmaya? Bu,
mümkünsüzdü. Əgər sənin bostanına
daş atırlarsa, deməli, sənin varlığın var bu
dünyada.
- Qalmaqallarla münasibətiniz necədir?
- Bir
neçə telekanaldan mənə deyiblər ki, gəl belə
bir veriliş hazırlayaq, orda böyük bir qalmaqal olsun. Həmişə
elə şeylərdən qaçıram. Özüm
özümə sual verirəm ki, Simarə İmanova, sən
bu sənətə gələndə qalmaqalla gəlmisən?
Sənətlə gəlmisən. SMS, qalmaqalla gəlməmisən
ki, bugünkü gündə də göz önündə
olasan. Problemlərimi həll eləyən insan olsun. Mən də
oturum sənətlə məşğul olum.
- Toylara gedə bilirsinizmi?
- Sənət
adamlarının qazancı elə toylardan olur da. Əvvəldən
sənət adamlarını xalq saxlayıb. Bizim də
gözümüzü dikdiyimiz yer toydu. Deyirik ki, qəşəng
toy olardı, bilərdik ki, beş manat qazanacağıq. Amma
deyə bilmərəm ki, 10 min verməlisən, gəlim
toyunda iştirak edim. İnsanları gərək başa
düşəsən. Bir də ki, bugünkü gündə
toy da yoxdu.
- Hazırda hansısa mükafat
gözləyirsiniz?
- Sağ
olsun bizim dövlətimiz. Allah Prezidentimizin canını
sağ eləsin. Muğamımıza diqqət göstərir.
Vaxt var idi mən
xarici səfərlərə
gedəndə deyirdim ki, kaş bu festivallar bizim Azərbaycanda
da olaydı. Bugünkü gündə Mehriban Əliyeva bu
şəraiti bizim cavanlar, bizlər üçün
yaratdı. İndi bizim Azərbaycanımızda da belə
festivallar keçirilir.
Sənət adamı istəyir ki, həmişə ona dövlət tərəfindən yaxşı-yaxşı mükafatlar verilsin. Mən hazırda prezident mükafatı alıram. Amma mükafatların hamısını istəyirəm. Niyə də olmasın? Cavan adamam. Mənim bu dəqiqə oxuyan vaxtımdı. Biz yaradıcı insanlarıq, həmişə öz üzərimizdə işləyirik. İstəyirik dövlət tədbirlərində iştirak edək, xarici səfərlərə gedək, göz önündə olaq.
Açar sözlər:
Simarə_İmanova
Namiq Məmmədli
Ekspress.-2018.-15-17 dekabr.-S.9-13.