Soydaşlarımız Qazaxıstanda 37 diaspor təşkilatı yaradıb

Xarici ölkələrdə yaşayan azərbaycanlıların sıx təşkilatlandığı ölkələrdən biri də Qazaxıstandır. Burada 90 min azərbaycanlı yaşayır və onların 37 diaspor təşkilatı var.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Qazaxıstanda mövcud olan vilayətlərin əksəriyyətində diaspor təşkilatları təsis edilib. Daha çox diaspor təşkilatı Almatı vilayətindədir. Burada 12 təşkilat yaradılıb. Almatı vilayətindən başqa daha 9 regionda diaspor təşkilatları yaradılıb.

Orta Asiyanın aparıcı dövlətlərindən olan Qazaxıstanla Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Böyükpək yolu" dövlətləri olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr ticari və mədəni əsaslarla inkişaf edib. Hazırda təqribi sayı 90 min gostərilən Qazaxıstan azərbaycanlılarının bu ölkədə diaspor formalaşdırması XX əsrin 60-cı illərindən sonrakı dövrə təsadüf edir. 1920-ci illərdə Sovetlər Birliyində başlanan siyasi repressiyaların ən ağır zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində azərbaycanlıların çox hissəsi Orta Asiya, Sibir kimi yerlərə sürgün edilirdilər. Belə azərbaycanlıların təqribən 120 min nəfəri Qazaxıstana sürgün olundu. İlk sürgün edilən soydaşlarımız Canbul, Cimkənd və Almatı vilayətlərində məskunlaşdı. Bu prosesdən sonra 40-50-ci illərdə davam edən repressiya prosesi azərbaycanlıların bura köçürülməsi ilə nəticələndi. Onlar, əsasən, Gürcüstan və Azərbaycanın digər bölgələrindən olan deportantlar idilər. 1956-1960-cı illərdə isə on beş minə yaxın azərbaycanlı Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə kömək üçün buraya köçdü.

Komitənin məlumatına əsasən, Azərbaycan diasporu mədəni və ictimai fəaliyyətlə məşğul olur. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hisəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm vəzifələr tutublar. Qazaxıstan azərbaycanlılarının çox hissəsi Vətənə gələrək, burada ailə həyatı qurmağa üstünlük verir. Qazax və ruslarla qarışıq nikaha girən bəzi soydaşlarımız isə ailələrində azərbaycanlı ənənələrini təbliğ edirlər. Azərbaycan təşkilatları Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Qazaxıstan Xalqları Assambleyasına daxildilər. Qazaxıstanda insanların milli, dini, irqi zəmində hec bir problemi yoxdur. Bu ölkədə bacarığı sayəsində yüksək pillədə qərar tutmuş çoxlu azərbaycanlılar, vilayət və şəhər deputatları var. Cu şəhərinin meri də azərbaycanlı Nizami Məmmədov olub. Ümumiyyətlə, dövlət strukturlarında azərbaycanlılar təmsil edilirlər. Vəkillər, alimlər arasında da xeyli soydaşımız var. Dövlət Dumasında hüquq muüəttişliyinin rəhbəri də azərbaycanlı professor Mirbəşir Əliyevdir. Daxili İşlər Nazirliyi sistemində, hərbi sahədə, vergi orqanlarında yüksək rütbə daşıyan çoxlu həmvətənimiz fəaliyyət göstərir. 1990-cı illərdən Aktyubinsk vilayətində "Birlik", Astana şəhərində "Xəzər", Karaqanda vilayətində "Kamus", Povladar vilayətində "Vətən" və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi Cambul vilayətinin Cu rayonunun Yeni yol - Novıyput kəndində yaradılıbr. Qazaxıstan azərbaycanlılarının iqtisadi və siyasi cəhətdən ən böyük təşkilatı 1997-ci ildən fəaliyyətə başlayan "Turan" Mədəniyyət Mərkəzidir. 1993-cu ilin mayında Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Turan" ictimai-mədəni fəaliyyətlə məşğul olur. Mərkəzin rəhbərliyilə Almatıda "Ozan" şəhər Mədəniyyət Cəmiyyəti təsis olunub və bunun ardınca digər vilayətlərdə proses davam edib. Türk xalqlarının birliyi, mədəni tədbirlər, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etməsi və s. istiqamətlərdə fəal iş aparan "Turan" Mədəniyyət Mərkəzinin analoqu olan Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı Azərbaycan ictimai-mədəni cəmiyyətlərinin konqresi "Turan"ın missiyası daha geniş və fəaliyyəti böyükdür. "Turan" konqresinin orqanı olan "Vətən" qəzeti qeydiyyatdan keçib. Qəzet Azərbaycan, qazax və rus dillərində çap olunur. Bu ölkədə, eyni zamanda, "Turan Ekspress" adlı qəzetdə dərc edilir. Hazırda Astana, Almatı, Taldıkurqan, Qaraqanda şəhərlərində Azərbaycan dilində "Bazar günü" məktəbləri fəaliyyət göstərir. Xoca Əhməd Yəsəvi adına Türküstan Universitetində azərbaycanlılara hər il 10 yer verilib. Almatıda ilk Azərbaycan məscidi də fəaliyyətə başlayıb. Məscidin tikintisinə 70 min ABŞ dolları həcmində vəsaitin toplanmasında Qazaxıstanda yaşayan azərbaycanlı ziyalılar, elm xadimləri, konqres üzvləri, eləcə də qazaxların özləri də yardımçı olublar.

Qazaxıstanda yaşayan soydaşlarımız fəaliyyətinə dair son məlumatlar da soydaşlarımızın aktiv olduğunu təsdiqləyir. Qazaxıstanın Almatı şəhərində Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzində 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbir Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzinin, Azərbaycan səfirliyinin və tanınmış ziyalı Nasixa Kencinanın birgə təşkilatçılığı ilə baş tutub.

Dövlət Bayrağı Gününə həsr olunan tədbirdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov, Qazaxıstan Xalqlar Assosiasiyasının üzvü, qazax dili üzrə tanınmış azərbaycanlı filoloq Əsli Osman, yerli və xarici qonaqlar, tanınmış elm adamları, ziyalılar və tələbələr iştirak edib.

Mərasimdə çıxış edənlər üçrəngli bayrağımızın tarixindən, onun əhəmiyyətindən danışaraq, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyi vurğulanıb.

Tədbir Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu "Əbədi ezamiyyət" sənədli filminin nümayişi ilə davam etdirilib.

Yeri gəlmişkən, bildirək ki, Azərbaycan diasporunun formalaşmasında xidmətləri olmuş, Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri, görkəmli ziyalı Vidadi Koroğlu oğlu Salahov oktyabrın 14-də vəfat edib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq mərhumun ailə üzvərinə və yaxınlarına, eləcə də, Qazaxıstandakı Azərbaycan icmasının üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1978-1983-cu illərdə Voronej Dövlət Universitetində təhsil alıb. O, 1983-1993-cü illərdə Qazaxstanın müxtəlif orta məktəblərində tarix müəllimi işləyib, 1994-1997-ci illərdə müxbir kimi fəaliyyət göstərib. 2004-cü ildən "Turan-ekspress" qəzetinin baş redaktoru olub. Tarix üzrə fəlsəfə doktoru olan V.Salahov Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvü idi.

V.K.Salahovun Qazaxıstanda Azərbaycan diasporunun formalaşmasında xüsusi xidmətləri olub. O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub. V.Salahov Qazaxıstan dövləti tərəfindən də müxtəlif mükafatlarla təltif edilib.

Qazaxıstanda azərbaycanlıların fəaliyyətinin genişlənməsi həm də bir türkdilli ölkə ilə əlaqələrin inkişaf etməsi baxımından əhəmiyyətlidir. Əlaqələrin inkişafında türkdilli diaspora qurumlarının əməkdaşlığının da böyük rolu var. Noyabrda Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib. İclasda ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

TDƏŞ Baş katibi Bağdad Amreyev iclasın gündəliyində olan məsələlər barədə ümumi məlumat verib. İclasda türkdilli diasporların hazırkı vəziyyətinin və şuraya üzv dövlətlərin diaspor qurumları arasında güclü koordinasiya və əməkdaşlıq imkanları, Türk Şurasının "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və "2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı"nın qəbul edilməsi, Türk Şurasının II Diaspor Forumunun keçirilməsi, Türkdilli Diasporların Atlasının hazırlanması, Türk Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin növbəti görüşünün vaxtı və yerinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında geniş müzakirlər aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iclasda çıxış edərək, Türk dünyasının birliyi ideyasının yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımların atıldığını diqqətə çatdırıb. Bu mənada türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətlərini vurğulayaraq "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və "Biz bir millət, iki dövlətik" kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq hər addımda soydaşlarımızın yanında güclü və müstəqil Azərbaycan dövlətinin olduğunu göstərməyə çalışırıq deyən Dövlət Komitəsinin sədri qeyd edib ki, türkdilli diasporların birgə fəaliyyəti daha uğurlu və səmərəli ola bilər.

F.Muradov qeyd edib ki, bir neçə dəfə Bakıda, Ankarada TDƏŞ-ə üzv Dövlətlərin Diaspor Məsələlərinə Cavabdeh Dövlət Qurumlarının Rəhbərlərinin Toplantıları keçirilmiş, türkdilli dövlətlərin diasporlarının birgə fəaliyyətinin yekunları və gələcək perspektivləri ilə bağlı müzakirələr aparılmışdır. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın qəbul edildiyini xatırladaraq, Özbəkistanın da Türk şurasına üzv olmasıyla bu birliyi daha da gücləndirəcəyini qeyd edib.

 

 

 

Fuad Muradov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin 3-cü iclasında imzalanacaq "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və "2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı"ın Türk dünyasının birliyinə, qarşılıqlı əlaqələrin inkişafına yeni məzmun verəcəyini, diaspor təşkilatların birgə fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcəyini bildirib.

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın Sosial İnkişaf naziri Darxan Kaletayev, Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin rəhbəri Abdullah Eren və digərləri çıxış edərək toplantının və burada qəbul ediləcək qərarların əhəmiyyətini vurğulayıblar.

Vasif CƏFƏROV

Ekspress.-2018.-19 dekabr.-S.10.