Azərbaycan
mədəniyyəti xaricdə təbliğ edilir
Azərbaycan diaspor təşkilatlarının və Diasporla
İş üzrə Dövlət Komitəsinin qarşısında
duran mühüm tapşırıqlardan biri Azərbaycan mədəniyyətinin
xaricdə tanıdılması, təbliğidir. Bu iqtiqamətdə
həm diaspor təşkilatlarının, həm də Dövlət
Komitəsinin çoxşaxəli fəaliyyəti mövcuddur.
Son 2-3 ay ərzində Azərbayan mədəniyyətinin
təbliği istiqamətində həyata keçirilən tədbirlər
bunun təsdiqidir.
2018-ci ilin noyabrdında Ankarada "Azərbaycan Xalq
Cümhuriyyəti - 100. Biblioqrafiya", "Qara Qarayev. Biblioqrafiya"
kitablarının təqdimatı olub. Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) mərkəzi qərargahında keçirilən tədbirdə
TÜRKSOY-un Baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın
Türkiyədəki səfiri Xəzər İbrahim və Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradov çıxış edib. Çıxışlarda
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısa və
şərəfli yolu, cümhuriyyətimizin ideyaları, XX əsrin
sonunda dövlət müstəqilliyimizin bərpası, bu prosesdəki
çətinliklər, o cümlədən ümummilli lider
Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti
İli" elan edilməsi, o cümlədən Qara Qarayevin yubileyinin
qeyd olunması dövlətçilik ənənələrinin
nümunəsi kimi dəyərləndirilib.
Tədbir çərçivəsində Azərbaycan
Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə,
ənənələrinə, mədəniyyətinə aid kitablar
sərgilənib.
Təqdimat mərasimi Qara Qarayev və digər Azərbaycan
bəstəkarlarının əsərlərindən ibarət
konsert proqramı ilə davam edib.
Noyabrda Kanadanın Ottava şəhərindəki Azərbaycan
icması milli mətbəximizin yerli sakinlərə tanıdılması
məqsədilə "Gutab making Workshop" adlı tədbir
keçirib.
9 Noyabr Azərbaycanın Dövlət Bayrağı gününə
həsr edilən tədbirdə Ottava şəhərində
yaşayan azərbaycanlılar, müxtəlif xalqların təmsilçiləri
və Azərbaycanın Kanadadakı Səfirliyinin nümayəndəsi
iştirak edib.
Tədbirdə qonaqlara Azərbaycan haqqında ətraflı
məlumat verilib. Ölkəmizin tarixi, dövlətçilik
ənənələri, zəngin mədəniyyəti, mətbəxi,
təbiəti, turizm imkanları barədə danışılıb.
Görüşdə
eyni zamanda, digər xalqların nümayəndələrini milli
mətbəximizin nümunələri ilə əyani tanış etmək məqsədilə qutabın
hazırlanması haqqında məlumat verilib, onlara qutabın
hazırlanması və bişirilməsini öyrənmək
imkanı yaradılıb.
Noyabrda Almaniyanın Aşağı Saksoniya vilayətində,
Hannover şəhərində fəaliyyət göstərən
Alman Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, recissor
Ələkbər İmanovun çəkdiyi "Tunellblick"
("Tunel görüntüsü)" triller filminin təqdimat
mərasimi keçirilib. Podeborn şəhərinin mərkəzi
kinoteatrlarından birində baş tutan premyerada şəhər
meriyasının nümayəndələri, Almaniyada tanınan
aktyorlar Volfhanq Künhold və Nadya Qrun, media təmsilçiləri
və digər qonaqlar iştirak edib. "İ-Mann
Studio"da çəkilən 121 dəqiqəlik filmin ssenari
müəlliflərindən biri, quruluşçu operatoru və
mantacçısı Ələkbər İmanovdur. Film bir gəncin həyat yolundakı qarşılaşdığı
problemlərdən bəhs edən psixoloji trillerdir.
Noyabrda daha bir mədəni tədbir Özbəkistanda
olub. Daşkənddə
Əlişir Nəvai adına Özbəkistan Dövlət
Opera və Balet Teatrının baş recissoru, Azərbaycanın
və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı
laureatı Firudin Səfərovun 85 yaşı qeyd edilib. Teatrda keçirilən yubiley tədbirində Azərbaycanın
və digər ölkələrin Özbəkistandakı səfiri,
diplomatlar, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri,
elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin
nümayəndələri, curnalistlər iştirak ediblər.
Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndəsi
Müqəddəs Axmedcanova, SSRİ Xalq artisti Yaqub Əhmədov
və digərləri çıxış edərək Firudin
Səfərovun həyat və yaradıcılığından
danışıblar. Qeyd olunub ki, opera sənəti qarşısındakı
xidmətlərinə görə Özbəkistan prezidentinin fərmanı
ilə F.Səfərov "Əmək şöhrəti"
ordeni ilə təltif edilib.
Ötən
ay Diasporla İş üzrə Dövlət Komitəsi və
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı
səfirliyinin dəstəyi ilə "Azərbaycanın dostları"
diaspor təşkilatı İsveçrənin Ştayn şəhərində
Azərbaycan mədəniyyət nümunələrinin təqdimatını
keçirib. Təqdimat "Birlikdə bayram edək"
şüarı altında təşkil olunan multikultural festival
çərçivəsində baş tutub.
Tədbirdə Azərbaycanın əməkdar artisti, tanınmış
xoreoqraf, İtaliya Azərbaycan Mədəniyyət Assosiasiyasının
sədri Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət
göstərən qrupun milli rəqslərimizdən ibarət
çıxışı tamaşaçılar tərəfindən
böyük rəğbətlə qarşılanıb.
400 nəfərdən artıq qonağın iştirak etdiyi
tədbir çərçivəsində yaradılmış
və müxtəlif növ milli kulinariya nümunələrimizin
təqdim olunduğu Azərbaycan stendinə iştirakçılar
tərəfindən böyük maraq göstərilib.
Qeyd edək ki, İsveçrədə "Birlikdə
bayram edək" şüarı altında ənənəvi
olaraq təşkil olunan festival bu ölkədə ən tanınmış
multikultural tədbirlərdəndir.
Dekabrda Ukraynanın Dnepr şəhərində Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının və görkəmli
bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə
həsr olunmuş tədbir - konsert təşkil olunub.
Azərbaycanın
Ukraynadakı səfirinin də iştirak etdiyi tədbir Dnepr
şəhərində fəaliyyət göstərən
Müslüm Maqomayev adına Beynəlxalq Fondun təşkilatçılığı,
Dnepropetrovsk Azərbaycanlıları Liqası, Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporu (UABD) və Birləşmiş Ukrayna
Azərbaycanlıları Konqresinin (BUAK) dəstəyi ilə
keçirilib. Konsert zamanı Azərbaycanın xalq artisti, professor
Yalçın Adıgözəlovun rəhbərliyi ilə
Dnepr Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin, Fikrət
Əmirovun və Vasif Adıgözəlovun əsərləri
təqdim olunub.
Nəhayət dekabrda Florida Beynəlxalq Universitetində
Azərbaycan muğamı gecəsi keçirilib. Azərbaycan
Amerika Mədəniyyət Assosiasiyası tərəfindən
təşkil olunmuş tədbirdə ABŞ-ın muğam
üzrə məşhur mütəxəssisi Cefri Verbok bu musiqi
canrı haqqında məruzə ilə çıxış
edib.
Tələbə auditoriyası qarşısında
çıxış edən musiqiçi Azərbaycan muğamının
tədqiqatı ilə bağlı qırx illik təcrübəsindən
danışıb. O, musiqinin digər məşhur canrları ilə müqayisədə
muğamın incəliklərini diqqətə çatdırıb
və onun qeyri-adiliyini vurğulayıb.
Türk, İran və yəhudi icma nümayəndələrinin,
universitetin tələbə və müəllim heyətinin
iştirak etdiyi tədbirdə C.Verbok tarda və kamançada
bir neçə muğam əsərini ifa edib.
Xatırladaq ki, 1971-ci ildən Azərbaycan musiqisinə
vurulan Cefri Verbok bütün ömrünü muğamlarımızın
xaricdə təbliğinə həsr edib. Onun təşkilatçılığı
ilə ABŞ-ın və İsrailin muzeylərində, kolleclərində,
universitetlərində və ictimai mərkəzlərində
yüzlərlə konsert və mühazirə təşkil edilib.
Dekabrda
Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı
ilə Parisin mərkəzində yerləşən tarixi
San-Cermən-Lokserua (Saint-Germain-l"Auxerrois) kilsəsində
Azərbaycan operasının yaradılmasının 110 illiyinə
həsr edilmiş konsert təşkil edilib.
Tədbirdə
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada
Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Can-Fransua
Mansel, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, Parisin
1-ci rayon merinin müavini Karla Ariqoni, fransalı curnalistlər,
mədəniyyət və incəsənət xadimləri
iştirak ediblər.
Azərbaycanın
Fransadakı səfiri Rəhman Mustafayev qonaqlara müsəlman
şərqində ilk opera olan Azərbaycan operasının yaranması
tarixi, 100 il bundan əvvəl müsəlman şərqində
ilk parlament olan Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən
əsası qoyulmuş parlament və bu parlament tərəfindən
Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi
haqqında ətraflı məlumat verərək belə bir
mühim tarixin qeyd ediməsini alqışladığını
bildirib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının
Prezidenti Can-Fransua Mansel assosiyasiyanın həyata keçirdiyi
layihələr və bu layihər sayəsində Azərbaycan
mədəniyyətinin Fransada təbliğindəki rolundan
söz açdı. O, müsəlman şərqində ilk operanın beşiyi
olan Azərbaycanın bu gün də regionda həm inkişaf
baxımından, həm də proqressiv ideyalar ilə öz qabaqcıllığını
saxladığını vurğulayıb.
Konsertdə
Səidə Zülfüqarovanın (piano), Regina Rustamovanın
(mezza-soprano), Timur Abdikiyev (bas), İrina Kopilova (soprano) ifasında
Azərbaycanın opera musiqiləri böyük maraqla qarşılanıb.
Konsert zamanı unudulmaz bəstəkarlarımız Üzeyir
Hacıbəyovun Arşın Man Alan filmindən Gülçöhrənin
ariyası, Niyazinin Arzu melodiyası, Fikrət Əmirovun Sevil
Operasından Sevilin Ariyası və digər musiqilərimiz səsləndirilib.
Bu ay Almaniyanın Celle şəhərində Azərbaycanın
böyük bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr
olunmuş klassik və müasir musiqilərdən ibarət konsert
proqramı keçirilib.
Bakı
Alman-Azərbaycan Dostluq cəmiyyətinin təşkilatçılığı
ilə keçirilən tədbirdə Azərbaycandan dəvət
olunmuş Q.Qarayev adına Kamera Orkestrinin
artistləri Nərgiz Əliyeva, Nəsrin Rzayeva, Almaniyada yaşayan
azərbaycanlı opera müğənnisi Aida Vəli və gənc
istedadlar çıxış edib.
Konsert proqramı yerli ictimaiyyət tərəfindən
maraqla qarşılanıb. Konsertin keçirilməsində
məqsəd Azərbaycan musiqisini və mədəniyyətini
Almaniyada təbliğ etmək, alman ictimaiyyətinə, xüsusilə
də burada yaşayan gənc nəslin nümayəndələrinə
Azərbaycanın zəngin mədəniyyətini nümayiş
etdirmək və sevdirməkdir.
Dekabrda
Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli
Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və
İnsan Haqları İnstitutunun sabiq direktoru və Gürcüstanın
Helati Akademiyasının akademiki, professor Rövşən Mustafayevin
gürcü dilinə tərcümə edilən "Dairəyə
alınmış cənnət" kitabının təqdimatı
olub.
Tədbirdə muzeyin direktoru, Azərbaycanın Əməkdar
mədəniyyət işçisi Leyla Əliyeva yüzdən
artıq məqalə, kitab və elmi nəşrin müəllifi
olan Rövşən Mustafayevin yaradıcılığından
söz açıb. Bildirib ki, bu gün gürcü oxucularına
təqdim olunan kitab Azərbaycan ilə Gürcüstan arasındakı
münasibətlərə böyük töhfədir.
Tədbirdə çıxış edən Azərbaycanın
Gürcüstandakı səfiri Dursun Həsənov və
başqaları R.Mustafayevin hüquq və insan haqlarının
müdafiəsi istiqamətindəki fəaliyyətini yüksək
qiymətləndiriblər. Çıxış
edənlər gürcü dilinə tərcümə olunan kitabın
əhəmiyyətini qeyd edərək müəlliflə
bağlı xatirələrini bölüşüblər.
Çıxışlarda "Dairəyə alınmış
cənnət" kitabındakı hekayələr əsasında
yeni tamaşaların hazırlanmasının vacibliyi vurğulanıb. Bildirilib ki,
alimin daha bir neçə kitabı gürcü dilində nəşr
olunacaq.
Təqdimat mərasimində Azərbaycanın və
Gürcüstanın elm adamları, mədəniyyət və
incəsənət sahəsinin tanınmış nümayəndələri
iştirak ediblər.
Vasif CƏFƏROV
Ekspress 2018.- 22-24 dekabr.- S.10.