Almaniyada Azərbaycan diasporu

Azərbaycanlıların sıx yaşadıqları ölkələrdən biri də Almaniyadır. Azərbaycanla Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilə təsadüf edir. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr inkişaf etməyə başlayıb.

Almaniya azərbaycanlıları əsasən Türkiyə və İrandan, qismən Azərbaycan və digər dövlətlərdən buraya miqrasiya ediblər. Qeyri-rəsmi məlumatlara əsasən Almaniyada 200000 nəfər etnik azərbaycanlı yaşayır və onlardan 14000-17000 nəfəri bu ölkənin paytaxtı Berlin şəhərində məskunlaşıblar.

Almaniyada "Azərbaycan Mədəniyyəti" cəmiyyətinin sədri Yaşar Niftəliyev də o fikirdədir ki, azərbaycanlıların diaspor tarixi uzaq keçmişə təsadüf etsə də, tarixən yaranan fasilələr bunun inkişafına imkan verməyib: "Sonuncu mərhələ ümumilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ilk dəfə olaraq ən fəal və uzunmüddətli mərhələyə keçib və bununla da diasporda köklü dönüş yaranıb. Nəzərə alaq ki, xaricdəki azərbaycanlıların, xüsusilə də Avropadakı azərbaycanlıların tam əksəriyyəti məhz Azərbaycan müstəqillik qazandıqdan sonra köç ediblər. Avropada Almaniya da daxil olmaqla yeni metodların diasporda istifadə olunması artıq nəticə etibarilə özünü büruzə verməkdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropanın bir sıra ölkələrində həmvətənlərimizlə etdiyi son görüşlər, müzakirələr və alınan qərarlar ciddi canlanmaya səbəb olub. Bu, indi lobbiçiliyin dirçəlməsində özünü göstərir. Lobbiçilik məsələsinə gəlincə, bu, bizim üçün yeni mərhələdir. Bizlər yeni-yeni Avropada təkamülləşərək yerli idarəetmə ilə, seçkili orqanlarla sıx ünsiyyət yaradırıq, dostlar qazanırıq. Bunlar indi-indi öz nəticəsini verməkdədir. Artıq bir neçə bölgələrdə azərbaycanlılar özləri yerli qurumlara seçilirlər, təyin olunurlar və sair. Diaspor sahəsində tətbiq edilən yeni metodlar əminəm ki, lobbiçiliyi də sürətləndirəcək. Ən başlıcası gənclərimizin yerli partiyalara üzv olması aktual məsələyə çevrilib və gündəmdədir. Əsas inteqrasiyanın güclü olmasıdır. Əks halda lobbiçilik zəig inkişaf edər".

Yeri gəlmişkən, Y.Niftəliyev daha çox beynəlxalq boks yarışlarının keçirilməsi üzərində diaspor fəaliyyəti ilə məşğuldur və onun fikrincə, idman elə bir təbliğat üslubudur ki, lazım olan bütün meyarları yerli cəmiyyətə çatdıra bilirik: "Ona görə də mən gücümü idman tədbirlərinə, mediaya yönəltmişəm. Artıq içərimizdə 10-15 nəfəri toplayıb şablon tədbirlər keçirmək zamanı deyil. Daha fərqli, daha geniş miqyasa önəm veririk. Gücümüzü yerli əhali ilə müxtəlif layihələrə yönəldirik. Yeri gəlmişkən, bunu da lobbiçiliyin bir qolu hesab etmək olar. Yeni planlarımız idmanda çoxdur. Planlarımızdan biri də odur ki, növbəti ildən Azərbaycan idmançılarının sayını rəhbərlik etdiyimiz "World Boxing Committee Haydər Aliyev (WBCA)"də artırmaqdır. Buna nail olacağıma əminəm. Nail ola bilsək Azərbaycan diasporunun inkişafına və Avropada içimizdən çıxan bəzi arzuolunmaz şəxslərin yetişməsinin qarşısını almış olarıq" ("report.az").

"2011-ci ildə təsis edilən Alman-Azərbaycan Dostluq Cəmiyyətini yaratmaqda əsas məqsəd bu təşkilat vasitəsilə almanlarla dostluğu daha da möhkəmləndirmək, həmçinin adət-ənənələri almanlara daha da yaxından tanıtdırmaq olub" deyən adıçəkilən cəmiyyətin sədri Naibə Hacıyeva qeyd edir ki, almanlara nəinki bizim yeməkləri, hətta milli rəqslərimizi, öz ana dilimizi belə öyrədir: "Almanlar bizim musiqilərimizə çox həvəslə qulaq asırlar. Hər dəfə toplantılarımızda məndən sonrakı toplantının nə zaman olacağını həvəslə soruşurlar. Bununla bərabər, keçirdiyimiz bütün görüşlərdə onlara Azərbaycan haqqında məlumatlar verirəm. Xüsusilə, Dağlıq Qarabağ problemi, ermənilər tərəfindən Xocalıda törədilən soyqırım haqqında tez-tez söhbətlər edilir. Ümumiyyətlə, bizim təşkilatımızın əsas məqsədi Azərbaycanla Almaniya cəmiyyəti arasında dostluğu gücləndirmək, ölkəmizin mədəniyyətini təbliğ etmək və ən başlıcası həmyerlilərimizlə daha sıx əlaqələr yaradıb onları bir çətir altında birləşdirməkdir".

N.Hacıyeva qeyd edir ki, Almaniyada müxtəlif Azərbaycan dərnəkləri, diaspor təşkilatları mövcuddur: "Bu təşkilatların hamısının da məqsədi eynidir. Yəni, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımını burada tanıtmaq və Almaniya cəmiyyəti ilə sıx əməkdaşlıq əlaqələri yaratmaq. Digər tərəfdən son illər dövlət tərəfindən diaspor fəaliyyətinə ayrılan diqqət və qayğı Almaniyadakı diasporumuzun fəaliyyətində də əhəmiyyətli dərəcədə hiss olunur. Almaniyanın bir çox şəhərlərində həmyerlilərimizin yaratdıqları təşkilatlar Azərbaycan həqiqətlərinin tanıdılmasında və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında çox böyük rol oynayır. Ümumiyyətlə, hər bir azərbaycanlının burada bir məqsədi var, o da Vətənimizi burada layiqincə təmsil etmək, hər yanda azərbaycanlı olaraq ölkəmizin adını uca tutmaq və daha yüksək nailiyyətlər əldə etməkdir. Mən deyərdim ki, diasporumuzda birlik mükəmməl şəkildə olmasa da, amma kifayət qədər hiss ediləndir. Almaniyada yaradılan Azərbaycanlıların Almaniyada Koordinasiya Mərkəzinin fəaliyyəti bu istiqamətdə çox nəzərə çarpır.

Azərbaycanlıların Almaniyada Koordinasiya Mərkəzi daimi olaraq öz üzvlərinə Almaniyada baş verən mədəni və ictimai xəbərləri çatdırır və lazım gəldikdə Azərbaycan haqqında gedən yalnış məlumatlara kəskin şəkildə etirazını bildirməkdə yardımçı olur. Bundan əlavə bizim burada yaşayan gənclərimiz tərəfindən yaradılan tələbə və elm adamları üçün olan təşkilatları var ki, azərbaycanlı gənclərin bir araya toplaşmasında, elmi diskussiya aparmasında onların təhsillə və yaxud digər məsələlərlə olan problemlərinin həll edilməsində böyük rol oynayır".

Yeri gəlmişkən, Almaniyada türk diasporu da çox güclüdür: "Türk diasporunun bizimlə sıx əməkdaşlıq əlaqələri var. Bundan başqa, Avropada təhsil alan, işləyən Azərbaycanın istedadlı gənclərinin sayı ildən-ilə çoxalır. Bu, çox müsbət haldır. Bizim gənclər çalışdıqları və təhsil aldıqları xarici ölkələrdə daim Azərbaycanın təbliğatını genişləndirməlidirlər. Mümkün qədər həmin ölkənin beyin mərkəzlərində, tədqiqat aparan universitetlərində çalışmalıdırlar. Bu da heç şübhəsiz ki, gələcəkdə həmin ölkələrdəki gənclərimizin söz sahibi olmasına gətirib çıxaracaq və Azərbaycan naminə təbliğat işlərində böyük kömək olacaq. Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq Azərbaycanın bütün əlamətdar günləri ilə bağlı tədbirlər keçiririk. Onu da qeyd edim ki, soydaşlarımız burada daha cox inteqrasiya ilə bağlı problemlərlə üzləşirlər. Almaniya bizim cəmiyyətdən çox fərqlidir. Fərqli dil, fərqli məkan, fərqli anlayışlar və s. Amma bunlar da zaman zaman keçən, öz həllini tapan problemlərdir. Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq məqsədimiz ondan ibarətdir ki bizim həmyerlilərimiz uzləşdiyi bu problemlərə lazımi dəstəyi göstərə bilək. Bir faktı da qeyd edim ki, Almaniyada Türk-Azərbaycan diasporası və əməkdaşlığı çox güclü olduğu üçün ermənilərin fəaliyyəti kölgə altındadır və demək olar ki, bizim fəaliyyətlərin qarşılığında hiss edilmir (anl.az).

2018-ci ildə Almaniyada yaşayan azərbaycanlılar Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkelə müraciət ünvanlayıb ("diaspor.az"). Müraciətdə bildirilir ki, XIX əsrin əvvəllərindən başlayaraq bir neçə alman yaşayış məntəqəsinin Azərbaycanda salınması iki xalqın əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib. "Azərbaycandakı çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri həmin dövrdə hər iki xalqın çox mehriban və səmimi yaşamasına, həmçinin onların Azərbaycandakı evləri, lüteran kilsələri və memarlıq nümunələrinin bu günədək qorunub saxlanmasına imkan yaradıb. Hazırda Azərbaycanda yüzlərlə alman şirkəti fəaliyyət göstərir. 2017-ci ildə Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətdə Azərbaycanın payı, təxminən, 66% olub. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. O cümlədən Almaniya hər zaman dünyanın beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan, ədalətli mövqeyi ilə seçilən aparıcı bir ölkəsi olub. Ümidvarıq ki, Almaniya bu prinsiplərə sadiq qalaraq ATƏT-in Minsk qrupunun üzvü kimi, bizim üçün əsas məsələ olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpağının azad olunması və işğal edilmiş torpaqlardan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması, eləcə də Xocalı soyqrımı üçün ədalətin bərpa edilməsi üçün bundan sonra fəaliyyətini daha da gücləndirəcək. Bu gün Almaniya azərbaycanlıların sərbəst və rahat yaşayıb fəaliyyət göstərdiyi inkişaf etmiş bir ölkədir. Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı hər iki xalqın biri-birini daha yaxından tanıması, azərbaycanlıların Almaniyaya inteqrasiyasının sürətlə və effektli həyata keçirilməsi və onların yaşadıqları ölkənin siyasi, ictimai və mədəni həyatına töhfələr verməsi Almaniyada yaşayan azərbaycanlıların əsas məqsədlərindən biridir. Azərbaycan-Alman münasibətlərinin 200 ildən artıq tarixə malik olmasına baxmayaraq, Almaniya kanslerinin Azərbaycana səfəri tarixdə bir ilkdir. Ümid edirik ki, bu səfər Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrində yeni bir mərhələnin əsasını qoymaqla bərabər, iki xalq arasındakı əlaqələrin möhkəmlənməsinə də önəmli töfhələr verəcək. Bu baxımdan, Almaniya kansleri Angela Merkelə Azərbaycana səfərində uğurlar arzu edir və Ermənistana səfəri zamanı bu ölkənin rəhbərliyi qarşısında Azərbaycan ərazilərinin işğalına son qoymağı tələbə etməyə çağırırıq. Biz Almaniyada yaşayan azərbaycanlılar da bu istiqamətdə imkanlarımız daxilindəki bütün dəstəyi verməyə hazırıq".

Rəşid RƏŞAD

Ekspress.-2018.-26 dekabr.-S.10.