"İl ölkəmiz üçün uğurlu olub"

Prezident İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə verib. Trend müsahibəni təqdim edir.

- Cənab Prezident salam.

- Salam.

- 2018-ci il dünya üçün asan keçmədi. Amma bu, tarixi tərəfdaşlarla, qonşularla və dostlarla münasibətlərin əhəmiyyətini dərk etmək və qiymətləndirmək üçün yaxşı məqamdır. Buna görə də bizə çox xoşdur və Sizə xüsusilə minnətdarıq ki, sıx iş qrafikinə baxmayaraq, vaxt taparaq bu gün burada bizi qəbul edirsiniz.

- Sağ olun.

- Cənab Prezident, 2018-ci ilin Azərbaycan üçün siyasi-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?

- Bütövlükdə il ölkəmiz üçün uğurlu olub. Azərbaycan uğurla inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında Konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir.

İl bizim üçün ikitərəfli formatda fəal keçdi. Biz xeyli ikitərəfli görüşlər keçirmişik, beynəlxalq təşkilatlar daxilində fəal iştirak etmişik. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirilib. Gələn il Sammit keçiriləcək və Azərbaycan gələn il bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək.

Daxili-siyasi proseslər nöqteyi-nəzərindən ölkə uğurla inkişaf edib. Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə isə biz onlardan özümüzü qoruya bilirik. Əlbəttə ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermişik. Fikrimcə, 2018-ci il bu cəhətdən çox mühüm il olub. Demək kifayətdir ki, Dünya Bankının “Doing Business” hesablamalarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Yəni, bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verir. Bu, əlbəttə ki, investisiya reytinqimizi yüksəldir. Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb. Biz valyuta ehtiyatlarımızı artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanılması üçün strategiya hazırlanıb. Fikrimcə, bu, tamamilə realdır. Bununla əlaqədar onu da deməliyəm ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan demək olar ki, 5 dəfə artıqdır. Yəni, əgər istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik. Yəni, makroiqtisadi vəziyyət sabitdir. Biz xeyli sosial məsələləri həll etmişik. Bu il 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub. Təxminən 30 minə yaxın insan, yəni, bizim cəmiyyətimizin daha çox ehtiyacı olan hissəsinin nümayəndələri üçün bu il ərzində kiçik şəhər tikilib. Mən bu siyahını davam etdirə də bilərəm, amma düşünürəm ki, dediklərim bizim inkişafın əsas istiqamətlərini səciyyələndirir.

- Güman edirəm ki, MDB məkanında iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr qarşısında olduğu kimi, Azərbaycanın, həmçinin Rusiyanın qarşısında iqtisadi tempi 1-3 faiz artırmaq vəzifəsi durur. Bu, 2018-ci il ərzində ümumi daxili məhsulun artım göstəriciləri üçün gözlənilən haldır. Bu gün sıçrayış üçün hansı potensialı görürsünüz? Yəni, əgər dünya, orta dünya iqtisadi artım templəri 3 və daha artıq təşkil edirsə, onda aydındır ki, bizim ölkələrimiz qlobal iqtisadiyyatda geri qalmamaq üçün bu göstəriciyə yaxınlaşmalıdırlar.

- Bəli, siz tamamilə haqlısınız. Biz bu istiqamətdə göstəricilərimizi qiymətləndirərək gələcək addımlarımızı planlaşdıranda həmişə qeyri-neft sektorunu neft sektorundan ayırırıq. Çünki neft sektoru həm qiymət dəyişikliklərinə, həm də neft hasilatının müəyyən artımına, yaxud azalmasına məruz qalır. Azərbaycan OPEK+ proqramının fəal iştirakçısıdır və biz bu yaxınlarda bütün ölkələrlə həmrəylik nümayiş etdirmək üçün hasilatın azaldılması üzrə üzərimizə əlavə öhdəliklər götürmüşük. Buna görə də həmin amillərə əsaslanaraq biz həmişə qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk. Fikrimcə, bizim bu istiqamətdə də nəticələrimiz xeyli yaxşı olacaq. On bir ayın yekunlarına görə biz qeyri-neft sənayesinin artımını 9 faizdən çox həcmdə görürük. Bu, ilk növbədə, bizim qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq, fermerlər üçün sərfəli şərait yaradılması üzrə sənayeləşdirmə proqramımızın nəticələridir. Bizim fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Dövlət güzəştli şərtlərlə gübrə, yanacaq və istehsalata böyük subsidiyalar ayırır ki, biz kənd təsərrüfatı məhsullarının ixracı baxımından mühüm ölkəyə çevrilək. Buna görə də bizim iqtisadiyyatımızın gələcək inkişafı neft-qaz sektoru ilə dəstəklənəcək, lakin dayanıqlı inkişaf sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalarla bağlı olacaq.

 

Mən bu ilin əlamətdar hadisələrindən biri kimi orbitə üçüncü peykin buraxılmasını qeyd edərdim. Azərbaycan artıq beynəlxalq kosmik klubun fəal üzvüdür. Bizim artıq üç peykimiz var. Bu da bizim niyyətlərimizdən və uğurlarımızdan xəbər verir.

- Burada birinci plana Rusiya ilə xüsusi münasibətlər çıxır. Qeyri-neft sektorunda əməkdaşlığımız prioritet olduğuna görə bu, uzunmüddətli perspektivdir. Siz bu il Rusiya lideri ilə altı dəfə görüşmüsünüz. Bu, onu göstərir ki, hər iki tərəf bu qarşılıqlı fəaliyyətin, bu əlaqələrin əhəmiyyətini başa düşür. Yaşıl dəhlizlərin yaradılması, o cümlədən, ilk növbədə, kiçik və orta biznes baxımından qarşılıqlı ticarət üçün məhdudiyyətlərin götürülməsi şərtləri müzakirə olunur. Əsas qərarları və zaman oriyentirlərini Siz indi nədə görürsünüz? Bu qərarlar nə vaxt qəbul olunmalıdır?

- Bəli, siz haqlısınız. Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir. Siz doğru qeyd etdiniz, mən Prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycana səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib. Biz əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşmışıq. Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib hazırlanıb. Mən şadam ki, bu gün həm Azərbaycan, həm də Rusiya sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin artırılması üçün çox güzəştli şərait yaradılır. Rusiya bankları böyük həcmdə, yüz milyon dollarla Azərbaycanın mühüm sənaye layihələrini maliyyələşdirir. Bu, bizim münasibətlərin, həm də Azərbaycanın məhz elə ölkə olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən qorxmur. Biz həmişə öz öhdəliklərimizə görə cavab veririk.

Biz 2019-cu il üçün planları müəyyənləşdirmişik. Lap bu yaxınlarda Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib. Bu il həm də Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Yəni, bu da bizim əməkdaşlığımızın, Rusiyanın regionları ilə fəal qarşılıqlı fəaliyyətin və onlarla ticari-iqtisadi münasibətlərin qurulmasının mühüm istiqamətidir. Düşünürəm ki, ikitərəfli ticarətə bizim birgə nəqliyyat təşəbbüslərimiz ciddi təkan verəcək. Şimal-Cənub layihəsi artıq reallaşır. Təkcə bu il biz Azərbaycan vasitəsilə Rusiyadan və Rusiyaya tranzitin on dəfə artdığını görürük, o cümlədən bizim yükgöndərənlər bu nəqliyyat arteriyasından fəal istifadə edirlər. Yəni, biz öz münasibətlərimizə kompleks yanaşırıq. Təməl bizim tarixi dostluğumuzdur. Biz bu təməl üzərində siyasi münasibətlərin çox ciddi bazasını qurmuşuq və ticari-iqtisadi, nəqliyyat, energetika sahələrində, əlbəttə ki, humanitar sahədə əməkdaşlıq münasibətlərinin inkişafı üzrə dəqiq anlaşmamız var. Deməliyəm ki, rusiyalılar Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur.

- Onları da anlamaq olar.

- Bəli, bu il 800 mindən çox rusiyalı ölkəmizə gəlib və özlərini evdəki kimi çox rahat hiss edirlər. Belə ki, bizim münasibətlərimiz çox zəngindir və düşünürəm ki, qonşuların öz münasibətlərini necə qurması üçün yaxşı nümunədir.

- Cənab Prezident, Siz xatırlatdınız ki, gələn il Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Amma axı bu imkandan Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri inkişaf etdirmək üçün də istifadə etmək olar. Bu da elə ərazidir ki, onsuz keçinmək olmur və burada münasibətləri, əlaqələri təkcə ikitərəfli əsasda deyil, həm də Avrasiya cəmiyyəti çərçivəsində möhkəmləndirmək imkanları var.

- Bəli, sözsüz, biz bu istiqamətdə işləyirik. Deməliyəm ki, bizim Avrasiya İttifaqının üzvü olan ölkələrin mütləq əksəriyyəti ilə çox sıx dostluq, o cümlədən ticari-iqtisadi sahədə münasibətlərimiz var. Bizim həmin ölkələrlə azad ticarət haqqında müqaviləmiz mövcuddur. Əlbəttə, bizim əsas ticari-iqtisadi tərəfdaşımız Rusiya Federasiyasıdır. Bizdə azad ticarət formatı da mövcuddur. Buna görə də biz əlbəttə ki, əməkdaşlıq potensialını gücləndirəcəyik. İndiki mərhələdə bu əməkdaşlıq daha çox ikitərəfli xarakter daşıyır, bəzən də üçtərəfli, amma daha geniş deyil. Gələn il hadisələrin necə davam edəcəyini və konkret nəticələri zaman göstərəcək. Amma əlbəttə ki, Qoşulmama Hərəkatının sədr ölkəsi kimi biz beynəlxalq arenada öz rolumuzu artıracağıq. Əlbəttə, çalışacağıq ki, Azərbaycanın tərəfdaşları olan ölkələr bizə necə dəstək göstərirlərsə, onlar da bizim tərəfimizdən eyni dəstəyi alsınlar.

- Sizin enerji layihələrinizi və dünya bazarında enerji ambisiyalarınızı xatırlatmaya bilmərəm. Bu gün biz bir çoxları üçün nadir sayılan Rusiya-Türkiyə-Azərbaycan birliyini və Rusiya ilə Azərbaycanın Türkiyə vasitəsilə Avropa İttifaqına qaz axınını necə yönəltmələrini müşahidə edirik. Bizi bu məqamda tez-tez toqquşdurmağa, rəqiblər kimi göstərməyə çalışırlar. Tamamilə aydındır ki, bu gün biz birlikdə öz dövlətlərimizin rifahı naminə Avropa İttifaqının enerji təhlükəsizliyini yaradırıq. Sizin üçün bu layihələr nə deməkdir? Cənub Qaz Dəhlizinin açılması Sizin üçün nə demək idi?

- Hesab edirəm ki, sizin səciyyələndirdiyiniz bugünkü vəziyyət məhz bu cür olmalı idi. Biz uzun müddət buna doğru getmişik. Bəlkə də müxtəlif istiqamətlərdən, müxtəlif sürətlərlə, amma nəticədə məhz sizin dediyinizə gəlib çatmışıq. Bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri var.

Biz enerji layihələrimizi hələ 2000-ci ilin əvvəllərində neft-qaz kəmərlərinin tikintisi ilə həyata keçirməyə başlamışıq. Çünki dünya bazarlarına çıxmaq üçün biz mütləq infrastruktur qurmalı idik. Bizim açıq okeana çıxmaq imkanımız yoxdur. Rusiya nisbətən yaxın vaxtlarda bu istiqamətdə addımlar atıb. Hərçənd biz xatırlayırıq ki, xeyli illər əvvəl “mavi axın” layihəsi gerçəkləşdirilmişdi. Bu barədə indi bir az unudublar. Amma axı bu da Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsi idi. Yəni, prinsipcə, bu il “Türk axını”nın dəniz fazasının açılmasında yeni heç nə yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini sürətləndirməyə imkan verib. Buna görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik.

“Cənub Qaz Dəhlizi” layihəsinə gəlincə, bu ilin mayında həmin layihə rəsmən işə düşüb. Bu, özündə dörd mühüm müstəqil layihəni birləşdirən layihədir. Bu, iri “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və inteqrasiya olunmuş üç qaz kəmərinin tikintisidir. Bu gün bu layihənin dörd seqmentindən üçü artıq reallaşıb və mayda Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə, biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim siyasətimizin davamıdır, çünki hələ 2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə qədər qaz kəməri açmışıq və Türkiyə bazarına qaz ixracatçısıyıq. Cənub Qaz Dəhlizi bizə Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Türkiyənin ətrafındakı ölkələrin bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanı verəcək, xəzinəmizə milyardlarla dollar gətirəcək. Bu, artıq on minlərlə iş yeri yaradıb və əlbəttə ki, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır. Azərbaycanın, Rusiyanın və Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi bizə nəinki planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək, həm də enerji ehtiyatlarımızın və nəqliyyatın inkişafı baxımından çox gözlənilən siyasət deməkdir.

- Mən dərhal rəqiblər tərəfindən gözlənilən siyasət haqqında bir neçə kəlmə deyə bilərəm. Ölkə nə qədər güclü olarsa, nə qədər böyük uğurlar qazanarsa, ona bir o qədər çox təzyiq göstərilir və burada enerji nüfuzu uğrunda mübarizə göz qabağındadır. Siz Qərb ölkələri, ilk növbədə, Birləşmiş Ştatlar tərəfindən Rusiyaya məhz Avropada öz enerji planlarımıza görə məruz qaldığımız təzyiqə baxa bilərsiniz. Siz qoşulmağa hazırsınız, yoxsa, bunun kənar fəsadları var?

- Məsələ ondadır ki, bizim enerji layihələrimizin inkişafı baxımından heç vaxt belə təzyiq hiss etməmişik. Mən hətta deyərdim, əksinə, Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini müəyyən dərəcədə təmin edəcəyinə görə biz Avropa İttifaqı tərəfindən dəstək hiss etmişik. Hər il Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması üzrə Məşvərət Şurası keçirilir. Bu layihədə Avropa İttifaqının üzvü olan bir neçə ölkə iştirak etdiyinə görə Avropa İttifaqı bu Məşvərət Şurası çərçivəsində hər zaman yüksək səviyyədə təmsil olunur. Biz öz enerji layihələrimizi reallaşdırırıq, çünki onlar bizə lazımdır. Çünki biz çox zəngin neft-qaz ehtiyatlarına malik ölkəyik. Biz onları satmalı, pul qazanmalıyıq. Buna görə də biz investor şirkətlər cəlb etmişik. Buna görə biz bankları cəlb etmişik. Neft-qaz kəmərləri tikirik. Təkcə Cənub Qaz Dəhlizi təxminən 40 milyard dollara başa gəlir. Bu investisiyaların böyük hissəsi borc kapitallarıdır. Buna görə əlbəttə ki, beynəlxalq maliyyə təsisatları ilə fəal əməkdaşlıq həmin layihənin mühüm amili idi.

Buna görə də həmin kontekstdə enerji layihələrinin icrası baxımından biz heç bir maneə hiss etmirik. Digər tərəfdən, tamamilə haqlısınız ki, Azərbaycanın əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, həm də bütövlükdə geosiyasi planda artır. Ölkə daha da inkişaf edir və regionda özünü təsdiqləmək üçün daha çox planları var. Bizim inkişafa, apardığımız müstəqil siyasətə mütənasib olaraq bizə təzyiq də artır. Ancaq bu, enerji amilləri ilə əlaqədar deyil. Bu, bəzən bizi xalqımıza və ölkəmizə tamamilə yad olan hansısa avantüralara cəlb etmək cəhdləri ilə bağlıdır. Mən söhbətin əvvəlində dedim ki, bizim ölkədə - Azərbaycanda heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur. Bizim vətəndaşların rahatlığını yalnız kənardan poza bilərlər. Ona görə də biz öz suverenliyimizlə bağlı məsələlərə, təhlükəsizliyimiz, vətəndaşlarımızın təhlükəsizliyi məsələlərinə çox həssaslıqla yanaşırıq. Ona görə də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və arabir biz bunun nəticələrini görürük. Bir qayda olaraq bunlar bizim ümumiyyətlə iştirak etmədiyimiz beynəlxalq təşkilatların qəbul etdiyi hansısa qətnamələrdə ifadə olunur.

- İnsan hüquqlarının pozulmasında ittihamlar...

- Tamamilə doğrudur.

- Sevimli mövzudur.

- Bəli, elədir ki, var. Həm də qəribədir ki, bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər. Bax, bu, necə deyərlər, daha çox təbəssüm doğurur. Həmçinin əlbəttə, mətbuata yalançı təbliğat tullantıları atılır. Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdlərinin sevimli üsuludur. Amma bizdə buna qarşı immunitet yaranıb. Azərbaycan vətəndaşları çox yaxşı başa düşürlər ki, bu informasiya tullantıları cəhdlərinin arxasında nə durur. Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır.

- Mədəniyyət və təhsil məkanı, o cümlədən ölkələrimiz arasında nə qədər geniş və dərin olarsa, vətəndaşlarımız nə qədər savadlı olarsa, onlar nəyin həqiqət və nəyin uydurma olduğunu bir o qədər tez və asanlıqla başa düşəcəklər. Burada mən bizim tarixi əlaqələrimizə, münasibətlərimizə toxunmaya bilmərəm. Azərbaycan o ölkədir ki, Sovet İttifaqının dağılmasından sonra artıq 27 ildir ki, rus dili özünü burada doğma hiss edir. Azərbaycana bu cür turist axını yəqin bununla izah olunmalıdır. Bu gün neçə məktəbdə rus dili tədris olunur? Bu gün Rusiyaya təhsil almağa gedirlər. Bizim üçün bu da çox vacibdir. Belə ki, bu, gələcək üçün, gələcək nəsillər üçün əlaqədir.

- Bu gün Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var. Üç mindən çox məktəbdə isə rus dili tədris olunur. Müqayisə üçün deyə bilərəm ki, ölkədə cəmi 4,5 minə yaxın məktəb var. Yəni, bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur. 340-dan çox məktəbdə isə tədris rus dilində aparılır və bu məktəblərin sayı artır. Hazırda bizim rus dilini qorumaq üzrə siyasətimiz yaxşı nəticələr verir. Mən tez-tez, xüsusən yeni dərs ili ərəfəsində məktəblərdə oluram. Görürəm ki, rus dilində yeni şöbələr yaradılır və buna ehtiyac var. Əlbəttə, ölkənin hər bir vətəndaşı, ilk növbədə, öz dövlət dilini bilməlidir. Bu cəhətdən bizim Azərbaycanda problem yoxdur. Dövlət dili Azərbaycan dilidir və bütün kargüzarlıq işləri Azərbaycan dilində aparılır. Belə də olmalıdır. Amma rus dilini bilmək həm tələbatdır, həm də bizim tarixi əlaqələrimizə hörmət əlamətidir. Bu gün mən görürəm ki, buna cəmiyyətdə necə tələbat var. Çünki siz tamamilə haqlısınız, buraya gələn milyona yaxın rusiyalı, fikrimcə, ilk növbədə, ona görə buraya gəlir ki, özlərini rahat mühitdə hiss edirlər. Bu da çox vacibdir. Buna görə də bizim rus dilini qorumaq, onun inkişafı üçün daha yaxşı şərait yaratmaq siyasətimiz tamamilə düzgündür və bunun müsbət nəticələrini görürük. Rus dilinə hörmət etməklə biz öz dilimizə qətiyyən xələl gətirmirik. Bu, sadəcə, mümkün deyil. Hesab edirəm ki, Azərbaycanın bugünkü inkişafı dünyaya, ilk növbədə, öz qonşularına açıq olmaqla milli maraqlarını, identikliyini qorumağın nümunəsidir. Biz son illərdə Rusiyanın iki aparıcı ali məktəbinin - Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filiallarını da yaratmışıq. Həmin filiallarda da tədrisi Rusiyadan olan müəllimlər rus dilində aparırlar. Buna görə də mədəni-humanitar sahə, təhsil sahəsi elə bir sahədir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dəstəklənməsinə kömək edəcək. Siz qeyd etdiniz ki, Sovet İttifaqının dağılmasından 27 il ötüb və yeni nəsil yetişib. Biz istəyirik ki, Azərbaycan vətəndaşları rus dilini də, ingilis dilini də və əlbəttə, ilk növbədə, öz ana dilini bilsinlər. Mümkün qədər çox dil bilsinlər və tərcüməçisiz rahat söhbət edə bilsinlər.

- Rus dili beynəlxalq ünsiyyət dilidir. Biz burada rus dili haqqında məhz bu kontekstdə danışırıq. Amma bir daha qeyd edim ki, əgər gələcək nəsillər əcdadları tərəfindən yaradılan tərəfdaşlığı bilsələr və qiymətləndirsələr, onda bu gün Sizinlə apardığımız müzakirələrin, gördüyümüz işlərin hədər olmadığı sübut ediləcək. Cənab Prezident, Siz 2019-cu ildən nə gözləyirsiniz? Hansı hadisələrin Azərbaycanın həyatında, bizim ölkələrin həyatında mühüm rol oynayacağını güman edirsiniz? Nəyi həll etmək istərdiniz?

- Mən əminəm ki, 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların artıq xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi sosialyönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək. Biz gələn il məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə verməyi də nəzərdə tutmuşuq. Yəni, bizim iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli olacaq.

Düşünürəm ki, 2019-cu ildə Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək üçün də mühüm addımlar atılacaq. Bu gün Şimal-Cənub və Şərq-Qərb layihələri Azərbaycandan keçir. Biz yeganə ölkəyik ki, bu layihələrin hər ikisində iştirak edirik. Bu layihələrə qoşulan ölkələrin sayı isə ildən-ilə artır. Biz Azərbaycanda ən müasir nəqliyyat infrastrukturu - dəmir yolu, dəniz daşımaları, aviadaşımalar, 6 beynəlxalq aeroport, avtomobil yolları yaratmışıq. Deyə bilərəm ki, Davos İqtisadi Forumunun qiymətləndirməsinə görə, avtomobil yollarının keyfiyyəti üzrə Azərbaycan dünyada 34-cü yeri tutur. Bu kifayət qədər yüksək göstərici bizim həmin layihələrə necə diqqət göstərdiyimizdən xəbər verir. Əlbəttə, biz Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada fəal iş aparacağıq və üzv ölkələrə dəstək verəcəyik. Ümid edirik ki, 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq. Düşünürəm ki, bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir. Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansı artıq çoxdan pozulub. Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub. Bu isə mən qəti əminəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində baş verib. Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq.

Yəni, biz öz siyasətimizin nəticələrini görürük. Biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır. Bizim apardığımız və aparacağımız siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib. Mən qəti əminəm ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur. Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir.

- Strateji hövsələ, dözüm, səbir və öz inkişafına diqqət Azərbaycanın 2019-cu ildəki seçimidir.

- Tamamilə doğrudur. Siz bizim planlaşdırdıqlarımızı və etdiklərimizi çox dəqiq ifadə etdiniz.

- Mən Sizə uğurlar arzulayıram. Bu müsahibə üçün çox sağ olun. Sizə rifah arzulayıram.

- Sağ olun. Sizi görməyimə həmişə şadam. Yeni il ərəfəsində fürsətdən istifadə edərək, yeni ildə rusiyalılara ən xoş arzularımı çatdırıram, sülh, uğur və xoşbəxtlik diləyirəm.

 

- Sağ olun!

Ekspress  2018.- 26 dekabr.- S.8-9.