Ukrayna azərbaycanlıları birgə fəaliyyəti gücləndirir

Ukraynada azərbaycanlıların 42 diaspor təşkilatı fəaliyyət göstərir. Luqansk və Donesk vilayətləri istisna olmaqla azərbaycanlılar bütün vilayətlərdə diaspor qurumları təsis edib. Ən çox diaspor təşkilatı Kiyev və Dnepropetrovsk vilayətlərində yaradılıb. Adıçəkilən vilayətlərin hər birində 6 təşkilat var.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən Ukrayna Azərbaycan diasporunun fəal

olduğu ölkələrdəndir. Ukraynaya azərbaycanlıların mühacirəti XIX əsrin sonu - XX əsrin əvvəllərində başlayıb. XX əsrin əvvəllərindən buraya təhsil almağa gələn azərbaycanlı tələbələr ictimai fəallıq göstərməyə başlayıblar. Onların fəallığı sayəsində Kiyev şəhərində Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaranmış və burada yığılan azərbaycanlılar Azərbaycan mədəniyyəti, poeziyası, ədəbiyyatı barəsində müzakirələr aparmışlar. Kiyevdən başqa, digər böyük şəhərlər - Xarkov və Lvovda da azərbaycanlı gənclər təhsil aldıqları müəssisələrdə eyni istiqamətdə iş aparırdılar. Ukraynada 1917-1918-ci illərdə tanınmış yazıçı Tağı Şahbazi Simurq Xorvak şəhərində məskunlaşaraq "Cənub səsi" adlı qəzet nəşr edib. Ukraynada 1920-ci ildə bolşevik işğalına məruz qalandan sonra Azərbaycan-Ukrayna münasibətlərində xeyli irəliləyişlər yaranıb. Ukrayna-Azərbaycan arasında, eyni zamanda, tələbə-mütəxəssis mübadiləsi də aparılırdı. Müxtəlif sahələr üzrə mütəxəssis hesab olunan yüzlərlə azərbaycanlı Ukraynaya köçərək buranı özlərinə daimi yaşayış məskəni seçib. Bunun nəticəsində Kiyev, Xarkov, Odessa, Lvov, Krım şəhərlərində və Valın, Vinnitso, Dnepropetrovsk, Zakarpatye, Zaparodce, Jitomir, İvano-Frankovsk, Kirovoqrad, Nikolayev, Poltava, Rovina, Ternopol, Suşk, Xerson, Xmelnitski, Cerkask, Jerniqo, Jernovisti vilayətlərində soydaşlarımız məskunlaşıb. Məskunlaşdığı şəhər və vilayətlərin ictimai işində fəallıq göstərən azərbaycanlılar Ukrayna dövlət idarələrində də irəli çəkilməyə başlayıblar. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik əldə edən Ukrayna və Azərbaycan arasında ikitərəfli diplomatik münasibətlər quruldu. Artıq beynəlxalq birliyin bərabər hüquqlu üzvü olan Ukrayna və Azərbaycan bütün sahələr üzrə münasibətləri inkişaf etdirirlər. Hazırda Ukraynada 500 min azərbaycanlı yaşayır. Bu şəxslər ötən əsrin əvvəllərindən ta bu günə qədər davam edən intensiv mühacirət nəticəsində buraya gələnlərdir. 500 min azərbaycanlının bir-biri ilə əlaqə saxlaması və ictimai fəaliyyəti bəzi ölkələrdəki azərbaycanlıların fəaliyyətindən nisbətən daha fəaldır. Bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı, mədəniyyət mərkəzi, kütləvi informasiya vasitəsi olmaqla yanaşı, ana dilimiz həm Ukrayna ali məktəblərində, həm də Azərbaycan dilli "Həftə sonu" məktəblərində tədris edilir. Azərbaycan folklor ansambllarının yaradılması isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir. Hazırda Ukraynada çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan ən böyüyü bir çox regional diaspor təşkilatlarını ətrafında birləşdirən Ukrayna azərbaycanlıları Konqresidir. 1999-cu ilin 21 martında təsis edilən UAKn yaranmasında Ukraynadakı Azərbaycan səfirliyi və tanınmış azərbaycanlıların rolu böyük idi. İlk təsis yığıncağında Ukraynanın 15 vilayətində filialı olan UAKn zamanla filiallarının sayı artmağa başladı. Ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında mühüm rol oynayan UAKn 27 inzibati ərazi bölgüsünün demək olar ki, hamısında vilayət təşkilatları fəaliyyət gostərir.

UAKn əsas fəaliyyət sahələri Azərbaycan mədəniyyətini təbliğ etmək, Azərbaycan dilini təbliğ və tədris etmək, kütləvi - mədəni tədbirlərin keçirilməsi, ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında iştirak etmək,

Ukrayna - Azərbaycan iki tərəfli münasibətlərinin inkişafına töhfə vermək, informasiya-tədqiqat işi ilə məşğul olmaq, Azərbaycan naminə lobbiçilik etmək və sairdən ibarətdir.

Ukraynada Azərbaycan diasporuna məxsus mətbuat orqanları da fəaliyyət göstərir. Bunlardan "Azərbaycanın səsi" və "Savalan" Kiyevdə, "Qobustan", "Millət" və s. qəzetlər nəşr edilir.

Ukraynada yaşayan soydaşlarımız kifayət qədər aktivdir. Onların aktiv fəaliyyətində təşkilatlanma da mühüm rol oynayır. Diasporla İş üzrə Dövlət Komitəsinin də tövsiyələri nəzərə alınaraq Ukraynda azərbaycanlıları koordinasiya olunmuş şəkildə fəaliyyətlərini qururlar. Bunun bir əlaməti də 2018-ci ilin iyulunda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə fəaliyyət barədə qərar qəbul etməsi oldu. Hər iki təşkilat bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaratdı. Bununla bağlı diaspor təşkilatları ilə geniş müzakirələr aparılıb, birgə fəaliyyət mexanizmləri müzakirə edilib və yekdilliklə qərar qəbul olunub.

Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb. İşçi qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birgə fəaliyyətin vacib olduğunu bildiriblər. Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.

Qeyd edək ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Avropaya səfər çərçivəsndə 17-19 iyul 2018-ci il tarixlərdə Ukraynada bir sıra görüşlər keçiriblər. Səfər çərçivəsində nümayəndə heyəti Ukraynadakı Azərbaycan səfirliyində olub, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib. F.Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Kiyev şəhərinin mərkəzində M.Maqomayev adına parkın və abidənin açılış mərasimində iştirak edib, Ukraynada fəaliyyət göstərən diaspor nümayəndələri və azərbaycanlı gənclərlə görüşlər keçirib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi diaspor təşkilatlarının rəhbərləri ilə görüşən Komitə sədri Fuad Muradov diaspor hərəkatının daha da gücləndirilməsi, eyni zamanda Ukraynada yaşayan azərbaycanlıların daha çevik koordinasiya olunması baxımından təşkilatların birgə fəaliyyətinin zəruri olduğunu qeyd edib. O cümlədən, Komitə sədri bundan sonra heç kəsə qarşı ayrı-seçkiliyin olmayacağı, Koordinasiya Şuralarının və həmsədrlik institutunun formalaşdırılacağı barədə diaspor nümayəndələrinə məlumat verib.

Diaspor nümayəndələrinin iştirakı ilə davam etdirilən müzakirələr, ilk görüşdə nəticəsiz qalsa da, Komitə sədrinin təşəbbüsü və təkidləri ilə daha bir görüş təşkil edilərək birgə fəaliyyət istiqamətləri müzakirə olundu. Nəhayət, keçirilən gərgin interaktiv müzakirələr öz nəticəsini verdi, uzun müddətdən bəri ikiyə bölünən, aralarında ciddi fikir ayrılıqları olan diaspor nümayəndələrini öz ətrafında cəmləşdirən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi birgə fəaliyyət barədə yekdilliklə qərar qəbul etdilər. Aktiv şəkildə fəaliyyətə başlayan işçi qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə bağlı razılığa gələrək Şuranın ilk iclasını keçirdi. Birgə fəaliyyətin zəruri olduğu vurğulanan iclasda təşkilatların daha geniş miqyasda fəaliyyətə başlayacaqları barədə də fikirlər səsləndirildi.

Beləliklə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri azərbaycanlıların həmrəyliyi, birliyi, dövlətçilik, daha güclü diaspor hərəkatının formalaşdırılması və diaspordan lobbiçiliyə keçidin təmin olunması baxımından tarixi missiya ilə başa çatdı.

Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin 17-19 iyul 2018-ci il tarixdə Ukraynaya səfəri zamanı Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılan işçi qrupun ikinci iclası keçirildi. İclasda təşkilatların birgə fəaliyyət istiqamətləri və Koordinasiya şurasının yaradılması ilə bağlı bir sıra məsələlər müzakirə edildi. Müzakirələrdə birbaşa iştirak edə bilməyən işçi qrup üzvləri, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri onlayn şəkildə müzakirələrə qoşularaq, fikir mübadiləsi aparıblar. İşçi qrupun növbəti iclasınadək Ukraynada fəaliyyət göstərən, qeydiyyatdan keçən, diaspor təşkilatlarının və diaspor fəallarının sayının dəqiqləşdirilməsi, birgə fəaliyyət məqsədlərinin müəyyənləşdirilməsi, Koordinasiya şurasına üzv olmaq istəyənlərin sənədlərinin hazırlanması ilə bağlı konkret iş bölgüsü aparıldı.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ukraynada digər tədbirlər də həyata keçirilib. Oktyabrda Komitəsinin dəstəyi ilə Ukraynanın paytaxtı Kiyevdə Səməd Vurğun adına kitabxanada Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diaspor təşkilatlarının nümayəndələri, ukraynalı və azərbaycanlı gənclər, yaradıcı insanlar iştirak ediblər.

Məmməd Arazın yaradıcılığının əsas mövzusunun vətənpərvərlik olduğunu qeyd edən diplomat səfirliyin Ukraynada Məmməd Araz irsinin öyrənilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Səməd Vurğun adına kitabxananın direktoru Qalina Çebotarova isə çıxışında Məmməd Araz irsinin Ukraynada araşdırılmasının vacib olduğunu söyləyib. Bədii kitab bazasına görə Ukraynada nümunəvi kitab evlərindən biri sayılan bu kitabxanada mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Gənc fəal Marina Qonçaruk isə öz çıxışında Ukrayna və Azərbaycanın zəngin mədəni irsə malik olduğunu bildirərək, tədbirin əhəmiyyəti barədə danışdı. Məmməd Arazın nəhəng vətəndaş olduğunu vurğulayan Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, professor Arif Quliyev şairin yaradıcılığında əsas ünvanın Vətən, Azərbaycan olduğunu söyləyib.

Tədbir çərçivəsində A.Quliyev Səməd Vurğun adına kitabxananın yaranmasının 40 illiyi ilə bağlı göstərdiyi xidmətə görə UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin fəxri diplomunu kitabxananın direktoru Qalina Çebotarova təqdim edib.

Daha sonra yaradıcılıq gecəsi maraqlı bədii proqramla davam etdirilib.

Vasif CƏFƏROV

Ekspress  2018.- 27 dekabr.- S.10.