"Vaqif Mustafayev "Space"ə gedəndə
onu təbrik etmədim"
Akademik Milli Dram Teatrının
aparıcı səhnə ustası, xalq artisti Səidə
Quliyeva APA-ya müsahibə verib. Ekspress.az həmin
müsahibəni təqdim edir:
- Səidə
xanım, dediniz, radioda “Bulaq” verilişinin səsyazmasından
gəlirsiniz. Vaxtilə populyar olan bu verilişə indi qulaq
asanların sayı çoxdurmu, reaksiyalar olurmu?
- Artıq 15 ildir, “Bulaq” verişi ilə əməkdaşlıq edirəm. Məhluqə Sadıqova dünyasını dəyişəndən sonra çox böyük müsabiqə oldu. Təsəvvür edin, radio və televiziyanın diktorları da həmin müsabiqəyə qatılıbmış. Mənim də xəbərim yox. Elə oldu, məni də dəvət etdilər və İlham Əsgərovla bir yerdə mətn oxumağımız qəbul olundu. Bu veriliş mənim üçün çox doğmadır. İstərdim, məşqlərə, çəkilişlərə də eyni həvəslə gedim. Özü də reaksiyalar həddən artıq çoxdur. Xaricdən o qədər adamlar zəng edir ki... Kanadadan, Finlandiyadan, İsveçdən, İrandan azərbaycanlılar zəng edir, xoş sözlər deyirlər. Hətta İlham Əsgərovla bizə şeirlər də yazırdılar. İlhamdan sonra on gün verilişi ağlaya-ağlaya yazdım.
- Verilişin mətnlərini
əvvəllər Mövlud Süleymanlı yazıb. İndi
kimlər yazır?
- Tahir Talıblı radioda xalq yaradıcılığının baş redaktorudur. Həm də “Bulaq” yazır. Ondan başqa Əhməd Oğuz, Ənvər Çingizoğlu çox gözəl yazırlar. Biz indi də Mövlud Süleymanlını yad edirik, ondan sitatlar çəkirik. Mənim üçün böyük məktəb olan “Bulaq”ın təməlini Mövlud Süleymanlı qoyub.
- Yolda məşhurluqla
bağlı söhbətimiz oldu. Bəzən məşhur
aktyorlar da deyir ki, artıq bizi tanımayan nəsil yetişir.
Sizi də tanımayanlar çoxdur?
- Şükürlər olsun, bu gün şəhərdə olanda, məclisə gedəndə hətta uşaqlar da məni tanıyır.
- Seriallar
tanıdıb...
- Əlbəttə. Məni indiki nəslə teatr
tanıtmayıb. Teatrla gəncliyimdə öz
yaşıdlarıma, orta yaşlı insanlara
tanınmışam. Çünki cavan
vaxtı çox məhsuldar, ardıcıl işləyirdim.
Amma mənə elə gəlir yenə az
iş görmüşəm. İndi gənclər teatra az gəlirlər. Onları cəlb
etmək lazımdır. Ailədə
valideynin teatra marağı yoxdursa, uşağın da
olmayacaq. Mənim oğlum Mədəniyyət
və İncəsənət Universitetinin operatorluq kursunda
oxuyur. Ondan yaxşı həkim olardı.
Amma həmişə çəkilişlərdə
yanımda olub deyə, kinoya həvəsi böyükdür. Həmişə
deyirəm, Fərhadın operatoru olduğu filmdə rol alsam, xoşbəxt
olaram. Aydın məsələdir ki, bizim
evdə yalnız sənət söhbətləri gedir. Mənim
atam o qədər teatr həvəskarı olub ki, Ələsgər
Ələkbərov rəhmətə gedəndə dedi ki, bir
də o teatra gedə bilməz. Yəni Ələsgər
Ələkbərova matəm saxlayırdı. Mənim ürəyimdə teatr sevgisini valideynlərim
yaradıb.
- Amma sənədlərinizi
universitetə verəndə razı olmayıblar...
-
Atamın yanında söhbət gedə bilməzdi ki, qız
uşağı aktrisa olsun. Anam mənə
kömək etdi. Ona çox minnətdaram.
İnstituta girəndə dayağım o idi.
İnstitutda Ədil İsgəndərovun kursunu
bitirdim. Ədil müəllim üç il
məni aktrisa kimi qəbul etmədi. Çünki
utancaq və gərgin idim. İndi də mənim
sinif yoldaşlarım deyir ki, Səidə, sən necə
aktrisa oldun? Çox məşhur insanlarla
bir yerdə oxumuşam. Ramiz Novruz, Nurəddin Mehdixanlı,
Bəxtiyar Xanızadə, Rafiq İbrahimov, Şəfəq
Əliyeva ilə tələbə yoldaşı olmuşuq. Mən Akademik Milli Dram Teatrına Nurəddin
Mehdixanlı ilə bir gündə işə qəbul
edilmişik. O vaxt gur saçlarım, hündür boyum
var idi.
“Milli bomba” filminə çəkiləndə Vaqif Mustafayev
təklif etdi, mən də onun sözü ilə
saçlarımı kəsməyə məcbur oldum. Anam görəndə
ağladı. Evlənən gündən
yoldaşım deyib ki, saçını uzun-qısa kəs, mənim
üçün fərqi yoxdur, amma rəngini dəyişmə.
Mən də saçımın rəngini dəyişmirəm,
ona verdiyim sözə sadiqəm. (Gülür).
Həmişə demişəm ki, ailəsini sənətinə
qurban verən adamları heç cür qəbul etmirəm.
- Sizi
Vaqif Mustafayevin filmlərindən sonra kəşf edənlər
də olub...
- Vaqif
Mustafayev “Space”yə prezident gedəndə onu təbrik etmədim.
Bir dəfə dedi, hamı məni təbrik elədi, səndən
başqa. Dedim, hə, etmədim. İstəmirdim
Vaqif Mustafayev “Space”yə rəhbər getsin. Çünki o, dünya səviyyəsində olan,
dünya kino standartına uyğun gələn rejissordur.
Mən onun aktrisasıyamsa, istərdim, onun filmlərində
yenə çəkilim, daha məşhur olum. Amma Vaqif müəllim gedib
oturdu “Space”də...
- ... ziyanı da sizə dəydi?
- Nəinki
mənə, bütün Azərbaycana dəydi. Televiziya
onun vaxtını çox alır, oturub orda, film çəkmir-eləmir.
O vaxt deyirdi, filmlər çəkəcəm, narahat olma. İndinin özündə də deyir, dörd filmim
var, Səidə, dördündə də varsan. Allah ömür versin, təki istədiyi filmləri
çəksin. Bircə onu bilirəm, məni
kino tərəfdən Vaqif Mustafayev kəşf edib.
-
Özünü təsdiq edən aktyorların epizodik rollarda
çıxış etməsi məsələsinə toxunmaq
istəyirəm. Aktyorlar arasında belə bir yazılmayan
qanun varmı ki, müəyyən yaşa və titula sahib
olandan sonra epizodlarda görünmək ayıb
sayılsın...
- Əksinə. Şəxsən mən tamam fərqli
düşünürəm. Bunu bəyan
edirəm ki, bu gündən sonra epizod oynayacam.
“Xanuma” tamaşasında mənim rolum balacadır. Amma yaddaqalan
obrazdır. Demirəm ki “salam-sağ ol”
kimi epizodlarda çıxış edəcəm. Yox! Xarakteri olan epizodlarda görünmək istəyirəm.
Baş rol oynamaq istəmirəm.
- İnanım səmimiyyətinizə?
-
İnanın!
- Niyə, imkanlarınız tükənib,
yoxsa özünüzə əmin deyilsiniz?
- Bəli,
mən bu gün teatrda özümə əmin deyiləm. Çünki problemlərim var. Məsələn, təzyiqim
olur. Şəkərəm. Bir dəfə
“Anamın kitabı” tamaşasında oynayırdım, təzyiqim
çox qalxdı. Onundan sonra məndə
fobiya yarandı. Amma mənim bu etirafım
tükənmək kimi anlaşılmasın.
- Tükənmək nədir sizin
üçün?
- Tükənmək
səhnədə yükü çəkə bilməməkdir.
Sürünə-sürünə, nəfəsim
darala-darala baş rolda oynamağı özümə rəva
bilmərəm.
- Sənətdə sizi tənqid edənlər
çox olub?
- Daha
çox tərifləyiblər məni. İnanın
səmimiyyətimə. Bütün
rejissorlarla işləmişəm. Deməli,
inanıb dəvət ediblər.
- Akademik
Milli Dram Teatrında xasiyyətcə çətin, “kapriz”li
aktrisalar kimlər olub?
-
Hökumə Qurbanova. Çox “kapriz”li idi.
O qədər ki, arxivində bu günə qədər
materialı yoxdur. Jurnalistlərə müsahibə
vermirdi, çəkilişlərə getmirdi. Hamısını başından edirdi. Onun kimi böyük sənətkar haqqında normal
materiallar yoxdur ki, adamlar daha yaxından tanısınlar.
Yaxud Nəcibə Məlikova. O da “kapriz”li aktrisa idi. Rahat insan idi Ətayə Əliyeva. Azərbaycan
teatrının ana simvolu... Bilirsiniz, necə
gözəl aktrisa idi? Vaqif Səmədoğlunun
“Yayda qartopu oyunu” tamaşasında onunla bir yerdə oynadıq,
mən bildim tərəf müqabili olmaq nə deməkdir.
- Sirr
deyilsə, maddi vəziyyətinizdən
danışmağınızı istərdim...
- Hamı
necə, mən də elə. Şikayət etməyi
sevmirəm, qənaətlə yaşamağı bacarıram.
Azərbaycan aktrisası necə dolanırsa, mən
də elə dolanıram. Bilirsiniz ki, Azərbaycanda
qonorar çox aşağı səviyyədədir. Son vaxtlar çəkilən serialların heç
birində yoxam. Heç çəkilmək
fikrində də deyiləm. Hətta su ilə
çörək də yesəm, o seriallara çəkilmərəm.
Bax, bunu birinci dəfədir deyirəm: ayaqqabım su çəkib,
pulum olmayıb, amma o səviyyəsiz filmlərə getməmişəm.
Təkliflər də olub. Niyə getməmişəm? Birində rejissor xoşuma gəlməyib, o birində ssenari. Maddi tərəf də bizdə heç vaxt yaxşı olmayıb. Elə başa düşməyin ki, çox pula yıxılanam. Amma zəhmətinin haqqını istəyən insanları hər zaman yüksək qiymətləndirmişəm. Olub ki, tələbə rejissorun filmində pulsuz çəkilmişəm. Bu gün məni seriala dəvət etsələr və rejissordan, ssenaridən razı olsam, ayı 1500-2000 min manatdan aşağı çəkilmərəm. Çünki “Aramızda qalsın” serialından bu məbləği almışam. Bəlkə ondan da çox. Elə onunla da getdi. Çünki biz onda türklərlə işləyirdik. Sonra elə oldu ki, onlar getdilər, azərbaycanlılar gəldi, pul qıtlığı oldu, böhran yarandı, serial bağlandı. O gündən sonra heç bir serialda çəkilməmişəm.
- Yəni təkliflər gəlib, imtina etmisiniz...
- Bəli, təkliflər gəlib. Hətta “Space”də 6-7 seriyalı filmə çəkildim. Normal qonorara danışmışdım, bu günə qədər həmin pulu verməyiblər. Mən də dayandırdım. Vaqif müəllimin adı var idi deyə, razılıq vermişdim. Amma pul məsələsi Vaqif müəllimlik yox, sponsorluq idi. Günü iki yüz manata danışmışdıq, bu günə qədər 140 manatımı verməyiblər. Hələ pulları az idi, Vaqif müəllimin adına görə güzəşt elədim.
- İntriqalardan qorunmağın resepti necədir? Yəqin bildiniz bu sualı nəyə görə verdim...
- Bildim. Bir dəfə də intriqaya düşməmişəm. Mənim öz fikrim var. Məni öldürsələr də ki, filan şeyə qol çək, çəkmərəm. Kampaniyaçılığı sevmirəm. İnsanları sevirəm, onlarla ortaq məxrəcə gəlməyi bacarıram. Ailədə də beləyəm. İntriqa təkcə teatrda deyil. İntriqa hər yerdə var. Həkimlərin də arasında var, jurnalistlərin də, müəllimlərin də. İntriqa olmasa, o həyat, yaşayış tərzi deyil ki. (Gülür).
- Nuriyyə
Əhmədova ilə bir çox filmlərdə tərəf
müqabili olmusunuz. Necə xatırlayırsınız onu?
- Nuriyyə haqqında danışmaq mənim üçün o qədər çətindir ki...(Sükut). Onun başına gələn bütün hadisələrin içində olmuşam. Heyf, çox heyf... Nuriyyə çox böyük sənətkar idi. Nuriyyə ailəsinin qurbanı oldu. İki bala itirən ana idi. Qızı öldürüləndə biz “Yerlə göy arasında” filminə çəkilirdik. O film onu xilas etdi. Nuriyyə deyirdi, qızımın əri narkoman idi, ona görə öldürmüşdü. Amma yox... Orda ad məsələsi olub. Qız uşağın adını Faiq qoymaq istəyib. Oğlan da başqa ad istəyirmiş. Qısqanclıq olub. Deyib ki, sən niyə Faiq adını qoymaq istəyirsən, qız da cavab verib ki, xoşum gəlir. İndi bəlkə biz bunu adi sözlərlə, adi dillə danışırıq. Bəlkə başqa səbəblər olub, deyə bilmərəm.
- Bir az da kitabdan,
ədəbiyyatdan danışaq. Nə oxuyursunuz?
- Hər şeyi oxuyuram. Akademik Güllü Əlibəyli iki-üç il əvvəl mənə kitab bağışlamışdı. Bu yaxınlarda əlimə keçdi, çox böyük maraqla oxudum. Dünya və Azərbaycan ədəbiyyatını vaxtilə çox oxumuşam. Mən ikinci sinifdə “Koroğlu” dastanını oxumuşam. Atam kitabı çox sevirdi, ona görə biz kitab içində böyümüşük. 5-ci sinifdə Maksim Qorkinin bütün külliyyatını oxumuşdum. Sonra atam dedi, Maksim Qorkinin həyatı haqqında gözəl film çəkilib, ona da bax. Başqa nə deyim? Məsələn, Çexovu çox sevirəm. Azərbaycan ədəbiyyatından isə ağlınıza gələn bütün müəllifləri oxumuşam.
- Sonda nə
sözünüz var?
- Allah oğlumu mənə gec verib. Anaların istəyi ancaq övladla bağlıdır. Həm də o arzular tükənmir. Allahımdan möhlət istəyirəm ki, oğlumun toyunu görüm, nəvəm olsun.
Ekspress 2018.- 13 fevral.- S.9.