"Titul üçün oxumuram"
Əməkdar artist Təyyar Bayramov Azərbaycan muğamını istər Azərbaycanda, istərsə də xaricdə layiqincə təmsil edir. Cavan olmasına baxmayaraq, artıq yetişdirdiyi tələbələr də muğam müsabiqələrində mükafatlara layiq yerlər tutaraq ona başucalığı gətirir. Lakin gördüyü işlər bunlarla bitmir. Sevimli xanəndəmiz bu günlərdə “Ekspress”ə verdiyi müsahibədə gördüyü və görəcəyi işlərdən danışıb.
- Təyyar müəllim, gəlin, sənətə gəlişinizi xatırlayaq...
- Deyim ki, əzablı-əziyyətli günlərim çox olub, yox. Orta məktəbdə artıq müəyyən musiqi dərnəklərində ifa edirdim. Müəllimlərim də valideynlərimə deyirdilər ki, bu uşağın səsi var, istedadlı uşaqdı. Səsi olub oxumaq Qarabağda qeyri-adi bir şey sayılmır. Demək olar ki, yan-yörədə, qonşuda, qohumda səsi olan çox olur. Sadəcə, mənfur düşmənlərimizin Qarabağa basqını, silah səsləri, top mərmiləri -bunların hamısı mənim uşaqlıq çağlarıma düşdü. Müharibənin o qanlı-qadalı günlərini görmüşəm. Atam mütəmadi olaraq ordu ilə əlaqəsi olan adam idi. Ermənilərin hədəf götürdüyü evlərdən biri də bizim ev olmuşdu. Atam, anam və mən evdə idik. Bacılarım Bakıda idi. O zaman bizim evə “Qrad” mərmisi düşdü. Atam hospitala yerləşdirildi. İki gündən sonra dünyasını dəyişdi...
16 yaşında mən dayımla işə başladım. Dəri emalı ilə məşğul olduq. Bir müddətdən sonra Bakıya gəlib o işi davam elətdirdik. Anam da ali təhsilli mühasib kimi evimizin yanındakı obyektin hesab işlərini görürdü. Mən Naxçıvan Universitetinin hüquq fakültəsinə qəbul olundum. Bir az məhkəmə orqanlarında işlədim. Sonra anamla dayım Mənsum İbrahimovun yanına getmişdilər. Hər zaman mənə deyiblər ki, sənə dəstək olaq, bu sənətə gələsən, ancaq mən buna qeyri-ciddi baxmışam. Anam Mənsum müəllimin yanına gedib deyib ki, mənim bir oğlum var, yaxşı səsi var, ancaq utanır, sənətə gəlmək istəmir. O da demişdi ki, göndərin gəlsin, qulaq asım, sonra bir nəticəyə gələrik. Gəldim Mənsum müəllimin yanına. Elə vəziyyət yarandı ki, ali təhsilli şəxs kimi birbaşa “Asəf Zeynallı”nın üçüncü kursuna daxil oldum.
Mən də Badamdar qəsəbəsində yaşayırdım, Mənsum müəllim də orda yaşayır. Hər zaman onu görürdüm. Mən orda idman zalı işlədirdim. Onun yolu idman zalının yaxınlığından keçirdi. Sonra gəldim sinfinə, üzbəüz gördüm. O mənə dedi ki, sənin səsin var. Material var, bunun üzərində işləmək lazımdı. Məni kollecin direktoru Nazim Kazımova təqdim elədi. O da səsimi bəyəndi. Məni ora qəbul elədilər. Artıq mən müntəzəm olaraq başladım Mənsum müəllimin tapşırıqlarını yerinə yetirməyə. İlk öncə dəsgahları, təsnifləri öyrədirdi. Mənsum müəllim nəinki muğamları, oturuş qaydasını da öyrədirdi. Deyirdi ki, oxuyanda oturun güzgünün qabağında oxuyun, sizə xoş gəlirsə, başqasına da xoş gələcək. 27 yaşım var idi. Sənətə gec gəlmişdim. Baxdım digər yoldaşlarıma, gördüm ki, dərsə hazırlıqsız gəlirlər. Düşündüm ki, mənim oxumamağa haqqım yoxdu. Gecə-günüz Mənsum müəllimin dərsinin lent yazılarına qulaq asdım. Həftədə bir dəsgah təhvil verirdim. Hansı ki, o dəsgahlar böyük idi, onları iki-üç aya öyrənib təhvil verirdilər. Altı-yeddi aydan sonra başladım, Mənsum müəllim gəlməyəndə onun dərslərini idarə etməyə. Mənsum müəllimin dərsində ola-ola məndə müəllimlik sevgisi də yarandı. Mənsum müəllim səfərdə olanda gedib Bakı Mədəni Maarif Texnikumunda da onun dərslərini idarə edirdim. Onda qarşıma məqsəd qoydum ki, müəllim olacağam.
- Başqa kimlərə
qulaq asırdınız?
- Uşaq vaxtından mən də, atam da Şahmalı Kürdoğluna, Xan Şuşinskiyə, Yaqub Məmmədova, Arif Babayevə, Ağaxan Abdullayevə qulaq asırdıq. Mənsum müəllimin tələbəsiyəm. Təbii ki, onun lentlərini əzbər bilirəm. Yaxşı şey təqdim olunanda yerli kanallarımıza da, türk kanallarına da baxıram...
Ölkəmizdə beynəlxalq müsabiqələrin keçirilməsi, milli muğam ifaçılarının dünyada musiqimizi təbliğ etməyi hamısı dövlətimizin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısıdır. Bu, milli musiqinin ifaçıları üçün çox sevindiricidir. Muğam Mərkəzinin tikilməyi, muğam ifaçılarının ixtiyarına verilməyi... Ora biz tez-tez konsertlərə gedirik. Mənim də orda Aytən Məhərrəmova ilə konsertim oldu. İllər öncə bizim musiqiçilər digər ölkələrdəki konsert salonlarına baxıb həsəd aparırdılarsa, artıq biz hara gedirik muğamımıza olan qayğıdan, Muğam Mərkəzimizdən danışırıq.
Düşündüm ki, rəngarəng olmaq üçün duetlərdən ibarət konsert təşkil edək. Ağdadmda əsgərlərin qarşısında belə bir konsertin olmasını düşünürəm.
Arzu Əliyeva, Gülyaz Məmmədova, Vəfa Orucova, Bəyimxanım Vəliyeva ilə duetlər oxumuşam...
- Sizcə, zəhmətinizə
yetərincə qiymət verilib?
- Mənim zəhmətimə yetərincə
qiymət verilib. 33
yaşında əməkdar artist adına layiq
görülmüşəm. Dövlət
başçımıza öz minnətdarlığımı
bildirirəm. Bu, gənclər üçün bir
stimuldu ki, çalışan, üzərində işləyə
bilən adam gənc yaşlarında da fəxri
ada layiq görülə bilər. Mənim
üçün çox gözəl şərait
yaradılıb. Milli Konservatoriyada ustad sənətkarlarla
çiyin-çiyinə 6 ildir müəllim kimi fəaliyyət
göstərirəm. Bunların
hamısı dövlətimizin qayğısının nəticəsidi.
Digır gənclər də özlərini
doğruldub müəllim kimi fəaliyyət göstərə
bilərlər. Məsələn, Asəf Zeynallı adına Musiqi Kollecində bizim görkəmli sənətkarlarımız
fəaliyyət göstərib və fəaliyyət göstərirlər.
Mən orda da fəaliyyət göstərirəm.
Bu, sənətimə göstərilən ən
böyük qayğıdı.
Amma işlərimi titul üçün görmürəm. Gələcəkdə
məsləhət bilsələr, xalq artisti adını verərlər.
İstəyirəm ki, tarixdə qalmaq üçün lent yazılarım
çox olsun. Azərbaycan kişi xanəndələrindən
ilk dəfə olaraq bizim görkəmli sənətkarımız
Möhlət Müslümovun ansamblı ilə “Xaric segah”
oxumuşam, lentə aldırmışam. “Şur”,
“Zabul”, “Mirzə Hüseyn”, Bayatı Şiraz”, “Orta mahur” ifa
etmişəm. Az qism muğamlar
qalıb ki, onları da ifa edəcəyəm. Ritmik
muğamların hamısını ifa etmişəm...
2005-də
“Asəf Zeynallı”nı bitirən kimi Mədəni
Maafif Texnikumuna müəllim düzəldim. Artıq
orda məni tanıyırdılar. Mənsum
müəllim də təqdim edəndən sonra məni müəllim
kimi ora götürdülər. Altı il
bundan öncəyə kimi orda müəllim kimi fəaliyyət
göstərdim. Milli Konservatoriyaya müəllim
kimi dəvət etdilər, burda işləməli oldum. Sonra Mənsum müəllim məni Opera və Balet
Teatrına təqdim elədi. Orda İbn Səlam
kimi səhnəyə çıxdım. Məni
ilk dəfə görəndə dedilər ki, yaxşı
Şah İsmayıl olar. Sınaq müddəti
kimi İbn Səlam rolunu verdilər. 2006-dan
Şah İsmayıl rolunu ifa etdim. İndiyə
kimi bu rolun tək ifaçısıyam.
Koroğlu rolu xanəndələrə uyğun deyil. Vokalçılar
oxuyur o rolu. “O olmasın, bu olsun”da xanəndə,
“Natavan”da aşıq və Şah İsmayılda Şah
İsmayıl, “Leyli və Məcnun”da Məcnun roluna hazırlaşdım. O səsimi
görmədim Məcnunda. Mənim səsim
Şah İsmayılın xarakterinə uyğundu. Operanın rəhbərlyi hansı ifaçıda
hansı rolu görürsə, onu təqdim edir. Heç istəmədim Məcnun rolunu
oynamağı. Şah İsmayılı
oxuyanda tarixə nəzər saldım. Gördüm
ki, o şah ismayılların uğuru olub ki, onların səsi
qaltanlı səsdi. Hansı Şah
İsmayılın səsi qaltanlı olub, Məcnunu onun qədər
uğurlu alınmayıb. Operaya gəlməmişdən
Mənsum müəllimin o qədər tamaşalarına
baxmışam ki, ondan başqa Məcnun gözümdə
canlandıra bilmirəm. Mənsum müəllimdən
sonra bunu yaxşı oxuya bilərəmmi, məndə
alınarmı? Əvvəllər idmanla məşğul
olmuşam, fiziki quruluşumda dəyişiklik var. Daha çox
Şah İsmayıla uyğundu. O baxımdan Məcnunu
oynamağa bir az tərəddüd etdim.
- Yeri gəlmişkən,
bir az da idmanla bağlı danışaq...
-
Yunan-Roma güləşi ilə Dinamo Cəmiyyətində məşğul
olmuşam. Bu növün sirlərini Əli
Əliyevdən öyrənmişəm. Çox
gözəl, tanınmış müəllimdi. Bakı çempionu olmuşam. Respublika
Çempionatında 2-ci yerə çıxmışam.
Universitetlərarası Respublika
Çempionatında 1-ci yerin qalibi olmuşam. 1999-cu ildə zədə aldım. Ondan sonra
idmana ara verdim...
- Hansı arzularla
yaşayırsınız?
- Allah eləsin,
biz torpaqlarımızı alaq, geri qaytaraq. Bu,
millətimizin, xalqımızın arzusudur. Qarabağda olaq. Mən uşaq
vaxtı Cıdır düzündə olmuşam. Oranı gözümün qabağına xəyal
kimi gətirirəm. Uçuruma qədər
gedirdim. Aşağısı dərədi.
Orda Ayı mağarası var. Qıraqdan
görünürdü. Kaş oralar
alınsın, orda bir “Qarabağ şikəstəssi” oxuyum.
Orda İmarət deyilən bir yer var idi. Futbola baxmağa gedərdik. “Xarı
bülbül” festivalı olardı... Uşaq
vaxtı gedib baxmışam. Onda musiqi məktəbində
tar sinfində oxuyurdum.
Bəzən “Segah” və ya hansısa bir muğam oxuyanda
birdən görürsən ki, xəyalən Ağdamın
küçələrini gəzirəm. Amma hər
zaman olmur. Bu hisslər birdən gəlir...
- Övladlarınızdan sənətinizi
davam etdirmək istəyən varmı?
- Evdə
hər zaman milli musiqiyə qiymət olub, hər zaman mənim
lent yazılarıma baxıblar deyə, uşaqlar böyüyəndə
o ruhda böyüyüblər ki, hər
üçünün musiqiyə güclü həvəsləri
var, hər üçünün çox gözəl səsi
var. Çox istedadlıdırlar. Uşaq
vaxtından milli musiqini izləyiblər.
Üç övladım var, üçünün də
çox gözəl səsi var. Onlardan biri Kənan
Bayramlı artıq iki müsabiqədə qalib olub. “Kainat” beynəlxalq
muğam müsabiqəsində 1-ci yerin qalibi, “Xan
Şuşinski” muğam müsabiqəsində “Qran “Pri”
mükafatına layiq görülüb. Mənsum
müəllimin yetirməsidi. Hələ
ki mənim sənətimə yönəlir. Ancaq indi demək olar ki, oxumaqdan ayırmışam.
İstəyirəm, əsas orta məktəbi
yaxşı oxusun.
- İşlərinizdə nə
yenilik var?
-
Özüm düşünürəm ki, bir az
az işləyirəm, tənbəllik eləyirəm. Öz-özümə tənqidi yanaşıram.
Amma Mənsum müəllim deyir ki, səndən
razıyam. Bu yaxınlarda 6-cı diskim
işıq üzü gördü. Hazırda
7-ci diskimizdən 6 dənə mahnı hazırdı. Onun üzərində çalışırıq.
Unudulmuş mahnılarımızdan Əbülfət
Əliyevin, Məmmədbağır Bağırzadənin
repertuarından var. Əsas xəttə -özülünə
dəymədən bunları yeni üslubda işləyirik.
Yeni dəsgahlar lentə aldıracağıq...
- Ölkəmizi xaricdə necə təmsil
eləyirsiniz?
- Azərbaycan
vətəndaşı olaraq biz Prezidentimizlə fəxr edirik.
Allah onun canını sağ eləsin. Hər zaman keşiyində dursun. Xalqımız onunla nəfəs alır. Hər zaman xalqımızın fəxridi. Biz hər zaman dəstəyik ona. Mən Azərbaycanı dünyanın 30 ölkəsində
təmsil etmişəm. Bu, dövlətimizin
muğama qayğısının nəticəsidir ki, artıq
muğamımız xarici ölkələrdə yüksək
səviyyədə təmsil olunur. Nəinki
mən, bütün sənət dostlarım dünyada Azərbaycan
musiqisini təbliğ edirlər.
Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsi başa çatıb. Bu müsabiqədə mənim 3 tələbəm qalib oldu. Ötən muğam müsabiqəsində bir tələbəm qalib olmuşdu -Məhəbbət Səfərov. İkinci yerə layiq görülmüşdü. 2017-ci ildəki müsabiqədə tələbəm Almaxanım Əhmədli “Qran-Pri” mükafatına, Pərviz Qasımov 1-ci yerə, Rəvanə Əmiraslanlı 2-ci yerə layiq görülmüşdü. Yəni, indi bütün ifaçıların 80 faizi muğam müsabiqələrinin yetirmələridi. Onlardan dövlətimiz, mədəniyyətimiz xeyir gördü. Gənclər xeyir gördü, xalq, millət qazandı. Hazırda Opera və Balet Teatrında gənclərə üstünlük verirlər. Baş rolların ifaçıları hamısı muğam müsabiqələrinin yetirmələridi...
Namiq
MƏMMƏDLİ
Ekspress 2018.- 24-26 fevral.- S.9.