Azərbaycan - dünya azərbaycanlılarının tək vətəni
Dövlətçiliyin inkişafında mühüm yerlərdən
birini də məhz diaspor amili tutur. Təcrübə göstərir ki, dövlətin öz xarici siyasətini uğurla
həyata keçirməsi üçün
diasporun rolu
danılmazdır. Beynəlxalq qurumlarda
dövlətin xeyrinə qərarların qəbul edilməsində
də diasporun güclü
olması böyük əhəmiyyət
kəsb edir.
Azərbaycan
Respublikası da beynəlxalq aləmin
tərkib hissəsi olduğundan, diaspor amili dövlətçiliyimizin
inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun, eləcə də təsir
imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir. Qədim dövlətçilik ənənələri
olan Azərbaycanın diasporunun
formalaşması da qədim tarixə
söykənir.
Diasporla İş üzrə Dövlət Komitəsi
(DİDK) diasporun formalaşma
tarixini bir neçə
mərhələyə bölür. Komitənin saytında yer alan xəbərə görə, xarici ölkələrdə Azərbaycan
diasporunun formalaşmasının ilk mərhələsi VII əsrin sonu - VIII əsrin əvvəllərinə
təsadüf edir. Belə
ki, İslam dininin yayılması ilə əlaqədar
burada ərəbdilli elm
və mədəniyyətin inkişafı, onlarca azərbaycanlı mütəfəkkirin
Yaxın və Orta Şərqin şəhərlərinə axını diasporun
yaranmasının təməlini qoyub.
İkinci mərhələsi X və
XIX əsrləri əhatə edən diasporumuzun
formalaşmasının sonrakı mərhələləri
ölkəmizin rus, sonradan sovet
imperiyası tərəfindən işğal
olunması, birinci və ikinci dünya
müharibələri, SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların
yeni nəsillərinin məskunlaşması
ilə əlaqədardır. Müstəqillik
qazanan Azərbaycan
Respublikasının diasporunun
inkişafı da məhz Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə
gəlməsindən sonrakı dövrə təsadüf
edir. Belə ki,
1993-cü ildə ölkəmizin diasporla
bağlı vahid dövlət
strategiyası müəyyənləşdi; diaspor quruculuğu Azərbaycan
Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrildi.
Heydər
Əliyev hələ Naxçıvan Muxtar
Respublikasına rəhbərlik etdiyi
dövrdə dünya azərbaycanlılarının
birliyini yaratmağın əhəmiyyətini
nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik
Günü elan etmişdi. Məhz bu qərar bütün dünyada yaşayan azərbaycanlıların
birliyi üçün
mühüm əhəmiyyətə malik oldu və birlik ideyasının reallaşması
istiqamətində stimula çevrildi.
Ümumiyyətlə,
yenicə müstəlliyini qazanan
ölkəmizin xarici siyasətinin
qarşısında Azərbaycana suveren
dövlət kimi təminatlar almaq və Qərblə strateji əməkdaşlıq
imkanlarından faydalanaraq, ölkə
iqtisadiyyatının gələcək
inkişafını təmin etmək kimi
başlıca vəzifə qoyulmuşdu. Təbii ki, bu işdə
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın da birliyi vacib
idi. Və bu
zərurəti nəzərə alan
H.Əliyev 2001-ci il mayın 23-də Dünya Azərbaycanlılarının I
Qurultayının keçirilməsi haqqında sərəncam
imzaladı. Həmin ilin noyabrında Bakıda keçirilən bu ali tədbirdə 36
ölkədən 200-dən çox
müxtəlif təşkilatı təmsil edən 406
nümayəndə və 63 qonaq iştirak etdi. Elə Dünya Azərbaycanlılarının
I Qurultayında xaricdəki həmvətənlərimizlə
sistemli işin təşkili,
soydaşlarımız arasında milli
birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə
xüsusi dövlət qurumunun
yaradılması ideyası irəli sürüldü
və belə bir qurumun
yaradılması ideyası H.Əliyevin
2002-ci il iyulun 5-də
"Xaricdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət
Komitəsinin yaradılması haqqında" fərmanı
ilə reallaşmağa
başladı. Bundan bir
neçə ay sonra - dekabrın 27-də
isə "Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında" qanunun təsdiq olunması ilə dövlətin
diaspor siyasətinin reallaşması
istiqamətində mühüm
addımların atılmasının əsası qoyuldu. Və beləcə,
Xaricdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət
Komitəsinin yaradılması ilə diasporumuzun
fəaliyyətinin koordinasiyası işi
həllini tapdı.
Azərbaycan
Respublikasının iqtisadi qüdrətinin
və beynəlxalq arenada nüfuzunun artması Azərbaycan diasporunun güclənməsi üçün geniş
imkanlar açır. 2016-ci ili iyunun 3-4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının
IV Qurultayı diaspor quruculuğunda
keyfiyyətcə yeni mərhələnin
başlanğıcını qoyub.
"Dünyada yaşayan azərbaycanlıların
bir vətəni var
- o da Azərbaycandır!
Dünyada yaşayan azərbaycanlıların
arxasında Azərbaycan dövləti dayanır", -
deyə Azərbaycan prezidenti İlham Əliyev III qurultaydakı
çıxışında bəyan etmişdi.
Azərbaycan
lideri Dünya Azərbaycanlılarının
IV Qurultayındakı çıxışında isə
bəyan etdi ki, Azərbaycan həqiqətləri
haqqında dünya ictimaiyyətinə geniş informasiya
verilməlidir: "Biz dövlət olaraq, bunu etməyə
çalışırıq. Ancaq diaspor təşkilatlarından da
çox şey asılıdır".
Dövlət başçısı həmçinin vurğuladı
ki, diaspor təşkilatları yaşadıqları
ölkələrdə internet saytlar açmalıdırlar,
biz bunu hələ ki, görmürük:
"O internet saytlar yaşadıqları
ölkələrin ictimaiyyəti
üçün maraqlı
olmalıdır. Eyni zamanda,
Azərbaycan həqiqətləri
burada göstərilməlidir.
Bu proses daim aparılmalıdır. Azərbaycan qəzetləri dərc edilməlidir. Həm Azərbaycan
dilində ki, Azərbaycan vətəndaşları
oxusun, uşaqlar oxusun ki, ana
dilini bilsinlər, həm də o ölkələrdə ki,
onlar yaşayırlar,
o dillərdə dərc
edilməlidir ki, ictimaiyyət oxusun.
Yenə
də deyirəm, biz
informasiya dövründə
yaşayırıq və
getdikcə bu informasiyanın əhəmiyyəti
ancaq artacaq. Biz buna hazır
olmalıyıq".
Azərbaycan güclü diaspor
təşkilatlarına, onların mütəşəkkil
fəalliyyətinə, sıx kordinasiyasına
nail olmağa məhkumdur:
bunu milli maraqlarımız tələb
edir. Son 15 ildə Azərbaycan dövləti
diaspor quruculuğunda
önəmli addımlar
ataraq təşkilatlanma
mərhələsini çox
uğurla keçməyə
nail olub. 2001-ci ildə bu istiqamətdə
atılan mühüm
addım kimi Azərbaycanda Diasporla
İş üzrə
Dövlət Komitəsi
yaradılıb.
Komitə dünya azərbaycanlılarının təşkilatlanması, vahid
bir ideya ətrafında birləşməsi,
onların öz aralarında və Azərbaycan dövləti
ilə əlaqələrinin
qurulması istiqamətində
mühüm işlər
görüb.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı
ilə isə diaspor fəaliyyətinin
gələcək mərhələləri
üçün konkret
strategiya müəyyənləşdirilib.
Azərbaycan Respublikasının diaspordan gözləntiləri
soydaşlarımızın yerləşdikləri ölkələrdə
fəaliyyətlərini genişləndirməsi və
gücləndirməsi, milli
mənsubiyyətlərini və dəyərlərini
qoruması, Azərbaycanı
təbliğ etmələri,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində konkret
işlər görmələri,
fəaliyyət göstərdikləri
ölkənin Azərbaycanla
əlaqələrinin inkişafına
töhfə vermələri,
həmin ölkələrin
ictimai-siyasi həyatında
aktiv rol oynamalarıdır. Azərbaycan diasporu xarici ölkələrin daxili
siyasətinin faktoruna
çevrilməli, dövlət
və hökumət
qurumlarında, qanunverici
orqanlarında təmsil
olunmalıdırlar ki,
söz sahibi kimi çıxış
edə bilsinlər.
Azərbaycan diasporu artıq təşkilatlanma
mərhələsini arxada
qoyub. İndi dünyanın
müxtəlif ölkələrində
sayları 400-ü keçən
diaspor təşkilatlarının
keyfiyyət baxımından
daha da güclənməsinə, daha
mütəşəkkil qüvvəyə
çevrilməsinə ehtiyac
var. Onların mütəşəkkil
qüvvəyə çevrilməsi
bir tərəfdən
soydaşlarımızın milli mənsubiyyətlərini
və dəyərlərini
qoruması deməkdirsə,
digər tərəfdən
Azərbaycanı daha
güclü təbliğ
etmələri, fəaliyyət
göstərdikləri ölkənin
Azərbaycanla əlaqələrinin
inkişafına önəmli
töhfə vermələri,
həmin ölkələrin
ictimai-siyasi həyatında
aktiv rol oynamaları, Azərbaycan
üçün yeni-yeni dostlar qazanmaları - bir sözlə, güclü
Azərbaycan lobbisi
deməkdir. Diaspor təşkilatlarının
mütəşəkkil fəaliyyəti
öz növbəsində
dünya azərbaycanlılarının
həmrəyliyinə töhfədir.
Bu gün dünyanın ayrı-ayrı ölkələrində
yaşayan soydaşlarımızın
tarixi vətənləri
ilə əlaqələrinin
genişlənməsində, inkişafında Diasporla
İş üzrə
Dövlət Komitəsinin
xidmətləri əvəzsizdir. Komitə fəaliyyətdə olduğu
10 il ərzində
dünya azərbaycanlılarının
təşkilatlanması, vahid bir ideya
ətrafında birləşməsi
istiqamətində mühüm
işlər görüb.
Tam mənada demək
olar ki, bu gün soydaşlarımızın
ümummilli ideallar
əsasında mütəşəkkil
bir xalq kimi birləşmək imkanı qazanmısında
da məhz DİDK-nın rolu böyükdür və
əmin olmağa dəyər ki, Komitə azərbaycanlıların
Dövlətimizin ətrafında
sıx birləşməsi
üçün bundan
sonra da gərəkən addımları
atacaq.
Murad MƏMMƏDLİ
Ekspress.-
2018.- 3 iyul.- S.10.