Dünya azərbaycanlılarının həmrəyliyi
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.
31 Dekabr — Dünya
Azərbaycanlılarının Həmrəylik günü
dünyanın 70-dən çox ölkəsində
azərbaycanlılar tərəfindən bayram
kimi qeyd olunur. SSRİ-nin süqutunun son
dönəmində Araz
çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə
yürüşü, tikanlı məftilləri
dağıtması iki totalitar
dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu
taylı millətin həftələrlə Araz
çayı sahilində gecə-gündüz birləşmək
şüarı, azərbaycanlıların bir
millət olduğunu dünya
miqyasında bir daha
canlandırdı. Həmrəylik günü
bu birləşmək məqsədinin simvolik nişanıdır.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib.
Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub.
O vaxtdan 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir.
Ekspress 2018.- 20 iyul.-
S.10.