Teatr rejissoru kərpic kimi olmalıdır
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru,
xalq artisti Azər Paşa Nemətovun APA-ya müsahibəsi
Bu müsahibəni ötən ilin
avqustunda – Azər Paşa Nemətovun 70 illik yubileyi münasibəti
ilə hazırlamışdım. Söhbətimizin bir ilə
yaxın işıq üzü görməməsinin səbəbkarı
mən yox, müsahibim özüdür. Bir gün zəng
vurdu:
- Gəl, bu müsahibəni indi
yaymayaq. Mənə elə gəlir, hər şeyi bu qədər
xırdalığına qədər danışmaq, şəxsi
məsələlərdə bu qədər səmimi olmaq
lazım deyil. Saxla, mən bu dünyada olmayanda yayarsan.
O
gündən az qala bir il keçdi. Nəhayət, Azər
Paşa Nemətovu razı salmaq mümkün oldu. Və əlbəttə,
teatr dili ilə desəm, bu müsahibəni iki nəfərlik
söz oyunu kimi qəbul edə bilərsiniz.
* * *
Məkan Teatr Xadimləri
İttifaqı. Pəncərədən o tərəfdə
avqust istisi. Geniş olmayan iş kabinetini
gözümüzün qabağına gətirək. Ona
görə yox ki, ittifaq sədrinin şəraiti yoxdur. Qətiyyən!
Azər Paşa Nemətov sədr üçün nəzərdə
tutulan ger-geniş kabineti konfrans otağı edib. Hə, bir də
indi oturduğu kabinetdə atasının izi, nəfəsi, həniri
var...
Mən diktofonu qoşuram və ilk
sual: “Yubiley yaşına çatanlar geriyə baxıb özlərinə
üçcə sözlük sual-hesabat verirlər: mən necə
yaşadım?! Soruşmaq istəyirəm: Sizi də bu
insanlardan saymaq olarmı? Yoxsa əksinə, hesabat gündəlik
veriləndə yaşamaq daha rahat olur?”.
Cavabdan əvvəl
xatırlamıram siqaret yandırır, ya yox. Bu detalı
yadımızda saxlayaq, lazım olacaq:
“Əlbəttə, hesabatı
gündəlik vermək daha yaxşıdır. Çünki
insana rahatlıq, xoşbəxtlik gətirir. Bir də hər
gün özü ilə baş-başa qalmağı bacaran
adamlar məsuliyyətli, ədalətli olurlar. İnsanın məsuliyyəti
və ədaləti varsa, deməli, bütün ömrü
boyu könül rahatlığı da olacaq.
“Allaha dua edirəm: arzularımı,
planlarımı həyata keçirmək üçün mənə
sağlamlıq, güc, ömür ver!”
Bizim üçün vacib olan
könül rahatlığı deyilmi? Mən adi insanam. Tək
qalanda düşünürəm ki, sabah, biri gün nə etmək
istəyirəm? Və Allaha dua edirəm: arzularımı,
planlarımı həyata keçirmək üçün mənə
sağlamlıq, güc, ömür ver! Etiraf edim, ömrü
boyu tələsən adam olmuşam. Həmişə mənə
elə gəlib, nəyisə çatdıra bilməyəcəyəm.
- Tanıdığım
bütün yaradıcı adamları narahat və tələskən
görmüşəm...
- Yaradıcı adam doğulanda bu cür
doğulur. Daha doğrusu, onu Allah bu cür yaradır: hər
şeylə razılaşmayan, hər şeyi qəbul etməyən...
Bu, tale məsələsidir və bizim iradəmizdən
kənardadır. Sadə şəkildə
desəm, yaratmağı bacaran adamlar xaraktercə qəliz
olurlar. Cavan olanda düşünürdüm ki, daha
çox işləməliyəm, özümə
qarşı bir az da tələbkar
olmalıyam. Sonra yaş üstünə yaş
gəldi və anladım ki, bunun üçün Allah insana
imkan yaratmalıdır.
- Sizin yaradıcı və narahat təbiətiniz
ətrafınızdakı insanlara qayğı, problem
yaradıbmı?
- Məncə, yox. Əgər məsələni
iş və təmənna müstəvisinə gətirsək,
heç kimdən heç nə istəməmişəm. Qürurlu olmuşam, dolayı, əyri yollarla getməmişəm.
Eşitdiyimə görə mənimlə
işləmək həm asandır, həm çətin.
Haqqımda kimsə deyir ki, sərt, zəhmli
adamdır. Başqası deyir, yox, siz
tanımırsınız, ürəyiyumşaqdır. Bütün bunlar haqqında heç vaxt
düşünməmişəm.
“Heç kimdən
heç nə istəməmişəm, qürurlu olmuşam, əyri
yollarla getməmişəm”
Sadəcə, normal insanam və
bütün insani normaları gözləməyə
çalışıram. Tutduğum vəzifələrin
imkanlarından, səlahiyyətimdən istifadə edib insanlara
kömək etməyə istəyirəm. Çünki atam Zəfər
Nemətovdan, İsmayıl Dağıstanlıdan, Ələsgər
Ələkbərovdan, Lütfəli Abdullayevdən belə
şeyləri götürmüşəm. Həmişə
görmüşəm ki, bu adamlar ətraflarında olanlar
üçün kimlərinsə qapısını
döyüb, xahiş ediblər.
- Teatr Xadimləri
İttifaqının sədri və ölkənin ən
böyük teatrının rəhbərisiniz. Deməli,
başqaları üçün xahiş edəndə
qürur məsələsini gözləmirsiniz...
- Hesab edirəm, bu mənim borcumdur.
Üzərimə götürdüyüm məsuliyyəti
başa düşürəm. Ona görə məni seçiblər
ki, ehtiyacları olanda gücüm çatan qədər
bütün teatr xadimlərinə köməklik göstərim.
Əlim və səlahiyyətim çatan qədər də
köməklik göstərmişəm. Mənə deyirlər,
etdiklərinizə görə cənnətin qapısı
sizin üzünüzə həmişə
açıqdır. Mən isə demişəm, bunu biz yox,
Allah bilər.
- Stolunuzun üstündə
“Qurani-Kərim” görürəm...
- Mənə görə inamsız
insan normal insan deyil. Təkcə Allaha inamı nəzərdə
tutmuram. İnsanın insana
inanmamağından böyük faciə varmı? Buddizm təlimini də oxumuşam, İncil və
“Tövrat”ı da, “Quran”ı da. Bütün
ilahi təlimlər inam təlqin edir. Bəli,
“Qurani-Kərim” stolumun üstündədir. Mənim üçün “Qurani-Kərim”
kitabların, İslam dinlərin ən mükəmməlidir.
Kimlərsə İslamı məqsədli şəkildə
gözdən salmaq, inanclı insanların səhv olaraq radikal
obrazlarını yaratmağa çalışırlar. Amma bütün çirkin cəhdlər boşa gedəcək,
İslam yenə hər zaman olduğu kimi qalib olacaq. Çünki bizim dinimiz sevgi, məhəbbət,
sülh və əminəmanlıq dinidir.
Haşiyə: Tərtib etdiyim sual
siyahısına baxıram. Keçmişə
qayıtmalıyıq. O vaxtlara ki, 15 yaşlı Azər
Paşa Qara Qarayevdən musiqi dərsi alırdı. Bir də o vaxtlara ki, rejissor olmağını istəməyən
atasına acıq edib evdən getmişdi. Öz
sözünü özünə xatırladıram: “Hər şeyi təzədən
başlasaydım, rejissor olmazdım. Rejissor hər
tamaşa hazırlayanda yeni həyat yaşayıb ürəyinin
bir hissəsini əridir”.
Və soruşuram ki,
peşə seçimində “səhvə” yol verdiyiniz rejissor
ömrü hardan başladı, necə başladı?
- Bu peşəni seçməyimdə
atamın rejissor olmağının rolu böyük olub. Atama rejissor kimi də, insan kimi də qibtə edirdim.
Sonuncu dəfə onunla xəstəxanada
görüşmüşdüm. Evə gedəndə
dedi, Azər, yox, bağışla, Azər Paşa, mən həyatım
boyu nəyə nail olmuşamsa, sənin ananın hesabına
olub. Bütün ömrün boyu ananın
qayğısını çək və yadından saxla: o mələk simalı pak insana mənim
borcum çoxdur. Əslində atam bu sözlərlə
mənimlə vidalaşırdı. Bu vəsiyyəti
heç vaxt unutmadım. Anam
üçün nə bacardımsa, yaxşı olmağı
üçün əlimdən nə gəldisə, etdim.
Atam rejissor olmağımı istəmirdi. Mən də inciyib evdən getdim. Musiqi məktəbində
oxuyanda Qara Qarayev yazdığım əsəri eşidib
soruşmuşdu ki, bunu kim yazıb? Biləndə ki, Zəfər Nemətovun oğluyam,
yanına çağırdı və təklif elədi,
Konservatoriyada onun sinfində azad dinləyici olum. Belə
də oldu və mən bir il ərzində
qeyri-adi insan olan Qara müəllimdən çox şey
öyrəndim. Amma rejissorluq məni daha
çox cəlb edirdi. Diplom tamaşama Qara Qarayev gəlib
baxdı, mənə hədiyyə verdi. Və qayıtdı ki, səndən çox
böyük rejissor olacaq, amma bəstəkar kimi ondan da
böyük olacaqdın, axmaq. (Gülür).
Bəxtim ondan gətirib ki, Qara Qarayevi, Tofiq Quliyevi, Mehdi Məmmədovu,
İlyas Əfəndiyevi, Cahangir Cahangirovu, Salam Qədirzadəni,
Mustafa Mərdanovu, Tələt Eyyubovu, Yusif Vəliyevi, Seyfəddin
Dağlını, Tofiq Kazımovu, Səttar Bəhlulzadəni
şəxsən tanımışam. Tofiq Quliyevi
biz əmi çağırırdıq. Tofiq
Quliyev də mənə oğlum, anama bacı deyirdi. Anam evimizdə bu insanlar üçün süfrə
açıb, atam onların hər birini dostu, qardaşı
bilib. Məsələn, Cahangir Cahangirov
“Füzuli” kantatasını ilk dəfə bizim evdə ifa edib
və özü də oxuyub. Kantata bitəndən sonra
Qara müəllim dedi, Cahangir, sən həyatda heç nə
yazmasan da, bu musiqi ilə Azərbaycan tarixinə adını
yazdırmısan. Yadıma gəlir, Mehdi Məmmədovla
Tofiq Kazımov bir-biri ilə küsülü idilər. Atam onları bizə çağırıb
barışdırmışdı.
- Rejissor istedadınızı
atanıza nə vaxt sübut elədiniz?
- 1971-ci ildə atam diplom tamaşama
baxmışdı. Mənə heç nə
demədi. Evə gəldim, anam qayıtdı ki, Azər,
Zəfər sənin tamaşana baxıb, mənə dedi, sənin
bu oğlun var ha, bunun dili də var, dilçəyi də, o
çox böyük rejissor olacaq. Mənim
üçün bu sözləri atam, Qara Qarayev və Ədil
İsgəndərov deyib. Və əlbəttə,
onların mənim haqqımda dediyi bu sözlər
böyük qiymətdir. Tələbəlik
illərim də çox maraqlı keçib. Tələbə yoldaşlarımdan Mikayıl Mirzəni,
Əlabbas Qədirovu, Pərviz Cəfərovu, Azər
Süleymanovu itirmişəm. Rasim Balayevə, Vaqif Əsədova,
Məhərrəm Bədirzadəyə Allah
cansağlığı versin, onlar bu gün də mənim əziz
dostlarımdır.
- Siz gəncliyinizdə boksla da məşğul
olmusunuz?
- Bəli. Soruşa bilərsən
ki, niyə məhz boksla? Çünki
hamı məni döyürdü, ona görə də ən
sərt idman növü olan boksa getdim. Sonralar
SSRİ idman ustası adını qazandım. Çoxlu yarışlarda iştirak etmişəm.
Cəmi iki dəfə məğlub olmuşam.
Bunun da səbəbi belə olub ki, həkimlər
yarışa buraxmayıblar. Birində zədəyə
görə, o birində qızdırmam olub, yarış
qadağan edilib. Mən zəifləri həmişə
müdafiə etmişəm. O zaman yumruğumla, indi qabiliyyətimlə.
- Sankt-Peterburqa niyə getdiniz? Vaxtilə Zəfər Nemətovun təcrübə
keçdiyi bu şəhərə sizi çəkib aparan nə
idi? Deyəsən, atanıza qarşı
olan qruplaşmaların əziyyətini oğul kimi siz çəkməli
idiniz?
- Atam 1930-cu ildə Milli Dram
Teatrına işə qəbul edilib. Teatrda Cəfər
Cabbarlının seminarlarında iştirak edib, püxtələşməyində
bu seminarların böyük rolu olub. Bir il
sonra isə teatrın göndərişi ilə Teatr Məktəbinə
qəbul olunub. Atamdan imtahanı Hüseyn Cavid,
Abbas Mirzə Şərifzadə, Hacıağa Abbasov və
Rza Darablı götürüb. Hüseyn
Cavid və Abbas Mirzə Şərifzadə atamı öz
doğmaları kimi çox istəyiblər.
“Atamı Gənc
Tamaşaçılar Teatrında çox incitmişdilər,
mənə qarşı da eyni hərəkəti etdilər”
1933-cü ildə babam
Əli Paşa Nemətov işlədiyi mədəndə cərəyan
vurmasından vəfat edib. Ona görə də
ailənin bütün çətinliyi atamın üstünə
düşüb. Atamı Gənc
Tamaşaçılar Teatrında çox incitmişdilər.
Məcbur olub teatrdan
çıxmışdı. Ondan sonra cəmi iki il yaşadı. Gənc
tamaşaçılar Teatrında işləyəndə mənə
qarşı da eyni hərəkəti etdilər. Bir qrup adam imza atmışdılar ki, bu rejissoru istəmirik.
Sonra qaytarmaq istədilər, dedim, mən əşya deyiləm,
getdiyim yerə bir də qayıtmıram. O vaxtkı Leninqrad Gənc
Tamaşaçılar Teatrına gedəndə orda dedilər,
sən Azərbaycandan gəlmisən, ona görə hər
şeyi təzədən başlamalısan. Mən
etiraz elədim ki, Mehdi Məmmədovun tələbəsiyəm.
Bir müddət Georgi Taratorkin, Lev Dodinlə bir
yerdə çalışdım.
Teatrın rəhbəri mənim
haqqımda soruşanda hamısı dedi, çox maraqlı
rejissordur və bizim məktəbimizlə işləyir. Sonra məni ştata qəbul etdilər və
Leninqrad həyatım başladı. Xaricə
qastrollara getdim, teatrın rəhbəri xaricə gedəndə
məni öz yerinə təyin edirdi.
26 yaşımda Leninqradda evim,
işim və maşınım var idi
- Bakıya qayıtmağa məcbur
idiniz?
- Məcburiyyət məsələsi
deyildi. Ulu öndərimiz Heydər Əliyevi
minnətdarlıq hissi ilə xatırlayıram. O, kənarda
olan və özünü təsdiq etmiş insanları Azərbaycana
dəvət edirdi ki, yaradıcı potensiallarını öz
ölkəmizə sərf etsinlər. Bakıya
qayıdandan sonra Mədəniyyət Nazirliyi mənimlə
bağlı məsələlərə soyuq yanaşdı.
Ev söz vermişdilər, alınmadı.
Bir müddət işsiz qaldım. Mənə
evi 35 il sonra prezidentimiz İlham Əliyev
verdi. Ulu Öndərimiz “Hamlet”, “Ah, Paris,
Paris...” və başqa tamaşalarıma gəlib
baxmışdı, uğurlu tamaşalar münasibəti ilə
məni təbrik etmişdi. Hər dəfə
soruşurdu ki, işlərin necədir, həyatından
razısanmı? Mən hər şeyin
qaydasında olduğunu deyirdim. Evimin
olmadığını bir dəfə də açıb demədim.
- Aktyor kimi özünüzü
sınamaq istəyiniz olubmu? İstəyirəm, bu haqda
danışaq...
- Ömrüm boyu istəmişəm
məşhur aktyor olum. Amma aktyor olmaq üçün öz tələblərimə
uyğun olmamışam. Mənim aləmimdə aktyor
hündürboy və bariton səsli olmalıdır.
Aktyorluğu bir dəfə multfilmdə etmişəm.
Ağadadaş Qurbanovun qızı Firəngiz Qurbanova multfilm
çəkirdi. Biz ailəvi dost idik və həmin filmdə
çəkildim. Məktəbdə nə şuluqluq
salırdımsa, atamın əvəzinə Ağadadaş əmini
məktəbə aparırdım. Direktor da deyirdi ki, görə
sən nə boyda nəhəngi mənim yanıma gətirmisən?
(Gülür).
- Özünüz kino çəkmək
həvəsində olmamısınız?
- Cavan vaxtı çəkmək
istəyirdim. “Debüt” studiyasının rəhbəri, mənim
əziz dostum, canım-gözüm Eldar Quliyev dedi, 39
yaşında məşhur rejissorsan, əməkdar incəsənət
xadimisən, sənin nəyinə lazımdır debüt film
çəkmək? Qoymadı. Mən də acıq elədim,
bir də ona demədim film çəkmək istəyirəm.
- 1978-ci ildə Bakıda “Zirzəmi”
teatrı yaratmısınız. O günləri necə
xatırlayırsınız?
- Düzü, həmin teatrı
hansı ildə yaratdığımı dəqiq bilmirəm.
Tarixini unutmuşam. Yadıma gəlir ki, həmin vaxtlarda
işsiz idim. Ona görə də aktyor olmayan tələbələri
institutlardan seçdim və tamaşalar hazırlamağa
başladıq. Teatrı gəmiçilik idarəsinin evlərindən
birinin zirzəmisində yaratmışdıq. Çox
böyük maraqla qarşılanmışdı. Hətta
oturmağa yer tapmaq olmurdu.
“26 yaşımda
Leninqradda evim, işim və maşınım var idi”
Sonra təmir etdiyimiz həmin zirzəmi
kiminsə xoşuna gəlmişdi, ona görə də bizi
ordan çıxardılar. Sonralar yenə o cür teatr yaratmaq
istəyirdim, alınmadı. İndiki İçərişəhər
metrosu ilə üzbəüz bina var, onun
çardağında teatr yaratmaq istəyirdim. Sonra dedilər, divarda
çat var, buranın təmiri çox vəsait aparacaq.
Üç il sonra
rəssamlara emalatxana kimi verdilər. Necə olur, emalatxana ola bilirdi, teatr yox? Həmişə
özümə teatr yaratmaq istəmişəm, imkan verməyiblər.
- Həsən Turabov və Vaqif
İbrahimoğlu ilə dostluğunuz haqqında çox
eşitmişəm...
- Ümumiyyətlə, dostlarım
çox olub. Elçin Məmmədov, Həsən
Turabov, Fuad Poladov, Mikayıl Mirzə, Vaqif İbrahimoğlu
yaxın dostlarım olublar. Rasim Balayev, Altay Hacıyev, Məhərrəm
Bədirzadə, Vaqif Əsədov, Elmi Mirzəyev indi də
yaxın dostlarımdır. Elmi indi Ucarda, Altay
Bakıda yaşayır. Vaqif
İbrahimoğlu Gənc Tamaşaçılar Teatrına aktyor
kimi gəlmişdi, bir yerdə işləyirdik. Sonra mehribançılıq, dostluq yarandı. Mən Vaqif haqqında necə yüksək fikirdə
idimsə, o da eyni şeyi mənim haqqımda deyirdi. Vaqiflə danışmaq mənə çox
maraqlı gəlirdi. Bir-birimizi başa
düşürdük. Vacib olan budur.
Həsən Turabov da az danışan adam
idi, mən də. Bir dəfə gedib
yeyib-içdik. Sonra məlum oldu ki, beş
cümlə o danışıb, beş cümlə mən, vəssalam.
Həsənağa səhəri zəng etdi ki, Azər, biz məclisə
gedəndə mütləq üçüncü adam lazımdır ki, söhbət eləsin.
- Səhv etmirəmsə, Həsənağa
Turabov ürək tutmasından, Vaqif İbrahimoğlu xərçəngdən
dünyasını dəyişib...
- Bəli. Vaqif Ankarada xəstə
yatanda İsrafil İsrafilovla gedib ona baş çəkdik.
Daha doğrusu, əvvəl İstanbulda Yaşar
Nuriyə baş çəkdik, sonra Ankaraya getdik.
II HİSSƏ
Akademik Milli Dram
Teatrının binası. İş otağı.
Müsahibənin əvvəlində siqaret
yandırmaq detalını əbəs yerə demədim ki,
yadda saxlayaq. Söhbətimizin bundan
sonrakı hissəsi necə deyərlər, “tütün
dumanı” içində keçdi. Yaradıcı adam üçün, yox, elə insan
üçün dost itirmək, doğma adamı soyuq
torpağa tapşırmaq nə deməkdir, bilirsinizmi? Mən
bilirəm: alışqan çıqqıltısı,
tütün közərtisi, qırılan səs, bir də...
hə, bir də eynək altında yaşaran insan
gözü...
Sual: Turabov və İbrahimoğlunun
ölüm xəbərini necə, hansı vəziyyətdə
eşitdiniz?
Cavab: Bu haqda danışmaq mənim
üçün çətindir. Həqiqətən çətindir.
Həsən Turabovun qızı zəng vurdu ki, atamın vəziyyəti
pisdir. Həkim götürüb getdim. Çox keçmədi,
həkim otaqdan çıxdı ki, ürəyi işə
salmaq mümkün oldu, amma beyin dayanıb. Ölümü necə
olub?! Nəvəsi Həsənağadan nə isə istəmişdi.
Bu da ayağa qalxıb ki, qonşu otağa keçib nəvəsinin
istədiyini gətirsin, otağa çatmamış
yıxılmışdı. Bax, belə. (Uzun sükut). Vaqifin
vəziyyəti tamam pis idi. Hamı evinə qalxırdı ki,
vidalaşsın. Düşənlər də deyirdi, çox
arıqlayıb, tanımaq olmur. Mən qalxmadım. İstəmirdim,
Vaqif yaddaşımda o cür qalsın.
“Həmişə özümə
teatr yaratmaq istəmişəm, imkan verməyiblər”
Yuxarı qalxanlara da
tapşırdım ki, Vaqifə deyin, Azər Paşa
burdadır, o biləcək niyə yuxarı qalxmamışam.
Səməndər Rzayev mənim yaddaşımda bax o cür xəstə
vəziyyətdə qalıb. Palatanın qapısını
açdım, gördüm, bir nəfər
tanımadığım adam uzanıb. Qapını
örtdüm ki, səhv gəlmişəm. Səsi hələ
də qulaqlarımdadır. Qışqırdı ki, Azər
Paşa, Azər Paşa... Tanımadın məni?! Çox dəyişmişəm?!
Mən də yalan danışdım. Dedim, Səməndər,
yatmışdın, istəmədim oyadam səni.
- Başa düşürəm,
danışmaq çətindir. Ona görə söhbəti dəyişirəm.
Xalq diplomatiyası çərçivəsində Kamal
Abdulla, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli
ilə Qarabağ və Ermənistana səfər edən
ziyalılardan biri də siz olmusunuz. Bəlkə o səfər
haqqında danışaq?
- Polad Bülbüloğlu nazir
olanda mən teatrın bədii rəhbəri idim. Bizim
sözümüz düz gəlmirdi. Ona görə də mən
teatrı tərk elədim. Poladın bunda günahı var idi.
Özümə də bəraət qazandırmıram.
Mənim xasiyyətim də şəkər
deyil, amma istiot da deyiləm. Yəni dil tapmaq olardı. Uzun illər
keçdi və bir gün Polad Bülbüloğlundan mənə
zəng gəldi. Dedi, Azər, telefon söhbəti deyil,
Bülbül Fonduna gələ bilərsən? Getdim, görüşdük.
Polad dedi, kiçik nümayəndə heyətidir, istəyirik
sən də bizimlə Şuşaya gedəsən. Hətta
soruşdu ki, qorxmursan? Dedim, Polad, sən məni yaxşı
tanıyırsan. Belimə dinamit bağlasanız, Qarabağdan
ötrü gedib özümü partladaram. Bu ölüm mənim
üçün şərəfli ölüm olar. Evdən
rayona ezamiyyət adı ilə çıxdım. Bizə
güllə keçirməyən jilet və kaska verdilər.
Dedim, geyinmirəm. Mən öz torpağıma gəlmişəm,
niyə bunu geyinməliyəm? Eyni sözü Kamal Abdulla da
dedi, Fərhad da, Polad da. Heç birimiz nə kaska, nə jilet
geyinmədik. Bizə köhnə bir “Volqa”
ayırmışdılar. Yollar bərbad, yaşayış
çox aşağı səviyyəli idi. Xankəndində
çay, kofe təklif etdilər, biz yubanmayıb Şuşaya
qalxdıq.
- Səhv etmirəmdə, siz vaxtilə
Xankəndidə tamaşa hazırlamısınız...
-Bəli, hazırlamışam.
Şuşada Bülbülün evinə getdik. Hamımız
sarsılmışdıq, ağlayırdıq.
Bülbülün evində yaşlı arvad
yaşayırdı. Poladdan icazə istədi ki, olar yenə
burda yaşayım? Polad da dedi, qal, amma həyət-bacaya da
bax, dağılmasın. Qadın yenə soruşdu ki, siz nə
vaxt qayıdacaqsınız? Çox təsirli idi.
Küçələrdə camaat bir-birinə deyirdilər ki,
azərbaycanlılar öz evlərinə qayıdıblar. Hətta
biri Qarabağ ləhcəsi ilə qayıtdı ki, gəlin
çıxın də, harda qalmısınız?! Yerevanda
Köçəryanla görüşəndə Kamal Abdulla
çox yaxşı bir fikir dedi: “Yaxşı olar,
Şuşa məscidini bərpa edək. Siz qərar
çıxarın, təmirini biz özümüz edərik”.
“Cıdır düzünə gedəndə
Köçəryan mənə ayrılan xidməti
maşının qapısını
açıb-bağlayırdı”
Köçəryanı lap
cavanlıq vaxtlarımdan tanıyırdım. Xankəndində
tamaşa hazırlayanda Köçəryan avtoparkda işləyirdi.
Xidməti maşın ayırmışdılar, naharı hər
gün Şuşada edirdim. Cıdır düzünə gedəndə
Köçəryan mənə ayrılan xidməti
maşının qapısını
açıb-bağlayırdı. Yerevanda görüşəndə
soruşdum ki, məni tanıdın? Qayıtdı ki, yox,
hardan tanımalıyam? Dedim, mən Xankəndində tamaşa
hazırlayanda sən məni müşayiət edirdin. Əlbəttə,
tanımışdı. Mən onda çox dəyişməmişdim.
Saçım da, bığım da qara idi. Sadəcə,
özünü sındırmaq istəmədi. İrəvanda
hamımız çox sərt danışdıq. Geri
qayıdanda erməni ziyalılar bizimlə Bakıya gəldilər.
Cənab prezident bizi qəbul etdi. Mən prezidentimizi onsuz da
sevirdim, amma o görüşdən sonra onun mərdliyinə,
iradəsinə bir daha heyran oldum.
- Azər müəllim, biz niyə
teatral deyilik?
- Biz incəsənəti çox sevən
xalqıq. Eyni zamanda bizim xalqımız istedadlı
və həssasdır. Sadəcə, cəmiyyət
çox dəyişib. Mədəni tərbiyə
insanda uşaq yaşlarından başlamalıdır. Adamlar var, ömrünün yarısını
yaşayıb, amma teatrda olmayıblar.
“Polad Bülbüloğlu nazir olanda
mən teatrın bədii rəhbəri idim. Bizim
sözümüz düz gəlmirdi”
Deyirəm, gəl səni teatra aparım,
cavab verir ki, vaxtım yoxdur. Ömür gedir, amma kinoya, teatra,
konsertə getməyib. Ayda, iki ayda bir dəfə
vaxt tapmaq çətin olmamalıdır. Yaxud
soruşanda ki, teatra niyə gəlmirsiniz, deyir, dəvət
etmirsiniz, axı. Mən heç kimi
tamaşalarıma dəvət etmirəm. Ona
görə də tamaşalarımın çoxu televiziyaya
çəkilməyib. Teatra ailəni dəvət
edərlər, hamını yox. Sosial
problemlərə görə teatra gələ bilməyənlər
var, amma bu, bəraət yeri deyil.
- Altı-səkkiz manata bilet almaq sosial
problem üçün bəhanə olmamalıdır...
- Ümumiyyətlə, teatrın qiyməti
bu cür olmalı deyil. Müasir teatr
sovet-bolşevik teatrı deyil. Rusiyada bilet
100 dollardır. Bizdə isə pulsuz bilet
istəyirlər. Bu yaxınlarda Moskvada
iki-üç tamaşaya baxdım. Bilet
satılıb qurtarmışdı, insanlar
yaxınlaşırdı ki, artıq biletiniz olmaz? Bu cür mənzərəyə vaxtilə biz də
şahid olmuşuq. İndi qayğılar
çoxdur. Teatr tox adam
üçündür. Güzəranı
çətin olan adamların yadına teatr düşə
bilməz.
- Ayda on min manat qazanan adamlar da teatra gəlmir,
axı. Buna nə deyirsiniz?
- Bu da uşaq vaxtlarından tərbiyə
ilə bağlıdır. O adamların anlayışı ancaq
puldur, yeyib-içməkdir, gəzməkdir.
- Siz müəllimsiniz, gənc
rejissorlar yetişdirirsiniz. İstərdim, bir qədər də
bu haqda danışaq...
- 70-ci ildən institutda dərs
demişəm. Yaşar Nuri, Zərnigar Ağakişiyeva, Azər
Zeynalov mənim məşhur tələbələrim olub. Heç bir tələbəmə təmənnalı
münasibətim, pis niyyətim olmayıb. Əksinə, əllərindən tutub kömək
etmişəm. Maddi gücüm
çatıbsa, etmişəm, olmayıbsa, mənəvi dəstək
durmuşam. Tələbənin həmişə
pula ehtiyacı olub. Kiçik
qayğılara görə onların sənətdən
uzaqlaşmasına yol vermək olmaz.
“Güzəranı çətin
olan adamların yadına teatr düşə bilməz”
Anar Sadıqov və
Əlif Cahangirli bizim teatrda çalışırlar. Onlara
çox böyük ümidim var. Məqsədim bu iki gənci
teatrda işə düzəltmək olmayıb. Onlarla
bağlı ali məqsədlərim var.
İstəyirəm, bu peşədə gələcəyə
hazır olsunlar, bütün çətinlikləri
görsünlər. Ola bilər, tələbə
institutda ümumi nəzəri bilikləri öyrənsin, amma
teatrda bunu tətbiq edə bilməsin. Vacib
olan aktyorlarla işləmək, teatrın yazılmayan
qanunlarını öyrənməkdir. Teatr rejissoru kərpic
kimi olmalıdır: yandırdıqca, bərkiməlidir. Bax, bu mənim həyatımın devizi olub.
Epiloq və ya söhbətin
diktofona düşməyən hissəsi. Bunu mənə Azər
Paşa Nemətov müsahibədən iki gün qabaq
danışıb:
“İlk maaşıma
atam üçün şərf almışdım. Çox
xoşuna gəlmişdi. Təsirlənmişdi.
Uzun illər həmin şərfi taxdı.
Boynunda hər görəndə qürur hissi
keçirirdim ki, bunu atama mən almışam. Sonra atam dünyasını dəyişdi. Həmin
qırmızı, üstü butalı şərfi indi mən
taxıram”.
Bu, təkcə sənətə,
dost-doğmaya yox, əşyalara da sədaqət deməkdir. Yubiley yaşın
mübarək, sədaqətli adam...
Ekspress.- 2018.- 13 iyun.- S.9-13.