İntellektual diasporun formalaşması

Azərbaycanda dövlətçilik ənənələrinin tarixi kökləri olduğuna görə, Azərbaycan diasporunun dünya ölkələrində formalaşması da qədim tarixə söykənir. Bu baxımdan diasporun formalaşma tarixini bir neçə mərhələyə bölmək olar.

- Birinci mərhələ VII əsrin sonu - VIIII əsrin əvvəllərinə təsadüf edir. Belə ki, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını diasporun yaranmasının təməlini qoyub.

- İkinci mərhələ X və XIX əsrləri əhatə edir. Məhz həmin dövrdə Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində, xaricdə məskunlaşması daha geniş vüsət alıb.

Ekspertlərin fikrincə, Azərbaycan diasporunun formalaşmasının sonrakı mərhələləri ölkəmizin rus, sonradan sovet imperiyası tərəfindən işğal olunması, birinci və ikinci dünya müharibələri, SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması ilə əlaqədardır. 1979-cu ildə İranda İslam İnqilabının baş verməsi nəticəsində də minlərlə cənublu soydaşımız vətənlərini tərk edərək, Qərb ölkələrinə sığınmaq məcburiyyətində qalıb.

O da qeyd olunur ki, təxminən, 30 milyon azərbaycanlının tarixən yaşadığı müasir İran ərazisindən son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasını tərk edənlərin sayından qat-qat çox olub. Onlar qərb ölkələrində güclü Azərbaycan diasporu formalaşdırıblar. Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır.

Azərbaycan diasporunun inkişaf dövrü ümummillli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır. Məhz böyük siyasi xadimin Azərbaycan rəhbərliyinə ikinci qayıdışından (1993-cü il) sonra diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Ekspertlərə görə, ölkəmiz müstəqillik əldə etdikdən sonra, Azərbaycan xarici siyasətinin qarşısında iki mühüm vəzifə dayanırdı: birincisi, Azərbaycana suveren dövlət kimi təminatlar almaq, ikincisi, Qərblə strateji əməkdaşlıq imkanlarından faydalanaraq, ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək idi.

90-cı illərə qədər ABŞ-a mühacirət etmiş soydaşlarımız Amerikanın həm siyasi, həm iqtisadi, həm də hərbi həyatında tam hüquqlu vətəndaşları kimi yaşayıblar. Azərbaycanlılar kompakt halda Nyu-York, Los-Anceles, Batton-Ruc, Miciqan, Nyu-Cersi, Vaşinqton və digər şəhərlərdə məskunlaşıblar. Bir xatırlatma da yerinə düşərdi ki, Amerikada ən fəal olanlar Azərbaycan yəhudiləridir ki, onlar özlərini Azərbaycan diasporunun tərkib hissəsi hesab edirlər. Azərbaycan naminə görülən işləri müsbət qiymətləndirən Azərbaycan yəhudiləri "Evreyskiy mir", "Vecnıy Nyu-York", "Russkaya reklama", "Newstay", "New Worker" mətbuat orqanlarında Azərbaycanı dəstəkləyirlər. 2000-ci ilin statistik məlumatlarına əsasən ABŞ-da Vaşinqton, Nyu-york, Los Anceles, Hyuston , Dallas və d. şəhərlərdə 400000 azərbaycanlı yaşayır.

2002-cilə aid statistik məlumatlardan məlum olur ki:

- ABŞ-da yaşayan azərbaycanlıların 60 %-i cənublu, 35%-i şimallı, 5%-i isə Türkiyədən gəlmiş azərbaycanlılar təşkil edir.

- Azərbaycanlıların 23%-i orta sinifə, 21%-i orta sinifdən aşağı təbəqəyə, 16%- i isə aylıq gəliri 400 minə yaxın olan zənginlər təbəqəsidir.

- ABŞ-da azərbaycanlılar arasında aylıq gəliri 200 min - 1 milyon dollar olan 13 nəfər, hər ay qazandığı məbləğ 1-milyondan çox olan 38 milyonçu var. Bundan başqa, Amerikada mövcud olan bütün etnik diasporlar hakimiyyətdən öz vətənləri üçün iqtisadi, siyasi, hüquqi, hərbi və digər yardımların alınmasına çalışır. Diasporların üzərinə düşən mühüm vəzifələrdən biri də özlərinə Amerikada Qanunverici-İcraedici Məhkəmə sistemində tərəfdarlar və dostlar qazanmaqdır.

Amerikada yaşayan həmvətənlərimizi bu sahədə fəaliyyətə ruhlandıran isə ümummilli liderimiz Heydər Əliyevin onlarla mütəmadi görüşməsi olub. Bu görüşlər zamanı Heydər Əliyev Azərbaycanın siyasi arenadakı yeri və rolundan danışaraq, Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin qüvvətlənməsi və çiçəklənməsi naminə çalışmaq üçün onlara öz təklif və tövsiyələrini verib (gumilev-center.az).

Diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı bildirir ki, XX əsrin əvvəllərində bolşeviklərin təzyiq və təqiblərindən qurtulmaq üçün mühacirət edən vətənpərvər soydaşlarımız və nüfuzlu ziyalılarımız Azərbaycan diasporunun təşkilatlanması prosesinin, hətta lobbi işinin əsasını qoymuş oldular: "Miqrasiya etmiş azərbaycanlıların əksəriyyəti əvvəlcə İran, Türkiyə, sonra isə Qərbi Avropa ölkələrində və ABŞ-da məskunlaşmağa məcbur oldular. Mühacirət edənlərin içərisində AXC-nin dövlət, ictimai-siyasi xadimləri, Müsavat və digər partiyaların üzvləri, iri sahibkarlar, onların övladları var idi. Həmin şəxsiyyətlər arasında bir neçəsi də var ki, onların ismi-şərifini xüsusilə vurğulamaq olar. Azərbaycan milli hərəkatının görkəmli nümayəndələri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Xəlil bəy Xasməmmədov, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Mirzə Bala Məmmədzadə, Məmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və digərləri dünyanın müxtəlif dövlətlərində Azərbaycan siyasi mühacirətinin əsasını qoyaraq istiqlalçılıq və dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsində və milli mentalitetimizin yaşadılmasında müstəsna xidmət göstəriblər. Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin əksəriyyəti xaricdə təhsil almış və öz dünyagörüşünü genişləndiriblər. Həmin şəxslərin xaricdə təhsil almasına təşəbbüs göstərən, maddi-mənəvi dəstək olan şəxslərdən birincisi milyonçu H.Z.Tağıyev olub. Məhz bu səbəbdən dövlətçiliyin qurulmasında onun xüsusi yeri və rolu vardır, çünki təhsil almağa göndərdiyi vətən övladları yeni düşüncə və ideya ilə geri dönərək bu yolda fəaliyyətə başlayıblar. Məsələ burasındadır ki, Azərbaycanın ilk dünyəvi təhsilə malik savadlı-ziyalı qanadı olan bu şəxslər elə tələbəlik dövründən başlayaraq, Azərbaycan icmalarının yaranmasına, diasporunun formalaşmasına səy göstəriblər. Eləcə də AXC dövründə və onun süqutundan sonra miqrasiyaya məruz qalan soydaşlarımız bu istiqamətdə konseptual fəaliyyət göstəriblər".

 

 

 

Y.Babanlı məqalədə Şəfi bəy Rüstəmbəyli haqqında da məlumat verərək qeyd edir ki, onun adı təkcə "Azərbaycan" qəzetinin deyil, ümumiyyətlə, Azərbaycanın istiqlal tarixində əbədi qalan görkəmli şəxsiyyətlərdəndir: "Ümumrusiya müsəlman tələbələrinin qurultayının Azərbaycanın müstəqillik şüurunun formalaşmasında müstəsna əhəmiyyəti olub. Yeri gəlmişkən, ötən əsrin əvvəllərində yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda reallaşan Qafqaz müsəlmanlarının qurultayında atılıb. Yəni sadalananların fonunda intensivləşən miqrasiyanın detallarını, ayrı-ayrı ölkələrdə diasporun formalaşması və lobbiçilik fəaliyyəti istiqamətində atılan ilk addımları nəzərdən keçirək. Azərbaycanla Türkiyə arasındakı tarixi köklər, etnik mənsubiyyət birliyi, sosial, mədəni, iqtisadi, siyasi bağlılıq tarix boyu bu ölkəni soydaşlarımızın ilk pənah apardığı və sığınacaq tapdığı ikinci vətənə çevirib. İran və Rusiyanın Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanı parçalayaraq işğalının rəsmiləşdirdiyi zaman mövcud rejimin qadağaları ilə razılaşmayaraq doğma yurdlarını tərk etmək məcburiyyətində qalanlar Osmanlı dövlətində məskunlaşıblar. Sonralar məhz Şərqdə ilk hüquqi-demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ən yaxın müttəfiqi də Osmanlı Türkiyəsi olmuş, mötəbər ali məclislərdə, xüsusən də iştirak etdiyi Paris sülh konfransında (1919-cu il) onun haqq səsini müdafiə etmişdir" (diaspornews.az).

Xatırladaq ki, hazırda xarici ölkələrdə təxminən 425-ə qədər Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Dövlət başçısı diaspor quruculuğu işini xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycanda və xaricdə böyük tədbirlər keçirilib. Dünya Azərbaycanlılarının II Qurultayından sonra 102 diaspor təşkilatının təsis edilməsi, 2011-ci il iyulun 5-də keçirilən Dünya Azərbaycanlılarının III Qurultayından sonra ötən 1 il ərzində 10-a yaxın yeni diaspor təşkilatının yaranması diqqət çəkir.

Azərbaycan Respublikasının bu məsələlərlə bağlı qarşısına qoyduğu bir neçə əsas istiqamətlər var:

- Xarici ölkələrdə fəaliyyət gösrtərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi dünya azərbaycanlılarının ümumi birliyinin təməl prinsiplərindəndir.

- Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır.

- Dünyada azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir.

- Tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının ən mühüm prinsiplərindəndir. Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, həm də iqtisadi aspektdə də özünü göstərir.

- Bütün dünya azərbaycanlılarının birliyi milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir.

- Dünya azəraycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməlidir.

- Dünya azərbaycanlılarının birliyi məsələsi - Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır.

- Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir.

- Azərbaycan dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından, icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud olan siyasi, psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir.

- Azərbaycan milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığını qorunub saxlanılması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir.

Son olaraq qeyd edək ki, Azərbaycan dövləti dünya ölkələrində yaşayan hər bir azərbaycanlının problemləri və qayğıları ilə maraqlanır, yardım edir və soydaşlarımızın hüquqlarını müdafiə etməyə daima hazırdır.

Rəşid RƏŞAD

Ekspress  2018.- 1 noyabr.- S.10.