Azərbaycan diasporu Qazaxıstanda

Azərbaycan diaspor nümayəndələri xarici ölkələrdə yerləşdikcə, təşkilatların iş fəaliyyətinin dairəsi genişləndikcə görülən işlərin keyfiyyəti daha da artmaqdadır. Bütün bunlar Azərbaycan diasporunun başqa diasporların yüz illər ərzində gördüyü işlərdən nəticə çıxararaq özünü tam olaraq təbliğ edə bilməsindən irəli gəlir.

Son illərdə Prezident İlham Əliyevin böyük siyasi xadim Heydər Əliyevin başladığı böyük siyasəti davam etdirməsi bu sahəyə ciddi diqqət yetirməsi Azərbaycan diasporunun uzun illər ərzində keçə biləcəyi yolu qısa müddətdə keçməsinə səbəb oldu. Ekspertlərə görə, diaspor təşkilatları müxtəlif ölkələrdə müxtəlif səviyyələrdə artıq formalaşmış şəkildə fəaliyyət göstərirlər. Hətta bir çox ölkələrdə diaspor təşkilatlarının ciddi şəkildə fəaliyyətinə imkan verilməsə də, müəyyən ölkələr də var ki, buna daha çox şərait yaradırlar. Əlbəttə ki, bu da həmin ölkənin prioritet istiqamətlərindən biri orada yaşayan milli azlıqların inkişafı, öz milli adət-ənənələrini saxlaması prinsiplərinə söykənir.

Diaspor təşkilatları sırasında öz fəaallığı ilə seçilən Qazaxıstandakı Azərbaycan diaspor təşkilatlarıdır.

Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə, üç yüz min azərbaycanlı yaşayır və onlar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışır, eyni zamanda Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar. Həmvətənlərimiz Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaradıblar.

1990-ci illərdən etibarən Almatıda "Turan", Aktöbe vilayətində "Dostluq", Cambul vilayətində "Azəri", Qərbi-Qazaxıstan vilayətində "Birlik", Qarağandı vilayətində "Namus", Kostanay vilayətində "Heydər", Pavlodar vilayətində "Vətən" və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Xatırladaq ki, bütün bu cəmiyyətlər "Qazaxıstan Xalqı Assamleyası"nın üzvləridir ("preslib.az")

Qazaxıstanda fəaliyyət göstərən "Xəzər" milli-mədəniyyət Mərkəzi Astanada diasporun çoxsaylı nümayəndələrini ətrafında birləşdirməyi bacarıb.

- 2003-cü ildə Astanada "Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzi" ictimai təşkilatının nümayəndəliyi açılıb ki, bu da Qazaxıstandakı bütün Azərbaycan milli-mədəniyyət mərkəzlərini özündə birləşdirir.

- 2004-cü ildə Azərbaycan "Xəzər" milli-mədəniyyət Mərkəzinin təsis etdiyi beynəlxalq ictimai-siyasi, rus və qazax dillərində nəşri nəzərdə tutulmuş aylıq "Turan-ekspress" qəzetinin təqdimat mərasimi keçirilib.

- 2006-cı ildə tarixində Qazaxıstanın Cambul vilayətinin Şu rayonunda 5 mindən artıq soydaşımızın yaşadığı Yeni yol-"Novıy put" kəndində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Və yaradılan bütün mərkəzlər, cəmiyyətlər, təşkilatlar sadəcə bir amal uğrunda mübarizə aparır-Azərbaycanı tanıtmaq və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq (wikipedia.org).

Qazaxıstanda Azərbaycan diasporunun formalaşdırılması XX əsrin 60-cı illərindən sonrakı dövrə təsadüf edir. 1920-ci illərdə siyasi repressiyalar nəticəsində azərbaycanlıların çox hissəsi (təqribən 120 min nəfəri) Orta Asiya, Sibir kimi yerlərə sürgün ediliblər. 1956-1960-cı illərdə isə on beş minə yaxın azərbaycanlı Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə kömək üçün buraya köçüblər. Və Azərbaycan diaspor nümayəndələri əsasən mədəni və ictimai fəaliyyətlə məşğul olur.

Bundan başqa, hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hisəsi isə mühüm vəzifələr tutublar.

Önəmli məqamlardan biri də odur ki, Azərbaycan təşkilatları prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Qazaxıstan Xalqları Assambleyasına daxildilər.

Qazaxıstan azərbaycanlılarının iqtisadi və siyasi cəhətdən ən böyük təşkilatı 1997-ci ildən fəaliyyətə başlamış "Turan" Mədəniyyət Mərkəzidir. 1993-cu ilin mayında Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Turan" ictimai-mədəni fəaliyyətlə məşğul olur. "Turan" Mədəniyyət Mərkəzinin analoqu olan Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı Azərbaycan ictimai-mədəni cəmiyyətlərinin konqresi "Turan"ın missiyası daha geniş və fəaliyyəti isə böyükdür. "Turan" konqresinin orqanı olan "Vətən" qəzeti Azərbaycan, qazax və rus dillərində çap olunur. Bu ölkədə, eyni zamanda, "Turan Ekspress" adlı qəzetdə dərc edilir.

Qazaxıstanda fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Qazaxıstan Azərbaycanlıları Assosiasiyasıdır. Qazaxıstan Azərbaycanlıları Assosiasiyası 1992-ci ildə Almatıda qurultay əsnasında təsis olunub Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin və ictimai birliklərin birləşdirilməsi, bütün tədbirlərin bir mərkəzdən əlaqələndirilməsi məqsədilə qurulub (olaylar.az).

Professor Ədalət Allahverdiyev uzun müddət Qazaxıstanda müxtəlif rəsmi vəzifələrdə çalışıb. 2010-cu ildən isə Astanada Alqı-satqı üzrə birja idarəsinin (UTB "Astana") rəhbəridir. 1974-cü ildən Qazaxıstanda yaşayan Ə.Allahverdiyevin Azərbaycanla əlaqələri çox sıxdır: "Özümüz yad ölkədə olsaq da, ürəyimiz Azərbaycanladır. Hər zaman övladlarıma Azərbaycan haqqında danışıram, Azərbaycanın dövlətçilik tarixi haqqında məlumat verirəm. 1988-ci ildə bizim qohumlar ermənilərin təzyiqindən sonra Azərbaycana köçüblər. Qohumlarla tez-tez əlaqə saxlayırıq. Azərbaycana gedirik. Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə əlaqələrinimiz çox yaxşıdır. Tədbirlərdə iştirak edirik, səfirlə görüşürük. Soydaşlarımızın səfirliklə əlaqə saxlamağı, həm də Azərbaycanla əlaqə saxlamaq deməkdir. Diasporla əlaqəmiz var. Ust-Kamenoqorsk şəhərində olanda diaspor sahəsində daha sıx işləyirdim. 1996-2014-cü illərdə Qazaxıstanın Xalqlar Assambleyasının üzvü idim. Elə həmin illərdə "Azəri" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri olmuşam. Təqaüdə çıxsam da, əlimidən gələn köməkliyi həm azərbaycanlılara, həm də qazaxlara edirirəm. Qazaxıstanda yaşayan həmvətənlərimizin bir-birləri ilə əlaqələri çox yaxşıdır. Ayrıca soydaşlarımızın Azərbaycanla da əlaqələri çox sıxdır".

Allahverdiyev onu da qeyd edib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hər zaman Azərbaycan rəhbərləri haqqında xoş sözlər deyib: "Ümumiyyətlə Qazaxıstanda ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə və onun ailəsinə çox gözəl münasibət var. Burdakı digər dövlət işçilərinin də azərbaycanlılara qarşı yaxşı münasibətləri var. Çalışan insanlara hər zaman qiymət verirlər. Baxın, mən Azərbaycandan gəlmiş bir insanam: öz biliyim, bacarığımla böyük nailiyyətlər əldə etmişəm. Yəni, özünü yaxşı aparan adama yaxşı, pis aparan adama pis münasibət göstərirlər. Mən harada çalışmışamsa, eşitməmişəm ki, azərbaycanlılara qarşı hansısa zidd hərəkət olsun".

Yeri gəlmişkən, Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əhəmiyyətli strateji tərəfdaşıdır. Xəzər dənizi üzrə qonşu olaraq, Xəzərdən beynəlxalq əhəmiyyətli nəqliyyat arteriyası kimi istifadə etməklə energetika məsələləri üzrə əlaqələr, neftin nəqledilməsi, kənd təsərrüfatı bizim ölkələrimiz arasında əməkdaşlığın ən əhəmiyyətli bəndləri hesab edilir.

Ekspertlərin fikrincə, müsbət mənada Qazaxıstanın və Azərbaycanın qarşılıqlı təsiri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar və dialoq çərçivəsində inkişaf edir. Ölkələr müasir beynəlxalq gündəmin əsas məsələləri üzrə oxşar mövqelər nümayiş etdirirlər. Tərəflərin beynəlxalq təşəbbüsləri qarşılıqlı olaraq dəstəklənir. Eyni zamanda Qazaxıstan və Azərbaycan beynəlxalq hüququn və qanunvericiliyin möhkəmləndirilməsi və ona riayət olunmasının tərəfdarıdırlar.

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev bildirir ki, hər iki ölkə terrorizmin və ekstremizmin istənilən təzahürlərini qətiyyətlə pisləyir və beynəlxalq müstəvidə bütün dövlətlərin suveren bərabərliyinə əsaslanan beynəlxalq, siyasi və hüquqi nizamın möhkəmləndirilməsinin xeyrinə əməkdaşlıq edir: "Birlikdə fəal şəkildə çalışırıq ki, Xəzər regionu sülh, mehribanlıq və əməkdaşlıq zonası olsun. Dildə, mədəniyyətdə, ənənələrdə vahid türk köklərinə malik olan ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Akademiyası çərçivəsində uğurla və fəal şəkildə əməkdaşlıq edirlər. Tarixi köklərimiz və mədəniyyətimizdən başqa, bizi mehriban qonşuluq münasibətlərinin sonrakı inkişafına olan inam və cəhd birləşdirir. Bu da Qazaxıstanın xarici siyasətində Azərbaycanın prioritet yerlərdən birini tutmasının əsas səbəblərindəndir. Qazaxıstanın və Azərbaycanın dövlət başçıları daima ikitərəfli görüşlər keçirirlər. Onlar həmçinin bir sıra inteqrasiya strukturları və beynəlxalq təşkilatlar çərçivəsində təşkil edilən tədbirlərdə də görüşürlər. Son əhəmiyyətli görüşlər arasında 2009-cu ildəki görüşü xüsusi qeyd etməyə dəyər. Həmin tarixdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər etmiş və Türkdilli Dövlət Başçılarının Naxıçıvanda keçirilən IX Sammitində iştirak etmişdi. Bu səfərin əhəmiyyəti həm də tarixi Naxçıvan Bəyannaməsinin və Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Razılaşmasının imzalanması ilə səciyyəvi idi. Bu gün TDƏŞ-in qanuni varisi elm, mədəniyyət, tarix, həmçinin parlamentlərarası əlaqələr sahələrində bir sıra dəyərli dövlətlərarası institutların fəaliyyətini koordinasiya edən Türk Şurası hesab edilir"( newtimes.az).

İsabayev onu da qeyd edib ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri və qarşılıqlı hörmət ildən-ilə dəyişməz olaraq qalır: "Azərbaycana gələn qazaxları həmişə yerli qardaş xalqın səmimi qonaqpərvərliyi sevindirir. Biz özümüz də Qazaxıstanda qonaqları elə qarşılamağa öyrəşmişik. Hər iki ölkənin açıq və mehriban əhalisi turistlər və xarici qonaqlarda xoş təəssüratlar yaradır. Qazax torpaqlarında bu gün xeyli sayda etnik azərbaycanlı yaşayır. Qazaxıstanda 130 mindən çox insanı əhatə edən Azərbaycan diasporu ölkənin siyasi və iqtisadi həyatında fəal iştirak edir, xalqlarımızın arasında mehriban qonşuluq və dostluq münasibətlərinin möhkəmləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir".

Rəşid RƏŞAD

Ekspress.-2018.-2 noyabr.-S.10.