“Sənətətrafı
çəkişmələr vaxtımızı, ömrümüzü aparır”
Akif Əli: “Bədii əsər
kütləvi şüurun
formalaşmasında daha böyük
rol oynaya bilər”
Böyük Çin filosofu Konfutsi
yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi
dünyası, xarakteri müəyyən edir. Bu dünyada hər
birimiz öz ömür yolumuzla addımlayırıq. Kimisi
üçün bu yol hamardır, kimisi üçün
enişli-yoxuşlu. Bu yolu elə addımlamalıyıq ki,
sonunda qoyduğumuz iz silinməsin, şərəflə, ləyaqətlə
keçək ömür yolumuzu.
“Ekspress”in “Ömür yolu” layihəsində
elə şəxslərin ömür yoluna nəzər
salacağıq ki, yoldan nəsə öyrənə bilək.
“İnsan da həyatın
özü kimi mürəkkəbdir. Həqiqi yaradıcı əsl
ziyalı, alicənab, yüksək mədəni səviyyəli
olmalıdır. Ancaq əgər insanda bir balaca istedad
işartısı varsa, o, heç vaxt abırsız, həyasız,
üzlü adam ola bilməz... Çalışıb
istedadlı adamlara kömək etmək lazımdır.
İstedadsızı qapıdan qovsan, pəncərədən
gələcək. Bir qələm adamı olaraq ədəbiyyatçının,
yazarın missiyası xalqa xidmət etməkdirsə, o, necə
təkcə özünü düşünə bilər...”
Bu fikirlər təqdimata ehtiyacı olmayan yazıçı
Akif Əliyə aiddir. “Ömür yolu” rubrikasında
yazıçının ömür yoluna qısa
yolçuluğa çıxdıq.
Bayrağımız mütləq
Şuşada, Cıdır düzündə dalğalanacaq...
Yaranış,
doğulduğun el-oba, dünyaya göz
açdığın ailə, böyüdüyün
mühit, təhsil aldığın müqəddəs ocaq və
nəhayət, özünü təsdiq etdiyin, illərini
verdiyin iş yeri insan oğlunun varqlıq kimi mövcudiyyətini
göstərir. Elə isə əvvəldən başlayaq...
Qarabağı
Şuşasız, Şuşanı Qarabağsız, Azərbaycanı
isə ümumiyyətlə, sahibi olduğu bu torpaqlarsız
düşünmək
mümkün
deyil. Əsrlərdir üzdəniraq qonşuların təqib
və təzyiqinə məruz qalan Qarabağ torpaqları o qədər
ziyalı, mütəxəssis, xüsusilə ölkə
üçün önəmli, insan kimi insanlar yetişdirib ki,
bunu sadəcə xatırlamaq yetərlidir, hətta
şişirtməyə belə gərək yoxdur. Nəticə
etibarilə Azərbaycanımız balaca ölkə olduğu
üçün (əlbəttə ki, ərazi
baxımından) hamı bir-birini yaxşı tanıyır...
Akif
Əli Qarabağın ən füsunkar guşələrindən
biri olan Şuşada doğulub. Əslində Şuşa
gözəl olduğu qədər də ölkəmiz
üçün önəmli strateji əhəmiyyətə
malik olan bir şəhərdir. Hazırda erməni
işğalında olan Şuşadan danışmaq kədər
versə də, unutmamalıyıq ki, Azərbaycanımız
Şuşasız qanadı qırılmış ölkə
olaraq qalacaq, o vaxta qədər ki, Şuşanı
işğaldan azad edəcəyik...
Akif
müəllimin dediklərindən: “”Aləm cənnətə
dönsə, yaddan çıxmaz Qarabağ!” Şuşa nəinki
təkcə mənim, ümumiyyətlə, bütün
xalqımızın yadından heç vaxt
çıxmır, çıxmayacaq da... Biz nə zamansa
Şuşaya qayıdacağıq. Bayrağımız
mütləq Şuşada, Cıdır düzündə
dalğalanacaq”...
Sandıq
ədəbiyyatı, müstəqil dövrün söz
azadlığı və bədii təfəkkürün məhsulu
Akif
Əli hərtərəfli istedada malik
ziyalılarımızdandır. O, kino, radio, televiziya,
elmi-pedaqoji iş, mətbuat sahələrində uğurlu fəaliyyəti
ilə milli mədəniyyətimizdə izini qoyan, öz yeri,
imzası olan yaradıcı insandır. Onun kino fəaliyyəti
kinotənqidçilər tərəfindən
xırdalıqlarına qədər şərh edilib,
yazıçı kimi qələm gücüylə bədii
təfəkkürün məhsulu kimi ortaya qoyduğu əsərlər,
məqalələr, sənədli-bədii oçerklər
geniş oxucu kütləsi qazanıb: “Uşaqlıqdan ədəbiyyata
həvəs göstərmişəm. Nədənsə, atam
kimi prokuror yox, ədəbiyyatçı olmaq istəmişəm.
Bakı Dövlət Universitetinə imtahan vermişəm, amma
Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı
Slavyan Universiteti) oxumağa göndəriblər. Sonralar filologiya
üzrə elmi iş yazdım, “M.Ə.Sabirin satira sənətkarlığı”
mövzusunda dissertasiya müdafiə etdim, araşdırmalar
apardım, kitablar, məqalələr, bədii mətnlər
yazdım”...
Tutduğun
yolun yolçusuna çevrildiyin bir məqamda, tale istiqamətdə
dəyişiklik edə bilər ki, bu da sonrakı proseslərdə
insan oğluna seçim ixtiyarı verir: “Gənclik illərində
hamı bədii filmlərə baxır və özünü
ekrandakı ifaçıların yerində hiss edir. Mən də
bu arzularla institutda oxuya-oxuya eyni zamanda axşamlar “Azərbaycanfilm”
kinostudiyasının nəzdindəki Adil İsgəndərovun
Kinoaktyorluq kurslarına gedirdim. Beləliklə, tədricən
həm kino sahəsinə daxil olurdum, həm də filologiya təhsili
alırdım. Günlərin bir günü də filmə dəvət
etdilər. İlk dəfə “Tacikfilm” və “Lenfilm”
kinostudiyalarının birgə çəkdiyi “Uzun müharibədə
qısa görüşlər” filmində baş rola - Rüstəm
roluna dəvət aldım. Və həmin filmdə hələ
çəkilişlər başa
çatmamış Rasim Ocaqov
məni “Tütək səsi” filmində baş
rola dəvət etdi.
“Tütək səsi”ndə Tapdıq obrazını
canlandırdım. Sonra Arif
Babayev “Arxadan vurulan zərbə” filmindəki əsas obrazlardan olan Fazil müəllim roluna
çəkdi. Sonra moskvalı rejissor V.Semakov “Əgər
biz bir yerdəyiksə...”
filminə dəvət etdi. Sonra... sonra... Bir də gördüm ki, kinoaktyor kimi artıq məşhurlaşıram. Məhz
həmin məqamda bunun
qarşısını aldım və kinodan
getdim. Dəvətlər olsa
da, çəkilmək istəmədim. Düşündüm ki, özümü ifadə üçün
yazı, elmi, ədəbi, bədii publisistik yaradıcılıq daha
məqbuldur”.
Kinoaktyor
kimi məşhurluğun pik nöqtəsində kinodan gedən
Akif Əli qələmin gücünə inandı,
özünü yazılarında tapdı
Xatırladaq
ki, bir vaxtlar, böyük bir imperiyanın tərkibində
yaşadığımız illərdə sandıq ədəbiyyatlarından,
müxtəlif əsərləri böyük çətinliklərlə
oxucuya çatdırmaqdan söhbət gedirdi. Həmin illərdə
Akif Əli daha çox satirik, yumoristik yazılara
üstünlük verdi. Azərbaycan Radiosunda müəllifi və
redaktoru olduğu “Molla Nəsrəddin” satirik
radiojurnalını yaratdı, qəzet və jurnallarda
yumoristik miniatürləri çap olundu, “Mozalan” kinojurnalı
üçün çoxlu ssenarilər yazdı. Zaman
keçdi, müstəqillik qazandıq, söz
azadlığı əldə etdik, ancaq o dövrün əsərləri
ilə müqayisə olunacaq ədəbiyyat yaranmadı. Akif
Əli bunu çağdaş ictimai-siyasi məqamla
bağlı ədəbiyyatın yönümünün dəyişməsi
ilə əlaqələndirir: “Sovet imperiyası dövründə
hər şey bir ideologiya ilə cilalanırdısa,
adamları azadlıq, müstəqillik hissləri ilə
kökləyən, onlara bunu aşılayan müəyyən əsərlər
də yaranırdı. Lap elə “Gülüstan” poeması
kimi. Və bəzən də həmin o azadlıq, müstəqillik
duyğularını bir cümlənin, bir fikrin içərisində
oxucuya çatdırmaq üçün söz adamları
böyük yaradıcılıq ustalığı göstərməli
olurdular. Ancaq indi həmin o müstəqillik, azadlıq bizimlə
birlikdə olduğundan daha onun sovet dönəmində edilən
təbliği və onun uğrunda mübarizəyə
çağırış motivləri bir qədər arxa
plana keçib. Ona görə də indi ədəbiyyat öz
mövzusunu tapmalıdır. Bax, məsələ bundan ibarətdir.
İctimai situasiya dəyişdiyindən, görünür, ədəbiyyat
da öz predmetinimi, ya istiqamətinimi dəyişməlidir.
Hazırda ədəbi prosesdə gedən çəkişmələr
həqiqətən də zaman bölgüsünün, nəsil
bölgüsünün arasında gedir. Bu çəkişmələri
analiz edəndə belə bir mənzərə yaranır ki,
burada ədəbiyyat uğrunda yox, daha çox nüfuz
uğrunda mübarizə gedir. Çəkişmə predmeti ədəbiyyat
deyil. Ya olan nüfuzu qoruyub saxlamaq, ya da yeni, daha yüksək
nüfuza qalxmaq cəhdidir. Bir az da açıqlasaq, bir qrup
adam hesab edir ki, onlar müasir ədbiyyatın zirvəsini fəth
edən nəsildir, artıq o zirvəyə və yaxud ondan da
yuxarı qalxan heç kim olamaz. Başqa bir nəsil hesab edir
ki, yeni, daha güclü qüvvələr var və müasir ədəbiyyatımız
əvvəlki zirvələrdən də yuxarı qalxa bilər,
sadəcə əsl yaradıcılıq şəraiti
olmalıdır. Bir nəsil var ki, özündən sonra gələni
nə yaxına buraxır, nə də qəbul edir. Bəzən
bunu ya görməzlik, ya da onlar haqqında mənfi rəy
yaratmaqla cəmiyyətə təqdim edir. Bu totalitarizmdən
qalma düşüncə formasıdır. Ancaq demokratik
yaşam tərzində alternativ qüvvə qəbul
olunmalıdır, həqiqəti aşkar eləmək
üçün dialoq məqbul sayılmalıdır.Yəni
hər şey nəsillərin toqquşması kimi yox, ədəbi
məhsulun, yaradıcılığın toqquşması kimi
baş versəydi, daha səmərəli olardı. Tutaq ki,
60-cılarla 80-cilərin, eləcə də 2000-cilərin və
digərlərinin yaradıcılığı eyni şərait
və imkanlar şərti ilə ortaya qoyulub
qarşılıqlı müzakirə edilsə, bu, ədəbiyyatın
xeyrinə olar. Təəssüf ki, çox vaxt sənət
söhbəti əvəzinə, mahiyyətdən kənar, sənətətrafı
çəkişmələr vaxtımızı və
ömrümüzü aparır”.
Bu
çəkişmələrin içində qalmaq, bəlkə
müzakirələrə qatılmaq və ya heç kim tərəfindən
başa düşülməmək kimi məqamların
yaranması isə ona gətirib çıxarır ki, ya
özünü qınayırsan, ya peşmançılıq
hissi keçirirsən. Və zaman ötdükcə,
hüquqşünas atanın yolunu davam etdirmədiyi
üçün özünü qınayan Akif Əli də,
eynən zaman keçdikcə öz peşə seçimində
uğurlara imza atdıqca sadəcə bir həqiqəti dilə
gətirdi: “Hüquqşünas olan atamdan əxz etdiyim bu həqiqəti
özüm üçün həyat prinsipinə
çevirmişəm deyə, heç vaxt şəxsi
yaradıcılıq işlərimi, ümumiyyətlə,
öz mənafeyimi dövlətə, Vətənə qulluq
amalından önə çəkməyə vicdanım yol
verməyib. Onu deyim ki, atam Əli Məhərrəmov da, babam
Abbas Əhmədov da hüquq-mühafizə orqanlarında
çalışaraq, dövlət, Vətən, xalq yolunda
namusla, vicdanla fəaliyyət göstərərək,
ömürlərini fəda edənlərdən olublar.
İndi gözümüzün qabağında o sayaq köhnə
kişilərin yavaş-yavaş çəkilib getdiyini, bizi tərk
etdiyini, azaldığını, əvəzində isə
istehlakçı, şəxsi mənafeyini hər şeydən
üstün tutanlar zümrəsinin artdığını
müşahidə edirik... Təəssüf”.
Azərbaycan
daha 90-cı illərin Azərbaycanı deyil
1990-cı
il Azərbaycan tarixinə qanlı hərflərlə
yazıldı, qan bahasına müstəqillik qazanıldı,
SSRİ deyilən imperiya parçalandı. Bu
qarışıq dövrdə ölkəsini, millətini tərk
edərək, onları problemlərlə üz-üzə
qoyub qaçanlar olsa da, bir qrup dəyərli ziyalı məhz
həmin çətin anlarda “VƏTƏN” dedi, başqa bir
şey demədi Akif Əli kimi: “Kinoda fəaliyyətimi
dayandırandan sonra, yeni sahədə demək olar ki, hər
şeyi sıfırdan başlamalı oldum. 1978-1987-ci illərdə
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində müxtəlif vəzifələrdə
çalışdım. Radionun “Satira və yumor” şöbəsində
kiçik redaktor, redaktor və şöbə müdiri
(1978-83), Televiziyanın Gənclər üçün
proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) vəzifələrində
çalışdım. Sonra Bakı Ali Partiya Məktəbinin
ikiillik əyani şöbəsini fərqlənmə diplomu ilə
bitirsəm də (1987-89), nə Ə.Vəzirov, nə
A.Mütəllibov iqtidarları məni işlə təmin etmədi.
1990-cı ildə yaradılmasında bilavasitə iştirak
etdiyim müstəqil “Vətən səsi” qəzetində əvvəlcə
məsul katib, sonra isə baş redaktor (1991-94) oldum. Qeyd
etdiyiniz kimi, ötən əsrin 90-cı illərində
ölkəmizdə siyasi, iqtisadi vəziyyət çox
mürəkkəb idi. İnsanlar oriyentri müəyyənləşdirməkdə
çətinlik çəkirdi. 1992-ci ilin yanvarında biz qəzetimizdə
həyəcan təbili çaldıq ki, Şuşa əldən
gedir! Həmin vaxt Şuşadan
aldığımız məlumatlar, orada
gedən mürəkkəb, müəmmalı proseslər bunu deməyə əsas verirdi.
Təəssüf ki, o
zaman iqtidarda olan xain və satqın səlahiyyətlilər
bu çağırışları
qulaqardına vururdu. Və çox
təəssüf ki, mayda
əsl böyük faciə baş verdi -gözəl Şuşa əldən getdi.
Mən sonralar Şuşada
işğal günlərinə həsr etdiyim “Dumanlı dağlar”
adlı kino-pritça yazdım. Bir gənc kinorejissor bu ssenari əsasında
qısametrajlı bədii film çəkmək
istəyirdi, ancaq Kino
İdarəsi ona pul
ayırmadı... Biz vaxtilə “Vətən
səsi” qəzetindəki yazılarımızda daim qeyd edirdik
ki, xalqı və ölkəni bu bəladan yalnız Heydər Əliyev kimi qüdrətli şəxsiyyət xilas edə bilər. “Vətən səsi” həmişə
bu amala sadiq qalıb. Nəhayət, ədalət zəfər
çaldı, Ulu öndər yenidən
hakimiyyətə qayıtdı və ölkəni fəlakətdən
qurtarıb dövlət müstəqilliyimizi xilas
etdi”.
Yazıçı
haqlı olaraq onu da əlavə edir ki, bu gün Azərbaycan
daha 90-cı illərin Azərbaycanı deyil: “Ölkəmiz
indi iqtisadi baxımdan çox güclüdür. Qüdrətli
ordumuz var. İndi bizim yalnız bir qlobal problemimiz var -
Qarabağ. Əgər danışıqlar bir nəticə
verməsə, Ali Baş Komandanın bir əmri ilə ordumuz
işğal altında olan torpaqları azad edəcək...
Əsrlər boyu zaman-zaman təcavüzlərə məruz
qalan bu bərəkətli torpaq həmişə qəhrəmanlar
yetirib. Təkbaşına yüz erməniyə cavab verə
bilən qüdrətli igidlərimiz dünən də olub, bu
gün də var, sabah da doğulacaqlar”.
Məmur
şərəfi...
1994-cü
ildə Akif Əlinin ictimai-siyasi və yaradıcılıq fəaliyyəti
üçün daha geniş mənzərə
açıldı, yazıçı daha böyük məsuliyyət
yükünü daşımağa başladı. Ulu öndərin
xeyir-duası ilə Nazirlər Kabinetinin Mətbuat xidmətinin
rəhbəri vəzifəsinə təyin olundu:
“Düşünürəm ki, dövlət qulluğunda
çalışmaq daha şərəfli işdir. Müstəqil
dövlətə xidmət edirsənsə, onun qulluğunda
durursansa, bundan şərəfli iş yoxdur. Bu işi mən
daha üstün hesab edirəm. “Məmur şərəfi” məqaləmdə
də qeyd etmişəm ki, Anton Çexovun “Məmurun
ölümü” əsərində məmur obrazı mənfi
planda təqdim olunsa da, bu, bolşeviklərin çarizmə
qarşı ideologiyasına xidmətdən irəli gəlirdi.
Yəni o dövrlərdən etibarən insanların
şurunda “çar məmuru” mənfi çalarda qalıb.
Əslində isə bir çox dövlətlərdə, eyni
zamanda qonşu Türkiyədə məmura, dövlət
qulluqçusuna həqarət yasaqdır. Bu, belə də
olmalıdır. Çünki dövlət işi - artıq
ciddi işdir və ciddi iş ciddi də münasibət tələb
edir”.
Dövlət
məmuru olmaq başqa, ədəbi-bədii
yaradıcılıq isə tamam başqa bir işdir.
Yaradıcılığında insan idrakını,
düşüncəsini, mənəvi aləmə təsir
göstərməyi hədəf edən yazıçı
bunun səbəbini insanın özünün mahiyyəti ilə
əlaqələndirir: “İnsan - minillərlə
qazanılmış yüksək mədəni dəyərlərin
məcmusudur. Əgər mədəniyyət olmasaydı -
insan da olmazdı, yaxud təbiətin digər canlı
varlıqlarından fərqlənməzdi. Mədəniyyəti
yaradan insanın ağlı, düşüncəsi, zəkası,
qəlbi, ruhudur. Bu dünyada qapalı bir dairə əbədi
çalışır: insan - mədəniyyəti yaradır,
mədəniyyət - insanı yaradır! Bəzilərinin
gümanının əksinə olaraq, son vaxtlar tez-tez
şahidi oluram və görürəm ki, adamlar mətbuatdan,
efirdən, ekrandan aramsız yağan əyləncəli
şoulardan daha çox mədəniyyət
proqramlarını axtarır, idraka, zəkaya
ünvanlanmış materiallara üstünlük verir,
ağıl-düşüncə ilə görüşü
istəyirlər. İnsan nə qədər çox
oxuyub-öyrənirsə, bir o qədər az bildiyini dərk
edir. Və həyatdan “dərs” ala bilmək, nəticə
çıxartmaq, davranışına nəzarət etmək,
özünə nizam-düzən vermək qabiliyyəti bəlkə
də adamlara hardansa yuxarılardan göndərilən bir
Tanrı lütfüdür. Ancaq xoşbəxt adamlara qismət
olan çox əzablı bir Tanrı payıdır. Ki insan
gözəl olsun, gözəl davransın, gözəl
yaşasın, gözəlliyin qədrini bilsin (Akif Əlinin
1984-cü ildə çap olunmuş ilk kitabı da məhz belə
adlanırdı: “Gözəlliyin qədrini bilək” - U.Q.)
Bilirsiniz, ziyalı məmur olmaya bilər, amma hər məmurun
ziyalı olması vacibdir. Mən də həmişə
Tanrının doğru yoluna sadiq qalmağı, həyatda
doğru-düzgün yaşamağı, xalqa, dövlətə,
xüsusən, müstəqil dövlətimizə vicdanla
qulluq etməyi bütün qazanclardan üstün bilmişəm.
Bu hətta ailəmizin müəyyən çətinlikləri
hesabına olsa da belə... Mən başa düşürəm
ki, yazı yazmasam, yaxud pis yazı yazsam, bunun ziyanı ancaq
özümə dəyəcək. Lakin mən pis məmur
olsam, dövlət qulluqçusu kimi pis işləsəm, vəzifəmi
yarıtmaz icra eləsəm - bunun ziyanı (əlbəttə,
vəzifənin miqyasından asılı olaraq) sevdiyim ölkəyə,
dövlətə, xalqa gələr”.
“Azman”
və ya Babək Azərbaycan xalqının böyük qəhrəmanı
kimi
Xürrəmilər
hərəkatının ən görkəmli rəhbəri
Babək Azərbaycanın xalq qəhrəmanlarından biridir.
Doğrudur, digər qəhrəmanlarımız kimi zamanla Babəkin
də amalı, qəhrəmanlığı haqsız
müzakirələrə səbəb olub. Axı, söhbət
798-838-ci illər arasında yaşamış və 39 illik
ömrünün 22 ilini Vətən torpaqlarının
azadlığı uğrunda mübarizəyə həsr
etmiş bir qəhrəmanın həyatından gedir... Və əsrlər
öncə baş verən mübarizə yenə davam edir və
Akif Əlinin dediyi kimi, Azərbaycan eynən Babəkin
dövründə olduğu kimi, bu gün də torpaqları
işğal altında olan, düşmənlə üz-üzə
qalan bir məmləkətdir. Bu məmləkətə hər
şeydən öncə vətəni qoruyan insanlar
lazımdır: “Vətənpərvərlik ruhda olur və Babək
bu ruhun daşıyıcılarından biri idi. Onu Azərbaycan
kontekstindən çıxarmaq, vətənpərvərlik
ruhuna zərbə vurmaq deməkdir. Bu düşüncələrlə
Babək haqqında həqiqətləri bir daha müasir
oxucuya xatırlatmaq istədim və “Azman” romanını
yazdım. Vətənini, torpağını sevən hər
bir vicdanlı adam Babək kimi mübariz insana dil uzatmaz,
hörmət, hətta deyərdim, pərəstiş etməlidir.
Onu da qeyd edim ki, “Azman” romanını yazarkən o dövrə
aid çox mənbələri oxudum. Burada ərəblərin
salnamələri, farsların, bizim alimlərin
yazdıqları var. Xüsusən görkəmli
ziyalımız, akademik Ziya Bünyadovun əsərlərində
o dövr haqqında, Babəkin qəhrəmanlığı
haqqında qiymətli məlumatlar tapdım. Çünki o
böyük alim də Babəkə münasibətdə həqiqət
yolunu tutub. Bütün bunları öyrənəndən, elmi
bazanı mənimsəyəndən sonra yazıçı təxəyyülü
öz cilovunu buraxa bilər. Ancaq nə qədər təxəyyüldən
istifadə etsən də, onların əsasında faktlar, sənədlər
dayanmalıdır. Mən də məhz sənədlər əsasında
böyük Azərbaycan oğlu Babəkin azadlıq
mübarizəsi haqqında öz versiyamı qələmə
almışam”.
Yeri
gəlmişkən, əsərdə Babəkin dilindən
deyilən sözlər var və bu sözlərə heç
bir mənbədə rast gəlinmir: “Mənbələrdə
Babək haqqında, apardığı döyüşlər
barədə yazılan fikirləri oxuduqca düşmənin
ona münasibətini görür, onun mübarizəsinin mahiyyətini
dərk etməyə çalışırdım. Yəni,
düşmənlər təbii ki, Babək haqqında
heç vaxt xoş söz yazmazdı. Həmişə onu
aşağılamağa, igidliyinə kölgə salmağa,
etdiklərinin əks yozmağa və yazmağa
çalışacaq. Demək istədiyim odur ki,
yazıçı olaraq bu cür məqamlarda fəhmdən
istifadə etmək haqqımdır. Ancaq, əlbəttə,
tarixi təhrif etmədən. Hansı yazıçı ki,
tarixi təhrif edir, onun qələmi günaha batır. Azərbaycanda
da tarixi, sadəcə olaraq, xronologiya şəklində vermək
kütləvi şüur üçün maraqlı olmaz, əsas
məsələ tarixi hadisələrə yaradıcı
münasibətdir. Mən Ön sözdə bu kitabı
müstəqil Azərbaycan Respublikasına ithaf etdiyimi
yazmışam. Çünki ölkənin müstəqilliyinə
və demokratikliyinə əsaslanaraq daha cəsarətlə
yaza bilmişəm. Əslində Azərbaycanda tarixi əsərlərə
çox böyük ehtiyac var. Çünki imperiya dövrlərində
tariximiz çox təhrif olunub. Türklər olaraq biz tarixi
yaradan olmuşuq, ancaq onu biz yazmamışıq. Onu, adətən,
yadlar özlərinə sərf edən tərzdə
yazıblar. Ona görə də biz əski stereotipləri
dağıdıb, həqiqəti olduğu kimi
yazmalıyıq. Bu işdə yazıçıların
öhdəsinə daha çox yük düşür.
Çünki elmi əsərdən fərqli olaraq, bədii əsər
kütləvi şüurun formalaşmasında daha
böyük rol oynaya bilər. Uzun
illər Babək haqqında yanlış fikirlər
yayıldığına görə, ola bilsin ki, geniş
oxucu kütləsi onun
haqqında tarixi faktları dəqiq bilməsin.
Buna görə də ara-sıra mən tarixi sitatlardan istifadə
etmişəm. Əsərdə elmlə bədiiliyi birləşdirməyə
çalışmışam. Məncə, müasir
dövr üçün
bu daha çox
arzuolunandır. Çünki sırf bədii
təxəyyülə qapılıb öz
xülyalarını yazsan, həm həyatdan
çox uzaqlaşarsan,
həm də bir elə maraqlı olmaz. Ancaq oxucuya
bədii mətni elmi əsaslarda versən,
bu müasir dövr üçün daha faydalı olar?.
Qəhrəman
haqqında kitab yazmaq, ən önəmlisi isə tarixə
müraciət etmək o qədər də asan məsələ
deyil. Yazıçı bildirir ki, Babəkin düşüncələrini
yazmaq çox çətin idi: “Çünki bunun
üçün gərək Babəkin ruhunu dərk edəsən.
Onu duymaq üçün onun 22 il ərzində mübarizəsinin
səbəbini bilmək lazımdır. Bu adam bütün Azərbaycan
əhalisini bir bayraq altında birləşdirib, güclü
ordu qurub, müstəqil dövlət atributları
yaradıb... Başqaları xırda məhəllə
qoçaqlarından “qəhrəman” düzəldib heykəlini
ucaldır, biz belə qüdrətli real qəhrəmanımızdan
necə imtina edə bilərik! (Yeri gəlmişkən,
Bakıda Babəkə abidə qoyulması ilə bağlı
2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı
var - U.Q.) Babək şaqqalanma kimi vəhşi bir cəzaya mərd-mərdanə
dözürsə, bilmək lazımdır bu
dözümün səbəbi nədir?! O, Vətəni
Azərbaycan naminə hər əzaba qatlaşır, ancaq düşmən qarşısında
sınmır. Əslində bu dözüm onun bədənində
yox, ruhunda idi. Bizim qədim müqəddəs
kitabımız “Avesta”da
ruhun ölməzliyi bildirilir.
Hürrəmilər də bu inamla yaşayıb. Babək inanırdı ki, kəsilən qoldur,
qıçdır, başdır. Bunlar
hamısı sadəcə camdır, cismdir.
Onun ruhu isə əbədi
və sarsılmazdır. Çünki bu ruh gücünü
oddan, alovdan, atəşdən,
günəşdən, göylərdən, Tanrıdan
alır. Yerdəki insanlar ona
qalib gələ bilməzlər... Azərbaycan
oğlunun bu uca amalından bixəbər cahil
ərəblər isə onun belə qeyri-adi dözümlülüyünün
səbəbini anlamır və heyrətə gəlirdilər”.
Ulduzə
QARAQIZI
Ekspress.-2018.-2 noyabr.-S.8-9.