Xaricdə yaşayan
azərbaycanlıların cəmiyyətə inteqrasiyası
Xarici ölkələrdə
yaşayan azərbaycanlıların təşkilatlanması
və cəmiyyətə inteqrasiyası sahəsində mühüm tədbirlər görülür.
Təşkilatlanma və inteqrasiya məqsədilə
addımlar Azərbaycan tərəfi ilə koordinasiya
olunmuş şəkildə həyata keçirilir.
Xarici
ölkələrdə yaşayan azərbaycanlıların
birliyinin təmin olunması və təşkilatlanması
önəmli prosesdir. Bu proses onlar arasında milli-mənəvi
birliyin möhkəmləndirilməsinə xidmət edir. Təşkilatlanma
eyni zamanda Azərbaycan diaspor quruculuğu işinə xarici
ölkələrdə yaşayan azərbaycanlı
ziyalıların, gənclərin və qadınların, eləcə
də Azərbaycanda yaşayan digər xalqların xarici
ölkələrə köçmüş nümayəndələrinin
cəlb olunması zərurəti ilə bağlıdır. Bu
sahədə Azərbaycan diaspor təşkilatları
qarşısında fəaliyyət istiqamətləri müəyyən
edilib.
İlk
növbədə xarici ölkələrdə yaşayan azərbaycanlılar
arasında ideoloji, mənəvi, siyasi və iqtisadi amillərə
əsaslanan birliyin təmin olunmasına
çalışılır, azərbaycanlılar arasında
milli həmrəylik və birlik ideyaları təbliğ
olunur.
Diaspor
təşkilatlarının yaradılması prosesinə dəstək
verilməklə yanaşı azərbaycanlıların təşkilatlanmadığı,
yaxud zəif təşkilatlandığı ölkələrdə
yeni icma və birliklərin yaradılmasına diqqət
artırılır.
Bunun
üçün Azərbaycan diaspor təşkilatlarının
fəaliyyətinə dəstək gücləndirilir, Azərbaycan
icmaları tərəfindən təşkil olunan bütün
tədbirlərdə - etiraz aksiyalarında, elmi-praktik
konfranslarda, sərgilərdə, mədəni kütləvi tədbirlərdə
fəal iştirak edilir, ayrı-ayrı ölkələrdə
fəaliyyət göstərən diaspor təşkilatları
arasında inteqrasiya meyillərinin gücləndirilməsi,
onların fəaliyyətinin vahid mərkəzdən əlaqələndirilməsi
məqsədilə əlaqələndirici qurumların
(konqress, federasiya, assosiasiya) yaradılmasına diqqət
ayrılır.
Azərbaycanlıların
kütləvi şəkildə məskunlaşdığı
ölkələrdə eyni fəaliyyət sahəsində
çalışan həmvətənlərimiz arasında əlaqələrin
yaradılmasına səy göstərilir. Bu məqsədlə
azərbaycanlı iş adamları, azərbaycanlı curnalistlər,
elm adamları, mədəniyyət xadimləri birliklərinin
yaradılmasına çalışılır.
Təşkilatlanma
işində qadınların da dəstəyindən istifadə
edilir. Xarici ölkələrdə yaşayan azərbaycanlı
qadınların diaspor quruculuğu işinə cəlb
olunması, eləcə də hazırda fəaliyyət
göstərən diaspor təşkilatlarının nəzdində
Qadınlar Şurasının yaradılmas üçün tədbirlər
görülür.
Xaricdə
yaşayan azərbaycanlılara ən çox tövsiyə
edilən məsələlərdən biri də
koordinasiyadır. Bu məqsədlə bir ölkə daxilində
ayrı-ayrılıqda fəaliyyət göstərən icma
və qurumların koordinasiya şuraları yaradılır, həmçinin
diaspor təşkilatlarının qitələr üzrə
birləşdirilməsi prosesinin davam etdirilir.
Qeyd
edilən fəaliyyət istiqamətlərinə uyğun
olaraq 2018-ci ilin 6 ayı ərzində xarici ölkələrdə
yaşayan azərbaycanlıların, xüsusilə gənclərin
diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi
fəallığının artırılması, tarixi Vətənlə
əlaqələrinin möhkəmləndirilməsi məqsədilə
müxtəlif formatlı 27 tədbir həyata keçirilib.
Bu tədbirlərdən
bir neçəsinə diqqət yetirək. Diasporla İş
üzrə Dövlət Komitəsinin məlumatına əsasən,
16 yanvar 2018-ci il tarixində Daşkənddə Özbəkistandakı
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin
(RAMMM) hesabat-seçki konfransı keçirilmişdir.Tədbirdə
RAMMM-nin rəhbərləri, Səmərqənd, Buxara, Nəvai,
Sırdərya və Daşkənd vilayətlərindəki Azərbaycan
mədəniyyət mərkəzləri, həmçinin
Daşkənd şəhər Mədəniyyət Mərkəzindən
seçilən nümayəndələr, diasporumuzun üzvləri
iştirak edib. Sonra səsvermə yolu ilə RAMMM-in 21 nəfərdən
ibarət idarə heyəti seçilib. Həmin gün yeni
seçilən idarə heyətinin ilk iclası da
keçirilib. Səsvermə yolu ilə Firdovsi Hüseynov
RAMMM-nin sədri, Mobil Məmmədov birinci, Xasay Abdullayev ikinci
müavin, Camal Əliyev icraçı direktor seçiliblər.
İclasdan sonra konfrans geniş tərkibdə davam etdirib.
Fevralın
28-də Türkiyənin İstanbul şəhərində
Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısı
keçirilib. Toplantıda Türkiyə də daxil olmaqla Cənub-Şərqi
Avropa ölkələrində azərbaycanlıların fəaliyyəti
ilə bağlı yeni planlar müzakirə olunub. AAK-ın
prezidenti Sahil Qasımov və İSTAD rəhbəri Səfər
Karakoyunlu AAK-ın fevralda baş tutacaq növbədənkənar
qurultayına hazırlığı da müzakirə ediblər.
Türkiyəli
diaspor fəalları, o cümlədən Səfər
Karakoyunlu son bir ildə AAK-ın ciddi fəallığını,
iri layihələrə start verdiyini vurğulamış, bunun
onlarla birgə planların reallaşması üçün
ciddi stimul olacağını bildiriblər. Daha sonra Türkiyə,
Cənub-Şərqi Avropa ölkələri üzrə azərbaycanlıların
fəaliyyəti geniş müzakirə olunmuş, yeni layihələrlə
bağlı birgə plan barədə qərarlar qəbul edilib.
Yaxın dövrdə İSTAD-ın ev sahibliyi ilə
AAK-ın İstanbul forumunun keçirilməsi barədə də
qərar qəbul olunub.
Sonda
İSTAD rəhbəri Səfər Karakoyunlu Sahil Qasımova
Türkiyə diasporu adından fəxri nişan təqdim ediblər.
2018-ci
ilin birinci yarımili ərzində azərbaycanlılarının
yaşadıqları ölkənin cəmiyyətinə
inteqrasiyası, seçkili orqanlarda təmsil olunması,
ümumilikdə isə ictimai-siyasi fəallığının
artırılması sahəsində mühüm tədbirlər
həyata keçirilib. Fevralın 6-da Rusiyanın Arxangelsk
vilayətində Azərbaycan diasporunun idarə heyətinin sədri
Tərlan Qasım oğlu Qasımov Arxangelsk şəhərində
məscidin tikintisində göstərdiyi fəallığı
görə Rusiya Müftilər Şurasının rəhbəri
Ravil Qaynutdin tərəfindən medalla tətlif ediliblər.
Rusiya Müftilər Şurasının rəhbəri Ravil
Qaynutdinin imzaladığı sənəddə Tərlan
Qasımovun İslam prinsiplərinə sadiqliyinə, mehriban
qonşuluğa, sülhə, yaradıcılığa, millətlərarası
və dinlərarası həmrəyliyin yaradılması
üçün göstərdiyi aktiv fəaliyyətinə və
tarixi Arxangelsk məscidinin yenidənqurmasına verdiyi töhfələrə
görə Rusiya müsəlmanları medalı ilə təltif
edildiyi yazılıb.
Mayın
4-də ABŞ-ın paytaxtında "Culturfied" Fondunun təşkilatçılığı
ilə keçirilən Beynəlxalq Uşaq Festivalında Azərbaycan
bu il ilk dəfə olaraq iştirak edib. Qeyd edək ki, ABŞ-ın
əsas mədəni və iqtisadi tədbirlərinin
keçirildiyi məkan olan Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində
keçirilən festivala Vaşinqton şəhərinin sakinləri,
o cümlədən ABŞ-ın müxtəlif
ştatlarından gələn insanlar qatılıb. Azərbaycan
festivalda ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət
göstərən My Way mərkəzinin Qafqaz Ritm (My Way Center
Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu ilə təmsil
olunub. Festivalı açıq elan edən "Culturfied"
Fondunun prezidenti Mele Melton ictimaiyyət üçün
açıq olan tədbirin əsas məqsədinin müxtəlif
ölkələrin coğrafiyası, zəngin mədəni
irsi, onların adət-ənənələrinin öyrənilməsindən
ibarət olduğunu qeyd edib. Qafqaz Ritm rəqs qrupunun
ifasında təqdim olunan "Azərbaycan",
"Yallı" və "Salam" rəqsləri izləyicilər
tərəfindən xüsusi maraqla qarşılanıb.
Festivalda Azərbaycanla yanaşı Anqola, İsveç,
Boliviya, Türkiyə, Dominikan, Misir, Salvador, Misir, Haiti.
İndoneziya, Keniya, Litva, Monqolustan, Panama, Filippin, Qatar, Ruanda, Səudiyyə
Ərəbistanı, Sudan, və Uruqvaydan nümayəndələr
iştirak edib. Mayın 18-dən 20-nə qədər
Yunanıstanın Saloniki Şəhər Limanında 6-cı
Multilinqualizm
Beynəlxalq Dil festivalı keçirilmişdir. "QALA"
Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan
dilinin təqdimatını keçirib. Festival
iştirakçıları Azərbaycan dilinin əlifbası
ilə tanış olub, Azərbaycan dilində sözlər
yazmaq, oxumaq və tələffüz etmək imkanı
qazanıb. Bununla yanaşı, Azərbaycan Demokratik
Cümhuriyyətinin 100 illiyi münasibətilə tarixi abidələrimiz,
Azərbaycanın görməli yerləri ilə bağlı
maraqlı məlumatlar verilib. Mərasimdə geniş auditoriya
qarşısında Azərbaycan dilində uşaq şeirləri
və Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan"
şeiri səsləndirilib. Saloniki şəhərinin İcra
Başçısı Cənab Yannis Butaris, İcra
Başçısının Təhsil və İdman üzrə
Müavini cənab Aleksandros Barbunakis və alim Aryiru Mumdidu Beynəlxalq
Dil Festivalında Azərbaycan stendini ziyarət edib və xatirə
şəkilləri çəkilib.
İyunun
12-17 tarixlərində Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradovun Gürcüstana səfəri
çərçivəsində bu ölkədə yaşayan
azərbaycanlı icma nümayəndələri,
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar
Şurasının üzvləri və Gürcüstanın
azərbaycanlı ziyalıları, Gürcüstan vətəndaşı
olan azərbaycanlı tələbələr, Azərbaycanın
Gürcüstandakı İş Adamları Birliyi üzvləri,
gürcü millətindən olan ayrı-ayrı ziyalılar
ilə də görüşlər keçirib, Komitənin
adından Marneuli şəhərində 230 nəfər azərbaycanlının
iştirak etdiyi iftar süfrəsi açılıb.
Gürcüstandakı azərbaycanlı icma nümayəndələri
ilə görüşlərdə F.Muradov onları vahid bir təşkilat
ətrafında birləşməyə
çağırıb. Həmçinin səfər zamanı
F.Muradov Gürcüstandakı azərbaycanlı icmasına 14
aid teatr, muzey, məscidlər və digər mədəniyyət
ocaqlarını da ziyarət edib. Səfər müddətində
F.Muradov tərəfindən müxtəlif sahələrdə
uğur qazanmış gənclərə, o cümlədən
tələbələrə "noutbook"lar,
Gürcüstanın Azərbaycanlı Əlillər Cəmiyyətinə
əlil arabaları hədiyyə edilib. Eyni zamanda, səfər
dövründə F.Muradov Bolnisi və Qardabani
rayonlarının rəhbərliyinə Heydər Əliyev
Fondunun hədiyyəsi olan təcili tibbi yardım avtomobillərini
(hər rayona bir avtomobil) də təqdim edib.
Komitə
bildirir ki, Dünya Azərbaycanlılarının Həmrəylik
Xartiyasına və Dünya Azərbaycanlılarının IV
qurultayının Qətnaməsində əksini tapan, həmçinin
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin
2016-cı il 27 iyun tarixli Sərəncamı ilə təsdiq
edilən "Dünya Azərbaycanlılarının IV
qurultayından irəli gələn vəzifələrə
dair Tədbirlər Planı"na uyğun olaraq Azərbaycan
diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyası
və ölkə həqiqətlərinin təbliğində
müasir informasiya texnologiyalarının tətbiqinə diqqət
artırılacaq. Həmçinin xaricdəki azərbaycanlıların
inteqrasiyasının sürətləndirilməsi, digər
xalqların diasporları ilə əməkdaşlığın
inkişaf etdirilməsi, türk dünyasının birliyi
ideyalarının yayılması və həyata keçirilməsi,
lobbi quruculuğu, gənclərin diaspor quruculuğu işinə
yaxından cəlb edilməsi və erməni diasporunun ölkəmizə
qarşı anti-təbliğat kompaniyalarının
qarşısının effektiv şəkildə
alınması Diasporla İş üzrə Dövlət Komitəsinin
2019-2022-ci illər üzrə fəaliyyətinin prioritetlərini
təşkil edəcək.
Vasif CƏFƏROV
Ekspress.-2018.-3-5 noyabr.-S.10.