Rusiya azərbaycanlılarının diaspor fəaliyyəti

Azərbaycan diasporunun geniş yayıldığı ölkələrdən biri də qonşu Rusiya Federasiyasıdır. Diasporumuz Rusiyada Azərbaycanı təmsil etməklə yanaşı, eyni zamanda ölkəmizin üzləşdiyi problemləri dövlət və qeyri-dövlət qurumlarının diqqətinə də çatdırır.

Rusiyanın subyektlərindən biri olan Rostov vilayəti soydaşlarımızın daha çox yaşadığı regionlardan biri kimi tanınır. Rəsmi məlumatlara görə, Rostov vilayətində 40 minə yaxın azərbaycanlı yaşayır. Burada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərə gəlincə, bir qayda olaraq azərbaycanlıların problemləri sənədləşdirmə işləri ilə bağlı olub.

Ekspertlərin fikrincə, Rostova gələn azərbaycanlıların sənədləşdirmə işləri zamanı Miqrasiya İdarəsində uzun-uzadı prosedura gedirdi. Bu proses üçün isə cəmi 3 gün vaxt verilirdi. Ona görə də soydaşlarımız sənədləşdirmə işləri zamanı ciddi çətinliklərlə üzləşirdilər. Son zamanlar isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə əsasən bu müddət 1 aya qədər uzadılıb. Bu da soydaşlarımızın sənədləşdirmə işləri zamanı üzləşdikləri problemlərin aradan qalxmasına müsbət təsir göstərib. Bundan başqa, Azərbaycan diasporunun fəaliyyətinə belə bir maneçilik yoxdur. Hətta Rostovda erməni diasporu nə qədər çox aktiv olsa da, onlar belə heç bri maneə törədə bilmirlər. Bu da onunla əlaqələndirilir ki, Rostov vilayətində azərbaycanlılara böyük hörmət var. Azərbaycan diasporunun qubernatorluq, yerli qanunverici orqan, şəhər meri, hüquq-mühafizə orqanları ilə çox yaxın əlaqələri olduğu üçün Rostov vilayətində yaşayan azərbaycanlılar heç bir problemlərlə qarşılaşmırlar.

O da qeyd olunur ki, Rostovda yaşayan azərbaycanlı ailələrin uşaqlarının öz ana dilini unutmaması üçün bir neçə məktəb fəaliyyət göstərir. Eyni zamanda, burada azərbaycanlılara məxsus 4 musiqi məktəbi, uşaq bağçası var ("olaylar.az").

Azərbaycanın Rusiyadakı diaspor nümayəndəsi Ramiz Abutalıbovun Parisdə Qarabağ və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fransız dilində 4 kitab nəşr etdirib. Moskvada yaşadığı 13 il ərzində isə onun Azərbaycan haqqında rus dilində 29 kitabı işıq üzü görüb.

R.Abutalıbov bildirir ki, diasporun yaradılması ideyası Heydər Əliyevə məxsus olub: "1980-84-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr üzrə şöbə müdiri olduğumdan bu hərəkatın mərkəzində olmuşam. H.Əliyevin təşəbbüsü ilə Bakıda "Vətən" cəmiyyəti açıldı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə Bakıda belə bir cəmiyyət yaradılması ilə bağlı məktub hazırladıq. 1982-ci ildə, artıq Heydər Əliyev Moskvada işləməyə gedəndən sonra "Vətən" cəmiyyətinin yaradılması üçün razılıq aldıq. Cəmiyyətin vəzifələrindən biri azərbaycanlı emiqrantlarla əlaqələr qurmaq, onların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyasına yardım etmək və vətənlə əlaqələrinin itməməsini təmin etmək idi.

"Vətən"in himayəsi altında Avropada müxtəlif Azərbaycan mədəni icmaları yaradılırdı və onlar Avropa ölkəsi ilə SSRİ arasında Dostluq Cəmiyyətinin bir hissəsinə çevrilirdi. Azı ildə bir dəfə hansısa Avropa ölkəsində Azərbaycan günləri təşkil edirdik. O zaman Avropada azərbaycanlıların belə kütləviliyi yox idi. Ötən əsrin 70-80-ci illərində mənzil-qərargahı Parisdə yerləşən YUNESKO-dakı işim yerli azərbaycanlılarla yaxından tanış olmağıma imkan verirdi".

Abutalıbov qeyd edir ki, Stalinin qərarı ilə bəzi soydaşlarımız müharibədən sonra SSRİ-yə geri qayıtdı: "Qeyd etmək lazımdır ki, SSRİ bütün azərbaycanlılar üçün keçmiş vətəndir və son vaxtlara qədər Rusiya heç də xarici ölkə kimi qəbul edilmirdi. Bizim üçün Rusiya heç də yad ölkəyə çevrilməyib, çünki ümumi tarixi keçmiş, mədəni ənənələr və daimi əlaqələr mövcuddur. Heç biz özümüz də burada özümüzü yad hiss eləmirik. Rusiyadakı Azərbaycan ziyalılarının əksəriyyəti buraya müharibədən sonrakı dövrdə təhsil almaq məqsədilə gəlib və onlardan bəziləri böyük şəhərlərdə məskunlaşıb. Ancaq istənilən an Azərbaycana qayıda və orada yaşaya bilərik. Avropada və Amerikada yaşayan azərbaycanlılar ora daimi olaraq köçdüklərini və geri qayıtmayacaqlarını hesab edirlər. Rusiya və ya digər postsovet ölkələri ilə müqayisədə orada yaşamaq, cəmiyyətə inteqrasiya olunmaq daha çətindir. Orada insan yad olduğunu daha çox hiss edir. Xatırladım ki, Moskvaya 2004-cü ilin sonunda - artıq Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) fəaliyyət göstərən zaman gəlmişəm. Bu təşkilat bir zamanlar mühüm məsələlərlə, xüsusilə də Rusiyada yaşayan soydaşlarımızın üzə çıxarılması, onların ümumazərbaycan işlərinə cəlb olunması ilə məşğul olub. Bir müddət bu strukturda çalışmışam və diasporumuzda mövcud olan problemləri yaxşı bilirəm. Birincisi, diasporun fəaliyyət göstərməsi üçün onun üzvlərinin daxili istəkləri və böyük, əziyyətli işi lazımdır. Hesab edirəm ki, Moskvada Azərbaycanın böyük mədəniyyət mərkəzinin yaradılması zəruridir".

Diaspor nümayəndəsinin fikrincə, Rusiya azərbaycanlıları arasında prinsipial həmrəylik yoxdur: "Diasporda lobbiçilik prinsipləri hələ təzə-təzə formalaşır. Azərbaycanlılar kütləvi halda hələ də Rusiyada baş verən ictimai-siyasi proseslərlə maraqlanmırlar. Ancaq vəziyyət tədricən düzəlir: artıq iki azərbaycanlı nazir müavini, Dövlət Duması deputatlarının bir neçə köməkçisi, vilayət və bələdiyyə qurumlarının deputatları var. Rusiyada Azərbaycan diasporunun gələcəyi bu gündən, sizdən və məndən asılıdır" ("report.az").

Rusiyada Azərbaycanlıların Müdafiə Komitəsinin sədri Azad İsgəndərli rəhbərlik etdiyi qurumun yaranma zərurəti, ötən müddət ərzində gördüyü işlər, eləcə də qarşısına qoyduğu vəzifələr haqqında danışaraq bildirib ki, Rusiyada bu komitə əsasən soydaşımız Orxan Zeynalovun Rusiya Federasiyasındakı həbsindən və həbs zamanı ona qarşı bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən qeyri-qanuni, insan şərəf və ləyaqətinin alçaldılmasına xidmət edən hərəkətlərdən sonra yaradıldı: "Çox keçmədən Moskva və Rusiyanın digər şəhərlərində azərbaycanlıların ticarət obyektlərinə "miqrantların sənədlərinin yoxlanılması" adı altında qərəzçilik xarakteri daşıyan basqınlar və minlərlə soydaşlarımızın Rusiyadan qeyri-qanuni deportasiya olunması fəaliyyətimizi aktivləşdirmək zərurəti yaratdı. Adıçəkilən komitəyə rəhbərlik edən şəxs olaraq mən bununla bağlı Rusiya Federasiyasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsmanı) Vladimir Petroviç Lukinə görüş üçün rəsmi müraciət etdim. Nəinki mən, hətta Azərbaycan xalqının da ciddi narahatçılığını onun diqqətinə çatdırdım. Cənab Fridrix Qeorqieviç Kunadze mənim onunla mövcud problemlə bağlı görüşümü və Azərbaycan xalqının narahatçılığını Rusiya prezidentinə rəsmi şəkildə çatdıracağını söylədi və bildirdi ki, hər şeyin həll edilməsi üçün bütün qüvvələrini səfərbər edəcək. Hazırda Rusiya Federasiyasında azərbaycanlılara qarşı mənfi münasibət səngiyib. Müşayət edilən odur ki, bu istiqamətdə də inkişaf gedir. Amma bütün bunlara baxmayaraq soydaşlarımız əziyyət çəkirlər. Bunun da səbəbi bəzi cinayətkar qruplaşmalar və hakimiyyət daxili mafioz qurupların bir-birlərinə qarşı apardığı mübarizədir. Hesab edirəm ki, bu problem hec bir zaman tam yoluna qoyulmayacaq. Bu cür düşündüyümüz üçün də yuxarıda adını qeyd etdiyimiz qurumu təsis etdik. Rusiya Federasiyasındakı Azərbaycan diasporası bu sahədə kəskin və lazım gəlsə hətta radikal addımlar atmaqdan belə çəkinməməlidir. Amma çox təəssüflər olsun ki, Rusiyadakı diaspora təşkilatlarının da başı pul-para qazanmağa qarışıb. Hələ də bizimlə Rusiyadakı diaspor təşkilatlarından bir nəfər belə əlaqə saxlamayıb ("olaylar.az").

Diaspor nümayəndəsi Əlihüseyn Şükürovun fikrincə, Rusiya kimi çoxmillətli ölkədə mühacirət həyatı yaşamağın, hələ bir qəzet nəşr etdirib təbliğat aparmağın özünün də xüsusi çətinlikləri var ("azpress.az"): "Belə ziddiyyətli cəmiyyətdə milli problemlər tez-tez qabardılaraq "sizinkilər gəlib yerlərimizi tutublar, özümüzəə iş tapa bilmirik", "sizinkilər burda ancaq cinayət törətməklə məşğuldurlar", "sizinkilər bizim hesabımıza orada özlərinə villalar tikirlər" kimi atmacalarla, bəzən hətta o ölkənin mətbuatı səhifələrindən adamlarımıza mənfi təsir göstərməyə çalışırlar, onsuzda problemli olan qonşu ölkə ictimaiyyətində gərginlik yaratmaq üçün mətbuatın nüfuzundan istifadə etmək məqsədini güdürlər. Belə atmacaların təsirindən diaspor qəzetlərimiz nəinki daha çox beynəlmiləlçilikdən yazmalı olur, hətta belə, dərgiyə götürdükləri epiqrafla da nəyisə sübut etməyə çalışırlar. Götürək "Çoxmillətli Peterburq" şüarı altında çıxan "Vmeste" qəzetini. "Bizim gücümüz dostluqdadır" ("Vmeste" N3 (8), mart, 2000) məqaləsində rus və tatar xalqlarının qırılmaz dostluq əlaqələrindən danışılır. "Gəlin unutmayaq" yazısında oxuyuruq ki, Leninqrad faşistlər tərəfindən tam mühasirəyə alındıqdan düz qırx gün sonra, hər tərəfdə güllə səsi, bomba partlayışı eşidildiyi bir vaxtda Ermitajda dahi Nizaminin 800 illik yubileyi keçirilmişdir. Qəzetdə digər yazı isə "Ədəbiyyat səhifəsi" adlanır. Və burda "Nizami yaradıcılığının sirri", "Sabirin seçilmiş satiraları", "Puşkin və müqəddəs Quran" kimi dəyərli məqalələr təqdim olunmuşdur. "Araz (N3 (3), sentyabr, 2000) qəzetinin bu sayı "Azərbaycanlılar Rusiyada öz diaspor təşkilatını yaratmışlar" məqaləsi ilə başlayır. Yazıda nümayiş etdirilir ki, "Araz" rus və azərbaycan dillərində nəşr olunur, ölkələrimiz arasında mövcud olan isti münasibətlərin möhkəmlənməsinə öz töhfələrini verir. Burada təqdim olunmuş ümummilli liderimiz Heydər Əliyevin şəklinin yanında "Moskva ilə Bakı arasında Çeçenistan məsələsinə dair problem yoxdur" sözləri yazılmışdır".

Onun sözlərinə görə, ümumiyyətlə, Rusiya-Azərbaycan arasında yeni mərhələdə inkişaf edən xoş münasibətlərin genişlənməsinə diaspor mətbuatımızın da marağı günü-gündən müsbət istiqamətdə genişlənir.

Rəşid RƏŞAD

Ekspress  2018.- 7 noyabr.- S.10.