Skandinaviya azərbaycanlıları birgə fəaliyyət göstərəcək

Azərbaycan diasporunun fəallıq göstərdiyi ölkələr sırasında Skandinaviya ölkələrinin də adı var. Regiona daxil olan İsveç, Norveç, Danimarka və Finlandiyada hazırda onlarla Azərbaycan diaspor təşkilatı mövcuddur. Bu təşkilatların hər birinin ayrı-ayrılıqda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda öz rolu var.

Bu gün Skandinaviya ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları sırasında İsveçdəki təşkilatlarımız xüsusilə fərqlənir. İsveçdə yaşayan soydaşlarımızın təqribi sayı 30 min nəfəri keçib. Hansı ki, ötən illər ərzində ordakı azərbaycanlılar fəal təbliğat işi apara biliblər.

Azərbaycanlılar İsveçin bir çox şəhərlərində məskunlaşıblar. İsveçdə cənubi azərbaycanlılar çoxluq təşkil edir. Onların əksəriyyəti 20 ildən çoxdur İsveçdə yaşayır və bu ölkənin cəmiyyətinə artıq uyğunlaşıb. Azərbaycan Respublikasından olan miqrantlar, əsasən, son illər ərzində İsveçə mühacirət edənlərdir ("olaylar.az"). Azərbaycanın dəstəyinə ehtiyaclarını gizlətməyən İsveç azərbaycanlıları informasiya sahəsində bir qədər fəaldırlar. Soydaşlarımız burada "Tribun", "Varlıq", "Azərbaycan", "Araz" və s. qəzet və jurnallar nəşr edirlər. İsveç Parlamentində "Azərbaycan dostları" qrupu mövcuddur.

İsveçdə çoxsaylı Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir ki, bunlardan da biri AFİ-Azərbaycan Federasiyası İsveçdir. Federasiya ölkə üzrə milli təşkilatların əksəriyyətini ("Durna", "Ulduz", "Az link", "Günəş", "Ərk", "Savalan", "Azərbaycan Dostluq", "Yanar", "Azər", "Təbriz", "Akademik Mərkəz", "Oyanış", "Varlıq", "Türk-Az", "Babəkin şopinq", "21 Azər" və başqa təşkilatları) özündə birləşdirə bilib. Azərbaycan Federasiyası İsveç bu ölkədə fəaliyyət göstərən milli təşkilatlar tərəfindən 1998-ci ildə təsis edilib. Təşkilatın məqsədi İsveçdə yaşayan azərbaycanlılar və burada fəaliyyət göstərən milli təşkilatlar vasitəsilə Azərbaycan mədəniyyətini, tarixini, dilini, adətnənələrini yaşatmaq, Qarabağ və digər bölgələrin işğal edilməsini, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini ölkə ictimaiyyətinə, eləcə də İsveçdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara və dövlət strukturlarına çatdırmaqdır. Azərbaycan və onunla bağlı problemləri İsveç toplumu və quruluşlarına tanıtmaq, İsveçdə yaşayan azərbaycanlıların bu topluma inteqrasiyasına çalışmaq da federasiyasının başlıca prioritetləridir.

Eyni zamanda AFİ İsveçdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri, fəal şəxslər arasında əlaqələrin qurulmasına yardım edir. İsveç mediasında Azərbaycan dilində proqramların yayımının təşkili də AFİ-nin qarşısına qoyduğu vəzifələrdəndir.

"Babək" Kültür Dərnəyinin əsası İsveçin Linşoping şəhərində 1990-cı ildə qoyulub. Zaman-zaman dərnəyin fəaliyyətində fasilələr yaranmış, hətta dövlət orqanlarındakı rəsmi qeydiyyatı ləğv edilib. Lakin bu ləğvolunma uzun sürməmiş, 2007-ci ilin sentyabrında 48 nəfər üzvün iştiraki ilə dərnək yenidən formalaşdırılıb. Dərnəyin məqsədi Azərbaycan mədəniyyət kursları təşkil etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir. "Babək" Kültür Dərnəyinin rəhbəri Aslan Ərəbluidir.

"Xəzər" Azərbaycansveç Dostluq Cəmiyyəti-"Xəzər" Azərbaycansvec Dostluq Cəmiyyəti 1999-cu ildə İsvecin Malmo şəhərində yaradılıb. Cəmiyyəti yaratmaqda məqsəd azərbaycanlıları bir araya gətirmək, milli adətnənələrimizi qoruyub yaşatmaq, İsveç cəmiyyətinə inteqrasiya olmaq, isveçlilərlə sıx əlaqə saxlamaq və onlara ölkəmizi, tariximizi, mədəniyyətimizi, musiqimizi tanıtmaqdır.

"Xəzər" Azərbaycan-İsvec Dostluq Cəmiyyəti yalnız Malmodəki dərnəklərlə deyil, digər şəhərlərdəki təşkilatlarla da əlaqə saxlayır. "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyətinə Leyla Kiani rəhbərlik edir.

İsveç Azərbaycanlıları Konqresisveç Azərbaycanlıları Konqresinin təsis qurultayı 2010-cu ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilib. Tədbir 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə baş tutub. Qurumu yaratmaqda məqsəd Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Eyni zamanda, vahid diaspor təşkilatı kimi bu yolla Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini koordinasiya etmək, mövcud problemləri birlikdə çözməkdir. İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevdir.

Son illərdə yaradılan daha bir diaspor təşkilatı isə Azərbaycan Naminə Birliyidir (ANB). Birliyin sədri Nadir Hollenbardın (Xankişiyev) sözlərinə görə, ANB-nin yaradılmasından məqsəd İsveçdə Azərbaycanın milli maraqlarını qorumaq, xalqımızın qədim mədəniyyətini təbliğ etmək, ölkəmizlə bağlı həqiqətləri Avropa ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdir (AZƏRTAC). Bundan əlavə, cəmiyyət Azərbaycansveç münasibətlərinin inkişafına da səy göstərəcək. Cəmiyyətin planlarına görkəmli xadimlərimizin doğum günlərini təntənəli qeyd etmək, Azərbaycan dilində məktəb açmaq da daxildir.

Norveçə azərbaycanlıların mühacirəti XX əsrin 50-ci illərindən sonraya təsadüf edir. Eyni zamanda XX əsrin 70-80-cı illərində İran İslam İnqilabından sonra da Norveçə mühacirət edən cənublu soydaşlarımız olub. Bu ölkədə fəaliyyət göstərən ən aktiv diaspor təşkilatlarından biri Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır. Norvec Azərbaycanlılarının Gənclər Təşkilatı 2005-ci ildə Norveçdə yaradılıb. Beş nəfərdən ibarət İdarə Heyəti olan NAYO dünyəvi, sivil, qeyri-siyasi və gəlir əldə etmək məqsədi olmayan bir təşkilatdır. Təşkilatın əsas məqsədi orada yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiya olunmasında yardımcı olmaq, onları təşkilatlandırmaq, hüquqlarını müdafiə etmək və sosial problemlərinin həlli istiqamətində işlər görməkdir. Eyni zamanda Azərbaycan xalqının mədəniyyətini, tarixini, problemlərini və nailiyyətlərini çatdırmaqla yanaşı, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına dəstək verməklə dostluq və əməkdaşlıq körpüsü rolunu oynamaqdır. NAYO təşkilatı həm Norveçdə, həm də xaricdə davamlı olaraq müxtəlif mövzularda tədbirlər, layihələr həyata keçirir. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyevdir.

Finlandiyada mövcud olan fəal diaspor təşkilatlarından biri Azərbaycanlı Qadınlar Cəmiyyətidir. Azərbaycanlı Qadınlar Cəmiyyəti 2011-ci il, sentyabrın 26-da Helsinki şəhərində təsis edilib. Azərbaycanlı Qadınlar Cəmiyyəti Finlandiya Azərbaycanlıları Assosiasiyası nəzdində fəaliyyət göstərir. Cəmiyyətin məqsədi Azərbaycanı hərtərəfli tanıtmaq, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaq, Avropanın digər olkələrində fəaliyyət göstərən müxtəlif cəmiyyətlərlə əlaqəli fəaliyyət göstərməkdir. Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtaydır.

Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti-Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti 2004-cü il mayın 22-də Helsinkidə yaradılıb. Hazırda bu cəmiyyət Azərbaycan mədəniyyətini və tarixini, xalqımızın adət-ənənələrini geniş təbliğ edir, ölkəmizin qarşılaşdığı problemləri Finlandiya ictimaiyyətinə çatdırmağa calışır. Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərovadır.

Finlandiya Azərbaycanlıları Assosiasiyası-Finlandiya Azərbaycanlıları Assosiasiyası 2008-ci il martın 18-də Helsinkidə təsis edilib. Assosiasiyanın məqsədi Azərbaycan cəmiyyətini Finlandiyada təmsil etmək, Azərbaycan toplumunun hər cür problemləri ilə maraqlanıb onlara yardım etmək, Azərbaycan və Finlandiya xalqlarının birliyini yaratmaq, hər iki toplumun bir araya gəlməsinə və müştərək çalışmalarına şərait yaratmaqdır. Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini, bir sözlə, tariximizi fin xalqına tanıtmaqdır.

Skandinaviya ölkələrinə daxil olan Danimarkada da çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir ki, bunlardan da biri Danimarka-Azərbaycan Dostluq Cəmiyyətidir ("olaylar.az"). Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Danimarkanın Hillerod şəhərində Elxan Hüseynov tərəfindən təsis edilib. Elxan Hüseynovun vəfatından sonra Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinə Kəmalə Hüseynova rəhbərlik edir.

Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti-Digər bir Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin əsası Orhus şəhərində qoyulüb. Bu qurum danimarkalı və azərbaycanlı şəxslərdən ibarət könüllü bir cəmiyyətdir. Cəmiyyətin hədəfi cəmiyyət üzvlərinin qarşılıqlı kültür anlayışları zəminində dialoq yaratmaq və inteqrasiya prosesindən ibarətdir.

2007-ci ilin fevralından fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini Danimarka əhalisinə tanıtmaqdır. Cəmiyyətin sədri Səfər Sadiqidir.

Yeri gəlmişkən, Avropada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin görüşləri İsveçdə davam etdirilib. Bu barədə "Ekspress"ə Diaspor Komitəsinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, İsveç Krallığına səfər Azərbaycan Respublikasının Stokholmdakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlayıb. Daha sonra İsveç siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, habelə İsveç Sosial-Demokratlar Partiyasının üzvləri, Söderberq Cönköpinq region parlamentinə seçkilərdə qalib gələn siyasətçi İradə Əliyeva, Haninge bələdiyyəsindən əyalət parlamentinə seçilən deputat Vüsal Quliyev və İsveç Mərkəz Partiyasından Partille bələdiyyə məclisinin üzvü seçilən Turan Əliyev də iştirak edib.

Görüş iştirakçılarını salamlayan səfir İsveçdə yaşayan soydaşlarımızın Azərbaycan və azərbaycançılıq naminə gördükləri işlərdən söz açıb.

Azərbaycan diasporunun fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin planları haqqında danışan Dövlət Komitəsinin sədri Fuad Muradov isə ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfələri qeyd edib, Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib.

Görüşdə azərbaycançılıq ideyası ətrafında birləşməyin vacibliyindən, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb.Dövlət Komitəsinin sədri soydaşlarımızın qayğıları ilə maraqlanıb, onların təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb.

Daha sonra nümayəndə heyəti Nobel muzeyində olub. Direktor Olov Amelin muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib, buranın özəlliklərindən, nümayiş etdirilən eksponatlardan danışıb. Dövlət Komitəsinin sədri isə, öz növbəsində, Azərbaycanla İsveç arasındakı əlaqələrin tarixindən, Nobel qardaşlarının ölkəmizdə fəaliyyətindən söhbət açıbvə tarixin bu səhifələrinin daha yaxşı öyrənilməsinin zəruriliyini qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyəti Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar keçirilən təsis konfransında da iştirak edib. Dövlət Komitəsinin sədri soydaşlarımızın və diaspor təşkilatlarının daim ölkə başçısının nəzərində olduğunu və bu istiqamətdə verilən tapşırıqları diqqətə çatdırıb. Konfransda İsveç, Norveç, Finlandiya və Danimarkadakı Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın daha konstruktiv, məqsədyönlü, aktiv və koordinasiyalı fəaliyyətini təmin etmək məqsədilə İsveçdə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunub.

"Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının" sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberger, habelə Norveçdə fəaliyyət göstərən "Can Azərbaycan" təşkilatın rəhbəri Şervin Nəcəfpur Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Murad MƏMMƏDLİ

Ekspress.-2018.-8 noyabr.-S.10.