Aktrisanın son
istəyi...
"Ərinin yanında dəfn
olunmasını vəsiyyət edib"
“Xalq artisti Amaliya Pənahovanın
vəfatı bizim üçün ağır itki oldu. Biz onu çox sevirik. O, bizim üçün
ana kimi idi”.
Ekspress.az xəbər verir ki, bu
barədə əməkdar
artist Hüsniyyə Mürvətova
BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə
görə, Amaliya Pənahova sabah
“Qurd qapısı” qəbiristanlığında dəfn
ediləcək.
“Hökumət xalq
artistinin Fəxri Xiyabanda dəfn edilməsini tövsiyyə
etmişdi. Lakin Amaliya Pənahova
həyat yoldaşı
Yusifin müəllimin
yanında dəfn edilməsini vəsiyyət
edib. Bu səbəbdən
də, Amaliya Pənahova “Qurd qapısı” qəbiristanlığında
dəfn olunacaq”, - deyə Hüsniyyə Mürvətova bildirib.
Sənətçinin nəşi Təzə Pir məscidində yuyulub və kəfənlənib. Burada yaxınları və
qohumları onunla vidalaşır. Xalq artisti ilə vida mərasimi isə 9 noyabr tarixində saat 11:00-dan Akademik Milli Dram Teatrında keçiriləcək.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli "sputnik Azərbaycan"a açıqlamasında
A.Pənahovanın onkoloji
xəstəlikdən əziyyət
çəkdiyini və
uzun zamandır müalicə olunduğunu
təsdiqləyib. Ancaq
o, məsələ barədə
geniş danışmaq
istəmədiyini bildirib:
"Amaliya xanımın
qızı anasının
xəstəliyi barədə
məlumat yayılmasını
istəmir. Bu səbəbdən
ətraflı məlumat
verə bilməyəcəm.
Allah rəhmət eləsin".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə,
Xalq artistinin ölümü ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə çağırış
daxil olmayıb. Bu hal da o ehtimalı
yaradır ki, A.Pənahova müalicə
aldığı xəstəxanada
— Milli Onkologiya Mərkəzində vəfat
edib.
Qeyd edək
ki, xalq artisti 73 yaşında xərçəng xəstəliyindən
vəfat edib.
Amaliya Pənahova
1945-ci ildə anadan olub. O, Azərbaycan teatr
və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı
laureatı, sənətşünaslıq
doktoru, professor, 2000-2005-ci illərdə
Azərbaycan Respublikası
Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə
teatrının bədii
rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.
Ekspress 2018.- 9-12 noyabr.-
S. 2;13.