Türkdilli diasporların əməkdaşlığı güclənir

Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib. İclasda ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Diasvporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, TDƏŞ Baş katibi Bağdad Amreyev iclasın gündəliyində olan məsələlər barədə ümumi məlumat verib. İclasda türkdilli diasporların hazırkı vəziyyətinin və şuraya üzv dövlətlərin diaspor qurumları arasında güclü koordinasiya və əməkdaşlıq imkanları, Türk Şurasının "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və "2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı"nın qəbul edilməsi, Türk Şurasının II Diaspor Forumunun keçirilməsi, Türkdilli Diasporların Atlasının hazırlanması, Türk Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin növbəti görüşünün vaxtı və yerinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında geniş müzakirlər aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk dünyasının birliyi ideyasının yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımların atıldığını diqqətə çatdırıb. Bu mənada türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətlərini vurğulayaraq "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və "Biz bir millət, iki dövlətik" kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyini bildirib.

"Diasporla İş üzrə Dövlət Komitəsi olaraq hər addımda soydaşlarımızın yanında güclü və müstəqil Azərbaycan dövlətinin olduğunu göstərməyə çalışırıq" deyən Dövlət Komitəsinin sədri qeyd edib ki, türkdilli diasporların birgə fəaliyyəti daha uğurlu və səmərəli ola bilər. Onun sözlərinə görə, bir neçə dəfə Bakıda, Ankarada TDƏŞ-ə üzv Dövlətlərin Diaspor Məsələlərinə Cavabdeh Dövlət Qurumlarının Rəhbərlərinin Toplantıları keçirilib, türkdilli dövlətlərin diasporlarının birgə fəaliyyətinin yekunları və gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın qəbul edildiyini xatırladan Muradov Özbəkistanın da Türk şurasına üzv olmasıyla bu birliyi daha da gücləndirəcəyini qeyd edib.

Komitə sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diasporla üzrə nazirlikqurum rəhbərlərinin 3-cü iclasında imzalanacaq "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və "2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı"ın Türk dünyasının birliyinə, qarşılıqlı əlaqələrin inkişafına yeni məzmun verəcəyini, diaspor təşkilatların birgə fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcəyini bildirib.

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın Sosial İnkişaf naziri Darxan Kaletayev, Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin rəhbəri Abdullah Eren və digərləri çıxış edərək toplantının və burada qəbul ediləcək qərarların əhəmiyyətini vurğulayıblar.

Çıxışlardan sonra türkdilli diasporların hazırkı vəziyyəti və TDƏŞ-ə üzv dövlətlərin diaspor qurumları arasında güclü koordinasiya və əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Türk Şurasının II Diaspor Forumunun 2019-cu ildə Türkiyənin ev sahibliyi ilə Türkiyədə, TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 4-cü iclasının Qazaxıstanda keçirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçinin, qəbul olunmuş sənədlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə İşçi qrupun yaradılması, qrupun ilk iclasının və Türk Şurası nəzdində fəaliyyət göstərən diasporla üzrə Təmas qrupunun 5-ci iclasının 2019-cu ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

Türkiyə və Azərbaycanın diaspor sahəsində malik olduqları təcrübənin, Türk Şurasının digər üzv ölkələri ilə təcrübə mübadiləsi proqramı çərçivəsində bölüşməsi, bu çərçivədə, 2018-2019-cu illərdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə təcrübə-mübadilə proqramı çərçivəsində seminarların təşkili, beynəlxalq gənclər düşərgəsinin Qazaxıstanda təşkil olunması təşəbbüsü yekdilliklə qəbul olunub. Bununla yanaşı, 2019-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın diaspor təşkilatları arasında birlik və həmrəylik hissinin artırılması üçün diaspor və vətəndaş cəmiyyəti nümayəndələri üçün birgə təlimlərin Türkiyə tərəfinin evsahibliyi ilə Almaniyaya Fransada, Azərbaycan və Qırğıstanın birgə dəstəyi ilə Amerika Birləşmiş Ştatlarında təşkil edilməsi istiqamətində razılıq əldə edilib.

İclasda, eyni zamanda, türkdilli diasporlar arasında əməkdaşlıq və koordinasiyanı gücləndirmək məqsədilə Türk Şurası nəzdində birgə onlayn diaspor portalının hazırlanması qərara alınıb. Tərəflər türkdilli dövlətlərin diasporları ilə bağlı geniş məlumat mübadiləsinin aparılması üçün Türk Şurasının Diaspor Atlasının hazırlanması və digər məsələlərlə bağlı müvafiq birgə razılığa gəliblər.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Şuraya üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Türkiyə Respublikası Prezidentinin köməkçisi Fuat Oktayla görüşüb.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.      

Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.

2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlayıb.

Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri" olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, BodrumAstana olmaqla beş zirvə görüşü keçirilib.

Türk Şurasının öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılıb: Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası, Katiblik.

Dövlət Başçıları Şurasının toplantısına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər Türk Şurasına sədrlik edir.    

Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilib. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir.

TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılıb, 2008-ci ildə fəaliyyətə başlayıb. Qərargahı Bakıda yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk Akademiyası 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlayıb. Türk Akademiyasının yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilib. Türk Akademiyası Astanada yerləşir. Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkek Zirvəsındə imzalanıb. Qərargahı Bakı şəhərində yerləşən Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərəcək.

Türk Biznes Şurası 2011-ci ildə təsis edilib. Qurum Türk Şurasına üzv ölkələrin işgüzar dairələri digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

Türk Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə 2013-cü il iyunun 21-də Bakıda ilk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib. Forumda "Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" "Bakı Bəyannaməsi" qəbul edilib. Azərbaycanın təşkilat çərçivəsində siyasi təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etməkdədir. Naxçıvan Sazişinə uyğun olaraq hər il keçirilən zirvə görüşlərindən bir gün əvvəl TDƏŞ xarici işlər nazirləri Şurasının görüşləri keçirilir. Eyni zamanda, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində xarici işlər nazirlərinin qeyri-formal görüşlərinin keçirilməsi artıq ənənə halını alıb.

2013-cü ildən başlayaraq üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilməyə başlayıb. Üzv ölkələrin yüksək vəzifəli şəxslərinin (xarici işlər nazirlərinin müavinləri səviyyəsində) ilk görüşü 2013-cü ilin aprel ayında Bakıda, ikincisi isə 2014-cü ilin martında Astanada keçirilib, Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi, Əfqanıstan üçün İstanbul prosesi, regional münaqişələr, beynəlxalq terrorizmlə mübarizə s. məsələlər müzakirə edilib. TDƏŞ-in bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Astanada qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində tərəflər, "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respüblikasının suverenliyi, ərazi bütövlüyü beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulayıblar.

Azərbaycan TDƏŞ- yanaşı bu qurumun əlaqəli orqan təşkilatları olan TÜRKSOY, TÜRKPA (qərarğahı Bakıda yerləşir), Türk Akademiyası, Türk Mədəniyyəti İrsi Fondu (qərarğahı Bakıda yerləşir), Türk Biznes Şurası ilə sıx əməkdaşlıq edir üzv ölkələr arasında elm, təhsil, mədəniyyət incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyil ki, TDƏŞ-in 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə Görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti İrsi Fondu 2015-ci il tarixindən qərargahı Bakıda yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlayıb.

Murad MƏMMƏDLİ

Ekspress  2018.- 13 noyabr.- S.10.