“İnsan ömrü özü bir döyüşdür”

Fikrət Qoca: “Sevinci, yaxşı niyyəti, yaxşılıqları, sevgini çoxaltmaq lazımdır, çünki dünyamızın buna ehtiyacı var”

Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bu dünyada hər birimiz öz ömür yolumuzla addımlayırıq. Kimisi üçün bu yol hamardır, kimisi üçün enişli-yoxuşlu. Bu yolu elə addımlamalıyıq ki, sonunda qoyduğumuz iz silinməsin, şərəflə, ləyaqətlə keçək ömür yolumuzu.

“Ekspress”in “Ömür yolu” layihəsində elə şəxslərin ömür yoluna nəzər salacağıq ki, yoldan nəsə öyrənə bilək.

“İnsanlar öz taleyi ilə doğulur. Mən Sovet dövründə yazdığım heç bir şeyin üstündən xətt çəkməmişəm. Bəzi əsərlərim olub ki, o vaxt senzuraya ilişib. Təklif ediblər ki, müəyyən yerlərini dəyişim, amma mən dəyişməmişəm. Müstəqillik dönəmində çox rahat şəkildə, məmnuniyyətlə çap elətdirmişəm. Mənim yazım heç vaxt itməyib, heç vaxt dəyişikliyə yol verməmişəm. Elə şeylərdən yazmışam ki, aktuallığını itirməsin və bu məsələlər azı üç-dörd əsr davam etsin... Yenidən doğulsaydım da, yenə eyni taleyi yaşayardım, həmin yolları keçib, həmin şeirləri yazacaqdım. Mənə elə gəlir ki, bu yaşa gözüyumulu gəlib çıxmışam. Bu mənada ki, mənim taleyim gətirib. Heç təsəvvürümə də gətirməmişəm ki, gəlib Azərbaycan Yazıçılar Birliyində işləyə bilərəm” deyir Xalq şairi Fikrət Qoca... Yazıçılar Biliyinin birinci katibinin 83 illik ömrünün səhifələrini “Ömür yolu”nda vərəqlədik...

Çətin dövrün uşaqları

Deyirlər ki, müharibə dövründə doğulan uşaqlar tez böyüyürlər. Bəlkə də ona görə ki, şəfqətə, sevgiyə möhtac olan uşaqlar bu hisslərdən məhrum olur. Necə deyərlər, əzizləndiyini görmür, hiss etmir, arzuladığını əldə edə bilmir və s. Məhz bu kimi səbəblər artıq onun böyük kimi düşünməsinə şərait yaradır. Müsahibimiz Fikrət Qoca Böyük Vətən müharibəsi başlayanda 4-5 yaşlarında olub: “Ailədə səkkiz bacı-qardaş idik. Valideynlərim uşaqların tərbiyəsində, bizim, sözün həqiqi mənasında, insan kimi yetişməyimizdə böyük rol oynayıblar. Atam həkim idi, valideynlərimin ədəbiyyata olan marağı biz uşaqlarının da həyatına öz təsirini göstərdi. Uşaqlıq illərini xatırlayarkən, gözlərim önündə qarışıq insan axını, bir yerlərə tələsən kütlə, qatarların həyəcan fiti canlanır. Hələ də unutmuram, müharibə dəhşətlərindən qorunmaq üçün bir yerlərə köç edən insan axını içində biz də irəliləyirdik, qatara tərəf gedərkən anam əlində olan əşyalar və digər bacı-qardaşımı bir arada tutmağa çalışaraq addımlayır, mən uşaq ağlı ilə irəlidə yol gedərək ətrafa baxır və hadisələri sanki anlamağa çalışıram. Qatara yaxınlaşarkən güclü bir əl məni ehmalca tutaraq qatara minməyimə yardım etdi. Heç vaxt üzünü görmədiyim o insanın məni yüksəkliklərə qaldıraraq qatara minməyimə yardım etməsini və bununla da sanki ailəmizin yükünü bir qədər yüngülləşdirməsini heç bir vaxt unutmuram...”

- Bir qədər poetik də olsa, yəqin ki, balaca Fikrətə uzadılan o əl, onun irəlidəki həyatında qazanacağı uğurlara açılan ilk çığır idi?

- O yaşda bunu tam olaraq dərk edə bilməsək də, yaş üstə yaş gəldikcə görürsən ki, sən demə, bu həyatda təsadüfi heç nə yoxdur, hər şey Uca Yaradan tərəfindən bütün xırdalıqlarına qədər düşünülüb. Bizlər sadəcə yol gedirik, dünyayla ayaqlaşmağa can atırıq. Qeyd etdiyiniz kimi, balaca Fikrət 4-5 yaşında sadəcə ətrafında olan hadisələri anlamağa çalışırdı. Elə bir dövr idi ki, hər kəs öz başının çarəsinə qalmaq məcburiyyətində idi və buna görə də heç kimi qınamaq olmazdı. Ancaq mənə kömək edən o əlin sahibi öz yükünün üstünə bir az daha artıq yük almağı bacarmışdı. Əslində insan ömrü, harda yaşamasından asılı olmayaraq özü bir döyüşdü. Bu, sadəcə dünyada baş verən müharibələrlə əlaqəli deyil, eyni zamanda insanın özünün özü ilə olan döyüşüdür ki, bu da heç bitməz. Bu döyüşdə o adam qalib gəlir ki, səhər evdən başqalarına kömək etmək məqsədilə çıxır, sadəcə özünü düşünmür, bir vaxtlar məni qatara mindirən o əlin sahibi kimi. Bütün yaxşılıqlar gizli olmalıdır, etdiyin yaxşılardan bəhs etmək mənasızdır, çünki sən bir vaxtlar sənə olunan yardımlara qarşı hardasa borc ödəyirsən və sən də eynilə yaxşılıqlar etməlisən. Ümumiyyətlə, sevinci, yaxşı niyyəti, yaxşılıqları, sevgini çoxaltmaq lazımdır. Çünki dünyamızın buna ehtiyacı var

Sovet təhsil sistemi, müstəqil Azərbaycanın kadrları

- SSRİ dövrü böyük bir imperiya kimi mənfi və ya müsbət cəhətləri ilə tarixin yaddaşına yazıldı. O dövrün təhsil səviyyəsi və o dövrdə yetişən kadrlar günümüzdə ziyalı təbəqəsinin əsas sütununu təşkil edir. Belə çıxır ki, Sovet Azərbaycanı yaxşı kadrlar yetişdirə bilirdi, ancaq müstəqil Azərbaycan hələ ki, kadr məsələsində geridə qalır?

- Bilirsinizmi, ümumi götürdükdə hər şey danışmaqdan başlayır. Necə ki, müharibə vətəni qorumaq üçündür. SSRİ doğrudan da böyük bir güc demək idi, 15 respublikanın gücü bir araya gəlmişdi və bu güc daima özünü dünya ölkələrində göstərirdi. Böyük Vətən müharibəsinin qələbə çalmasında məhz 15 respublika gücünü ortaya qoymuşdu. Ancaq bu gücün də öz zəif, çatışmayan cəhətləri var idi. Və illərlə daxildən başlayan parçalanma nəhayət, özünü göstərdi və SSRİ dağıldı. Baxmayaraq ki, o dövrün təhsil sistemini keçdik, o dövrdə parladıq, o dövrdə uğurlar qazandıq, ancaq kim nə deyir desin, müstəqillik başqa bir duyğudur, onu sadəcə yaşamaq lazımdır. Yaxşı kadrların yetişməsinə gəlincə, bunun səbəbi: Sovet dövründə ilk sıraya savadlandırma kimi önəmli bir məqam qoyulurdu. Belə ki, nənələr nəvələri ilə məktəbə gedirdi, onlarla bərabər öyrənirdi, bilik sahibi olurdu. Ancaq bu savadlandırmanın yaxşı və pis cəhətləri var idi. Yaxşı cəhəti o idi ki, adamlar məktubu özü yazıb oxuya bilirdi. O vaxta qədər isə məktub yazdırmaq üçün və ya məktubu oxutmaq üçün mirzə yanına gedirdilər. Məktəblər, ali məktəblər pulsuz idi və hamı da bu fürsətdən yararlanırdı. Hətta yaxşı oxuyana pul da verirdilər.

- Bir sözlə, hamı təhsilli, bilikli, oxumuş bir səviyyədə idi...

- Tamamilə doğrudur. Bu kimi məqamları müşahidə etdiyim zaman təxminən 80-ci illərdə “Kommunist” qəzetində “Naxırçı olmaq istəyirəm” adlı məqalə ilə çıxış etdim. Səbəbi nə idi bu yazının? Tutaq ki, hər kənddə bir klub var idi və hər klubda 5 mədəniyyət işçisi. O mədəniyyət işçiləri ki, İncəsənət Universitetini bitirib həmin yerə təyin olunmuşdular. Təhsilli çox, iş yeri yox. Ancaq naxırçı hər heyvan üçün 5 manat alırdı və gün ərzində camaatın mal-qarasını otarır, axşam da sahiblərinə təhvil verirdi. Sözümün canı odur ki, naxırçının gün ərzində qazancı, hətta heç kimdən asılı olmadan azad formada çalışıb qazanması qat-qat yüksək idi. Təsəvvür edin ki, naxırçı tapılmırdı, çünki hamı ali təhsilli, heç kim özünə yaraşdırıb naxırçılıq etmirdi. Ona görə də məqaləni “Naxırçı olmaq istəyirəm” adıyla yazdım.

- Maraqlıdır, niyə məhz 80-ci illərdə bu məqama toxundunuz, axı 80-ci illər demək olar ki, SSRİ-nin sonunun gəldiyinindən xəbər verirdi. Bəlkə 60-70-ci illərdə bu məqalə daha təsirli ola bilərdi?

- Bu, məni elə əvvəlcədən düşündürürdü. Buna görə də hər dəfə fərqli mövzulara toxunaraq öz sözümü deyirdim. Məsələn, 70-ci illərdə qala kimi evlər tikənlərə müraciət etmişdim. Necə olur ki, tikdiyin evdən daha artıq daş istifadə edərək evinin ətrafında qala yaradırsan, tikanlı məftillərlə əhatələnmiş bu qalada kimdən özünü qoruyursan və ya düz işləyirsənsə, nədən qorxursan və s. kimi məqamlara toxunurdum. İndikilər də eynilə davam edir...

Rüşvət kürəyimizə sancılan xain bıçaqdır

- 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər təyin olunduqdan sonra korrupsiyaya qarşı mübarizə tədbirləri başlatdı. O illəri necə xatırlayırsınız, məhz həmin illərdə rüşvətlə bağlı yazılan şeirləriniz, məqalələriniz tarixin yaddaşına yazılıb...

- Həmin ərəfədə mən sanki rüşvətdən bəhs edən şeirlərə köklənmişdim, çox yazırdım. Belə şeirlərə görə o qədər söyüş dolu məktublar alırdım və onu da bilirdim ki, həmin məktubları rüşvət alanlar göndərir. Anonim adıyla göndərilən həmin məktubları oturub bir-bir oxuyurdum.

- Yəqin ki, rüşvətxorların söyüşü sizi növbəti rüşvət şeirlərinə kökləyirdi?

- Haqlısınız, onlar söydükcə, mən mövzuya daha dəyişik formalarda yanaşırdım. Hətta məqalələrlə çıxış edirdim. Məqalənin birində “Rüşvət kürəyimizə sancılan xain bıçaqdır” deyə bəhs etmişəm və bu məqalə çox böyük əks-səda doğurdu.

HAŞİYƏ: Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi və həmin ildən etibarən xalqı narahat edən bütün mənfi qüvvələrə qarşı mübarizə aparması, xüsusilə rüşvətlə bağlı başlayan tədbirlərin hər biri tarixin səhifələrinə yazılıb. Fikrət Qocanın rüşvətlə bağlı şeirləri, məqalələri ulu öndərin diqqətindən kənarda qalmır. 1981-ci ildə Heydər Əliyevin “Literaturnaya qazeta”ya verdiyi müsahibədən kiçik bir məqamı diqqətinizə çatdırıram.

Müxbir: Məndə belə bir təəssürat oyandı ki, sizdə rüşvətxorluq cinayətin hər hansı başqa növünə nisbətən daha çox nifrət oyadır. Şair Fikrət Qoca isə hətta deyir: “Rüşvət kürəyimizə sancılan xain bıçadır...” Nə üçün məhz rüşvət?

Heydər Əliyev: Ona görə ki, rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Rüşvətxor əlaltından dublyonka paltosu satmır, dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə pul verib bunları alır. Şairin aforizmi mübaliğə deyildir. Keçmişin mənfur qalığı yaşayırsa, bunun təqsiri hər birimizin üzərinə düşür, hətta təmiz, pak adamın da, hətta rüşvət alanlara və rüşvət verənlərə nifrət edən adamın da. Şəxsən təmiz olmaq hələ vətəndaşlıq ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir (QOY ƏDALƏT VƏ ZƏFƏR ÇALSIN - “Literaturnaya qazeta” (18 noyabr 1981-ci il).

Fikrət Qoca söhbətimizdə maraqlı bir məqamı da yada saldı. 1986-ci il... Heydər Əliyev Mərkəzi Komitədə çalışdığı illərdə Azərbaycanla olan əlaqələrini daha da gücləndirir, hətta ölkəmiz üçün imkansız olan bir çox məqamlara geniş imkanlar yaradır. Azərbaycandan Moskvaya üz tutan hər bir şəxslə xüsusi olaraq maraqlanan ulu öndər günlərin birində eşidir ki, Fikrət Qoca ağır xəstədir və həkimlər ona sadəcə 1 ay vaxt veriblər: “Mənimlə xüsusi olaraq maraqlandı, hətta bu çarəsiz xəstəlik üçün xaricdən belə həkim gətizdirdi, əməliyyat olundum. Heydər Əliyev mənə dedi: “Qorxma, həkim deyir ki, indən belə 16 il yaşayacaqsan”. Əməliyyat uğurlu keçdi, baxmayaraq ki, səs tellərim zədələnmişdi, ancaq o vaxtdan nəinki 16 il, uzun vaxt keçdi, gördüyünüz kimi hələ də yaşayıram. Müstəqilliyimizi gördüm, bayrağımızın dünya ölkələrində dalğalandığını gördüm, müstəqil ölkə kimi digər ölkələrlə eyni sırada dayandığımızı gördüm. Bundan böyük xoşbəxtlik olar?! Bu ömrü məhz Heydər Əliyevə borcluyam”.

Yazıçılar Birliyi canlı tarix kimi

- Azərbaycan yazıçı və şairlərinin ən böyük ictimai təşkilatı hesab olunan Yazıçılar Birliyi az qala sizinlə eyni vaxtda “doğulub”. Burdan kimlər gəlib keçməyib ki... Azərbaycan ədəbiyyatının sütunları kimi tanınan o ədiblər böyük ömür yolu keçib və artıq sizlər o sıranın davamçıları olaraq iz qoyursunuz...

- Canlı tarixi yaşayırıq. Divarları belə tarixdən xəbər verir, divarların dili olsa yəqin ki, danışar. Doğrudan böyük nəsillərin gəlib keçdiyi bu birliyin yetirmələri çox olub və daha da artacaq. Bu, bir tarixdir, bu, mədəniyyətimizin, ədəbiyyatımızın tarixidir.

- Böyük ədiblərin yetişdirdiyi bu ədəbi ocaq bəzən tənqid hədəfi də olur...

- Bilirsinizmi, bəzilərinin gücü bir işə çatmayanda o zaman başqalarını günahlandırır. Bu da bir sənətdir, gərək ustası olasan. Bu işlər sadəcə məktəbdə oxumaqla, yazmaqla mümkün olan iş deyil, bunun min bir sirri var. Allahın verdiyi istedaddır, əgər zaman keçdikcə öz üzərində çalışarsansa, daha çox öyrənmək istiyərsənsə, yazdığına qane olmadan davamlı yazaraq səndən öncə keçilən yollara baxmalısan, iz qoyanların hansı çətin yollardan keçdiyinə nəzər salmalısan və s. kimi məqamlar səbrlə, təmkinlə, zamanla görülən işlərdir. Qarşısına məqsəd qoyan insan sadəcə o məqsəd uğrunda çalışmalıdır ki, bir yerlərə gəlib çıxa bilsin. Qələm sahibi olmaq, qələm əhli arasında öz yerini tapmaq üçün Allah tərəfindən verilən istedadı daha da gücləndirmək, təkmilləşdirmək lazımdır.

- İddialı, özünə inamı tam olan yeni nəsil yetişir, ancaq tərs gedən bəzi məqamlar var. Sanki yeni nəsil özündən əvvəl gələnləri qəbul etmədən yoluna davam etmək istəyir. Bu da belə bir fikir formalaşdırır ki, yeni nəsil öyrənməkdən çox-çox uzaqdır...

- Bir misal çəkim. Qədim dövrlərdə at minik vasitəsi hesab olunurdu. Atın belində qoca kişi, tərkində də nəvəsi yol gedirlər. Yağışlı bir havadır, bu baba-nəvədən başqa yolda ayaqyalın, palçığa bata-bata yol gedən bir uşaq da var. Bunu görən baba və nəvə arasında belə bir dialoq başlayır:

Baba: Ay bala, mən olmasaydım, indi sən də o uşaq kimi yolda piyada belə çətinliklərlə üz-üzə qalardın.

Nəvə: Ay baba, sən olmasaydın, indi atın tərkində özüm oturmuşdum.

Gördüyünüz kimi, nəvə hələ çox uşaqdır, o, babasının atı necə çətinliklə aldığını, onun vaxtlı-vaxtında yemini-suyunu verdiyini, bir sözlə, atı necə saxlamağı bacardığını tam olaraq dərk etmir. Ona elə gəlir ki, elə atın tərkinə oturduğun kimi o getməyə başlayacaq. Həyat da belədir, öyrənmək, bilgi sahibi olmaq, öz üzərində çalışmaq, bütün çətinliklərdən keçməyi bacarmaq vacibdir, əks halda öz yolunu tapa bilmirsən, həyatda heç bir şeyə nail ola bilmirsən.

- Şeirlərinizdə vətənpərvər duyğular ön plana çıxır, insan amili hər zaman diqqətdə dayanır, səmimi, saf hisslər hər zaman öz aktuallığını saxlayır və ən önəmlisi zamanı qabaqlamaq var. Məhz bu baxımdan illər keçsə də şeirləriniz sanki yeni yazılmış kimi birnəfəsə oxunur. Bu səmimiyyətin sirri nədir?

- Poeziyanın əsas qayəsini vətənpərvərlik, insana, təbiətə, xalqa olan sevgi təşkil edir. Bunların hər birinin kökündə sevgi dayanır. Ümumiyyətlə, sadəcə qələm əhli deyil, vətənini sevməyən insan yoxdur. Mən inanmıram elə bir şəxs olsun ki, vətəninə, torpağına, millətinə bağlı olmasın. Xarici ölkələrdə olan səfərlərimdə soydaşlarımızla görüşərkən şahid olmuşam ki, onlar necə vətən həsrəti çəkir. Başqa cür də mümkün deyil. Bu kimi hisslər şeirlərimdə də özünü göstərir. Zənnimcə, bu səmimiyyətin sirri elə güclü sevgidir - VƏTƏN sevgisi.

- Və həmin şeirlərin əksəriyyətinə yazılan mahnılar illər keçsə də, öz müasirliyini, səmimiliyini itirmir, əksinə hər zaman öz əhval-ruhiyyəsini saxlayır.

- Yəqin ona görə ki, musiqi çox böyük qüvvədir, eyni zamanda musiqi özü sözdür, sözün özü musiqidir. Hər sözün öz hərfləri olduğu kimi, eyni zamanda hər sözün öz səsi var. Musiqi var ki, insanı döyüş ruhuna səsləyir, coşdurur, musiqi var ki, sakitləşdirir, rahatlıq verir, bəzisi düşündürür və s. Musiqini hiss etmək lazımdır ki, orda nə baş verdiyini anlayasan. Məsələn, “Gəl ey səhər”, “Payız gəldi”, “Gecə yaman uzundur”, “Anacan, dostum evlənir”, “Qaytar mənim eşqimi” və başqa mahnılar uzun illərdir dinlənilir, öz təravətini qoruyub saxlayır. Bəzən siz dediyiniz kimi zamanı qabaqlayır, bəzən sadəcə düşündürür...

Yaradıcılıq səfərləri, Milli Azadlıq Hərəkatına hazırlıq

- Onlarla ölkələrdə yaradıclıq səfərlərində olmusunuz və onlarla ölkənin milli azadlıq hərəkatına şeirlər həsr etmisiniz. SSRİ dövründə atdığınız bu cəsarətli addım, yəqin ki, Azərbaycanda gözlənilən Milli Azadlıq Hərəkatına hazırlıq xarakteri daşıyırdı?

- Hazırlıq deyil, bu, bizim ən böyük arzumuz, istəyimiz idi və gec-tez həyata keçməliydi. Çünki dünya ölkələrinə olan yaradıcı səfərlərdə artıq bütün proseslərin necə və harada bitəcəyini görmək o qədər çətin deyildi. Kubanın azadlıq mübarizi Ernesto (Çe) Gevara, Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi A.Kabral, Filippinin Milli Qəhrəmanı Xose Risal, vyetnamlı gənc Li Vi Tom və başqaları haqqında poemalar yazdım. Yazdığım o qəhrəmanlar, onların vətəni və xalqı o zamanlar bizim həmişə ehtiyac duyduğumuz problemləri yaşayırdılar. Yazdığım poemalarda o qəhrəmanların bizə örnək olacaq cəhətlərini vəsf edirdim. Məhz həmin səfərlərdə vətənpərvərlik hissinin necə güclü olduğunu hiss edirdim, hətta bu hisslər məni daha çox vətənimə, millətimə bağlayırdı.

- 1990-cı illərdə yazdığınız “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarda Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs etdiniz. Bu, artıq illərdir başqa ölkələrdə gördüyünüz və bədii təfəkkürün gücü ilə qələmə aldığınız tarix idi, yaşanmış tarix...

- Yaxın keçmiş... biz o dəhşətləri yaşadıq... Yəqin ki, mütləq yaşamalıydıq, əks halda hazırda müstəqil ölkənin müstəqil insanları kimi düşünüb danışa bilməzdik. Qurbansız azadlıq mümkün deyil, bunu tarix dəfələrlə sübut edib. Həmin ərəfədə bır sıra nəsr əsərləri də yazdım - “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, - qiyamətədək” (2000) əsərlərimdə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs etdim.

Bu şəhərdə də

Hər axşam, hər səhər,

Böyükdən kiçiyə

Hər yaşda,

Hər nəfər,

Hərə bir səmtə qaçır.

Kimi öz elindən,

Kimi doğma dilindən,

Kimi dost əlindən,

Kimi düşmən əlindən qaçır.

Kimi də öz əməlindən qaçır.

Kimi bu dəbə qoşulmaq,

Elə qaçmaq üçün qaçır.

Kimi iştahını açmaq üçün qaçır.

Kimi şişmanlığından qaçır,

Kimi peşmanlıqdan qaçır.

Kimi qapıdan çıxıb qaçmaq üçün,

Kimi də birinə qapı açmaq üçün

Qaçır, qaçır...

Heç kəs bilmir

Hansı səmtdədir sevinc, kədər...

Kimin payına nə düşəcək

Nə qədər, bilən yoxdu.

Ayaq saxlayıb bir an

Bir-birinin üzünə baxıb

Gülən yoxdu...

SON SÖZ ƏVƏZİ: “Yenidən doğulsaydım, yenə eyni taleyi yaşayardım, həmin yolları keçib, həmin şeirləri yazardım. Mənə elə gəlir ki, bu yaşa gözüyumulu gəlib çıxmışam” deyir Fikrət Qoca...

Ulduzə QARAQIZI

ulduzqaraqizi@gmail.com

Ekspress  2018.- 9-12 noyabr.- S.8-9.